Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

18
Səid Rüstəmov
Böyük bəstəkar

Böyük bəstəkar Üzeyir Hacıbəyov Azərbaycan xalqının musiqi xəzinəsini və sovet musiqi mədəniyətini zənginləşdirən bir irs qoyub getmişdir. Müasir Azərbaycan musiqi mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Üzeyir Hacıbəyovun adı ilə bağlı olmasın. Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyov musiqi sənəti sahəsində Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər mövcud olmayan musiqi kollektivlərinin də bilavasitə ilk təşkilatçısı və rəhbəridir.

Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə xalqımızın həyatında, iqtisadiyyat və mədəniyyətin bütün sahələrində böyük nailiyyətlər dövrü başlandı. Bakıda ilk Azərbaycan musiqi texnikumu da Sovet hakimiyyətinin ilk illərində yaradıldı. Bir çox ifaçı musiqiçilərin və bəstəkarların musiqi təhsili almağa başladıqları bu məktəbin təşkilatçısı və rəhbəri də Üzeyir Hacıbəyovdur.

O vaxta qədər musiqi məktəbi və musiqi təhsilinin nə demək olduğunu bilməyən azərbaycanlılar bu məktəbə axın-axın gəlməyə başladılar. Mən də 1924-cü ilin fevralında bu məktəbə qəbul edildim.

1925-ci il may ayının 22-də Azərbaycan Dövlət Opera Teatrının binasında musiqi texnikumu ilk yaradıcılıq hesabat gecəsi keçirirdi. Bu gecədə musiqi məktəbi şagirdlərindən təşkil olunmuş ilk Azərbaycan simfonik orkestrinin müşayiətilə «Arşın mal alan» musiqili komediyası tamaşaya qoyuldu. Orkestrin dirijoru Üzeyirbəy idi. Orkestrdə Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov, Mir Cabbar Miryəhyayev (sonralar yazıçı olmuş), Fuad Əfəndiyev (sonralar məşhur cərrah olmuş), İsmayıl Axundov (sonralar respublikanın xalq rəssamı olmuş) və başqaları iştirak edirdilər. Mən də həmin orkestrdə notla tar çalırdım. Tamaşa çox böyük müvəffəqiyyətlə keçib, milli mədəniyyət bayramına çevrildi.

Hamı Azərbaycan mədəniyyətinin bu yeni qələbəsi münasibətilə Üzeyir müəllimi alqışlayır, təbrik edirdi. Sevinc hissi ilə dolu ürəklər, şadlıqdan ixtiyarsız yaşaran gözlər bu gözəl şəraiti yaradan Kommunist Partiyası və Sovet hökumətinə, sevimli müəllim və bəstəkarımız Üzeyir Hacıbəyova minnətdarlıq hissi ilə dolu idi.

1926-cı ildə musiqi texnikumu əsasında ilk Azərbaycan ali musiqi məktəbi—Dövlət Konservatoriyası yaradıldı. Konservatoriyanın rektoru vəzifəsinə Üzeyirbəy tə'yin olundu və ömrünün axırına qədər, öz yaradıcılıq işləri ilə yanaşı, Azərbaycanda yüksək ixtisaslı musiqiçi kadrlar hazırlanmasına bilavasitə rəhbərlik etdi.

Üzeyirbəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. Mən həm notla tar çalmağı və həm də harmoniyanı Üzeyirbəyin sinfində keçirdim. 1931-ci ildə Asəf Zeynallı, Fuad Əfəndiyev, Əşrəf Həsənov və mən Üzeyirbəyin bilavasitə rəhbərliyi və redaksiyası ilə ilk dəfə olaraq Azərbaycan dilində «İbtidai not savadı» adlı musiqi dərsliyi yazıb çap etdirdik. O zamanlar Üzeyirbəy bizə sinifdə Azərbaycan muğamlarının «çox maraqlı» qanunauyğun quruluşlarından söhbət açır və özünün Azərbaycan muğamları üzərindəki yaradıcılıq müşahidələrindən danışıb, misallar göstərirdi. Bu «söhbətlər» get-gedə təkmilləşərək, indi hamımızın bildiyi «Azərbaycan xalq musiqisinin əsasları» adlı müstəqil bir musiqi fənninə çevrildi.

Asəf Zeynallının «Ölkəm» romansı həmin illər Üzeyirbəyin sinfində muğamlar haqqındakı «söhbət»lərinin məhsuludur.

Üzeyir Hacıbəyov 1926—27-ci illərdə konservatoriya tələbələrini toplayaraq, 80 nəfərdən ibarət ilk «çoxsəsli» Azərbaycan xor kollektivi təşkil etdi. Xorun repertuarına xalq mahnıları ilə yanaşı, orijinal əsərlər və qardaş xalqların mahnıları daxil edilirdi. Bu kollektiv o zaman mədəniyyət saraylarında və bə'zən rəsmi ictimai yığıncaqlarda çıxış edərək, azərbaycanlı dinləyiciləri tədricən çoxsəsli xor əsərlərinə qulaq asmağa alışdırır və geniş dinləyicilərin hüsn-rəğbətini qazanırdı.

İlk Azərbaycan musiqi texnikumunda Üzeyir Hacıbəyovun təşəbbüsü nəticəsində Avropa alətləri ilə yanaşı, Azərbaycan xalq musiqi alətləri—tar, kamança, habelə xanəndə sinifləri də təşkil olunmuşdu. Burada xalq çalğı alətlərində muğamat və xalq musiqi yaradıcılığı öyrənilməklə bərabər, Azərbaycan xalq çalğı alətlərində notla çalmaq da tədris proqramına daxil edildi. Sonralar, 1931-ci ildə həmin siniflərdə təhsil alan tələbələrin qüvvəsi ilə Azərbaycan radio komitəsində Üzeyir Hacıbəyovun rəhbərliyi ilə «Birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestri» yaradıldı. Üzeyirbəy bu orkestr vasitəsilə geniş dinləyici kütləsini başqa xalqların, xüsusən rus xalqının musiqi mədəniyyətinin münasib nümunələri ilə tanış etmək və dinləyicilərdə tədricən daha yüksək və mürəkkəb formalı musiqi əsərlərinə maraq oyatmaq məqsədlərini daşıyırdı. Buna görə də xalq çalğı alətləri orkestrinin repertuarına Azərbaycan musiqisi ilə yanaşı, tədriclə rus klassikləri Qlinka, Çaykovski, Küi, İppolitov-İvanov, qardaş xalqların bəstəkarları Spendiarov, Paliaşvili, Sovet bəstəkarları Dunayevski, Novikov, Solovyov-Sedoy, Knipper, Qliyer, Xaçaturyan, Qərbi Avropa klassikləri Quno, Verdi, Şubert, Motsart, Bize, Brams və başqalarının əsərləri daxil edilmişdir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə «Arşın mal alan» operettası həmin xalq çalğı alətləri orkestrinin müşayiəti ilə ifa olunmuş və Moskva dinləyiciləri tərəfindən yüksək qiymətləndirilmişdir. Sonralar müxtəlif illərdə bu orkestr Zaqafqaziya musiqi baharlarında, Azərbaycan və SSRİ Bəstəkarlar İttifaqının plenumlarında, qardaş respublikalara olan qastrollarda müvəffəqiyyətlə çıxış etmiş, gənc Azərbaycan bəstəkarlarının əsərlərini geniş dinləyici kütlələrinə çatdırmışdır. Bu kollektiv Üzeyir Hacıbəyovun ən qiymətli yadigarlarından biridir.

Azərbaycan musiqisi indi sovet musiqi mədəniyyətinin ön cərgələrində durur. Azərbaycan bəstəkarlarının əsərləri vətənimizin xaricində də şöhrət qazanmışdır.

Azərbaycan bəstəkarları və musiqiçiləri musiqi mədəniyyətimizin hər sahəsində əldə etdikləri müvəffəqiyyətlərdə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun misilsiz əməyini hiss edir və onun əziz xatirəsini öz qəlblərində böyük hörmət və dərin məhəbbət hissi ilə yaşadırlar.

1975


 
   © Musigi Dunyasi, 2005