—
Siz zövqü şübhəli olan bir-iki musiqişünas
üçün yazırsınız. Siz unudursunuz
ki, əsəri xalq üçün yazmaq lazımdır.
Xalqa xoş gəlməyən, onun ürəyinə
yol açmayan bir musiqi əsərini iki-üç
«nəzəriyyəçi» göylərə qaldırsa
da yaşamayacaqdır!
Bu
sözləri Üzeyir xüsusi ahənglə, çox
böyük mə'na ilə deyərdi. Onlar güclü
bir e'tiqad kimi adamın fikrinə yol açardı.
Üzeyir,
yaradıcılığının lap ilk dövrlərindən
böyük və doğru yol tutmuşdu, bu da xəlqilik
və realizm yolu idi. Bütün musiqi yaradıcılığına
xas olan bu keyfiyyət onun komediyaları üçün
də səciyyəvidir.
Üzeyir Hacıbəyovun zəngin bədii irsi
içərisində onun «Ər və arvad» (1909-cu
il), «O, olmasın, bu olsun» (1910-cu il), «Arşın
mal alan» (1913-cü il) operettaları xüsusi yer
tutur. Bu operettaların ədəbi mətnini də
Üzeyir özü yazmışdır. Onlar Azərbaycan
dramaturgiyasının qiymətli səhifələrini
təşkil edir. Bu əsərlərdə Üzeyir
klassik komediyanın qanunlarını davam etdirərək,
sadə və təbii bir süjet daxilində oynaq
və canlı hadisələr, xarakterlər yaratmışdır.
Onun komediyaları Qoqol və Mirzə Fətəli
Axundov komediyaları kimi dərin ictimai mə'na və
əxlaqi prinsip üzərində qurulmuşdur.
Üzeyirbəy öz komediyalarında Azərbaycan
dramının ən qabaqcıl və mütərəqqi
ən'ənələrini davam etdirmişdir. Xüsusilə
o, Mirzə Fətəli Axundov, Nəcəfbəy
Vəzirov və Haqverdiyev teatrının yolunu yeganə
düzgün yol hesab etmiş və onun ədəbi
stil və tələblərini əsas götürmüşdür...
Üzeyir
özündən qabaq Mirzə Fətəlinin yeni
Azərbaycan ədəbiyyatının, dramaturgiya
və teatrının əsasını qoyduğunu,
Nəcəfbəy Vəzirov, Haqverdiyev, Mirzə
Cəlil və Sabirin bu ədəbiyyatı geniş
inkişaf etdirdiyini görürdü. Bu zaman həmçinin
jurnalistika da xeyli irəliləmişdi. Yalnız
bir sahə yox idi—müasir musiqi sənəti! Azərbaycan
xalqı öz milli musiqi teatrından—opera, operetta,
simfonik musiqidən məhrum idi. Üzeyir, sənətin
bu böyük sahəsinin nə qədər kəskin
bir silah olduğunu görürdü. Köhnə,
çürük əqidələri, adətləri
dağıtmaq üçün bu silahı da işə
salmaq lazım idi. Tarix bu böyük vəzifəni
onun boynuna qoymuşdu. Mirzə Fətəli Axundov
nəinki tək Azərbaycanda, bütün Şərqdə
demokratik ruhlu müasir dramın banisi olduğu kimi,
Üzeyir Hacıbəyov da demokratik ruhlu müasir
musiqi teatrı və sənətinin banisi oldu. Lakin
demokratik fikirlərinin və əsasını qoyduğu
yeni sənətin inkişafında onun komediyaları
xüsusi rol oynadı.
Üzeyir
də Mirzə Fətəli kimi teatr və sənətin
ictimai funksiyasını, onun tərbiyəvi əhəmiyyətini
ön plana çəkirdi. 1917-ci ildə, burjua-mülkədar
əhval-ruhiyyələri ifadə edərək musiqi
teatrının əleyhinə çıxan, onun əxlaqı
pozduğunu iddia edənlərə qarşı Üzeyir
«Kaspi» qəzetində yazırdı: «Müəyyən
bir ideya və əxlaqi prinsipi bədii vasitələrlə
ifadə edən hər bir səhnə əsəri—istər
musiqi, istər poetik əsər olsun, faydalıdır.
Bu keyfiyyətlərdən məhrum olan əsər
isə istər opera, istər dram, istər operetta
və ya komediya olsun, faydasızdır. Empirik yolla
yaranmış faydalı əsərlərin forma
və növcə çoxluğu isə hər bir
xalqın əqli və mə'nəvi inkişafında
bir canlılıq törədər». «Ideya və
əxlaqi prinsipi» olmayan əsərləri Üzeyir
sənət əsəri hesab etmirdi. Bu tələbi
o eyni dərəcədə həm musiqi teatrının,
həm də faciə və dramın qarşısında
qoyurdu... Üzeyir ictimai tərbiyə vasitəsi
olaraq dramın da, faciənin də, komediya və
operettanın da böyük əhəmiyyətini
qeyd edir və göstərirdi ki, bütün bu
sənət növlərini hərtərəfli
inkişaf etdirən xalq kamil mə'nəvi həyatla
yaşayan, daha artıq inkişaf etmiş bir xalqdır.
O, «Cavab əvəzinə» adlı məqaləsində
yazırdı:
«Ümumən
mən yalnız musiqili səhnə tamaşalarının
tərəfdarı deyiləm. İctimai tərbiyə
üçün tragediya da, dram da, komediya da, opera
da, operetta da lazımdır. Operettanın bayağı
bir şey olduğu haqqında yayılmış
fikir isə şablondur... Bayağı və mündəricəsiz
operettalar çoxdur. Lakin bayağı və mündəricəsiz
dram, tragediya, komediya və sairə də az deyildir».
Beləliklə,
Üzeyir demokratik, musiqi teatrını mürtəce
burjua-mülkədar hücumlarından qoruyur, onun
ideyalılığı yolunda, ictimai-tərbiyəvi
əhəmiyyətini yüksəltmək yolunda
mübarizə edirdi.
Üzeyirin
öz musiqili komediyaları belə yüksək
ideyalı sənət əsərlərinin nümunəsi
idi. Bu əsərlərdə köhnə mühit,
burjua-mülkədar mühitinin dargörüşlü,
qaranlıq, gerilik və cəhaləti ifadə edən
adamları istehza obyekti olmuşdu. Çürük
və parazit əxlaq sahibi Məşədi İbad,
yabançı din və adətlərə qul kimi
səcdə edən Rza bəy, kütbeyin və
dar düşüncəli millətçi Hüseynqulu
bəy, vəhşi cahil qoçu Əsgər, cibi
boş (başı ondan da boş), lakin köhnə
bəyliyi ilə fəxr edən Soltan bəy və
sairə... Üzeyirin yaratdığı tiplər
qalereyası bunlardır. Öz komediyalarında Üzeyir
köhnəliyin dövrünü, zamanını
keçirmiş köhnə düşüncə,
təsəvvür, adət və ən'ənələrin
qatı düşməni kimi çıxış
edirdi. O, Sərvər və Gülnazların, Əsgər
və Gülçöhrələrin simasında
yeniliyi, həyatın yeni şəklini alqışlayırdı,
onun müdafiəsinə qalxırdı, köhnəliyi
öldürür, məhv edirdi. Bünövrəsi
çatlamış, lakin zorla saxlanan divarı güc
verib uçururdu. Həm də Üzeyir ümumiyyətlə
hər cür «yeniliyin» tərəfdarı olanlardan
deyildi. O, xalq üçün, geniş zəhmətkeş
təbəqələr üçün faydalı
və zəruri olan yeniliyi tərənnüm edirdi.
Bu cəhətdən onun «Tərəqqi» qəzetində
çap olunmuş felyetonları müəyyən
dərəcədə komediyalarındakı ideyaları
daha aydın anlamağa kömək edir. Bu felyetonlarında
o, xalq kütlələrinin tərəfini saxlayır,
lap aşağılara nəzər salır. Budur,
«Tərəqqi»nin 1909-cu il 7-ci nömrəsində
çap olunmuş bir felyetonunda oxuyuruq: «Mənim dərdim
hamıdan artıqdır. Mən yoxsulam. Günlər
olur ki, ac qalıram. Özüm cəhənnəm!
Külfətim ac qalır. İş yoxdur, heç
kəs mənə iş vermir. Dövlətlilərin
qapısına gedirəm, qovurlar: heç kəsin
əqlinə də gəlmir ki, bəlkə mənim
əhl əyalım acından can verir! Dünyada
bir adamın ümidini— o ümid ki, insanın diriliyi
ondan asılıdır—haman o ümidi pozmaq böyük
zülümdür!.. Ah, bu adamlar!.. Bə'zi vaxt bu
adamlardan qorxuram, mən elə güman edirəm
ki, bu adamlar hamısı ittifaqla mənə düşmən
olub özümü və külfətimi ölüm
cəzasına məhkum eləyiblər».
Bu,
işizlik, yoxsulluq və aclığın əlində
öz həyat ümidini itirmiş bir zavallının
üsyan səsidir. O zaman bu səs burjua-mülkədar
mühitinə açıq ittiham idi.
Üzeyirin komediyaları da onun inqilabi-demokratik fikirlərinin
məhsulu idi. Bu komediyalar Azərbaycan dramı və
teatrı tarixində həqiqi klassik komediya nümunəsi
olaraq qalacaqdır. Bu əsərlərdə tiplərin
xarakterik və kamil olması, konflikt inkişafındakı
təbiilik və dramatizm, dialoqlardakı sadəlik
və mə'na dolğunluğu Üzeyirin böyük
dramatik iste'dadının məhsuludur.
Üzeyir
sənət vasitəsilə öz həyatını
xalqın xidmətinə vermişdi. O, yaradıcılıqda
həmişə böyük məs'uliyyət hiss
edən sənətkar idi. Mövzuya ciddi və dərin
münasibət, onu gərgin bir zəhmətlə
işləmək Üzeyirə xas olan keyfiyyət
idi, çünki o, sənətə və xüsusən
teatra bir oyuncaq, yüngül əyləncə vasitəsi
kimi deyil, yüksək ideya-tərbiyəvi əhəmiyyəti
olan bir məktəb kimi baxırdı. Ancaq belə
bir sənətkar Azərbaycan operasının şah
əsəri olan «Koroğlu» kimi ölməz əsər
yarada bilərdi. Bəşər tarixinin görmədiyi
yüksək ideyalarla yaşayan və ancaq xalqa xidmət
etmək kimi müqəddəs bir məqsəd tanıyan
sovet sənəti və teatrının gənc yaradıcı
nəsli sovet əsrinə layiq əsərlər
yaratmaq yolunda çalışarkən Üzeyir Hacıbəyovun
aşağıdakı sözlərini xatırlayacaq,
daha artıq ciddiyyət və ilhamla öz böyük
yolunda irəliləyəcəkdir:
«Teatr
ictimai həyatın aynası, sənətin mə'bədidir».
1948