Böyük
insanlar ölüb getdikləri andan sanki daha artıq
bir əzəmətlə vətəndaşların
qəlbində yaşamağa başlayırlar.
Sanki onlara qarşı yeni bir maraq oyanır, mübarizə
tarixi, fəaliyyət və əməlləri,
həyat yolu nəinki yalnız elmi məşğul
edir, hətta adi vətəndaşlar belə
geriyə dönərək bir daha bu yola nəzər
salır, onu daha böyük məhəbbət
və diqqətlə öyrənirlər. Evlərdə,
idarələrdə, küçələrdə,
ictimai yerlərdə və ailələrdə
onların həyat və fəaliyyətindən
danışırlar. Belə bir xadimin ölümü
ilə qüssələnənlərin də
sayı çox olur. Sənət və peşəsindən
asılı olmayaraq bütün vətəndaşlar
onların ölümünə təəssüf
edir və kədərlənirlər. Bu isə
uzun illərin zəhməti nəticəsində
yaranmış, bütün məhəbbətlərdən
yüksəkdə duran və fəthi çox
çətin olan bir məhəbbətin—həqiqi
xalq məhəbbətinin ifadəsidir. Əsil
ölməzlik, əbədi həyat da budur: xalq
məhəbbəti! Xalqın ürəyində
qaldırılan heykəl əbədi və yıxılmazdır.
Xoşbəxt o adamdır ki, öz həyat və
mübarizələri ilə belə bir məhəbbəti
qazanır. Çünki qranit daşları yonub
hamarlayan zaman da belə bir məhəbbəti
silib aparmaqdan acizdir. Xalqın ürəyinə
yol tapan hər kəs gələcəyin qapısını
açır.
Bakıda Üzeyir Hacıbəyovun dəfn mərasimini
görənlər onun belə adamlardan olduğunu
təsdiq edərlər. Hələ cənazə
Elmlər Akademiyasının böyük salonuna
qoyulmamış Sabir bağçası onunla vidalaşmağa
gəlmiş insanlarla dolu idi. Getdikcə də
onların sayı artır, böyüyürdu.
Noyabrın 24-də saat 3-də son vida üçün
Akademiyanın qapıları açıldığı
zaman insan dəstəsi arasıkəsilməz
bir şərid kimi uzanıb, canlı axına
çevrildi. Minlərlə müxtəlif millətlərdən
olan fəhlələr, ziyalılar, qulluqçular,
kolxozçular böyük bir kədərlə
Üzeyirin tabutu başından dolanıb keçirdilər.
Bu isə arası kəsilmədən gecə
saat birə qədər davam etdi. Tabutun yanından
keçən qoca rus qadınlarının və
Azərbaycan qarısının gözündən
qeyri-ixtiyari yaş axır. Kim bilir, bəlkə
də bunlar ömründə bir dəfə Üzeyiri
görməmiş, şəxsən onu tanımayan
adamlardır! Lakin Üzeyirin əzəmətli
və vüqarlı surəti çoxdan onların
ürəyinə daxil olmuşdur. Onların qəlbində
canlı Üzeyir, «Leyli və Məcnun»u, «Arşın
mal alan»ı, «Koroğlu»nu yaratmış Üzeyir
yaşamaqdadır.
Ertəsi
gün. Yenə də Akademiyanın qapıları
açılmamış çoxlu adam Sabir bağına
toplaşmışdı. Saat ondan üçə
qədər on minlərlə adam axıb gəlir,
tabutun ətrafına dolanaraq gedirdilər. Dəfn
mərasimi görünməmiş bir nümayişə
çevrildi. Akademiyanın qabağından tutmuş
fəxri simalar məqbərəsinə qədər
bütün yaxın küçələr, evlərin
balkonları, damların üstü adamlarla dolu
idi. Bakı öz sevimli övladı ilə görünməmiş
məhəbbət və hörmətlə vidalaşırdı.
Üzeyir
Hacıbəyovun vəfatı Azərbaycan mədəniyyəti
və incəsənəti üçün əvəzsiz
bir itkidir. O, bütün mə'nalı və
gözəl həyatını bədii yaradıcılığa,
musiqi dediyimiz ahəngdar və melodiyalar dünyasına
həsr etmişdi. Lakin gözəllik səltənətinə
o, dərin ictimai ideyalar, böyük fikir və
görüşlərlə gəlmişdi. Üzeyirbəy
sənətin qüdrət və mə'nasını
onun xalqa xidmətində, qabaqcıl ictimai idealları
tərənnüm etməsində görən
böyük səkətkarlardan idi. Biz sənət
və mədəniyyət aləmində həqiqi
xəlqilik nədir deyənlərə «Üzeyirə
baxıb, onun əzəmətli və zəngin
yaradıcılığına baxın, əsil
xəlqilik budur!»—deyə cavab verməliyik.
Hələ
inqilabdan qabaq Azərbaycanda bəy, xan, burjua-kapitalist
zülmü və çarizmin ağır müstəmləkə
siyasəti hökm sürdüyü bir zamanda
Üzeyir Hacıbəyov demokratik və mütərəqqi
fikirləri təbliğ edir, din, mövhumat,
zülm və ədalətsizlik əleyhinə
əsərlər yazırdı.
Bizim
üçün böyük xoşbəxtlik və
iftixardır ki, Azərbaycan opera sənətinin
və musiqi teatrının əsasını
zamanın qabaqcıl fikirlərilə yaşamış
bir adam qoymuşdur.
Müasir Azərbaycan musiqisinin atası olan Üzeyir
Hacıbəyov milli məhdudiyyət bilməzdi.
Bütün xalqların mütərəqqi mədəniyyətini
hörmət və məhəbbətlə qarşılardı.
Xüsusilə böyük rus xalqının
zəngin mədəniyyətini və incəsənətini,
o, tükənməz məhəbbətlə
sevirdi.
Lenin
Partiyası, Sovet dövləti Üzeyir Hacıbəyovun
yaradıcılığında tamamilə yeni
dövr açdı, onun yüksək zirvəyə
qalxması üçün lazım olan şəraiti
yaratdı. Xalqlara həqiqi azadlıq və tərəqqi
gətirən sosialist inqilabı, Leninin ölməz
ideyaları Üzeyir yaradıcılığına
yeni ruh, yeni qanad verdi. Azərbaycan sənət
xəzinəsinin parlaq incisi olan «Koroğlu»nu
o, sovet dövründə yaratdı.
Üzeyir
sovet xalqının Vətən müharibəsində
qəhrəmanlığını, böyük
tarixi işlərini və əməyini həqiqi
ilhamla tərənnüm edən əsərlər,
mahnılar yaratmışdır. Üzeyirin keçdiyi
yol onu Kommunist Partiyası sıralarına gətirib
çıxardı.
Sovet
hökuməti və Lenin Partiyası Üzeyir
Hacıboyovun xidmətlərinə böyük
qiymət verdi. O, Lenin ordeni, Qırmızı
Əmək Bayrağı ordeni və medallarla
təltif edilmiş, ilk dəfə Dövlət
mükafatı laureatı və SSRİ xalq artisti
adını almışdır. O, Azərbaycan
SSR xalq artisti, Azərbaycan SSR Elmlər Akademiyasının
həqiqi üzvü, SSRİ Ali Sovetinin deputatı
idi. Belə bir şərəfi öz sağlığında
görmüş sənətkar az-az tapılar.
Üzeyir
Hacıbəyovun əsərlərində dilə
gələn, danışan xalqın əməlləri
və həyatıdır. O, həyat, yaşamaq,
mübarizə aludəsi olan bir şəxs idi.
Onun haqqında düşünərkən ancaq
həyatdan, mübarizədən, yaratmaqdan, xalqa
xidmət etməkdən danışmaq olar. Üzeyirin
bütün zəngin həyatı və yaradıcılığı
xəlqiliyin, xalqa sədaqətlə xidmət
etməyin parlaq timsalıdır. Üzeyir sənət
aləminə qədəm qoyduğu ilk gündən
ta son nəfəsinə qədər tutduğu
yola sadiq qalmış bir sənətkardır.
Onun yaradıcılığındakı və
şəxsiyyətindəki kamillik, tamlıq
heç bir tə'sirin poza bilmədiyi yüksək
keyfiyyət idi. Onun xalqa olan sonsuz e'timad və
məhəbbəti bütün düşüncəsinə
hakim idi. O, musiqidə oyunbazlıq edən, xalqa
arxa çevirərək formalist ədabazlıqlara
qapılan adamlara deyirdi: