Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

14

Mikayıl Abdullayev
Unudulmaz obraz

1943-cü ildə C.Cabbarlı adına Azərbaycan teatr muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəyovun da portreti olmalı idi. Bu şərəfli iş muzeyin rəhbərliyi, daha dəqiq desək, Sona xanım Cabbarlı tərəfindən mənə tapşırılmışdı.

Mən portreti naturadan çəkmək qərarına gəlmişdim. Lakin mə'lum oldu ki, Üzeyir bu barədə heç nə eşitmək istəmir. Hansı rəssam ondan şəklini çəkməyə razılıq verməsini xahiş edirdisə, rədd cavabı alırdı.

Beləliklə məsələ böyüdü və gedib çatdı incəsənət işləri idarəsinə. Xeyli danışıq və təbliğdən sonra Üzeyirin bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım. Azərbaycan musiqi fondunun direktoru Ramazan Xəlilovla əlaqə saxlayıb, tə'yin edilmiş vaxtdan da bir qədər əvvəl konservatoriyanın köhnə binasına gəldim. Üzeyirin kabinetində pəncərə qabağında yerimi rahatlayaraq, molberti qurub, rəngləri sahmanladım.

Üzeyir kabinetə daxil olanda biz ehtiramla salamlaşdıq. Günahkar adamlar kimi məndən səs çıxmırdı. Ramazan isə iş ləvazimatımla Üzeyiri tanış etməyə başladı. O, sağ əlinin baş və şəhadət barmağı ilə bığlarını sığallayaraq dodaqaltı dedi: «Bilirəm, portret yaratmaq çətin məsələdir, mürəkkəb işdir». Sonra kresloya əyləşdi, əllərini yana açdı, başını bir az qaldırıb soruşdu: «Necə oturmalıyam?» Mən tez cavab verdim:«Elə bu cür sərbəst».

Kömürü əlimə alıb cəld işə başladım. Kabineti sakitlik bürümüşdü. Yalnız kömürün kətan parçası cızmasının səsi gəlirdi.

Otaqdakı sakitliyi Üzeyir özü pozdu: «Deyəsən iş pis getmir. Mən öz surətimi görməyə başlayıram».

Düzü, əvvəlcə təəccübləndim, sonra birdən yadıma düşdü ki, kətan çox nazik olduğuna görə şəffaflıqdan işığı arxaya buraxır və orada çəkdiyim cizgilər əks olunur.

Həcm e'tibarı ilə çox da böyük olmayan bu portreti üç günə qurtardım və muzeyin tələsdiyinə baxmayaraq, bəstəkara bağışladım. Mən hiss edirdim ki, Üzeyir Hacıbəyov portreti çox bəyənib...

Tezliklə muzey üçün ikinci, həcm e'tibarı ilə böyük portreti başladıq. Bu dəfə kabinetdəki iş masasının arxasında, tünd qırmızı xalçanın fonunda o, əllərinin barmaqlarını bir-birinə keçirib əyləşdi və yavaşca dedi: «İndi də belə oturaq». Poza mənim çox xoşuma gəldi. Lakin bu portretin də maraqlı bir macərası olmuşdur.

İşimizi təzə qurtarmışdıq. Üzeyirə bir balaca soyuq dəydi. 0, iki-üç gün işə çıxmadı. Həmin günlər kabinet bağlı qalmışdı. Arada mən gəlib öz iş ləvazimatımı aparırdım. Elə oldu ki, gedəndə portreti iş masasının arxasındakı stulun üstündə, həmin divar xalçasına söykəyib getdim. Vaxtdan istifadə edərək rənglərin qurumasını gözləyirdim. Ertəsi gün Üzeyir evdən konservatoriyanın dəftərxanasına zəng vurub nə isə soruşur. Bununla əlaqədar olaraq kabinetin açarını xidmətçi qadına verirlər ki, gedib nəyi isə gətirsin. Xidmətçi qadın qapını açıb içəri girir və cəld geri dönüb dəftərxanaya qayıdır, Üzeyirin özünün gəldiyi xəbərini verir.Təəccüblənirlər ki, elə şey olmaz. Əvvəla, Üzeyir xəstədir, ikincisi, telefon zəngindən heç beş dəqiqə keçməyib, bu tezliklə də gəlib çatmaq olar? Kimsə tez gedib kabinetə yaxınlaşır. Qapının açar yerindən baxıb görür ki, «doğrudan da Üzeyir öz yerindədir». Bu dəfə tədris hissə müdiri özü gedir və kabineti açıb içəri girəndə, öz e'tirafına görə, əvvəl çaşır, sonra masa arxasındakının Üzeyirin özü yox, onun portreti olduğunu görüb gülməyə başlayır... Bu əhvalatı xeyli vaxt deyib gülərdilər. Üzeyir isə deyərdi ki, bax, ikinci portret özü müəllifsiz imtahandan çıxdı.

1944-cü ildə incəsənət muzeyi üçün üçüncü portreti yenicə başlamışdıq ki, Üzeyiri Moskvaya çağırdılar. Hesablayıb gördük ki, onun Moskvadan qayıtması və mənim Moskvaya dərsimə davam etmək üçün yola düşməyim bir vaxta düşür. Onda Üzeyir özünün ən çox xoşuna gəldiyi fotoşəklindən birini mənə bağışladı. O fotoşəklin köməyi ilə üçüncü portreti işləyib qurtardım. Amma sonra həmin portret teatr muzeyinə, ikincisi isə incəsənət muzeyinə verildi. Üzeyirin mənə verdiyi fotonu göz bəbəyi kimi qoruyuram. Mənim bağışladığım birinci portret indiyədək onun evində asılıb. Bu yaxında həmin portret müvəqqəti olaraq Moskvadakı M.Qlinka muzeyinə göndərilib. Böyük bəstəkarımızın yeni portretini qurtarıb muzeyə göndərən kimi, birinci portret yenə Üzeyirin öz evinə qayıdacaq. M. Qlinka muzeyi üçün yaratdığım portreti 1944-cü ildə çəkdiyim akvarel eskizə əsasən işləyirəm. Həmin eskizi Üzeyirlə bir yerdə müzakirə etmişdik və hətta onun bə'zi qeydlərini indiyədək unutmamışam.

Xatirimdədir, tənəffüslərdə müxtəlif görüşlər olurdu. Müğənnilər və solistlər tez-tez böyük müəllimin yanına məsləhətə gəlirdilər. Bə'zən Üzeyir deyirdi: «Bu tənəffüsdə Mikayıla bir konsert verəcəyik». Doğrudan da elə olardı. Müğənnilərin ifasını mən də dinləyərdim. Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov və bir çox bəstəkar dostlarımla yaxınlığımız elə o günlərdən başlanmışdır.

Üzeyir öz tələbələrini ata məhəbbəti ilə, diqqətlə dinləyir və onlara böyük qayğıkeşliklə göstərişlər verirdi. Gənc bəstəkar qızları—Ağabacını, Ədiləni, Şəfiqəni öz doğma qızları kimi mehribanlıqla dinləyirdi.

Bir gün növbəti tənəffüslərin birini yarıda kəsməli olduq. Üzeyir dedi ki, bu gün Mikayılı operaya aparırıq, məşhur italyan bəstəkarı Rossininin «Seviliya bərbəri» ilk dəfə ana dilimizdə Azərbaycan səhnəsində göstərilir, gedəyin baxışa. Gündüz saat 12-də operaya gəldik. Fiqaro partiyasını Ağababa Bünyadzadə məharətlə ifa edirdi. Onun ifasında Fiqaronun kavatinası elə bu gündən dinləyicilərin qəlbinə iz saldı. Üzeyir gənc Ağababanın nadir səsinə və səhnə iste'dadına böyük qiymət verirdi. Yadımdadır, bəstəkar Koroğlunun partiyasına ikinci bir variant, yə'ni Bünyadzadənin bariton səsinə uyğun yeni bir variant hazırlamaq fikrinə də düşmüşdü.

Üzeyir səhnədəki solistlərdən tutmuş xorun ən sıravi üzvünə qədər hamıya öz minnətdarlığını bildirir və qeyd edirdi ki, onlarsız heç bir müvəffəqiyyət qazanmaq olmaz. O, hamının qeydinə qalardı, əlindən gələn köməyi heç kəsdən əsirgəməzdi.

Üzeyir kimi böyük qəlbli əsil insanın nəcibliyindən, səxavətindən onu yaxından tanıyanlar dastan yaza bilərlər. Üzeyir doğrudan da öz xalqının böyük oğlu və xadimi idi.

Böyük Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir.

1965


 
   © Musigi Dunyasi, 2005