Hər
dəfə bir çox yaşıdlarım kimi
mən də fikirləşəndə ki, Azərbaycan
musiqisinin klassiki Üzeyir Hacıbəyovla müasir
olmuşam, onunla görüşüb söhbət
etmişəm, nə isə çox qəribə
hisslər keçirirəm. Axı «Azərbaycan
musiqisinin klassiki» deyəndə adətən təsəvvüründə
əyninə ləbbadə geymiş, başına
çalma bağlamış Səfiəddin Urməvi
yaxud Əbdülqədir Marağinin obrazı
canlanır. Onların zahiri görünüşü
bizə abidələri ilə yaxşı tanış
olan Nizami yaxud Füzulinin obrazını gözümüz
qarşısına gətirir. Onlar nə isə
qeyri-adi: əlçatmaz, əzəmətli şəxslərdir...
Yox, bu mə'nada Üzeyir tamam başqa planda «klassik»
idi.
Hələ
Üzeyir Hacıbəyovun sağlığında
(1945-ci ildə) Azərbaycan SSR Elmlər Akademiyasının
Xəbərlərində dərc etdirdiyim Azərbaycan
musiqisi tarixində «Leyli və Məcnun»un «yeri»
adlı məqaləmdə yazmışdım
ki, Üzeyirbəyə nadir bir şərəf
nəsib olmuş—hələ sağlığında
öz xalqının tanınmış klassiki
olduğunu görmüşdür. Görünür,
hər xalq öz tarixinin müəyyən dövründə
belə dahilər yetişdirir: Maksim Qorki, Rabindranat
Taqor, Yan Sibelius...
Adi
həyatda Üzeyirbəy çox sadə, şən,
gülərüz idi. Kəskin müşahidə
qabiliyyətinə malik maraqlı həmsöhbət
idi, öz mülahizələrində və hərəkətlərində
sonsuz aydınlığı ilə fərqlənirdi.
Azərbaycan
musiqisi klassikinin 80 illik yubileyi ilə əlaqədar
190 nömrəli məktəbin keçirdiyi «Mavi
işıq» gecəsində Üzeyirbəyin
həyat yoldaşı Məleykə xanımla
yanaşı əyləşmişdim. Biz bəstəkarın
həyatından bir sıra hadisələri xatırladıq.
Misal üçün, xatırladım ki, 1925-ci
ildə Gürcüstandakı kurort yeri Tsemidə
necə onların qonağı olmuşdum, nahardan
sonra ailə üzvləri yenidən stol arxasına
əyləşib, bir gün əvvəl Hacıbəyovun
harmoniya üzrə tərtib etdiyi yeni məsələləri
həll etməyə başladılar (o zaman Üzeyirbəy
harmoniya üzrə dərslik yaratmaq üzərində
gərgin işləyirdi).
Hacıbəyovların
bağının yaxınlığında Müslüm
Maqomayev də öz ailəsi ilə dincəlirdi.
Bacanaqlar hər gün Üzeyirbəyin sevdiyi
şam ağacının kölgəsində
əyləşərək, ümumiyyətlə
Azərbaycan musiqisinin inkişaf yolları haqqında,
opera incəsənəti barədə söhbət
edirdilər. Bu söhbətlər sanki o zaman
musiqi dairələrində, Bakı mətbuatı
səhifələrində aparılan müzakirələrin
davamı idi. Bəli, bu iki gözəl insan doğma
musiqi, onun hazırkı vəziyyəti və
gələcəyi haqqında fikirləri heç
zaman unutmurdular; bu fikirlər onların həyatının
əsası idi, onların qəlbini daimilik zəbt
etmişdi.
Sevimli
müəllimimizin qeyri-adi xeyirxahlığını,
onun hiss olunmadan və lap vaxtında köməyə
çatmaq bacarığını xatırlayanda
fikirləşirsən: belə şeylər umudulmazdır!
1940-cı
ilin aprelində, ilk tamaşadan bir neçə
gün əvvəl (mənim «Qız qalası»
baletimin ictimai baxışından sonra) onun çıxışı
hafizəmdə həkk olunmuşdur. Milli xüsusiyyətin
realist incəsənətdən ayrılmaz olduğunu
söylədikdən sonra o, eyni zamanda qeyd etdi
ki, məhz rus klassik balet musiqisinin ən yaxşı
nümunələrinə istinad etmək mənim
bütün təşəbbüslərimə
istiqamət vermişdir. Azərbaycan musiqisində
vals, adajio, solo variasiyalar və s. kimi ən'ənəvi
balet formaları yarada bilmişəm. «Qız
qalası» baletinin tamaşaya qoyulması ilə
əlaqədar olaraq Üzeyir Hacıbəyov
«Pravda» qəzetində yazırdı: «Klassnk balet
musiqisini əsl xalq rəqsləri ilə məharətlə
əlaqələndirmək tamaşanın məzmun
və üslubunu bütövlükdə müəyyənləşdirmişdir».
Müasir
Azərbaycan musiqisinin bir çox janrlarının
əsasını məhz Üzeyir Hacıbəyov
qoymuşdur. Üzeyir Hacıbəyovun ölməz
yaradıcılığı və xüsusən
onun «Koroğlu»su bir çox bəstəkar nəslinin
diqqətini dönə-dönə cəlb edəcəkdir.
Üzeyirbəyin təcrübəsi və onun
məktəbi gənc müəlliflər üçün
xalq zəmini ilə novatorluğun, demokratizmlə
ustadlığın məharətlə əlaqələndirilməsinin
gözəl nümunəsidir.