Məşhur
rus dramaturqu Ostrovski ingilis ədibi Dikkens haqqındakı
qeydlərində deyir ki: «Xalq yazıçısı
olmaq üçün yalnız vətən sevgisi
kifayət deyildir, sevgi yazıçıya ancaq enerji
və hiss aşılayır, məzmun vermir, məzmun
üçün bir də öz xalqını yaxşıca
tanımaq lazımdır, xalqa qoşulmalı, sözün
qısası, onunla ünsiyyət bağlamalıdır».
Bu
sözlərdə təcrübədən çıxmış
böyük bir həqiqət vardır. Öz xalqını
yaxşı tanımayan, onun tarixi keçmişini,
həyat və psixolojisini, adət və ən'ənəsini
yaxşı bilməyən, ədəbiyyat və
sənəti ilə yaxşı tanış olmayan
bir adamın sevgisindən nə fayda hasil ola bilər?
Vətən və xalq sevgisi ancaq xalqın ruhunu,
həyat və məişətini dərindən
öyrəndikdən sonra faydalı və səmərəli
ola bilir.
Azərbaycan
ədəbiyyatı klassiklərinin çoxusu belədir.
Onlarda xalq sevgisi xalqla bir nəfəs almaq, onunla
gülmək, onunla ağamaq deməkdir. Azərbaycan
klassik sənətkarları sırasına daxil olmuş
Üzeyir Hacıbəyov da böyük ədiblərimizin
gözəl ən'ənələrini mənimsəmişdir.
O, Azərbaycan xalqının həqiqi xalq sənətkarlarındandır.
Azərbaycan
opera mədəniyyətinin ilk şah əsəri
olan «Leyli və Məcnun»un yaranması ideyası
haradan doğmuşdu? Ü. Hacıbəyov qeyd edir
ki: «Hələ 1897—98-ci illərdə Şuşada
«Məcnun Leylinin qəbri üstündə» adlı
bir xalq səhnəsi görmüşdüm və
bu səhnə məndə bir opera yaratmaq həvəsi
oyatmışdı». Bu qeyd çox maraqlıdır.
Çox gənc olan Üzeyirin qəlbində xalq
tamaşası, xalq xanəndələrinin yaradıcılığı
elə bir iz buraxır ki, illər keçdikcə
bu, gözəl bar verib,xalqın sənət bağını
şənləndirir. Bu tə'sirdən 1908-ci ildə
«Leyli və Məcnun» operası yaranır və
on illərdən bəridir ki, Azərbaycan operasının
milli inkişaf yolunu tə'yin edir.
Ü.
Hacıbəyov 1905-ci idən sonra xüsusilə
inkişaf edən demokratik fikirlərin fəal təbliğatçısı
idi. 0, başqa silahla və başqa vasitələrlə
olsa da, böyük realist və demokratik Cəlil
Məmmədquluzadənin və Sabirin yolu ilə
gedir, onlar kimi Azərbaycan xalqının müqəddəratı
ilə yaşayır, onun halına yanır, «öz
elmini, biliyini və bütün iste'dad və qabiliyyətini
xudadadin millətinin tərəqqisi yolunda sərf
edirdi». Burası var ki, Ü. Hacıbəyovun fəaliyyət
sahəsi daha geniş idi. Onda böyük realistlərə
məxsus gözəl məişətnəvislik
məharəti və kəskin satirik qələmi
olduğu kimi, xalqın ruh və zövqü ilə
həmahəng yüksək bir musiqişünaslıq
iste'dadı da vardı. O yalnız «Filankəs» imzası
ilə yazdığı duzlu və mə'nalı
felyetonları ilə deyil, eyni zamanda öz opera və
operettalarının musiqisi ilə də xalqına
xidmət edirdi. O, musiqini mə'nalandırır,
onu dilə gətirir, dinləyicilərin zövqünü
tərbiyə edirdi.
Ü.
Hacıbəyov Azərbaycan musiqisinin təşkilatçısıdır,
onun qüdrətli əli ilə Azərbaycan mədəniyyətinin
inkişafında musiqi öz həqiqi yerini tapmış,
öz inkişaf tarixində yüksək bir tərəqqi
mərhələsi keçmişdir.
C.
Məmmədquluzadə' ilə Sabir Azərbaycan
şe'r və nəsrini xəlqiləşdirməyə,
ədəbiyyatı geniş əməkçi kütlələrinin
şüuruna çatdırmağa müvəffəq
oldularsa, Ü. Hacıbəyov musiqini xəlqiləşdirdi,
onu geniş əməkçi xalq kütlələrinə
çatdırmağa müvəffəq oldu.Ü.
Hacıbəyov əsərlərinin xalq içərisində
geniş yayılması və şöhrət tapması
bunu isbat etmirmi?
Lakin
Ü. Hacıbəyov yalnız bəstəkar və
musiqişünas olaraq qalmır. Bu iste'dadlı sənətkar
eyni zamanda diqqətimizi bir yazıçı, bir dramnəvis
kimi də cəlb edir. Burada da biz yenə Hacıbəyovun
xalqla yaxınlığını, xalqı çox
gözəl və dərindən tanıdığını,
onun ruhundan xəbər verdiyini müşahidə
edirik.
Üzeyir
Hacıbəyovun əsərlərinin mövzusu
Azərbaycanın klassik ədəbiyyatı (Füzuli),
xalq yaradıcılığı və məişəti
ilə bağlıdır. Həqiqi eşq, heç
bir dini, sinfi və ictimai maneəyə baxmayan, öz
təmizliyi, ülviyyəti və sədaqətilə
hər qüvvəyə qalib gələn bir eşq
bütün bu əsərlərin əsas motivi kimi
yaşayır. Sədaqət, vəfa, mətanət,
nikbinlik, azadlığa və əməyə məhəbbət,
xəyanətə və zülmə nifrət —
Hacıbəyovun operalarından aldığımız
gözəl mə'nəvi tə'sirlər bunlardan
ibarətdir.
Ü.
Hacıbəyovun ən gözəl xüsusiyyətlərindən
biri də odur ki, onun yaratdığı əsərlər
tamamilə özünə aiddir. Opera və operettalarının
librettosu, demək, bütün məzmun və ideyası
özünündür. Əgər şərti
olaraq bu əsərlərin mətnini bir məzmun,
musiqisini isə bir forma kimi alsaq, belə deyə
bilərik ki, Hacıbəyov heç bir əsərində
məzmunu formaya qurban verməmiş, öz musiqisini
ifadə etmək üçün bir vasitəyə
çevirməmişdir. Böyük klassik bəstəkarlar
kimi, o da təsadüfi mövzular seçməmişdir.
Öz əsərlərinin ictimai mə'nasını
musiqi ilə qüvvətləndirmiş və onun
daha yaxşı səslənməsinə müvəffəq
olmuşdur.
Xalq
nağılı əsasında qurulmuş «Şah
Abbas vətənə məhəbbətdir; şah
belə olsan, peşən olmasa, yə'ni cəmiyyətə
öz işinlə bir fayda verə bilmirsənsə,
sən bir heçsən! Yoxsul bir odunçu qızı
Şah Abbasa qalib gəlir. Şah Abbas keçə
toxumaq sənətini öyrəndikdən sonra özünü
ölümdən qurtara bilir. Ü. Hacıbəyov
bu demokratik fikri musiqi dili ilə qüvvətləndirir
və onun tamaşaçılara daha yaxşı
çatmasına, daha dərindən tə'sir etməsinə
nail olur.
Bu
xüsusiyyəti Hacıbəyovun musiqili komediyaları
olan «Arşın mal alan» və «O olmasın, bu olsun»da
daha aydın görürük. Bu əsərlərdə
Hacıbəyov mahir bir bəstəkar kimi parlasa
da, realist məişətnəvis Hacıbəyov
ondan geri qalmır. Dramaturq Hacıbəyov bu operettalarda
bütün qüdrəti ilə meydana çıxır.
Yığcam, sadə, aydın olan bu əsərlərdə
canlı həyat münasibətləri, real tiplər,
insan psixolojisi, məişət təfərrüatı
ifadə olunur. Orijinal süjetlərdə verilən
tənqid və gülüş səhnələrini
müəllif elə ustalıqla seçə bilmişdir
ki, tamaşaçı ancaq sözlərə və
hətta yaranmış vəziyyətə gülməklə
qalmır, həm də o zamankı Azərbaycanın
həyat və məişətindəki müəyyən
əlaqə, münasibət və adətlərə
də gülməli və düşünməli
olur.
«Arşın
mal alan» klassik komediyadır, milli Azərbaycan komediyasıdır,
əsil sənət əsəridir. 0, Azərbaycan
xalqının müəyyən dövrdəki həyatını
əks etdirməklə bərabər, ümumbəşəri
bir komediya, maraqlı bir həyat səhnəsini,
ağıllı, zirək, yaşamaq və sevmək
istəyən sadə insanları təsvir edən
bir əsərdir. Sağlam gülüş, təbii
həyat münasibətlərindən doğan bir
gülüş və bu gülüşü qüvvətləndirən,
canlandıran gözəl, ahəngdar musiqi bütün
xalqları heyran edir və edəcəkdir. «Arşın
mal alan»ı dünya əsərləri sırasına
daxil edən də ondakı bu xüsusiyyətdir.
«O
olmasın, bu olsun» satirik komediyadır. Ü. Hacıbəyov
burada qüdrətli satirikdir. Cavan qız almaq istəyən
qoca, pullu tacirdən tutmuş, borclu düşmüş
bir bəyə, millətpərəst Həsənqulu
bəydən ikiüzlü qəzetçi Rza bəyə,
yalançı intelligent Həsənbəydən
tutmuş qoçu Əsgərə qədər burada
hamı canlı və realdır. İndi bu tiplər
artıq keçmişə aid olsalar belə, öz
bədii dəyər və kəskinliklərini itirməmişlər.
Bunun səbəbi isə onların böyük sənətkarlıqla
verilməsidir. Hər kəsi öz dili ilə danışdıran
müəllif, hər tipi də psixolojisi ilə
ifadə etdirir. İki kəlmə danışan
Əsgərin öz «piştovu» ilə aləmə
qan udduran kobud və qorxaq bir Bakı qoçusu olduğunu
görürük. Yaxud güzgünü əlinə
alıb papağını başına qoymaq istəyən
Məşədi İbadın bir neçə sözündə
nə qədər kəskin tənqid və kinayə
vardır! Bu, böyük yazıçılıq
məharətidir.
Ü.
Hacıbəyovun yaratdığı tiplərin bir
çoxu məişətimizə daxil olmuşdur.
Bu da onların həyatiliyi ilə əlaqədardır.
Hacıbəyovun əsərlərinin xalq həyatı
və məişəti ilə yaxınlığını
daha yaxşı hiss edən C. Cabbarlı, öz
mövzusunu uzaqlardan alan burjua yazıçılarına
qarşı çıxaraq, əsil xalq sənətkarı
Üzeyir Hacıbəyovu misal göstərərək
yazırdı ki, onun əsərləri «yaşadığı
mühitin, içində dolandığı xalqın,
cəmiyyətin ifadeyihal və keyfiyyətidir...».
«Bir gün bir fransız Parisdə oturub «Arşın
mal alan» oxuyacaq və bu, Azərbaycan həyatındandır,
orada belə bəylər, belə gənclər,
belə qızlar vardır, deyərsə, haqlı
olar».
Xəlqilik ədib-dramaturq Hacıbəyovun əsas
xüsusiyyətidir. Bu isə klassik yazıçılara
xas olan cəhətdir.
1945