Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

11

Yusif Məmmədəliyev
Böyük itki

Azərbaycan xalqının qiymətli oğlu Üzeyir Hacıbəyov milli musiqi mədəniyyətimizin inkişaf tarixində ən parlaq bir simadır.

Böyük Oktyabr sosiallst inqilabından qabaq yalnız bir həvəskar kompozitor kimi mə'lum olan Üzeyir Hacıbəyovun yüksək zəkası yalnız sovet dövründə, Lenin Partiyasının qayğısı ilə nəşvü-nüma tapmış və əziz bəstəkarımız əzəmətli Sovet ölkəsinin böyük sənətkarı olmuşdur.

Üzeyir Hacıbəyov bütün şüurlu ömrü boyu mədəni inkişafımızın müxtəlif sahələrində xalq müəllimi, bəstəkar, alim, dramaturq, publisist, ictimai xadim kimi yorulmadan çalışmışdır. O, bütün yaradıcılığında xalqdan ilham almış və xalqa sədaqətlə xidmət etmişdir. Onun ölməz əsərlərində yüksək musiqi sənətilə yanaşı, xalqın ürək arzuları, azad və xoşbəxt həyat uğrundakı mübarizəsi, demokratik məfkurələri tərənnüm edilməkdədir. Qəhrəmanlıq epopeyası olan son dərəcə zəngin məzmunlu «Koroğlu» operasında Azərbaycan xalqının əzəmətli eposu böyük sənətkarlıqla canlandırılmış və dillərdə dastan olan Koroğlu, onun öz xalqına sədaqəti, cəngavərliyi, yadelli işğalçılara və zülmkar feodallara qarşı amansız mübarizəsi, habelə qardaş Zaqafqaziya xalqlarının dostluğu dərin duyğular və böyük ustalıqla təsvir edilmişdir.

Əziz bəstəkarımız Azərbaycan xalqının zəngin ədəbiyyatından məharətlə istifadə edərək, dünya ədəbiyyatında görkəmli yer tutan böyük Füzulinin cazibədar lirikasına—«Şəbi-Hicran», «Nalədəndir» və qeyri şe'rlərinə, dahi sənətkar və mütəfəkkir Nizaminin «Sevgili canan», «Sənsiz» və bir çox başqa şe'r incilərinə musiqi ilə həyat vermiş və onları geniş xalq kütlələrinin ruhi qidasına çevirmişdir.

Üzeyir Hacıbəyov böyük bəstəkar və alim olmaqla bərabər, eyni zamanda bacarıqlı bədii söz ustasıdır. «Arşın mal alan», «Məşədi İbad» və qeyri musiqili komediyalarında keçmiş həyatın mənfur cəhətlərini, mövhumatı, cəhaləti, qadın əsarətini, burjua millətçiliyini özünə məxsus bir yumorla qamçılamış, bütün iste'dadını demokratik ideyalar uğrunda mübarizəyə sərf etmişdir.

Üzeyir Hacıbəyovun qiymətli nəzəri əsərləri Azərbaycan musiqi elminin inkişafı tarixində yeganə və ölməz əsərlərdir. Bu əsərlərdə Üzeyir Hacıbəyov yüksək zəkalı bir alim kimi musiqi mədəniyyətimizin əsaslarını dərindən tədqiq edib, onun inkişaf yollarını göstərmiş, bununla da həm indiki, həm gələcək nəslə misilsiz xidmət etmişdir. Ölməz bəstəkarımızın «Azərbaycan xalq musiqisinin əsasları» adlı əsəri bütün dünya musiqişünaslıq elminə böyük hədiyyə olub, xalq musiqisini öyrənmək işində parlaq səhifələr açır və şəkilcə milli, məzmunca sosialist Azərbaycan musiqi mədəniyyətinin inkişafı üçün geniş imkan yaradır.

Üzeyir Hacıbəyovun bütün yaradıcılığında dünya musiqi mədəniyyətində ən qabaqcıl yer tutan böyük rus xalqının musiqi mədəniyyətinin nəcib tə'siri vardır. O, ilk musiqi təhsilini Peterburqda almış və öz müəllimləri olan rus musiqi klassiklərinin gözəl ən'ənələrini davam və inkişaf etdirmişdir. Üzeyir Hacıbəyovun ölməz yaradıcılığı, öz xalqına və partiyasına sədaqəti elm və sənət xadimləri üçüm ən gözəl nümunədir.

1945


Şövkət Məmmədova
Vətənpərvər insan

 

Onunla çarizmin irtica illərindəki ilk görüşümü xatırlayarkən, Üzeyirin—öz xalqını sonsuz məhəbbətlə sevən və bütün həyatını ona həsr edən vətənpərvər insanın unudulmaz obrazı qarşısında bir daha baş əyirəm.

Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bakıda olduğumdan xəbər tutub, o, mənim taleyimdə yaxından iştirak etdi. Özünün ilk musiqi əsərlərinin müvəffəqiyyətindən ruhlanan Üzeyir, son əsərlərinin əlyazısını götürərək, məni öz yaradıcılıq planları ilə tanış etdi. Bu görüş çox səmimi keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Həssas qəlbə malik Üzeyir həyatımın ən çətin anlarında öz kömək əlini mənə uzatdı.

Tale bizi bir daha Azərbaycanda Sovet hakimiyyətinin xoşbəxt illərində görüşdürdü. Bakıdakı qadınlar klubunda «Arşın mal alan»dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Burada mən ondan oyunum haqqında ilk xoş rə'ylər eşitdim. Onun səmimi tə'rifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah Üzeyirlə dostluğum bu andan başladı. Bu dostluq 30 il davam etdi.

Azərbaycan Dövlət Konservatoriyası təşkil edildiyi ilk gündən bütün fikrini gənc kadrların yetişdirilməsinə verən Üzeyir, biz müəllimlərə də atalıq qayğısı göstərirdi.

Böyük dövrümüzə layiq musiqi kadrlarını yetişdirib tərbiyə etmək haqqında Üzeyirin xeyirxah tövsiyələri biz müəllimlər üçün bir növ həyat devizi oldu.

1948


 
   © Musigi Dunyasi, 2005