Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

10

Fikrət Əmirov
Üzeyir məktəbi.(Ardı)

Üzeyir sənətində diqqəti ən çox cəlb edən cəhət xalq musiqisinə münasibət məsələsidir. Bəstəkarın demək olar ki, elə bir yazısı, çıxışı yoxdur ki, həmin nöqtəyə toxunmamış olsun. Onun bu məsələyə yetirdiyi çox böyük diqqət təsadüfi deyildi. Ü. Hacıbəyov «Azərbaycan xalq musiqisinin əsasları» kitabının 1945-ci ildəki ilk nəşrinə yazdığı ön sözdə həmin mövzunu necə işlədiyindən danışarkən qeyd edirdi ki, «...mən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam. Seçdiyim bu mövzuya dair nə bir ədəbiyyat, nə xüsusi elmi əsərlər, nə də başqa bir vəsait olmadığına görə, mən ancaq öz şəxsi müşahidələrimin, apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum».

Beləliklə, bu sətirlər də aydın təsdiq edir ki, ölməz sənətkar xalq musiqimizin elmi əsaslarını işləmək, ona layiq olduğu yüksək qiyməti vermək və lazımınca tanıtmaq, sevdirmək üçün necə də gərgin tədqiqat işi aparmış, necə də əsil vətəndaşlıq qeyrəti göstərmişdir! Üzeyir Hacıbəyov musiqi folklorumuzu toplamağın, xalq musiqisini bütün incəliyi ilə araşdırmağın vacib olduğunu təkrar-təkrar xatırladarkən bu zəngin xəzinədən heç də passiv istifadəni, yerli-yersiz sitatlar gətirməklə istifadəni nəzərdə tutmurdu. Bəstəkarın qəti qənaəti belə idi ki, musiqi folklorundan xalqın arzu və düşüncələrini, həyata, dünyaya baxışını, sənətkarlıq sirlərini öyrənmək və bundan yaradıcılıqla faydalanmaq lazımdır. Əks təqdirdə bəstəkar xalq musiqisinə təzə heç bir əlavə edə bilməz, onu daha da zənginləşdirmək əvəzinə, ancaq təkrar etməli olar ki, bunun da əsil sənətkarlıqla, əlbəttə, əlaqəsi yoxdur.

Xoşbəxtlikdən böyük Üzeyir bu məsələdə də Azərbaycan musiqisində nümunə göstərdi. Onun dühasının parlaq məhsulu olan «Koroğlu» yarandı. Mən belə hesab edirəm ki, «Koroğlu» klassik rus operalarından Qlinkanın «Ruslan və Lüdmila»sı, Borodinin «Knyaz İqor» operaları ilə yanaşı dura bilən böyük sənət əsəridir. Həmin əsərin necə meydana gəldiyindən bəhs edən müəllif yazırdı: «Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin bir bəstəkar olaraq mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən «Koroğlu» operasını yazdım».

Bu, çox qiymətli e'tirafdır. Həqiqətən «Koroğlu» bizim üçün böyük sənət proqramı əhəmiyyətində olan bir mə'xəzdir. Bu opera bizdə hələ lazımi dərinliklə araşdırılıb tədqiq olunmamışdır. Halbuki Üzeyirin bədii irsi ilə nəzəri irsi arasındakı əlaqəni geniş, ətraflı öyrənmək baxımından «Koroğlu»nun dərin, mövzuya yaxından bələdliklə təhlili çox zəruridir.

Ü. Hacıbəyov operanı yazarkən, özünün dediyi kimi, Azərbaycan xalq musiqisi sənətinin əsasını təşkil edən ciddi qanun-qaydalara riayət etmişdir; bu «qanun-qaydalar» bəstəkarın yaradıcılıq fantaziyasını nəinki boğmuş, əksinə, bir bünövrə olaraq daha da ona qol-qanad vermiş, azad yaradıcılıq fantaziyasının geniş üfüqlorin daha da işıqlandırmışdır.

Böyük rus tənqidçisi V.Q.Belinski dahi A.S.Puşkinin «Tunc atlı», «Yevgeni Onegin» və başqa bu səpkili əsərlərindən danışarkən, onlardakı dərin xəlqiliyi xüsusilə yüksək qiymətləndirərək belə hesab edirdi ki, həmin poemalar mövzusu bilavasitə xalq yaradıcılığından alınmış əsərlərdən, məsələn, «Ruslan və Lüdmila»dan daha çox xəlqidir. Çünki «Həqiqi millilik sarafanı təsvir etmək deyil, xalq ruhunu təmsil etməkdədir» (N.V.Qoqol).

Bu mülahizələri eyni ilə Üzeyir Hacıbəyov yaradıcılığına da aid etmək mümkündür. «Koroğlu»nun bu qədər xəlqi əsər, milli əsər olması müəllifin yalnız mövzunu folklordan götürməsilə izah edilə bilməz. Həmin operada xarici işğalçılara qarşı, azadlıq uğrunda aparılan qanlı vuruşmalarda Babəklər, Koroğlular yetirmiş xalqın misilsiz mübarizə əzmi, qəhrəmanlıq hünəri, vətənpərvərlik qüruru vardır. Üzeyir Hacıbəyovun dahiliyi ondadır ki, bütün bu mühüm keyfiyyətləri xalqın öz ruhuna uyğun, xalqın özünə doğma olan bir musiqi dili ilə ifadə edə bilmişdir. Belə çox ağır, eyni zamanda çox şərəfli yaradıcılıq zəhmətinə qatlaşan bəstəkar, operanın ilk böyük müvəffəqiyyətindən sonra bu sözləri deməkdə haqlı idi: «Sərbəst qurulmasına və musiqi fakturasının mürəkkəb olmasına baxmayaraq, «Koroğlu» operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı və melodiyalarını eynilə təkrar edən bə'zi əsərlərdən daha yaxşı çatır, çünki «Koroğlu» operası xalqın doğma musiqi dilində yazılmışdır... Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm».

Böyük müəllimimiz belə hesab edirdi ki, xalqla onun anladığı dildə danışmaq iste'dadından məhrum olanlar dövrümüzə layiq, yüksək qiymətli əsərlər yarada bilməyəcəklər.

Təbii ki, Hacıbəyov belə bir əqidəyə birdən-birə gəlməmişdi. Əvvələn, o, uzun illər boyu xalq musiqimizi yorulmadan toplamış, öyrənmiş, saf-çürük etmişdi, mühüm elmi nəticələr çıxarmışdı. İkincisi də, rus və dünya xalqlarının ən görkəmli bəstəkarlarının yaradıcılığını ardıcıl surətdə izləyib, müvafiq nəticələrə gəlmişdi. Ü.Hacıbəyov dünya şöhrəti qazanmış bəstəkarların sənətkarlıq sirlərini, onların böyük müvəffəqiyyətlərinin səbəblərini daim arayıb-axtarır, dərindən-dərinə öyrənirdi. Yeri düşdükcə, ayrı-ayrı məqalə və çıxışlarında həmin məsələyə toxunmağı vacib bilirdi. Bu mə'nada onun «Çaykovski və Azərbaycan musiqisi» adlı məqaləsi çox maraqlıdır. Həmin məqalənin bir yerində oxuyuruq: «Rus xalqının bu böyük bəstəkarının musiqi yaradıcılığının əsasını rus xalq musiqisi təşkil edir ki, bu səbəbdən də onun bütün əsərləri öz azad yaradıcılıq fantaziyasının bütün parlaqlığı ilə rus xalqı üçün doğma və əzizdir. Xalis milli rus bəstəkarı olan Çaykovski eyni zamanda hər cür etnoqrafizmdən və milli məhdudluqdan tamamilə uzaqdır... Mən Çaykovskinin yaradıcılığına coşqun pərəstiş edən adamlardan biriyəm. Mən öz azad yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz təməli üzərində inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm».

Üzeyir Hacıbəyov rus musiqisinin təkcə klassik nümayəndələrinin deyil, həm də müasir nümayəndələrinin yaradıcılığına məhəbbətlə yanaşır, əsərlərini sevə-sevə təhlil edir və yeri gəldikcə haqsız hücumlardan da müdafiə edirdi. Bu isə Ü. Hacıbəyovun Ümumittifaq miqyasında nüfuzlu şəxs olduğunu təsdiq edir.

Bu gün hamımızın məktəb bildiyimiz ölməz bəstəkar Üzeyirbəy başqa xalqların musiqi mədəniyyətindən ən yaxşı cəhətləri öyrənməyə, onlardan bəhrələnməyə bizi çağırırdı. «Bir-birimizdən öyrənək!» Hacıbəyov bu çağırışı tez-tez təkrar etməkdən çəkinmirdi. Hətta həmin başlıq altında onun ayrıca məqaləsi də vardır. Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasından bəhs edərkən yazırdı: «Üç respublikanın hər birinin incəsənətində yeniliyə, sənətkarlığın zirvələrinə yiyələnməyə, orijinal ifadə vasitələri tapmağa cəsarətlə sə'y göstərdiyi hiss olunur. Bir-birimizdən öyrənək! (kursiv bizimdir—F. Ə.)—indi artıq çıxara biləcəyimiz birinci nəticə bundan ibarətdir».

Ü. Hacıbəyov təkcə başqalarından öyrənməyə çağırışla kifayətlənmir, həmçinin «özümüzü» layiqincə tanıyıb bilməyimizi vacib sayırdı. Bu mə'nada onun Qərb alimlərinin Şərq musiqisinə dair tədqiqləri ilə əlaqədar söylədiyi mülahizələri maraqlıdır. Bir sıra faktik müqayisələr apardıqdan sonra müəllif bu nəticəyə gəlir ki, Avropa alimləri qədim Şərq musiqisini və musiqi alimlərini bizdən daha gözəl bilir və bizdən daha tez belə bir tarixdən xəbərdardırlar («Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri»). İyirminci illərdə deyilmiş bu hökmdə bir az da özümüzü töhmətləndirmək təşəbbüsü vardır. Belə çox incə, eyni zamanda kəskin deyilmiş fikirlər bizim özümüzü səfərbər etmək, Şərq klassikasını daha dərindən öyrənməyə cəlb etmək məqsədi daşıyırdı.

Üzeyir Hacıbəyovun elmi-nəzəri irsi içərisində el mahnılarımızın toplanması və işlənməsinə, aşıq sənətinin layiqincə qiymətləndirilməsinə, ifaçılığa və başqa mühüm yaradıcılıq məsələlərinə dair qiymətli mülahizələr vardır. Həmişə öyrənməyə can atan və bizi də həmişə öyrənməyə çağıran böyük sənətkarın özünün elmi, ədəbi və bədii irsi xüsusilə Yaxın Şərq və ərəb ölkələri musiqisinin inkişafı üçün çox əhəmiyyətlidir. Bəstəkarın əsərlərinin, o cümlədən daha çox «Arşın mal alan»ın ümumiyyətlə xaricdəki, eləcə də Yaxın Şərqdəki geniş şöhrətini məhz bununla izah etmək lazımdır.

Məşhur bir əfsanədə Anteyin qeyri-adi qüdrətini onun ayaqlarının torpağa dayanmasında, torpaqla bağlılığında görürlər. Üzeyir Hacıbəyov özü də bu müqayisəni sevirdi və bəstəkarın gücünü-qüvvətini onun xalq həyatına, xalq sənətinə bağılığında görürdü. Biz böyük Üzeyir yaradıcılığından bu Antey qüdrətinin sirlərini hələ çox öyrənməliyik.

1975


 
   © Musigi Dunyasi, 2005