Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Təhsil1

Mən məktəbdə oxuyanda, bizim məktəbə tazə bir molla təyin eləmişdilər. Yəni bu molla «ekzamen» tutmuşdu və o «ekzamendə» heç bir kəs onunla bərabər ola bilməmişdi.

Camaat belə deyir ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilməmiş olsun. Bu sözləri axund özü də təsdiq eləyib deyir ki:

— Mən bütün ülum və finuna darayam.

Kişi «dara» olmaya bilməzdi, çünki 8 il məktəbdə oxuyub bircə dəfə də fələqqəyə2 düşməmişdi. Sonra ikmalıtəhsil üçün İrana gedib 8 il də Təbrizdə oxumuşdu və bədə Təbrizdən Tehrana yollanıb 4 il də orada və ondan 5 il Məşhəddə və bunlardan başqa 4 il də İranın bir şəhrində təhsil etmişdir ki, onun adı yadımda qalmayıbdır.

Dərs vaxtında bu axund bəzi vaxt bizim ilə dostana söhbətlər edərdi, böyük səfərlərindən nəql edərdi, çox şirin söhbət eylərdi.

Bir dəfə ondan soruşduq ki, axund İran böyükdür, yoxsa Rusiya?

— Dedi: — Əgər İranın bu başından düşəsən və gecə-gündüz yol gedəsən və hər bir saatda 70 ağac3 yol eləyəsən və 70 il səfər eləyəsən, hələ gəlib İranın yarısına çatmazsan.

Dedik: — Axund, bəs ruslar yazırlar ki, İran Rusiyadan 20 dəfə balacadır.

Axund buna şerlə cavab verdi:

Ke ey nik-bəxt, an nə şeklemən əst

Vəlakin, qələm dər kəfe-doşmən əst!4

Bir gün uşaqlardan.biri dedi:

—Axund, heç dəryanın dibini bilmək olar?

Axund dedi: — Budur mən 25 il oxumuşam və 25 il sümük sındırıb bütün ülum və finunə dara olmuşam, amma, indiyə qədər bir kitabda görməmişəm ki, dəryanın dibini bilən olsun.

Yoldaşlarımızdan biri dedi:

— Axund, bəs ruslar yazırlar ki, dəryanın lap dərini 8 verstdir.

Axund güldü və bunu nəql etdi:

— Zərəfşan kitabında oxumuşam ki, İskəndəri-Zülqərneyn dünyanın üzünü alandan sonra, istədi ki, dəryaların dibini də alsın, ona görə dəryanın içinə cumub 70 il yol getdi; nagah burada bir adama rast gəldi ki, axtarır. Sual etdi ki, sən nə axtarırsan. Dedi ki, 70 il bundan əvvəl mənim əlimdən bu dəryaya bir balta düşüb, dəryanın dibinə gedibdir. İndi mən gərək bundan sonra 70 il yol gedəm ki, bəlkə dəryanın dibinə çatam. İsgəndər-Zülqərineyn bu əhvalatı eşidib səfərindən əl çəkdi.

Yoldaşlarımızın içində bir «dələ-duzu» vardı, dedi:

Axnud, hesab elmi oxumaq haramdır, yoxsa halal?

— Dedi: — Haramdır!

Dedi: — Bəs bu elm necə ki, məsələn, mən istəyirəm biləm, cibimə nə qərdə pul qoyum ki, putu 6 manatdan 2 kəllə qənd və girvənkəsi 2 manatdan 5 kirvənkə çay alıb, üstünə də nəqd 15 manat pul qoyub bir axunda göndərim.

Axund dedi: — O cürə elmi oxumaq nə haramdır, nə halal, ancaq savabdır.

Bu əhvalatdan sonra, gördük ki, fəziləti-axund məlum şüd.

İştə 25 il oxumaq zarafat deyildir. 25 il—bir əsrin dörddən biridir.

   

 

 

Qəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli çənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, «student» namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.

Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə az-çox olurdu, amma hal-hazırda bu ianə mənbəyi Hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda «Kaspi» qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə tək-lif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.

Binəva cavanlarımız 7—8 il realnı və gimnaziyalarda çalışıb, ikmal edib, şəhadətnamələr almağa müvəffəq olurlar. Ali məktəblərə girməyə haqq və ixtiyar qazanırlar. Amma pulları olmadığına görə illər ilə qazanmış olduqları haqdan əl çəkməyə məcbur olurlar və ya nə olur-olsun, deyə ali məktəbləri olan şəhərlərə rəvan olub, orada da pulsuzluq cəhətdən min cürə əziyyət və bəlalərə düçar olurlar və yaxud məktəb haqqı vermədiyinə görə ixrac olurlar.

Realni və gimnaziya qurtarmış tələbələrdən başqa, bir də başqaları vardır ki, məsələn, müəllimlərdən və ya məmurlardan və ya xüsusi cavanlardan 2—3 il gecə və gündüz Zəhmət çəkib yəhudi, erməni, gürcü, rus cavanları ilə müsabiqə imtahanlarına girib öz elmi və qabiliyyətləri sayəsində attestat zrelosti adlanan şəhadətnamə ala bilirlər. Bu şəhadətnaməni ala bilən cavanların universitetə və darülfünunlara qəbul edilməyə haqları olur; amma yenə də pul işi aralıqda olduğuna görə, bu binəvaların zəhmətləri özlərinə qalır.

Bu cavanlardan bir çoxu olur ki, fövqəzzikr şəhadətnaməni aldıqdan sonra, öz qulluğundan əl çəkib təhsili ali dalınca gedir; lakin yenə də pulsuzluq ucundan darülfünundan əl çəkib, əvvəlki qulluğunu əlindən itirir.

Söz yoxdur ki, bu tələbələrin qeydinə qalan yoxdur və heç kəs bunu nəzərə almır ki, bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq. Bu sözlər boş söz deyildir, acı həqiqətdir. Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir, ona binaən, indidən çarə axtarmalıdır ki, tələbələrimizin oxumaq şərtləri təmin edilsin ki, onların da ədədləri də ildən-ilə artsın. Oxumuşlarımız çox olsun, Bir çox dəfə cəmiyyətlərdə və qəzetələrdə «Tələbələr sandığı» barəsində danışıqlar olmuşdu və hələ elə bir «sandıq» dəxi təşkil, olunmuşdu, lakin biz bu günlərdə bir tələbənin ağzından eşitdiyimiz «sandıq» sınıq düşübdür, daha mövcud deyildir.

Tələbələr «sandığı» çox gözəl bir şeydir, əlbəttə, əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmali-təhsil etmiş olan tələbələrimizin hamısı da olmasa, bir çoxu doktor, injener və sair olmaqla, yaxşı maaş sahibi olarlar; ona binaən, haman tələbələr özlərinə «sandıq» tərəfindən sərf olunan məbləği qism-qism «sandığa» iadə edə bilərlər və bununla «sandığın» pulu da azalmaz, «sandıqdan» sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar.

Söz yoxdur ki, öz dolanacaqlarına kifayət edən puldan başqa, fəzlə pulu olan adamlarımız əgər o puldan cüzi bir şey çıxıb sandığa daxil edərlərsə, haman sandıqda külli pul əmələ gələr ki, onunla bütün müstəhəqq tələbələrimizə kömək etmək mümkün olar. Belə bir sandıq təşkili barəsində dəfələrlə qəzetələrdə və məclislərdə sözlər olub, amma içindən bir şey çıxmayıbdır. həmin məsələni təkrar yada salırıq, zatən belə bir işin əmələ gətirilməsinə ən möcud çəmiyyətlərimiz baş qoşmalıdırlar.

 



1. Ruhanilərin avamlığını, öz mənfəətlərini güddüklərini ifşa edən «Təhsil» sərlövhəli felyeton «Tərəqqi» qəzetinin 1909-cu il 10 sentyabr tarixli 205-si nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur.
2. Falaqqa — o zaman mədrəsə və mollaxanalarda «tərbiyələndirmə» vasitəsi idi. Nadins və ya pis oxuyan uşaqların ayaqlarını falaqqaya salıb çubuqla vurardılar.
3. Ağac — burada məsafə ölçüsüdür; bir ağac təxminən bir kilometrə bərabərdi.
4. Ke ey nikbəxt, an nə şekle-mən əst, Vəlakin qələm dər kəfe-doşmən əst — farscadır, tərcüməsi: Ey xoşbəxt, o mənim şəkilim deyil. Lakin qələm düşmən əlindədir.
5. «Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir» şüarı ilə tələbələrə maddi kömək etməyə çağıran «Tələbələr məsələsi» sərlövhəli məqalə «Tərəqqi» qəzetinin 1909-cu il 17 sentyabr tarixli 211-ci nömrəsinin 2-ci səhifəsində «Üzeyir» imzası ilə dərc olunmuşdur.

 

 
   © Musigi Dunyasi, 2005