|
Yaradıcılığı
|
— Daha bəsdir, ay alçaq xuliqanlar, ey millətin
xari və zəlil olmağını özləri
üçün mənfəət bilən alçaqlar!
Daha bəsdir, milləti əlinizdə alət və
oyuncaq qayırıb o fitnə və fəsadlarınızı
əmələ gətirmək! Qorxun o gündən
ki, camaat ayılıb siz dəlilərin nə cürə
şeytan olduğunuzu duya və başa düşə.
Nə üçün xalqı iqva eyləyirsiniz?
Neçin qoymayırsınız ki, xalq öz işinə,
öz gücünə məşğul olsun? Nə
üçün camaatı aldadırsınız?
Nə üçün tazə tərəqqi başlamaq
istəyən camaatın içinə pürxaşlıq
və şuluqluq salmaq istəyirsiniz? Camaatın
tərəqqisini sizin qurdlu və xain qəlbiniz
qəbul etmirmi? Nə üçün işıq
gələn yerə murdar barmağınızı
tıxırsınız? Ey xain öküzlər!
Vallah, əmin olun ki, çox meydan sürə bilməyəcəksiniz,
zəmanə öz işini edəcəkdir və
pislik sizin özünüzə qalacaqdır.
Rəfiqim bu sözləri deyib acığından
dodaqlarını çeynəməyə başladı,
soruşdum: Nə olub, nə üçün ağzından
od yağdırırsan? Rəfiqim cibindən qəzetini
çıxardıb qabağıma qoydu və Tehrandan
gəlmiş teleqramı göstərdi. Oxudum. Orada
yazılmışdı ki, bəzi adamlar Tehran məsçidlərində
Tağızadə cənablarına qarşı
sözlər və mövizələr söyləyirlər.
Doğrudan da bu əhval məni dəxi pəjmürdə
və pərişan etdi.
Tağızadə ən tərəqqipərəst
bir adam olub, millətin xeyirxahıdır. Özünün
də elmi və məlumatı çoxdur. Yevropada
onu yaxşı tanıyırlar və onun sözlərinə
etina edirlər və əhəmiyyət verirlər.
Bəs, belə olan surətdə nə üçün
Tağızadəyə qarşı sözlər
söyləyirdilər və nə üçün
o cürə sözləri də camaat qəbul edir?
Nə üçün!... Çünki Tağızadənin
adı hər yerdə çox çəkilir, amma,
o birilərininki az. Ona görə də alçaq
təbiətlilərə bu cürə əhval
xoş gəlmir.
Elmli və mədəniyyətli məmləkətlərdə
elə ki, gördülər bir adamın ümum
millətə mənfəət vermək qabiliyyəti
var, o adama bacardıqca kömək edirlər, amma
bizim yerlərdə və İranda ki, mədəniyyət
yoxdur, o cür adamların qabağına bəxil
və xain adamlar çıxıb fitnə və fəsad
qurmaqla başından batırmağa səy edərlər.
O səbəbdəndir ki, mədəniyyətli məmləkətlərdə
hər bir cürə hünər getdikcə tərəqqi
eləyir, amma mədəniyyətsiz yerlərdə
hünər və məharət sahibləri alçaq
və dəni təbiət fitnəkarların fisqü-fücuruna
qurban olurlar.
Bunun da səbəbi, yəni fitnəkarların meydan
bazarlığının səbəbi, camaatın
yaxşı və yamana təfavüt qoymamağından
və öz xeyir-zərərini bilməməyindəndir.
Doğrudan da, əgər camaat öz xeyir və
zərərini bilsə və xeyir gətirən
ilə zərər yetirəni dürüst tanısa,
o halda alçaq fitnəkarlara yol verməz.
Dedim rəfiq, biz İranlı qardaşlarımızın
ayılmalarına inanmışıq, ona görə
də çox ümid eyləyirik ki, Tağızadənin
İran üçün ən mənfəətli
bir cavan olduğunu anlayıb da, əlindən başından
bir iş gəlməyən alçaq xainlərin
başından qapazalmaqla Tağızadənin yolunu
təmizləyərlər.
Bundan sonra gərək camaat razı olmasın ki,
alçaq müfəttinlər onları öz murdar
əllərində alət və oyuncaq etsinlər.
Rəfiqim başını buladı və inam olmaq
istəmədi.
— Amma öz tərəfimdən inanıram ki, bu
iyirminci əsrdə aləmi-islamda vaqe olan böyük
əhvallardan sonra islam şəhərlərindəki
xuliqanlar çox az meydan sürə biləcəkdirlər.
«İrşad» və «Tərəqqi»
qəzetələrində mühərrirlik etdiyimiz
zaman bir takım qəzetəçi sənətindən
layiqincə müxbir olmayan şəxslər məqalələrinin
məzkur qəzetələrdə çap olunmadığından
naşi, bizə etiraz edib «hürriyyəti-kəlamə
yol vermirsiniz» deyirdilər. Lakin bu şəxslər
orasını unudurdular ki, hər bir qəzetənin
müəyyən bir məsləki olmalıdır.
Ona binaən həman qəzetədə yazılan
hər bir məqalə də haman məsləkə
müvafiq olub, onun, yəni o məsləkin qarelərə
təlqini yolunda xidmət etməlidir.
Əks surətdə, yəni qəzetənin müəyyən
bir məsləki olmadığı halda, o qəzetəni
oxuyanlar ondan az mənfəət görürlər.
Əvvəla, məslək nədir? Və saniyyən
həmin «Həqiqət» adlı nəşrinə
başladığımız qəzetənin məsləki
nədən ibarət olacaqdır?
Bu iki suala qüvvəmiz daxilində cavab verməyə
çalışa cağıq.
Söz yoxdur ki, xalq arasında mübtəsil oxunan
bir şeyin oxuculara bir təsiri olub. Bu təsir sayəsində
oxucuların fikri də cümbüşə gəlib
bir yol, bir məslək tutmaq istəyir. İndi əgər
haman oxunulan şey qəzetə olsun, jurnal olsun,
daim bir məslək üstündə qalıb o
yoldan, o məsləkdən oyan-buyana sərpməzsə,
oxucularının da fikri haman məsləkə alışıb
hər kəs müəyyən bir fikir, bir əqidə
sahibi olar.
Bu isə oxucular üçün mənəvi bir
tərbiyədir. Yox, əgər qəzetə müəyyən
bir məslək təqib etməzsə, bu halda o
qəzetə oxuculardan sui-təsir hasil edər: oxuduğunu
ağıl və insaf ilə tənqid və təkid
etməyə alışmamış oxucuları
da özü kimi məsləksiz edib, əxlaqını
da pozar.
Çünki məsləksizlik — yolsuzluqdur, əxlaqın
pozğunluğudur. Məsləksiz qəzetə
müzürr olan kimi məsləksiz insan da müzirridir.
Əlbəttə, məsləkin yaxşısı
da vardır, yamanı da vardır.
Amma yenə də məsləksiz insan yaman məsləkli
adamdan daha zərərlidir. Çünki yaman məslək
müəyyən olduğu halda onun zərrətini
rəf etməyə çarə tapmaq asanddır.
Məslək nədir?
Məslək — hər kəsin etiqad etdiyi bir yoldur;
ümumi xoşbəxtliyini, asayiş və aramını,
rəfain-halını, tərəqqi və təkamülünü
təqib edən hər bir məslək onun sahibi
üçün müqəddəs ədd olunmalıdır.
Belə bir məsləkə xidmət edən şəxs
haman məsləkə xəyanət etməməlidir.
Bəlkə o məsləkin daha ali və daha müqəddəs
bir yola yaxınlaşması üstündə çalışmalıdır,
insan öz məsləkini dəyişə bilərmi?
Əvət, insan yaxşı bir məsləkdən
daha gözəl bir məsləkə keçə
bilər. O gözəl məsləkdən daha gözəlinə
keçə bilər. Yəni özü tərəqqi
etdiyi kimi, məsləki də o yolda tərəqqi
edə bilər. Amma yaxşı bir məsləkdən
pis bir məsləkə keçmək olmaz. Keçərsə,
əxlaqsızlığı bildirər.
Hər kəs öz ağıl və insafı izn
verdiyi yaxşı bir məsləki qəbul etdiyi
kimi biz dəxi öz aciz ağıl və bolluca
insafımızca müqəddəs ədd etdiyimiz
və ümumxalq üçün baxüsus əfradundan
olduğumuz millətimiz üçün mənfəətli
bildiyimic məsləkimizi həmin bu «Həqiqət»
qəzetəsi vasitəsi ilə əhaliyə təlqinə
çalışacayıq. Bizim məsləkimiz nədir?
Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə
bais olan hər bir həqiqi vasitə və vəsilələrə
yol verməli və millətimizi cəhalətə
və yaxud tərəqqiyi-məkusə sövq edən
şeyləri dəf və izalə etməlidir.
İştə qəzetəmizdə yazılan məqalə
və əxbar haman məslək daxilində yazılacaqdır.
Məsləkimizə müvafiq olmayan məqalələrdən,
əz cümlə bunu saya bilərik: fitnə və
fəsad qovzayan, qərəz-şəxsi ilə
yazılmış olan, bir şəxsin heç kəsə
zərəri olmayan və mənfəəti-aməni
xələldar etməyən hərəkatını
tənqid edən və yaxud heysiyyəti-şəxsiyyəsinə
toxunan, insanlıq hissiyyatını təhqir edən
məqalələrə heç bir halda yol verilməyəcəkdir.
Bundan başqa, savadsız və məlumatsız
şəxslərin bir əhvalata və ya bir hadisəyə
dair yazılmış məqaləsi kəmali-məmnuniyyətlə
qəbul edildiyi halda, onun elmi, ədəbi və
ümumiyyətlə ağlı məqalələrinə
də yer verilməycəkdir. İştə hələlik
bu qədər. İndi allahdan tofiq diləyib işə
başlayırıq.
Birdən fərz elə, Avropada bir
məmləkətdə, məsələn Firəngistanda
qəzetələrin hamısı durduğu yerdə
bağlandı.
Onda nə olar?
Onda tamam Firəngistan bir-birinə dəyər. Kişi,
arvad, uşaq hamısı bir-birinə qarışıb,
bir çığır-bağır salarlar ki, qonşular
dəli olarlar.
Biri çığırar ki:
— Ay kor oldum!
O birisi:
— Ay kar oldum!
— Bir başqası:
— Ay lal oldum!
— Banklar qapanar, birjalar sönər, fabrikalar batar,
dəmiryol işləməz, paraxodlar dayanar, məclislər
pozular, bazar-dükan bağlanar, teatrlar boş qalar
— qərəz, zəlzələ olar, tufan qopar, hamı
kar olar, kor olar, lal olar.
Bəs bizim qəzetələrimiz bağlansa nə
olar?
— Heç zad.
1. Tərəqqipərvər və xeyirxah şəxslərin,
o cümlədən Cənubi Azərbaycanın azadlığı
uğrunda fəal çalışmış görkəmli
ictimai xadim Tağızadənin müdafiəsinə
yönəldilmiş bu məqalə «Tərəqqi»
qəzetinin 1909-cu il 28 sentyabr tarixli 219-cu nömrəsinin
3—4-cü səhifələrində «Filankəs»
təxəllüsü ilə dərc olunmuşdur.
2. 1909-cu il oktyabr ayının əvvəllərində
«Tərəqqi» qəzetinin nəşri dayandırılır.
Həmin ilin dekabr ayının sonuncu günlərindən
yeni gündəlik siyasi ədəbi qəzet olan
«Həqiqət» qəzetinin nəşrinə başlanır.
Qəzetin müdiri və redaktoru Üzeyir Hacıbəyov
idi. İlin axırınadək cəmi altı nömrə
buraxılmışdı. Qəzetin ilk nömrəsində
Ü. Hacıbəyovun iki məqaləsi dərc
olunmuşdur. Bunlardan biri «Bəyani-məslək»
sərlövhəli məqalə idi ki, «Həqiqət»
qəzetinin 1909-cu il 25 dekabr tarixli 1-ci nömrəsinin
1-ci səhifəsində «İdarə» imzası
ilə dərc edilmişdir. Məqalənin ilk cümləsindən
aydın olur ki, onun müəllifi Üzeyir Hacıbəyovdur.
İkinci yazı «Oyan-buyan» sərlövhəli xırdaca
felyetondur ki, qəzetin 3-cü səhifəsində
«Bir» təxəllüsü ilə çap edilmişdir.
Felyetonun məzmunu və dili, mövzunun aktuallığı
bildirir ki, onun müəllifi Üzeyir Hacıbəyovdur.
Qəzetin sonrakı nömrələrindən məlum
olur ki, Ü. Hacıbəyov «İrşad» və
«Tərəqqi»nin səhifələrində işlətdiyi
«Ordan-burdan» başlığını bu dəfə
«Oyan-buyan» ilə əvəz etmiş, «Filankəs»
təxəllüsünü isə dəyişdirərək
felyetonlarını: «Bir», «İki», «Üç», «Dörd»,
«Beş», «Qərib», «Qaf», «...Kəs», «Ü» gizli
və sonralar isə açıq «Üzeyir» imzası
ilə vermişdir.
|
|
|
|
|
|