Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

Vətənimiz olan Qafqaziyada əhalimizin tərəqqisi cəhətindən qabaqda olan bir şəhərimiz varsa, o da Bakıdır. Doğrudur, Bakı şəhərində yaşayan və ədədcə müsəlmanlardan az olan sair tayfa əhlinin tərəqqisi onlardan ədədcə çox olan Bakı müsəlmanlarından iki-üç qat artıqdır. Amma genə də hər nə tövr olsa, sair şəhərlərimizə nisbətən Bakı şəhəri bu yolda çox qabaqdadır. Bu şəhərdə həm elm və həm hünər və sənayei-nəfisə get-gedə tərəqqiyə düşməkdədir və bu tərəqqi içində tərəqqiyi-məkusə bənzər bəzi hadisələr baş verirsə də, lakin bu hadisələrin nəticəsi yenə də həqiqi tərəqqinin müzəffəriyyətini bildirməyə başlayır. Doğrudur, bu şəhərdə hələ çox adam vardır ki, tərəqqini başqa bir rəngdə anlayır və bir çoxları da vardır ki, tərəqqinin nə olduğunu heç də anlamırlar. Bir çoxları da vardır ki, əhalinin tərəqqi etməsindən zərər və ziyanlarına düşdüklərini anlayıb ap-aşkara düşməni-tərəqqi olublar.

Bir çoxları da vardır ki, anlamadıqlarından tərəqqiyə düşməndirlər — ürfi bu böyük şəhərdə hər bir cür fikir sahibi vardır. Amma yenə də həqiqi tərəqqi tərəfdarları getdikcə çoxalmaqdadırlar. Və bunların da həqiqi həyat və məişət haqqında qəbul etdikləri əqidə o qədər böyüyüb, o qədər tanınıbdır ki, onları hər vəch ilə olur-olsun bu əqidədən daşındırmaq mahaldır. Bərəkət olsun ki, belə bir kamil əqidəni pozmaq və pozdurmaq xəyali-xamində olanlar da öz cəhalətləri ilə o qədər məşhurdurlar ki, daha bundan sonra onların sözləri heç kəsə təsir edə bilməz.

Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir kərə anlayıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir. Bəlkə həyat içində bir məmatdır. Doğrudan da minlərcə atalar, əvvəllərdə gələcəyi heç də nəzəri-etibarə almayıb, günlərini qəflətdə keçirdikləri bir zamanda birdən-birə öz qəflətlərini anlayıb evladlarına tərbiyə verirlər ki, onlar gələcək həyati-bəşəriyyəyə hazır olsunlar. Özləri kimi bir çox lazımlı şeylərdən məhrum olmasınlar. İndiki əsrdə sairləri kimi yaşamaq üçün hazırlanmış adamlar lazım olduğunu hər kəs düşünməyə başlayır.

Lakin çox təəssüf olsun ki, Bakıdan başqa, sair müsəlman şəhərlərində tərəqqi bulmaq yolunda heç bir fəaliyyət müşahidə olunmur. Bu şəhərlərin adamlarında tərəqqi fikri varsa da, haman fikir hələlik qüvvədən felə qoyulmur. Hətta əvvəllərdə, yəni bütün Rusiyanı xabi-qəflətdən oyadan zərbədən sonra bu yerlərdə də «ləbbeyk»2sədası eşidilməyə başlamışdısa da, indi o səs daha gəlmir.

Bu hesabdan kənd və kəsəklərimizə gəldikdə oralar haman yazıq gəlməli halda baqi qalmaqdadırlar. Kənd adamlarımız arasında heç bir oyaqlıq hiss olunmur. Zatən bu təəccüb deyildir. Onların öz özbaşlarına oyanmaqlarına və hələ bir çox vaxt istər. Digər tərəfdən onları oyadan da yoxdur. «Xoftəra xoftə key konəd bidar» (yatan yatanı oyada bilərmi), xoftə olmayanlarda da daha artıq həvəs qalmayıbdır.

   

 

 

Tərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır.

O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir.

Öz əhalisinin ağlı, insafı və sair hissiyyatı bizim ki kimi daim təzyiq altında deyildir. Kimsə kimsəyə təərrüz etməz. zirdəst və zəbərdəstlik əhvalatı ola bilməz. hər kəs, böyük olsun, kiçik olsun, bir miqdarda sərbəstdir. Bir şəxsin istifadə etdiyi hürriyyət digərlərinin dəxi payıdır. Və hər kəsə verilmiş olan belə bir hürriyyət bir əməl və ya bir hadisə ilə xələldar olduğu surətdə, bu iş istər əhalinin, istər hekumət əhlinin son dərəcədə nifrətinə səbəb olub, insanın rahatlığını pozan elə hadisələrin dəfi üçün hərə var qüvvəsi ilə çalışır. Bunun hamı ; sına səbəb odur ki, o yerlərdə hər kəs öz hüququnu və özkənin hüququnu tanıyıb, öz hüququnu müdafiəyə qadir olmağı ilə özkənin hüququna təcavüz etməyə qüdrətsizdir.

Əlbəttə, insanınkı da odur ki, mümkün dərəcədə sərbəst olub, heç bir təzyiq altında qalmasın, ta ki onun ağlı sərbəstanə iş görməklə, mənfəət yetirən kimi, insaf və vicdanı da sərbəst qalıb, fənalığı qəbul etməsin. Yoxsa insanın ağıl və insafı təzyiq altında iş körməyə məcbur olsa, eləinsanın ağlı çox az səmərələr verib, insaf və vicdanı da fənalığı qəbula məcbur olar.

Bu ün bizim və Ümumrusiyanın içində hər an vüqu bulan .fəna və murdar hərəkətlərin ümdə səbəbi hürriyyətsizlikdir.

Doğrudur, hürriyrtdən sui-istifadə edən və hürriyyəti, sərbəstliyi başqa bir rəngdə anlayan adamlar çoxdur. Və ola bilsin ki, o adamlara hürriyyətnamə verilsə, onlardan daha fəna, daha dar hərəkətlər baş verər. Buna heç bir sözümüz yoxdur. Lakin burasını nəzər-diqqətə almalıdır ki, elə adamların da cahilə məsələ olub da, hürriyyəti anlamadıqlarına səbəb, yenə hürriyyətsizlikdir. Nə üçün? Çünki, hərgah bir yüz əlli il bundan əqdəm hamıya hürriyyət verilsəydi, o halda bu gün hürriyyət kimi böyük nemətin qədrini bilməyən adam qalmazdı... Yəni o vaxt verilmiş olan hürriyyət sayəsində hər kəs sərbəstanə öz tərəqqisi üçün çalışıb mədəniyyət kəsb etmiş olurdu. Cəhalət də ortalıqdan rəf edilərdi. İnsanın cəhaləti elmsizlikdəndir. Elm kəsb etmək üçün də insana yol verilməlidir, mane olmamalıdır.

Laəqəl hürriyyətnamədən məhrum edilmiş bir camaatın əhvalına yazığı kələn başçılar, elə etməlidirlər ki, heç olmasa camaat öz məişət və güzəranını yüngüllətmək üçün rahat və arxayın yaşaya bilsin, yəni heç kəsin istirahəti pozulmasın, qorunsun. Halbuki hürriyyətdən məhrum qalmış camaatların əksəriyyəti o böyük nemətdən məhrum olduğu kimi, hər bir müdafiə və məsuliyyətdən də məhrumdurlar. Onların asayişi və istirahətini mühafizə edəcək heç bir qüvvə olmur. Odur ki, o bədbəxt. camaatın da ömr və məişəti onlar üçün bir əzabi-əlim olur. Onların içində zirdəst və zəbərdəst əmələ gəlir, qüvvətli zəifi basır, zəif də fürsət məqamında qüvvətlidən intiqam almağa başlayır. İnsanlıq itir, insanın ömrü heç bir zada sayılmır. Heç kəs öz malından, canından, övladından əmin olmur. Təəccüb deyildir ki, belə bir şərait içində keçən məişət insanın ağlını da, insafını da, pozub heç bir yaxşılığa qoymur və hər bir insanın fitrətində qoyulmuş istedad və qabiliyyəti—xariqüladəsi itib batır, bir şeyə lazım olmur. Ona görədir ki, hürriyyətnamə içində yaşayan yevropalılarda bir gün olmur ki, insaniyyətə xidmət edəcək və insanın məişətini asanlaşdıracaq bir ixtira əmələ gəlməsin. Halbuki hürriyyətdən məhrum olan camaatdan heç bir yaxşı şey çıxmır ki, onun insaniyyətə bir mənfəəti olsun.

Xüsusi məişətə gəldikdə hürriyyətnamə üzrə yaşamaqla mərifət qazanmış olan camaatın və həm də eləcə mərifətli olan hökumətin nəzarəti əhalinin istirahətini, rahatican və malını hər bir təərrüz və təcavüzdən məsun qılır. Orada polis əhlinin vəzifəsi oğrunu, əyrini kənarda qoyub xalqın əqidəsini, fikir və məsləkini sınamaq deyildir. Bəlkə müxtəlif əqidə sahiblərinin əqidə və məsləkinə, mal və canına təərrüz qılmaq fikrində ola, ədəbsizləri görüb toqif və bərkənar etməkdir.

Hürriyyət nemətindən məhrum qalmış ölkələrdə isə bu əhvalat tərsinədir. Əhali mədəniyyətsiz və mərifətsiz olduğuna görə insanlığın və insan kimi yaşamağın yolundan çıxıb axşam sağ və salamat qayıdacağını bilmədiyi kimi, qayıdıb ev-eşiyini öz yerində görəcəyini də bilmir. Çünki bu yerlərdə hər kəs, hər yerdə və hər bir an hər bir cürə vəhşiyanə tərizlərə düçar ola bilər.

Söz, hərəkət, gediş, gəliş, pul, dövlət, büxl-həsəd, din, əqidə, aclıq və bu kimi səbəblər ucundan hər kəsin canı fənaya gedə bilər. Və belə fənalıqların vüquini dəf etməyə də heç bir tədbir görən olmur. Odur ki, bu yerlərdə də hər nə pis və murdar əməl varsa, hamısı baş verməyə başlayır.

 


1. «Halımıza dair» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1909-cu il 29 dekabr tarixli 4-cü nömrəsinin 2—3-cü səhifələrində imzasız dərc edilmişdir. Lakin məqalənin sərlövhəsi (bu sərlövhə dəfələrlə təkrar olunaraq Üzeyir Hacıbəyov üçün səciyyəvi olmuşdur), məzmunu və dili onun müəllifinin Üzeyir Hacıbəyov olduğunu aydın göstərir.
2. «Ləbbeyk» sədası — burada ürəkdən çıxan səmimi səs deməkdir.
3. «Əhvalımızdan» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1909-cu il 30 dekabr tarixli 5-ci nömrəsinin 2-ci səhifəsində «Qaf» təxəllüsü ilə çap edilmişdir. Məqalənin Üzeyir Hacıbəyov tərəfindən yazılmış olduğu şübhəsizdir. Məqalə cüzi ixtisar edilmişdir.


 

 
   © Musigi Dunyasi, 2005