Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

«Parlamentarizm» usulunu Rusiyada işlətmək, görünür ki, çox çətin imiş. Birinci dumanın tez bir zamanda dağılması və bu ikiıcinin də bu yaxınlarda, şübhəsiz dağılacağı və dumanın varlığında, yoxluğunda Rusiyada şiddətlə davam edən ayrı-ayrı və külliyyətli ixtişaşlar və şurişlər və rus hürriyyətpərvərlərinin minlərcə partiyalara bölünməsi və nəhayət «rus milləti ittifaqı» adamlarının bu axırlarda kəsbi-qüvvət edib, Rusiya azadlıq hərəkətinə böyük bir sədd təşkil etməsi belə bir fikir təlqin edir ki, Rusiyada dövləti, sair dövlətlər kimi, parlamentarizm üsuluna, guya, qabil deyilmiş. Bütün hadisələrin hamısı bu silsiləyi-biintiha kimi görünür. Heç ağlına gəlmir ki, bu qatillərin, qarətlərin, hücumların, vuruşma və toqquşmaların bir axırı olsun və Rusiyanın məşrutiyyəti-tamə əsası üzrə kəmali-sükunət və fəraqətlə mədəni bir ömr sü-rəcək zəmani elə bəid və uzaq görünür ki, onun hüsul və vüsuli haman xəyali-xamə bənzəyir...

Rusiyadan artıq istibdad və üsuli-keyfi-mayəşayə uğramış olan İranda parlamentarizm üsuli nə qədər qeyri-mükəmməldirsə də, yenə də əlan isbati-vücud etməklə bərabər, böyük bir ümmid dəxi təlqin edir ki, bu gün sabah İran mükəmməl və müntəzəm bir hökuməti-məşrutə olub da Asiyada Yaponiyanı tək qoymayacaqdır. Barı heç olmasa İranda hökumətin də, məclisin də əməl və rəftarından sızılan və hiss edilən budur ki, bunların məqsədləri doğrudan da məmləkəti əhya etmək və diriltməyə tuşdur.

Rusiyada isə belə deyil. Burada sezilən və hiss edilən bəlkə budur ki, Rusiya hökuməti dumanı çağırdıqda onunla mübahisə və mücadiləyə qalxıb, məmləkəti idarə etməyə qadir olmadığını isbata çalışmağı məram ittixaz edən kimi, duma da «əksəriyyətlə» hökumət ilə mübarizə və müharibəyə girişib, bütün ixtiyaratı onun əlindən almaq fikri ilə yığılıbmış. Bu arada dəxi dumanın qanunsuzlığ və hökumətin də içraat vəzifələri yaddan çıxıb unudulmuş kimi görünür...

Duma yığıldıqdan bir qədər sonra onun tezlikdə qovulacağı barəsində, təbiidir ki, müxtəlif xəbərlər əşar olunurdu. Lakin bir qədərdən sonra hökumət dumaya dair zahirdə xeyirxahanə bir münasibət göstərib də bu xəbərlərə bir etibar qoymadı. Bəd dumanın 17 mayda taza saldat yığmaq xüsusunda olan gizli məclisində «Zurabov hadisəsi» adlı duma üçün qorxulu bir hadisə vaqe olub, qovulmaq xəbərini müəkkəd surətdə meydana çıxartdı. Lakin burada dəxi duma sədri Qolovinin bu hadisə münasibətilə ittixaz etdiyi politika hökumətə xoş gəlib, dumanın «təqsiri əfv olundu» Qolovinin padşah həzrətləri tərəfindən hüsni-qəbulu hər kəsi bu barədə arxayın etdi. Amma yenə də bu günlərdə qara xəbərlər çıxmışdı ki, duma bu günlərdə qovulacaqdır. Buna da səbəb «aqrarnıi» yer və torpaq məsələsi ilə əfvi-ümumi (aminisiya) məsələsini görürdülər. Lakin Rusiya işlərinə ruslardan artıq bələdiyyət kəsb etmiş əcnəbilərin qəzetələri xəbərlərindən məlum oldu ki, Stolıpinin fikri dumanı saxlamaqdır. Amma bu günlərdə alınmış teleqraflara baxılarsa, daha şəksizdir ki, duma ilə hökumət arasında böyük bir ixtilaf vaqe olub da nəticəsində duma qovulacaqdır.

İş buradadır ki, hökumət indiyə qədər razı ola bilməyibdir ki, məclisi-məbusan üzvləri, yəni bütün məmləkətin qanunsazları sair biz kimi «günahkar»lardan seçilmək üçün barı, heç olmazsa, polis təərrüz və təcavüzündən məsun və amanda olmalıdırlar. Odur ki, hekumət pasxa bayramında evlərinə qayıtmış olan duma üzvlərindən bir neçəsini həbs etdirməkdə heç bir şeydən çəkinmədiyi kimi, dumanın sosial-demokrat fraksiyası əzalarından Ozulun mənzilini də Peterburqda bir çox laübalilik ilə axtart-dırır, özü söylədiyi üzrə bir çox qeyri-məzur kağızlar və indiki idareyi-məmləkət üçün təhlügəli olan bir çox planlar və müsəlləh bir üsyan və qiyam qaldırmaq üçün bir xeyli yazılar, filanlar tapıbdır. İndi o zamandan bəridir ki, hökumət dumanın sosial-demokrat fraksiyasına əyri göz ilə baxıb, onların əzalarını məxfi surətdə təhti-nəza-rətdən buraxmayıb, təqib edirdi. Bugünki teleqramlardan kamali-təəccüblə anlaşıldığına görə, hökumət dumadan tələb edir ki, bilatəxir dumanın bütün sosial-demokrat fraksiyası kənar olunub məçlislərdə hazır olmağa ixtiyarları olmasın. Və bundan savayı onların 14 nəfəri də straja təhti-nəzarətinə alınsın.

Dumanın sosial-demokrat fraksiyasında 50-dən artıq üzvlər vardır. Bir bu qədər üzvlərin duma məclislərindən kənar edilməsi tələbi dumaya nə günə sui təsir edəcəyini indidən anlamaq olar. Biz, bu zənnidəyik ki, əgər hökumət bu tələbində israr edəcəksə, duma ilə hökumət arasında böyük bir ixtilaf vaqe olub, nəticəsində də duma dağılacaqdır və dumanı guya, mühafizət etməyə qeyrət edən kimi görünən Stolıpinin politikası aşkar meydana qoyulacaqdır.

 
   


ORDAN-BURDAN

 

Rəfiqimdən məktub2

Əzizim Filankəs, bu günlərdə mənim başıma məzəli biriş gəldi ki, xəlvətcə sənə nəql edəcəyəm.

Sən özün bilirsən ki, mən həmişə və hər yerdə və hər bir vəxt səhərdən axşama kimi və axşamdan səhərə kimi «millət-millət» deməkdən az qalmışdı ki, dilimdə bir «millət» bitsin. Nə başını ağrıdım daha (üzüm ayağıvun altında) arvad-uşağı da təngə gətirmişdim və nökər-nayıbı da bezar eləmişdim və bazar adamı da məni yaxşı tanıyır, çünki daha bizim ölkədə bir adam tapmazsan ki, mən ona deməmiş olam ki: ay millət batdı, millətin dərdi məni öldürdü, millətin yolunda can qurban etmək lazımdır. Qə-rəz, iş o məqamə gəlmişdi ki,—ayıb olmasın—arvad mənə ağıl duvası yazdırmalı olmuşdu.

Günlərin bir günü yatmışdım, yuxumda gördüm ki, fərzən, böyük bir meydana gəlib çıxmışam, bir də gördüm, bu meydanda o qədər adam var ki, daha heç başa gələn deyil, hürkütməsən saymaq olmaz. Birisindən soruşdum ki, qadam, bura haradır? Dedi: Əmi, bura «millət meydanı»dır və hər millətin qəhrəmanları bura yığılıbdır ki, düşmən ilə davam edib, millət yolunda can qurban etsinlər.

Mən bu sözü eşidən kimi sap-sarı saraldım və birdən fikrimə gəldi ki, dur qaç, amma gördüm ki, ayaqlarım tutulub və heç yerimdən tərpənə bilmirəm. Öz-özümə dedim ki, adə bu nə gələk idi mən düşdüm. Sonra dedim qoy görək nə olacaq.

Bir qədərdən sonra gördüm ki, özgə millətlərin qəhrə-manları bir-bir mənim yanımdan keçib və mənə də kəmali-həqarət ilə bir nəzər atıb, dava meydanına tərəf gedirdilər və orada nə olurdu, nə olmurdusa, onu görmürdüm. Ancaq eşidirdim ki, «bravo, bravo» səsindən qulaq tutulurdu və əl çalmaq sədası asimanə bülənd olurdu....

Bir qədər keçdi, gördüm, bir səda gəldi ki, ay camaat, bəs musəlmanlardan da millət yolunda can qurban edə bilən bir adam yoxdurmu? Mən o saat istədim bərkdən çığırıb deyəm ki, xeyr, yoxdur və ola da bilməz, amma allah lənət eləsin bizim Kərbəlayi Qurquşuma, o yandan əlini mənə tərəf uzadıb dedik ki, var, budur burda oturubdur. Mən əl elədim ki, adə bəsdir, evin yıxılsın, səsini kəs—olmadı, bir də gördüm ki, məni sürüyüb meydana çəkirlər. Sənin canın üçün cənab Filankəs, qorxumdan elə çığırdım ki, bir də gördüm—ayıb olmasın—arvad uşağı oyatmışam.

İndi düz o gündən bəridir ki, mən özümə söz vermişəm ki, bir də müftə yerə «millət belə gəldi, millət belə getdi, millət yolunda can qurban etmək lazımdır» kimi sözlər bir də min il qala ağzıma almıyam. Çünki qorxuram ki, birdən yuxum gerçək ola! Nə deyirsən?

İdarədən: Nə deyəcəyəm, bir yaxşı işdir ki, eləmisən. Doğrudan, hərgah bizim bu cürə millət-millət deyib, danışanlar öz sözlərinə əməl eləsəydilər, onda müsəlman milləti bir verst irəli getmişdi. Amma heyf ki, bizim sözümüz ilə əməlimizin arasında asimanü zəmin təfavüt var. Odur ki, millətimiz də tərpəndikcə geri sürüşür.

 


1. «Məclisi-məbusanimizdə nə olur» sərlövhəli məqalə «İrşad» qəzetinin 1907-ci il 3 iyun 103-cü nömrəsinin 2-ci səhifəsində «Üzeyir» imzası ilə dərc olunmuşdur. İkinci Dövlət dumasının qovulduğu ərəfədə bu cür məqalənin yazılması müəllifin ölkənin vəziyyətindən yaxşı xəbərdar olduğunu sübut edir.
2.Rəfiqimdən məktub» sərlövhəli yazı «İrşad» qəzetinin 1907-ci il 8 iyun tarixli 107-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.


 
   © Musigi Dunyasi, 2005