|
Yaradıcılığı
|
Qazan qəzetələri bu məzmunda
şey yazırlar:
«Bəzi mollalar və axundlar istəyirlər ki,
baş vəzir Stolıpinə teleqram göndərib
desinlər ki, mən ölüm bizdən incimə,
çünki sənin çanın üçün,
bizim nə müsəlman itti-faqı ilə və
nə də müsəlman fraksiyası ilə heç
bir işimiz yoxdur. Ancaq allah şeytana lənət
eləsin ki, bizi sənin yanında üzü qara
etmək istəyirmişlər».
Burada istəyirəm ki, bir-iki söz deyəm, amma
yox, qoy, əvvəl bunu yazım:
«Bürhani-tərəqqi» qəzetəsində bir
belə şey oxudum:
«Həştərxanın
yanında olan Fonton kəndində bir nəfər
molla camaatı başına yığıb, həmişə
deyirdi ki, ay camaat, məndən sizə əmanət,
həmişə bacarın, sədəqə verin,
sədəqə verin, bir də sədəqə
verin. Bir dəfə camaat yığılıb,
sədəqə üçün hər evdən
bir manat yığdılar və həman mollanın
yanına da gedib, dedilər ki, di buyur, özün
də bir manat sədəqə pulu çıxart.
Ravi belə rəvayət eləyir ki, mollanın
bu sözlərə bərk acığı tutub
dedi ki, rəhmətlik uşağı, siz nə
axmaq tayfasınız, mən özüm elə hazır
burda sədəqə yığıram, siz gəlib,
məndən də sədəqə pulu istəyirsiniz,
utanmırsınız? Heç ayıb deyil? Bu saat
yığdığınız pulu bura verin, yoxsa
bilirsiniz sizin başınıza nə oyun aça-ram?
Ravi deyir camaat mətəl qaldı».
Burada istəyirəm ki, bir-iki söz deyəm, amma
yox, qoy əvvəl bir bunu da yazım.
«Ülfət» qəzetəsinin 70-ci nömrəsində
bir belə şey oxudum.
«Bir dəfə atamız azarladı. Gedib molla Abdullanı
çağırdıq gəlmədi. Bir də çağırdıq
gəlmədi. Bir də çağırdıq —
gəlmədi. Axırda atamız onu gözləməyib,
durdu çıxdı getdi axirətə. Gedib Molla
Abdullanı bir də çağırdıq, bu dəfə
gəldi və gələn kimi dedi atanız mənə
nə viyyət elədi? Dedik, bir at və bir inək.
Başınıza dönüm, bu molla bir fısqırıq
çıxartdı ki, gəl tamaşa elə. Əşi,
dedi mən uşağam ki, mənə bir at, bircə
də inək bağışlayırsınız?
Bu saat mənə iki at, iki inək və bir az da
pul verməsəniz atanızı dəfn eləməyəcəyəm.
Şəriətcə üç gün meyiti saxlamağa
mollanın ixtiyarı var. İndi öz keyfinizə
baxın! Başladıq yalvarmağa ki, ay molla, axı
belə eləmə, kişinin meyiti yerdə qalıb,
əvvəl bir onu dəfn elə, sonra istərsən
gəl, bizi lap soy! Dedi: Siz öləsiniz olmaz. Dediyim
şeyləri yanıma yığmasanız, atanızın
meyiti ortalıqda qalacaqdır. Özünüz bilin...
Axırdan-axıra qonum-qonşu gəlib yalvarır,
mollanı bir təhər könülə gətirdib
və maldan, puldan arxayın eləyib, rəhmətlik
kişini dəfn elədik.
Burada istəyirəm ki, bir neçə söz deyəm...»
(Rəhmətliyin oğlu, nə var ki, nə
deyəsən?)
ORDAN-BURDAN
«Allahın altında bu dumanı
qovaydım, ondan sonra daha heç duma qurmayaydım.
Görəydim camaat nə qayıracaq.
Əgər bilməsələr, onda keyf mənim
olar. Duma da Osmanlı «Məclisi-məbusan»ına
dönüb qalar ay batandan sonraya. Yox camaat yenə
oyan-buyan eləsə, yenə taza duma quraram. Ancaq
bu səfər elə gələklər gələrəm
ki, dumanın üzvləri hamısı olar keşiş,
molla, ravin, mahrasa və bu cürə adamlar.
Sonra günlərin bir günü onlara deyərəm
ki, bax, lotular, bilirsiz nə var? Siz hamınız
ruhanilərdənsiniz, ruhanilərin də borcudur
ki, həmişə sağ olub, hökumətə
«əl mənim, ətək sənin» desinlər.
Ona görə, hər kəs sizdən sol olsa, vurub
çıxardaçağam bayıra. Əlbəttə,
ruhani üzvləri heç biri özünü gələyə
salıb, sol olmayacaqdır. Bir də baxıb görəcəyəm
ki, dumanın hamısı olub sağ. Elə olan
surətdə, daha nə var?
Mən deyəçəyəm belə olsun. Duma da
deyəcək belə olsun. Daha durub indiki kimi fısqırıq
qoparmayacaqlar ki, dediyim sözlərə də pəşiman
olum»
Müsəlmanların mehmannəvaz adamları da
çoxdur.
Yəni müsəlmanlar içində çox qonaqsevən
və qəribi dost tutan adamlar var. Əgər bir
kişi gəlib bunların birisinin evində qonaq
ola, səhər yerdən duranda görər ki, cibi
sağ və səlamətdir və bir qəpiyi
də oğurlanmayıbdır. Və yainki bir qərib
gəlib birisinin qonşusu ola—heç vaxt onun evini
daşa basmazlar və heç vaxt onun evini yarmazlar.
Müsəlmanlar içində xain, taməkar adam
yoxdur. Yəni müsəlmanlar bir-birinə o qədər
mehribandırlar ki, heç vaxt bir-birinin xainliyini çəkməzlər
və istərlər ki, öz-lərinə nəf
olan kimi özgələrə də olsun. Məsələn,
əgər bir müsəlman dükançısı
görə ki, bir ayrısı da gəlib onun yanında
dükan açıbdır—heç vaxt ona kağız
yazdırıb deməz ki, əgər burdan təşrif
aparmasan dükanını dağıtdıracağam
və özünü də öldürəcəyəm.
Qərəz, camaatımız içində «gözəl»
sifətli adam çoxdur. Ancaq mən burada hamısını
demək istəmirəm. Çünki öz-özümüzü
tərifləmək bir az yaxşı deyil.
Bizə belə xəbər gəlibdir ki, bu saat
İranın çəmi adamları üç böyük
partiya olubdurlar.
Bu partiyalardan biri deyir ki, gərək İran «məşrutə»
olsun.
O biri partiya deyir ki, xeyr, İran «məşrutə»
olsun.
Üçüncü partiya deyir ki, yox, gərək
İran «məşrutə» olsun.
Hökumət də qalıb əli qoynunda. Bilmir
ki, bunların hansına qulaq versin. Ancaq Avropa padşahlıqları
ona məsləhət görürlər ki, görsün
bu üçüncü partiya ilə əlbir ola
bilərmi?
Bu saat Firəngistanın aşağı tərəfində
bir «vur çatlasın»dır ki, gəl tamaşa
elə. Buna da səbəb odur ki, Firəngistanın
haman yerlərində xalqın dolanacağı çaxır
qayırıb satmaqladır. Amma di gəl ki, bu il
orada çaxır boldur, amma alan yoxdur. Ona görə
xalq da güzərandan düşüb hökuməti
qısnayıblar ki, ya bu saat bizə çörək
ver, ya da çaxırımızı sat.
İndi Firəngistan hökumətinin çəmi
ümidi ondadır ki, bəlkə İran «məşrutədən»
dönüb «məşrubə» ola və Firəngistanda
satılmayan çaxır boçkalarını oradan
yumalıyalar düz İrana.
1. Ruhaniləri tənqid edən bu felyeton «İrşad»
qəzetinin 1907-ci il 27 may tarixli 98-ci nömrəsinin
4-cü səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc olunmuşdur.
2.«Stolıpin xəyalı» adlı yazı «İrşad»
qəzetinin 1907-ci il 30 may tarixli 100-cü nömrəsinin
4-cü səhifəsində «Bu xəyalı duyan
Filankəs» imzası ilə çap olunmuşdur.
Duyğunun dürüst olduğu maraqlıdır.
Məlum olduğu kimi, Stolıpin xəyalı
iyunun 3-də (yəni bu yazıdan üç gün
sonra) həqiqətə çevrildi: hökumət
ikinci dumanı qovdu, sosial-demokrat fraksiyasına
daxil olan deputatları həbsə aldı və
seçkilər haqqında yeni qanun verdi. Keşiş,
molla, ravin, mahrasa—ruhani xidmətcilərdilər.
3. «Bizə dair», «İrana dair», «Firəngistana dair»
yazılar «İrşad» qəzetinin 1907-ci il 1 iyun
tarixli 102-ci nömrəsinin 4-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
olunmuşdur. Burada cüzi ixtisarla verilir.
|
|
|