Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

Sədini tənqid1

Adam oturub, Sədinin Gölüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-özbaşına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki:

 

Əgər ba pedər çənk cuyəd kəsi,
Pedər ra yəqin xəşm girəd bəsi.

Yəni hər kəs atasilə dava eləmək istəsə, yəqin ki, atasının bərk acığı tutar. Halbuki bizdə qayda belədir ki, hər kəs atasilə dava eləmək istəsə, əvvəla, o saat onu vurub öldürər və acığı tutmağa, dəm maçal verməz, ya da ki, atası istəsə bir adamı tutub tapşırar ki, vurub oğlunu öldürsün. Yenə Sədi Gülüstanın bir yerində deyir ki:

 

Ey ki, pəncah rəft dərxabi
Məgər in pənc ruz dəryabi.

Yəni ey o adam ki, əlli yaşına yetib, hələ yuxudasan, məgər bu beş günü bir də taparsan?

Ay Sədi! Bizim müsəlmanlar, budur, neçə yüz ildir ki, xabi-qəflətdə yatıb, cəmi aləm veçlərinə deyil, amma sən durub əllicə yaşında bir kişini məzəmmət eləyirsən. Heç bu rəvadır?

Yenə Sədi bir yerdə belə deyir:

 

Ey tohidəst rəfte dər bazar,
Tərsəmət por nəyavəri dəstar!

yəni ey adam ki, əli boş bazara gedirsən, qorxuram ki, dəsmalını dolu gətirməyəsən!

Nahaq yerə qorxursan, cənab Sədi.. Bizim kəndin pristavları, strajnikləri heç vaxt olmaz ki, bazara əli dolu getsinlər, amma bainhəmə qayıdan zaman hamısının dəsmalı da hələ deyəsən, xurcunu da dolu olur, hələ, desən, yanlarında bir cüt quzu da gətirirlər.

Yenə Sədi bir yerdə deyir ki:

 

Əbrü badü məhü xurşidü, fələk dərkərənd.
Ta, tonani bekəf ariyo bəğəflət nəxori.

Yəni bulud, yel, ay, gün və fələk iş görürlər ki, sən bir parça çörək qazanıb, amma xəlvətçə yeməyəsən.

Sözün doğrusu, Sədi burada özünü lap xarab eləyibdir. Budur götürək, məsələn, Gəncə quberniyasını: yel əsib, buludları yığıb, dolu yağıb taxılı, bilmərrə kor eləyibdir. Ay doğmayıb, gecə qaranlıq olub, oğruların bazarı açılıbdır, istilər düşüb, gün qızışıb, taxıl ələfi yandırmaqdadır, fələk də ki, özünüz bilirsiniz, erməni-müsəlman davası salıb, Gəncə quberniyasına bir oyun tutdu ki, lap get Zəngəzura tamaşa elə. İndi yazıq kişi çörəyi hardan alsın ki, hələ onu da xəlvət yeməsin, halbuki acığa çıxartsa qonşusu tutub əlindən qarpacaqdır.

Yenə Sədi bir yerdə bu cürə deyir:

 

Beçe kar ayədət zekol təbəqi,
Əz Golistane-mən bebər vərəqi!

Bunu Sədi Bakının gül satanlarına deyir ki, yəni nə eləyirsən bir tabaq gül aparırsan, gəl mənim Gülistan kitabımdan bir vərəq çır apar.

Bəli, qaradavoy da yolda tutub desin ki, bəs praklamasiya paylayırsan!

Bəli, yenə Sədi bir yerdə deyir ki:

 

Məkon təkyə bər molke-dünya vu poşt,
Ke, bisyar kəs çün to pərvərd koşt.

Yəni nahaq yerə dalını dünya malına söykəmə, çünki çox adamları sənin kimi bəslədi və öldürdü. Mən buna razı deyiləm. Deginən nə üçün?

Əşi, ondan ötrü ki, əvvəla, ölüm elə bir şeydir ki, kasıba və dövlətliyə baxmaz, onun bura dəxli yoxdur. O ki, qaldı dünya malına dal söykəməyə,—xub, Sədi bir mənə desin görüm, dünya malına dal söykəməsən gedib naçalnikə əl verə bilərsən? Ya keyfinə görə iş görə bilərsən? Ya camaat işində «böyük» ola bilərsən? Ya yanında bir sürü qoçu saxlaya bilərsən? Ya bazara çıxıb adamların atasının goruna söyə bilərsən? Vallah, bilməzsən!

Əlqissə, yenə Sədi kitabının bir yerində deyir ki:

 

Anki, ba pulad bazu pənce kərd,
Saede-simini-xodra rənce kərd,

Yəni hər kəs polad qollu bir adamnan güləşib, qurşaq tutsa, öz gümüş biləyini sındırar.

Sədi bu şeri lap nahaq yerə yazıbdır. Çünki bu saat nə polad qollu adam taparsan, nə də gümüş biləkli oğlan.

Bu dünyada o cürə pəhləvanlığı tək bir «sirklərdə» eləyərlər ki, camaat baxıb, bir az keyfi açılsın. O ki, qaldı küçədə, bazarda dalaşmaq istəsən, qabağında polad qollu pəhləvan olmasın, lap Musa peyğəmbərlə dalaşan «Ucubunuq» olsun, piştonu çıxardıb elə bir patron qaxarsan ki, beyni burnundan gələr.

Özün də arxayın ol, öldürdüyün adam müsəlman olsa, kim sənə bir söz deyə bilər?

Yenə Sədi bir yerdə istəyir filosofluq eləsin. Amma düz gəlmir. Məsələn: deyir ki,

 

Dəh dərviş dər kelimi bexosbənd
Do padşah dər eqlimi nəkon cənd

Yəni 10 nəfər kasıb adam bir palaza bürünüb yatarlar, amma iki nəfər padşah bir məmləkətə sığmazlar.

Canın üçün, bu belə deyildir ki, belə də olsun. Əvvəla 10 nəfər adamı bir palaz bürüməz, bürüsə də gərək palaz çox yekə olsun. Yekə olsa da onu o saat oğurlayıb yaxşı qiymətə satarlar. İkinciyə qalan yerda, necə ola bilər ki, bir məmləkətə iki padşah sığışmasın. halbuki tək bircə Osmanlı məmləkətində dörd-beş dənə padşah var. hələ, desən, bir ikisi də ora özünü soxmaq istəyir.

Yox, sözün açığı, Sədi bir o qədər də sən deyən «əql» sahibi deyilmiş, nahaq yerə bir belə onu tərifləyirlər.

Amma Hafiz — hə, bax, buna heç bir sözüm yoxdur. Bu kişi Sədiyə görə yenə çox babətdir. Məsələn, deyir ki;

 

Berov bə kare-xod ey vaiz, in çe fəryadəst,
Məra ftade del ədkəf, tora çe aftadəst.

Yəni deyir ki, əşi, çıx get işinin dalınça, ay vaiz, xalq nə haydadır, sən nə haydasan.

Doğru da deyir kişi, çanım da! Axı nə vəz və nə nəsihətbazlıqdır. Mən bilmirəm ki, biri qalxır, ay ittihad edin. 0 biri çığırır ki, ittifaq qayırın, ay millət geridə qalıb, çəhalət bizi basdı. Xabi-qəflət evimizi yıxdı, filan filan oldu, bəhman oldu. Əşi, dadaş, bəsdir də! Qoymazsınız ki, xalq öz iş gücünə məşğul olsun? Siz özünüz bekarsınız deyibən, xalqı da işdən avara eləmək istəyirsiniz. Ayıb deyil?....

Amma lap can yatan sözləri Hafiz, bax, bu şerində deyib:

 

Şərabi, eyşi-nehan çist, kare-bibonyad
Zədim, bər səfe-rendan hər ançe bada bad.

Yəni deyir ki, bax şərab, eyş, filan, bunlar—hamısı mayasız bir işdir, vurduq özümüzü lotular cərgəsinə, hərçi bada bad!

Deyirəm kör neçə, Hafiz bizim işlərimizə bələd imiş, vallah.

Doğrudan da ki, bizim bu dünyanın işi lotuluqdur və lotuluqdur və bir də üstündən lotuluqdur.

Hər kəs ki, bu dünyada lotudur, onun keyfi kökdür, çünki lotuya nə var, arı yeyib, namusu bağlayacaq belinə, Ondan sonra hər nə qayırsa, hamısını lotuluğuna salıb çıxıb gedəcəkdir işinə.

Bax, bu dünyada hər nə çətin iş olsa, hamısını lotuluq ilə düzəltmək olar. Deyək məsələn, indi bu gün sən özünə millətpərəst deməsən çörək pulun çıxmayaçaqdır. Nə zərəri var, lotuluğa sal, deyinən ki, millətpərəstəm! Sonra indi iş elə düşər ki, gərək labüd sosialist olasan. Nə zərəri var, lotuluğa sal, deyinən ki, sosialistəm, sonra lazım olar ki, deyəsən panislamistəm. Nə zərəri var, lotuluğa sal, deyinən ki, panislamistəm. Sonra məsələn, işdir, adamdır, birdən elə bir yerə düşərsən ki, gərək «əsil ruslara» quy-ruq buluyub, tərəfdar çıxasan və zərəri var, lotuluğa sal, deyinən ki, Sizə canım qurban. Hərgah bir adam sənə irad tutub, deyə ki, niyə belə sifətdən-sifətə düşürsən, onda da yenə lotuluğa salıb deyinən ki, mən ölüm üstünü varma!
   

 

İANƏ TƏQSİMİ2

Dumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc; tərzində verilməyib, Qafqaz zərərdidələrinə bil-külliyə bağışlanacaqdır.

İndi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz1 erməni-müsəlman zərərdidələri arasında neçə təqsim etmək lazım gəlir?

Statistikasız da çümləyə məlumdur ki, Qafqazda müsəlman zərərdidələrinin ədədi erməni zərərdidələrinkindən artıq olduğu kimi, müsəlmanlara dəyən zərərin miqdarı da erməni zərər və xəsarətindən də çoxdur.

Buna binaən, xəzinədən buraxılmış olan haman bir milyon 200 min manatı Qafqaz müsəlman və erməni zərərdidələri arasında yarı bölmək insaf və ədalətdən kənar olan kimi, (yurudika) hüquq cəhətinçə də düz ola bilməz. Söz yoxdur ki, bu pulu zərərdidələr arasında elə təqsim etmək lazımdır ki, hər bir zərərdidə və xəsarətzədə bir-birilərinə nisbətən kifayət qədərincə pul almış olsunlar və illa bir tərəfdən 10 nəfər zərərdidə ilə digər tərəfdən 5 nəfər zərərdidələr və yaxud min manatlıq zərərə uğramış ilə 100 manat qədərində zərər çəkənə bir gözlə baxmaq olmaz. Zərərdidələrin əvəzinə və zərərlərin miqdarına görə də pul təqsim etmək lazımdır.

Lakin iş buradadır ki, ermənilərin hər bir cürə cəmiyyət və orqanizasiyaları olduğuna görə bunlar öz erməni zərərdidələrinin qeydinə qalıb, əlbəttə, hər bir qəpiyədək zərərləri müsbət surətdə ortaya çıxardıb, əvəz pulunu da tələb edəcəklər. Amma bədbəxt müsəlman zərərdidələri heç bir cəmiyyət və ya ittifaq filan sarıdan özlərinə bu barədə heç bir imdad gözləyə bilməzlər. Çünki bizlərdə elə orqanizasiya yoxdur və olmağına da hökumət xeyr, müsəlmanlar özləri razı olmurlar. Çünki bu cürə cəmiyyətlər, ittifaqlar mənfəəti-şəxsiyyəyə zərərdir.

Binaənəleyh zərərdidələrin ədədini və zərərlərin miqdarını təyin edib, bilmək işini vagüzar edəcəklər polis adamlarının boynuna. İş belə olan surətdə, vay əlsiz-ayaq-sız, kimsəsiz müsəlman zərərdidələrinin halına.

Hamıya məlumdur ki, biz müsəlmanların məişət və diriliyi—məhz bir cəmiyyət və orqanizasiyamız olmadığına görə—qayda və nizam üzrə getmir.

Xariçilərə və özgələrə nisbətən biz öz-özlüyümüzdə yazıq, biçarə, pərişan bir tayfayıq. Amma öz aramızda biz, biz müsəlmanlar, iki tərəf adamlardan ibarətik ki, bunun bir tərəfi güclü və digər tərəfi isə gücsüz və zəifdir. Bizim ömür və məişətimiz dəxi bundan ibarətdir ki, güçlü gücsüzə zor edib, onun hər bir hüquq və mənafeyinə əl uzadıb və zorlu olduğuna görə də zəifin hüquq və mənafeyinə malik olub, kefi kök dolandığı halda, hüquq və mənafeyi əlindən getmiş zəif də sudan məhrum olub, quruya atılmış balıq kimi, çan verib tələf olur.

Sair tayfaların həyat və məişəti bu ümdə şərtilə mürur edir ki, hər bir şəxsin hüquq və mənafeyi müqəddəsdir və bu şərti pozanları lazımlı bir cəzaya çatdırmaq üçün müntəzəm cəmiyyətlər və orqanizasiyalar mövcuddur. Amma bizdə o müqəddəs şərt olmayan kimi, o şərti yerinə yetirməyə bizi məcbur edən bir qüvvətimiz də yoxdur.

İştə, bu nöqteyi-nəzərdən bizim hər bir işlərimizə baxılsa məlum olar ki, bizim zərərdidə və xəsarətzədələrimiz arasında da güclü və gücsüzlər olduğuna görə pul təqsimi polisiyaya vagizar olunduğu halda, min çürə sui-istemala vaqe olub, kimsəsiz və dilsiz ağızsız zərərdidələrimizin ümidi puça çıxaçaqdır. Onlar öz zərərlərinin yüzdən bir əvəzini də ala bilməyəcəklər—desəm heç kəs məni məzəmmət eləməsin, sonra pəşiman olar.

İndi mən dediyim, iştə budur: Qafqaz zərərdidələrinin xəsarət və zərərlərini ödəyəcək qədər pul buraxılıbdır. Burası çox gözəl, çox yaxşı. Lakin bu pulu zərərdidələr arasında paylamaq işi bizi bir qədər əndişələrə salır.

Əlbəttə, əgər müsəlmanların öz zərərdidələrinin ədədini və zərərlərinin miqdarını müsbət surətdə meydana qoya biləcəklərinə və kifayət qədərincə də pul alıb, onu öz zərərdidələri arasında insaf və ədalətlə təqsim edəcəklərinə bir ümid işığı olsaydı, bizim də heç bir əndişəmiz olmazdı. Amma...

Lakin nə «amma» — bunların hamısı bizim öz şüurumuzdan, öz hərəkətimizdən asılı deyilmi?



1. «Sədini tənqid» sərlövhəli felyeton «İrşad»ın 1907-ci il 24 may tarixli 96-cı nömrəsinin, «Sədini tənqid, Hafizi tərif» isə 25 may tarixli 97-ci nömrəsinin 4-cü səhifələrində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
2. «İanə təqsimi» sərlövhəli məqalə «İrşad» qəzetinin 1907-ci il 27 may tarixli 98-ci nömrəsinin 1—2-ci səhifələrində «Üzeyir» imzası ilə dərc olunmuşdur.


 
   © Musigi Dunyasi, 2005