Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Bəzi rəfiqlərim, məndən çox artıq təvəqqe etdilər ki, yenə onlara dumanın məclislərindən ikinçi dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, görək dumada nə var, nə yox və bu işlərin axırınə tövr olacaqdır. Mən də razı oldum və qəzetələrdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danışan olubdur.

İndi dumanın bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah işdir mənə inanan olmazsa, «İrşadı»n bugünkü teleqraflarını oxuya bilərlər.

Dumanın 4 mayda olan məclisi.

Sədri-məclis—Oturun görək, işimizin axırı nə tövr olur. Vəzirlər bir-iki para kağız göndərib, ancaq o sonranın işidir. İndi qoy bir az Gersen danışsın, səs küy eləməyin, qulaq asaq.

H e r s e n (durub danışır) — Biz bura yığılmışıq ki, milləti irəli aparaq. Amma bu siz öləsiniz, öz canım üçün bizim bu millət bir az yazı-pozu qanmırsa, heç vaxt irəli getməz. Mənim sözüm budur.

Maarif vəziri — Allah atana rəhmət eləsin! Bax əsil söz budur ki, bu kişi dedi. Canım, vallah, billah, tallah bizim camaat başı ipsiz bir heyvandır. Ondan ötrü lazımdır nə?

İşkol, işkol, işkol və yenə işkol. Amma o cürə siz deyən işkol yox ha, ki, bu gün uşaq durub uçitelin üstünə tapança çəkə və uçitel də qorxusundan sarılıq azarına düşə. Bəlkə bu cür işkol ola ki, uçitel uşağın üstünə tapança çəkə və uşaq da qələt eləyib, bir də böyük üzünə ağ olmaya! (saq tərəf bərk əl çalır və «bravo» deyir).

Arxangelski — Mən onu-bunu bilmirəm, mini min söz desin, amma bizim işimiz işkolsuz tutmayacaqdır. Nə deyərsiniz, mən ölüm?

Hominski — Əgər bildiniz firənk qoşununu kim basdı? Nemeslərin uçitelləri. Ona görə bizə lazımdır nə? İşkol!

Krılov — Zarafat oyanda dursun, işkolsuz işimiz fırıqdır.

Mahmudov — Kişilər doğru deyir. Amma allahın altında bizim kənd uçitellərinin əhvalına bir baxsaydınız, o saat canınız yanardı. Kişilər, inandırıram sizi ki, bir də görürsən bir abbası tapmırlar ki, dəlləyə verib üzlərini qırxdırsınlar, amma siz fikr eləməyin ki, deyirəm ki, gərək onların donluğu artsın. Xeyr, təki qoysunlar ki, kişilər barı bir doyunça papaq yerə qoyub fikir eləsinlər!

Tiqranyan — Allah o günə bir daş salaydı ki, bizi gətirib bu urusun əlinə verdilər. Əşi, işkol açır ki, camaat oxusun, gətirib içinə ya bir qaradavoy qoyur, ya da ki, bir rus mahrasası.

Voznesenski — Mən özüm uçiteləm, bunu da sizə deyim ki ,bu çürə işkolda uşaqlar biclikdən başqa heç zad öyrənməzlər.

Pruşkeviç — Bu danışanın dili «ishal» azarına düşübdür.

Sədri-məclis — Axmaq-axmaq danışma!

Həsənov—Vaxtilə, urusiyətdə «ağa deyir sür dərəyə, sür dərəyə idi»...

Qlepovski — Bağışlayın, elə indi də urusiyətdə «ağa deyir sür dərəyə, sür dərəyədir». Çox fizulluq eləmə, sən küllən! Aşağı otur! (səs-küy düşüb, qalmaqal qopur və ağız deyəni qulaq eşitmir, Həsənov qorxusundan bilmir nə qayırsın və yazıq-yazıq deyir) Neynək, Sizə görə «sür dərəyə»dir. Amma bizə görə «sür təpəyə»dir. Daha mənə acığınız niyə tutur? (səs-küy lap bərkiyir, vur çatlasın düşür, Həsənov lap qorxub deyir ki) Yaxşı qoyun oturum aşağa. Neynək, dedim, deməmiş olum.

— Sədri-məclis — Kimdən qorxursan adə, heç oturub eləmə, de qurtar sözünü.

Pruşkeviç, Qlepovski və bir də S a z a n ov i ç — Di hünəri var danışsın görək!

Sədri-məclis — Ay camaat, istəyirəm Pruşkeviçi, Qlepovskini və Sazanoviçi qovalıyam bayra, nə deyirsiniz?

H a m ı b i r - y e r d ə — Ay, nə bir yaxşı iş elərsən! Sən öləsən böyük savab qazanarsan.

Sədri-məclis — Adə, Pruşkeviç və Qlepovski və Sazanoviç, Siz nəsiniz? Bu saat durun rədd olun burdan.

Pruşkeviç, Qlepovski və Sazanoviç — Yaxşı kamança çalırsan, amma heyif ki, səsi çıxmır.

Məclis əhlindən biri—Üzünüz tökülsün, ay balam.

Sədri-məclis — Adə, durun rədd olun demirəm sizə?!

Pruşkeviç — Axı çox da deyirsən, sənin sözünə qulaq asan kimdir?

Məclis əhlindən biri — Adə, adam oğlusan, ayıbdır axı.

Qlepovski — Belə əlimizin içindən gəlir, çıxmırıq!

Sədri-məclis — Lənət sənə şeytan, dayna! A balam, yəni istəyirsiniz ki, qolunuzdan tutub çıxardam?

Sazanoviç — Di hünərin varsa çıxart.

Pruşkeviç — Allahdan istəyirəm ki, belə bir iş eləyəsən də!

Əhli məclisdən biri — Balam, hər gah qoçuluq fikrindəsinizsə, onda, bura qoçu yeri deyil, gedin, məsələn, Bakıda qoçuluq edin!

Pruşkeviç — Təvəqqe edirəm ki, ağzuva yiyəlik eləyəsən, səni danışdıran yoxdur.

Sədri-məclis — Adə, Pruşkeviç, sən atanın goru, dur burdan, yoldaşlarını da götür çıx get, qoy biz burda iş görək.

Pruşkeviç — Atamın goru haqqı, min il qala, getmərəm. Yoldaşlarım özləri bilərlər, gedirlər getsinlər, amma mən getmərəm (yoldaşları durub gedir, Pruşkeviç qalır).

Sədri-məclis (dumaya) —Balam, görünür ki, bu kişi arı yeyib, namusu da bağlayıb belinə. İnsanda gərək bir az həya olsun. Həya ki olmadı heç nə. Durun, çıxaq gedək evimizə, sizin hamınızın babalı olsun bunun boynuna!

Pruşkeviç — Mənə deyənin boynuna olsun!

Sədri-məclis — Mən namərdəm, əgər səni 15 gün buralara qoysam.

Pruşkeviç — Bu sən öl, keyfim istəyəndə şax gəlib, yerimdə oturaçağam, əlindən gələni beş qaba çək.

Məclis əhli (bir yerdə) — Pah atanla, yeri, get, belə də biyhəya olarmı, ay başınıza dönüm! Görəsən bu kimin belindən gəlib, kimin qarnından çıxıb.

Pruşkeviç (gedə-gedə papağını əyri qoyub, oxuyur, öz-özünə deyir) —Yazıqlar, dayna, yığılıblar bura ki, milləti irəli aparacayıq! Ədə mən namərdəm əgər bu dumu qoy-sam ki, sağ baş gora aparsın.

   

 

 

Möizə2

Axund — Ay camaat, indi ittifaq və ittihad vaxtıdır. Bundan sonra biz gərək hər bir işimizdə ittihad və ittifaqı əldən buraxmayaq. Amma onu da bilin ki, ittihad və ittifaqın əmələ gəlməsi üçün bir neçə şərtlər vardır ki, o şərtləri gözləməsən ittifaq və ittihad əmələ gəlməz. Ay camaat, haman şərtlərdən biri budur ki, siz gərək ən əvvəl adam öldürməyi və qətl işlərini mövquf eləyib, bir-birinizlə mehriban olasınız.

Camaatdan biri — Axund, bağışla sözüvü kəsirəm, yerdə qalan şərtlərin hamısını qəbul eləyirəm, amma əvvəlki şərtə, sözün doğrusu, mən qol qoya bilməyəcəyəm. Ona görə gedirəm, ancaq daldakı şərtlərdən arxayın olun! (Gedir).

Axund — Ay camaat, ikinci şərt budur ki, Siz gərək ittifaq və ittihad naminə hər bir oğurluq və sirqəti bundan belə aradan götürəsiniz.

Camaatdan biri — Axund, sözünün qabağında oğlun dursun, əvvəlki şərtini də və yerdə qalan şərtlərini yerinə yetirmək mənə borcdur, amma bu şərt ilə ki, indi, bu saat buyurduğun mənə veç verə bilməyəçəkdir. Ona görə mənən inçimə, çünki bir bölük külfətim var, özüm də kasıbam, xudahafiz! (Gedir).

Axund — Ay çamaat, ittihad və ittifaq üçün lazımdır ki, bir-birinizə tərəfdar çıxıb, mərd-mərdana iş görəsiniz və bir-birinizin «yanını» heç vaxt verməyəsiniz və bir-biriniz üçün quyu qazıb tələ qurmayasınız.

Camaatdan biri — Axund, qoy, bircə sözüm var, onu deyim.

— Mən, nə adam öldürənəm, nə də oğruyam, amma, sözün doğrusu açıq-açığına burada deyirəm ki, mən namərdəm, mənim atam da namərd idi. Deyirlər, babam da çox namərd imiş. Ançaq bunu mən dürüst bilmirəm. Amma özüm namərdəm. Hərgah bu sözlərində sən namərdliyi pisləyirsənsə, onda məni «vur nağara, çıx qırağa».

Salamat qal, çünki sənətimdən əl çəkə bilməyəcəyəm.

Axund—Ay camaat...

Cammatdan biri—Axund, sən allah əvvəl məni başa sal görüm, o əvvəlki sözlərində danosbazlığa işarə olan bir şey yoxdur ki? Çünki bilirsən, mən bir az danos-zad yazıram. Amma bainhəmə adımı altına yazmıram, deməli, mən öz adımla heç kəsə zərər yetirmirəm. Hələ ki, xudahafiz. Yerdə qalan şərtlərin göz üstə qəbuldur.

Axund — Bunların hamısından sonra siz cəhd edin ki, ziyankarlıq və druyəlikdən bəri olasınız...

Çamaatdan biri — Axund, xudahafiz, mənimki də tutmadı.

Axund —Bunu da sizə deyim ki, dünyada mərdüməzarlıqdan pis şey yoxdur.

Çamaatdan biri — Rəhmətliyin oğlu, başına söz qəhətdir?! (çıxır).

Çamaatdan biri — Axund, bax, hamını qaçırtdın, yerdə mən qaldım. Gör bir təhər eləyə bilərsənmi ki, aramızda razılıq olsun, çünki bu bir belə dediyin şərtlərdən hamısını qəbul eləmişəm.

Axund —Balam, daha sözüm qurtardı, bir onu deyəcəydim ki, hiylə və təzviri...

Y e r d ə - q a l a n — Axund demə! Demə! Canım sənə qurban; yoxsa mən də qaçaram, iş xarab olar. Qoy, barı eşidib bilən desin ki, bizim içimizdə birçə dürüst adam var ki, o da mənəm.

 

* * *

İndi keçək ayrı mətləbə. «Həyat»3 rəfiqimizdən mənim rəfiqim «Birisi» deyir ki, «Bir-iki uçitel, bəşəxsən, Kroşevan ilə tanış olduqlarına görə, bir priqovor qayırıb veriblər Levitski təsdiq eləyib, sonra da göndəriblər Kroşevana ki, biz vəkil eləməmiş, hər kəs baydaq, zad götürsə, qəbul eləmə. Çünki baydağı ya bizim tazə müsəlman dəstəsi götürəcək, ya biz vəkil etdiyimiz şəxs. Rəvayətə görə bunların priqovorunu Kroşevan öpüb gözü üstə qoyub, çünki bu priqovordan Kroşevanın burnuna vuruşma, təfriqə və pozğunluq iyi gəlib ki, bu da Kroşevanın proqramı ilə mütabiqdir.»

Mən dünən bir türk qəzetəsində bir baş məqalə oxudum. O baş məqalənin ümdə məzmunu bax budur: «Ay avam və fanatik müsəlmanlar, bir görün «tazə mü-səlmanlar» bizim dinimizə rişxənd eləyirlər və islam dini azadlıq kimi yaxşı şeyə zidd bilirlər, amma tək bircə mən deyirəm ki, islam dini azadlığa mütabiqdir, bunlar mənə də rişxənd eləyirlər, belə də şey olarmı?». Mən, mən Filankəs, uçitellərin priqovorunu bilmirəm, amma burasını yəqin bilirəm ki, Kroşevan lap əvvəl haman bu qəzetənin bu baş məqaləsini öpüb gözünün üstünə qoyacaq. Çünki əsil vuruşma, toqtuşma, çırpışma, döyüşmə, söyüşmə, güləşmə, pozğunluq, qozğunluq, vurğunluq, təfriqə, müfriqə, cəfriqə iyi bu baş məqalədən gəlir. Bunu gərək «Birisi» rəfiqəm də, öz aramızdır, lotu-lotuyana, mərdmərdana iqrar eləsin.

   


ORDAN-BURDAN4

Tarixdə vardır ki, qədim yunan filosoflarından «dəli filosof» adında bir şəxs özünə bir «şöhrət» qazanmaq üçün birggün götürüb, ən gközəl və cəsim bir ibadətkaha od vurub yandırmışdı.

İndi «Tazə həyat»5 rəfiqimiz də «məzəlilik» üçün «Keyfi gələndə» ağzına gələni götürüb yazan «Birisi» yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin.

Amma mənim ağlım kəsmir ki, «Birisi» yoldaşım bu yolda müradına çatıb, əbədi bir şöhrət qazansın.

Çünki müsəlman camaatı dilsiz, cansız bir ibadətgah deyildir ki, ona od vurulduqda özünü qorumağa əlacı olmasın.

Müsəlman camaatı diridir, özünün də ağrıyan canı varır. Ona görə də «Birisi» rəfiqimizə məsləhət gördük ki, nahaq yerə «ispiçkasını» korlamasın, burada «neft» nə qədər çox olsa da pajar eləyə bilməyəcəkdir. Bəlkə ola bilsin ki, öz üstünə od düşə! Vəssəlam.


1. Dövlət dumasının 4 may məclisini təsvir edən bu səhnəcik «İrşad» qəzetinin 1907-ci il 8 may tarixli 84-cü nömrəsinin 3—4-cü səhifələrində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur. Səhnəcikdə çıxış edən şəxslər dumanın deputatlarıdır.
2.Çirkin hərəkətləri pisləyən, «məncə», səhnəcik və onun davamı olan mətbuat məsələləri «İrşad» qəzetinin 1907-ci il 11 may 87-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur.
3. «Həyat» — 1905—1907-ci illərdə Bakıda nəşr olunan gündəlik qəzet idi. Müdir və baş redaktoru Əhməd bəğayev və Əli bəy Hüseynzadə olmuşlar.
4. Mətbuat vasitəsilə intriqa salan şöhrətpərəstlərə qarşı yönəldilmiş bu yazı «İrşad» qəzetinin 1907-ci il 9 may tarixli 85-ci nömrəsinin 4-cü səhifəsində «Əz tərəfi Filankəs» təxəllüsü ilə dərc olunmuşdur. «Birisi» təxəllüsü ilə yazan Nəcəf bəy Vəzirovdur. Mübahisə sonralar da davam edir. 5. «Tazə həyat»—1907—1908-ci illərdə Bakıda nəşr olunan gündəlik qəzet (redaktoru Haşım bəy Vəzirov) idi.


 
   © Musigi Dunyasi, 2005