Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Biz «İrşad»ın keçən nömrələrində yazmışdıq ki, dumanın sağ tərəfi, yəni pruşkeviçlər, şulkinlər və sair mühafizəkar və zülmətpəsəndlər dumanı bir «yəhudi yığıncağı»—deyə hesab edib, dağıdılmasını arzu etdikləri üçün bu arizuyi-nifrətənkizi hüsulə gətirməkdən ötrü istəyirdilər ki, sol tərəf üzvülərin hərəkati-ifratpərvəra-nəsindən istifadə edərək, dumanı elə bir hala qoysunlar ki, hökumət tərəfindən dağıdılması naçar olsun. Bunun üçün onlar bir gün surəti-rəsmiyyədə duma əhlinə təklif etdilər ki, bütün duma, Rusiyada davam edən siyasi qətl, cinayətlərə qarşı izhari-nifrət etsin.

Bu təklifin nə qədər yersiz olduğunu və bu günə təkliflərin duma vəzifəsinə bir o qədər aid olmadığını biz keçən nüsxələrdə yazmışdıq və onu da demişdik ki, duma sağ-ların bu məsələsinin həllini gələcək günlərə saxlayıbdır. O vaxtdan bəri məlumdur ki, dumanın hər bir fraksiyası bu məsələ barəsində düşünüb, yəqin müəyyən bir fikir hazırlayıb. Burada bizim diqqətimizi artıq cəlb edən o idi ki, görək dumanın müsəlman fraksiyası ki müsəlman ittifaqının mərkəzi komitəsi üzvləri ilə bərabər iş görməyə başlayıbdırlar, bu məsələyə dair nə qərar ittixaz edəcəkdir. Biz bu qərarı, təkrar edirəm, böyük bir diqqət ilə gözləyirdik, çünki məsələ çox «nazik» olduğundan qorxurduq ki, birdən müsəlman fraksiyası əhyana səhv düşüb, özünü «komprometirovat» eylər, yəni bütün həqiqi hürriyyətpərvərlər gözündə etibardan düşməyə məcbur olar. Lakin digər tərəfdən duma üzvlərinin və xüsusilə mərkəzi komitə əzasının sahibi-ittila və bəsarət olduqları bizi bir qədər arxayın edirdi. Gözləndiyi üzrə müsəlman şöbəsi həmin dediyimiz məsələni bu günlərdə müzakirə edib, öz qərardadlarını bəyan etdilər və biz kəmali-xoşnudi və məsərrət ilə bildik ki, bizim duma müsəlman şöbəmiz bu məsələyə dair belə bir layiqli qərardad ittixaz edibdir ki, onun ixtisari budur:

«Siyasi qətl və cinayətlərin törənməsinə və davamına səbəb davam edən tərzi-idarənin baqi qalması olduğuna görə bu tərzi-idareyi-müstəğilə tərzi-idareyi-məşrutiyyətə münqəlib olduğu halda, siyasi qətl və cinayətlərə dəxi məhəl qalmayıb, öz-özünə yox olacağını nəzərə alıb, fraksiya sair məsələlərin həllinə keçir».

Sağlardan səvayı bütün duma fraksiyalarının da qərardadlarının bu məzmunda olacağına şübhə yoxdur. Biz böyük bir ümmiddə idik ki, bütün müsəlman mətbuatı duma müsəlman şöbəsinin bu qərardadını böyük bir razılıq ilə tələqqi edər. Lakin nə deyirsiniz ki, 25 yaşında olan «Tərcüman» babamız müsəlman şöbəsinin bu qərarını bəyənmir.

İdarə təqribən bu sözləri deyir:

«Biz müsəlmanlardan siyasi qətillər işində iştirak edən və hürriyyət fədaisi olan bir adam dəxi olmamışdır. Ona görə yaxşı olardı ki, bu məsələ barəsində bizim üzvlər heç bir söz deməyib, sükut edəydilər və öz rəylərini izhardan çəkinəydilər, çünki sükut üstündə heç kəs bizi məsul tutmaz», amma danışıb söz desək—bunu da biz əlavə edirik—olsun ki, sağların və sağ havaxahlarının nəzərindən düşək.

«Tərcüman»ın bu təklifi, sözün açığı, bizi bir çox özgə fikirlərə salır. Biz heç anlaya bilmirik ki, «Tərcüman» bizim vəkillərimizə belə bir nalayiq təklifi ibraz etdik-də, onları nə hesab edir və nə yerində qoyur. Fərz edəlim ki, «Tərcüman» indi, hətta, «əsil müsəlman» nöqteyi-nəzərindən işə baxır. Bu nəzərdən də onlara «sükut» təklif et-məyi movçibi-istiqrardır. Bu məsələ, ümumi bir məsələdir, lakin o ümumi məsələlərdən deyildir ki, ona cavab verməmək və o xüsusda bir rəy izhar etməmək, üzvləri məslək və əqidə sarıdan sairlər gözündə şübhədar etsin. Məsələn; büdcə məsələsi dəxi ümumi və ən əhəmiyyətli bir məsələdir. Lakin əgər üzvlərdən bir parası bu məsələ xüsusunda «sükut» ixtiyar edib, bir söz danışmasa, sairlər güman edə bilər ki, bəli, bu üzvlərin büdcə məsələsinə əhliyyətləri yoxdur və o səbəbdən naşi izharirəydən çəkinirlər. La-kin, «siyasi qətl və cinayətlərə qarşı etiraz etmək» məsələsi elə bir ümumi məsələdir ki, o xüsusda bir rəy izhar etməkdən ötrü xüsusi bir biliyə ehtiyac yoxdur. Binaənəleyh bu barədə bir rəy izhar etməyib də «sükutə» dalmaq, sairləri şəkk və şübhəyə salmaqdır. Halbuki, bu məsələni dumaya verən sağlardır və nə niyyətlə verdikləri də hər kəsin məlumudur və məsələnin müzakirəsində iştiraki lazım olan dəxi bir iki bitərəf üzv deyil, dumada xüsusi bir ad və bir məhəl tutan müsəlman şöbəsidir. İş belə olan surətdə bu kimi məsələ xüsusunda izhari-rəydən çəkinib «sükut» ixtiyar etmək, bütün vəkaləti-milliyəyə qarşı iştə bu sözləri deməkdir: «Ay sağlar, biz sizin sözlərinizi təsdiq edirik, lakin dinməyib sükut ixtiyar edirik ki, sol-tərəf bizdən inciməsin». Yainki belə: «Ay sollar, sizin sözləriniz həqdir, lakin biz bu barədə izhari-rəy etməyib, qor-xuruq ki, sağlar bizdən incisin!.

Zənn edirəm, əsil bu sözləri bəyan edən vəziyyət,—ki, «Tərcüman» müsəlman vəkillərinə təklif edir—nə sağlara xoş gələr, nə də sollara, bəlkə hər iki tərəfi narazı edib- müsəlman şöbəsini etibar və etinadan tamamilə salar.

İndi keçəlim «Tərcüman»ın bu sözlərinə ki, deyir: biz müsəlmanlar azadlıq hərəkatında əməl və fel ilə iştirak etməyibdirlər. Bu söz doğrudur, bu hər uşağa məlum bir həqiqətdir. Lakin nə üçün biz müsəlmanlar azadlıq hərəkətında əməl və hətta qövl ilə də iştirak etməmişik? Çünki bizim külliyyətimiz haman idareyi-müstəbiddənin hökmü-fərmalığı sayəsində cəhalət içində qalıb, azadlıq hərəkatının mənasını anlamırıq.

Lakin bizim ziyalı vəkillərimiz bu bəhanə ilə dumada «sükut» ixtiyar edə bilməzlər. Çünki etsələr, özləri də haman azadlıq hərəkətinin mənasını anlamayacaq dərəcədə çahil olduğlarını iqrar edərlər. Ondan sonra onların gələcəkdə söyləyəcək olduqları sözlərə heç bir kəs məhəl qoymayıb, cahil üzvlər əvəzində aqil və sahibi-ittila adamların sözü keçməsini əfzəl tutarlar.

Xülasə, «Tərcüman» rəfiqimizin müsəlman şöbəsi qərardadı xüsusunda idarədən əlavə etdiyi qərardad və «təklif» bizi artıq mütəəccib qoyub, bu cürə suallara sövq edir ki, «babamız» nə deyir?, nə fikr edir? və axır məqsədi nədir?

   

 

 

«Tərcüman» qəzetəsi və barama qurdu

Bütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum danələri şəklində olur. Sonra bu danələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olur kəpənək, qurd kəpənəyə oxşamır, kəpənək də qurda.

İndi, qəzetələr babası olan «Tərcüman» qəzetəsi dəxi nə təhər olubdursa, barama qurdu kimi «oyun» çıxartmaq istəyir.

«Tərcüman» qəzetəsinin əvvəl bir yarısı rusca və bir yarısı da müsəlmanca çıxırdı. Amma sonra müsəlman qəzetələri artan zaman «Tərcüman» birdən-birə rus dərisini çıxardıb, müsəlman şəklində qaldı. Amma, yenə bu axır vaxtlar bəzi vaxt rus kürgünü yadından çıxartmayıb, hərdən bir, bir qolunu geyir. Bu «Tərcüman»ın zahiri üzü. Amma dərd burasıdır ki, «Tərcüman»ın batini üzü də zahirisinə cavab verir. Mənim yadımdadır ki, lap əvvəl «Tərcüman» biz müsəlmanları ruslara bitişdirmək istəyirdi.... Hə, uzun məsələdir. Sonra müsəlman qəzetələri çıxan zaman daha bitişdirmək istəmədi. Vallah indi də heç anlamaq olmur ki, «Tərcüman» babamız bizi kimə bitişdirmək istəyir. Doğrudur, çox deyir ki, ay «türk» belə gəldi, belə getdi, «müsəlman» belə oldu, amma... belə çox məzəlidir sy, qanmaq olmur ki, axı görək bu səfər bizi kimə bitişdirmək istəyir. Hə.... qərəz, biz burasını bilirik ki, barama qurdunun sifətdən-sifətə düşməyi allah-taalanın böyük bir hikmətidir ki, onu anlamaq çox çətindir.

Bəs, görəsən «Tərcüman»ın bu sifətdən-sifətə düşməyi kimin hikmətidir ki, onu da başa düşmək belə çətindir?

   

Pasxa bayramları olduğu münasibətilə duma bu zaman tətil edib, üzvlərin bir çoxu öz evlərinə getmişlər. Bunların evə getməkdən məqsədləri bir qədər dinc almaq ilə bərabər, məbusları olduqları əhali ilə də bilavasitə görüşüb, danışmaq və onlara duma xüsusunda şayani-əhəmiyyət xəbərlər vermək idi. Lakin bunu qabaqca anlamış olan hökumət üzvləri camaat içinə arzu ilə buraxmır. Hər yerdə onların dalınca nəzarət təyin edib, gözlədirdi ki, üzvlər tərəfindən mitinqlər və ictimai yığıncaqlar qurulmasın və camaat dəxi bundan naşi, mütəhəyyic olmasın. Amma bainhəmə sol üzvlər camaatla bilavasitə görüşüb danışmağı özləri üçün mühüm bir vəzifə bildiklərindən, polis nəzarətinə etina etməyib, mitinqlər qurmuşdular. O səbəbə görə hökumət bu üzvlərin birisini tutub, həbs etmişdi və buraxmamışdı. Duma üzvlərinin belə bir təhqiri və amanda olmadıqları baxüsus sol firqə vəkillərə artıq sui-təsir edib, onlardan bayram əsnasında Peterburqda olanlar söz qoymuşdular ki, bu barədə dumaya ərizə verib, hökumətin bu emalına qarşı etiraz, protest izhar etsinlər. Gələcəkdə dumada bu məsələlər mütaliə olunacaqdır.

May ayı daxil olar-olmaz, bayramlar qurtardı və duma üzvlari yavaş-yavaş yığılmağa başlayıb, yenə məclislər quruldu. Birinci məclisdə duma sədri tərəfindən əzalara elan olundu ki, duma ilə həmixtiyar olan Dövlət şurası duma tərəfindən bir çox müzakirələrdən sonra tərtib edilmiş iki qanun layihəsini qəbul edib, bu layihələr padşah həzrətləri tərəfindən təsdiq olubdur. Layihələrin birisi əhali möhtaclarına kömək üçün altı milyon manat buraxmaq və digəri isə yeni saldatların miqdarı xüsusundadır ki, bu axırıncı layihənin müzakirəsi dumada örtülü qapı üzrə vaqe olub, müzakirə əsnası üzvlər arasında bir münaqişə dəxi əmələ gəlmişdi. Belə ki, bütün ifrat sollar, yəni ictimaiyyun firqələri yeni saldat miqdarına dair layihəni qəbul etmək istəməyib, onun rəddinə çalışırdılar. Sağ və baxüsus orta kadet firqəsi bu layihənin qəbuluna guşiş edirdi. Müsəlman fraksiyasının və Polşa «Kolo»sının güçü ilə kadetlər ifrat sollara qarşı əksəriyyət təşkil edib, layihəni yeritdilər və qürət nəticəsində duma haman məsələni qəbul etmiş oldu.

Divani-hərblərin fəsxi xüsusunda duma tərəfindən hazırlanmış layihə isə Dövlət şurasında qəbul edilməyib, əksəriyyət rəy ilə rədd olundu.

Əfsərlərin miqdarı məsələsi ifrat sollar ilə kadetlərin arasında pozğunluğa səbəb oldu. Sollar kadetləri ikiüzlülükdə zəmm və töhmət edirdilər və məsləkcə kadet olan duma sədrini də tərəfkir sayırlar. Doğrudan da kadet firqəsinin hərəkəti bu əsnalarda zəmmə layiqdir. Bu firqənin əqidə və məsləkcə əsası çox boşdur. Əvvəllərdə sol görünən kadetlər, indi sağlaşmağa üz qoyublar. Gələcəkdə nə olacaqlarını dəxi indidən anlamaq olar.


1. İkinci Dövlət dumasının tərkibindəki «Müsəlman fraksiyası»nın fəaliyyətini böyük bir diqqətlə izləyən Üzeyir Hacıbəyov «Tərcüman» qəzetinin «sükut etmək» təklifini rədd etmiş və öz münasibətini «Tərcüman» nə deyir, nə söyləyir?» sərlövhəli məqaləsində bildirir. Məqalə «İrşad» qəzetinin 1907-ci il 4 may tarixli 82--ci nömrəsinin 1—2-ci səhifələrində dərc olunmuşdur.
2.«Tərcüman» qəzetini barama qurduna bənzədən bu məqalə «İrşad» qəzetinin 1907-ci il 4 may tarixli 82-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur.
3. «Dövlət duması» sərlövhəli məqalə «İrşad» qəzetinin 1907-ci il 6 may tarixli 83-cü nömrəsinin 2-ci səhifəsində «Ü» imzası ilə dərc olunmuşdur


 
   © Musigi Dunyasi, 2005