|
Yaradıcılığı
|
ORDAN-BURDAN
|
Bir
şvesarlı ilə bir müsəlmanın
söhbəti1
|
M ü s ə l m a n — Bircə de görüm,
ay şvesarlı, sizin camaatınız da bizim camaatımız
kimi adamdırlar, dayna?
Şvesarlı — Bəli, adamdırlar, necə?
Müsəlman — Heç, elə-belə soruşurdum...
Deməli sizdə də bəy, xan, dövlətli
və qüvvətli adamlar var?
Şvesarlı — Bəli, hamısı var!
Müsəlman — Bəs sizin o kasıblarınız
və zəifləriniz, zadınız nə təhər
dolanırlar?
Şvesarlı — Kasıblarımız öz kəsbinə
məşğuldur, zəiflərə də qüvvətli
adamlar kömək eləyirlər....
Müsəlman (təəccüblə)
—Necə yəni?
Şvesarlı — Necə «necə yəni?»
Müsəlman — Axı, sən deyirsən ki, zəiflərimizə
qüvvətli adamlarımız kömək eləyir,
onda bəs, deməli, siznən bizim aramızda asimanü
zəmin təfavüt var!
Şvesarlı (təəccüblə)—Necə
yəni?
Müsəlman — Necə «necə yəni?».
Şvesarlı — Axı sən deyirsən ki, zəif
adamlarımıza qüvvətlilərimiz kömək
eləyirsə, sizlə bizim aramızda asimanü
zəmin təfavüt var. Bəs, onda deməli,
sizin işiniz tərsinə düşüb.
Müsəlman (təəccüblə)—Necə
yəni?
Şvesarlı —Necə «necə yəni?»
Müsəlman — Axı, sən deyirsən ki, sizin
işiniz tərsinə düşüb; nədir,
nədir sizin qüvvətli adamlarınız zəif
adamlarınıza kömək eləyir. Amma bizimki
eləmir, halbuki, «avandına» düşən olə
əsil bizimkidir. Çünki zəif yaranıbdır
ki, zəif olsun, qüvvətli də yaranıbdır
ki, qüvvətli olsun. Daha burada kömək, filan
yəni çi?
Şvesarlı— Necə «necə yəni kömək,
filan yəni çi?»
Müsəlman — Necə «necə yəni kömək
filan yəni çi»?
Şvesarlı — Axı, sən deyirsən ki, zəif,
zəif yaranıb, qüvvətli də qüvvətli.
Kömək, filan da lazım deyil. Bəs, deməli,
onda dünya elə bir sinif adamlardan etrü yaranıbdır?
Müsəlman — Necə yəni?
Şvesarlı — Necə «necə yəni?»
Müsəlman — Axı, sənin sözündən
bu çıxır ki, guya qüvvətli gərək
zəifə kömək edə, bəs, yaxşı,
bəlkə onda birdən qüvvətli kömək
elədi, zəif də qüvvətləndi, onda
nə? Şvesarlı — Necə yəni?
Müsəlman — Necə «necə yəni?»
Şvesarlı-— Axı, sən deyirsən ki, bəlkə
zəif qüvvətləndi, onda nə? Elə bizim
də istədiyimiz zəifin qüvvətlənməsi
deyilmi?
Müsəlman —Necə yəni?
Şvesarlı — Necə «necə yəni?»
Müsəlman —Axı, sən deyirsən ki, bizim
də istədiyimiz zəifin qüvvətlənməsidir.
Deməli, onda siz allahsız iş görmək istəyirsiniz?
Şvesarlı — Necə yəni?
Müsəlman — Necə «necə yəni?»
Ş v e s a r l ı — Axı, sən deyirsən ki,
onda allahsız iş görmək istəyirsiniz.
Deməli, sizlərdə zəif qüvvətlənsə
vay qüvvətlinin halına, halbuki bizlərdə
zəif qüvvətlənsə qüvvətli də
rahət olar.
Müsəlman — Necə yəni?
Şvesarlı — Necə «necə yəni?»
Müsəlman — Axı, sən deyirsən ki, sizlərdə
zəif qüvvətlənsə, qüvvətli
də rahat olar. Sözün doğrusu, görünür
ki, siz çox qəribə tayfasınız?
Şvesarlı — Xeyr, qəribə tayfa sizsiniz ki,
zəif adamlarınızın qüvvətlənməsindən
qorxursunuz.
Müsəlman — Xeyr, qəribə tayfa, sizsiniz ki,
öz xeyri-şərinizi bilmirsiniz!
Ş v e s a r l ı — Ha, ha, ha, ha!...
Müsəlman — Zəhrimar!..
ORDAN-BURDAN
|
Bir
müsəlman ilə bir şvesarlının
söhbəti |
|
(Keçən
nömrənin axır-uxuru) |
Müsəlman dedi: Siz biədəbsiniz,
sizdən hər nə desən çıxar!.
Şvesarlı dedi: Ədəb nədir?
Müsəlman dedi: Ədəb odur ki, zəif gərək
qüvvətliyə və kasıb da dövlətliyə
itaət eləsin, nəinki ondan kömək gözləsin.
Şvesarlı dedi: Amma bizdə ədəb odur ki,
insan gərək öz insanlıq şənini gözləsin.
Müsəlman dedi: İnsanlıq şəni nədir?
Şvesarlı dedi: İnsanlıq şəni odur
ki, insan kasıb da olsa, dövlətli də olsa,
gərək hər bir sıxıntıdan azad olsun.
Müsəlman dedi: O cür şeyə bizdə
qudurqanlıq deyərlər, insan da var, insan da. İnsan
var ki, heç kəsin cürəti ola bilməz ki,
ona püf eləsin, insan da var ki, gündə başına
min qapaz salsan, bir dəfə də sənə püf
deməyə cürəti olmaz.
Şvesarlı dedi: O cür şeyə bizdə
nainsaflıq deyərlər və ona da heç kəs
razı olmaz.
Müsəlman dedi: Siz kafirsiniz və cəmi tutduğunuz
işlərin də hamısı küfirdir.
Burada söhbət tamam olur.
1. Əxlaq məsələlərinə həsr
edilmiş «Bir şvesarlı ilə bir müsəlmanın
söhbəti» adlı felyeton «İrşad» qəzetinin
1907-ci il 29 və 30 aprel tarixli 79 və 80-cı
nömrələrinin 4-cü səhifələrində
«Filankəs» təxəllüsü ilə dərc
olunmuşdur.
|
|
|