Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


Belə rəvayət edirlər ki, Hindistanda bir biyaban var, dərvişlər o biyabana gedib dəyirmi bir cızıq çəkirlər və tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma de-yirlər ki, hərgah bir dərviş 40 günün içində bu dəyirmi cızıqdan ayaq kənara qoysa, haman dəm onun üstünə şirlər, nələnglər, əjdahalar tökülüb parça-parça edərlər.

İndi bizim dumanın üzvləri də gedib, Peterburqda Tavriçskiy saraya girib arxayındırlar ki, heç bir «şir», «pələng», «əjdaha», yəni qaradavoy, filan onlara bir çırtma da vura bilməz. Amma di hünərləri var, oradan çıxıb dağılsınlar! Deyərəm ki, Pruşkeviç və yoldaşlarından savayı birini də yerdə qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bəhanə edib, hökumət onlara deyir ki, ay balam, daha bəsdir danışdınız, yorulubsuz, bayram gəlir, gedin bir az gəzin, sonra yenə qayıdıb gələrsiniz. Onlar da hökumətin bicliyini duyub, deyirlər ki, lotu, öz aramızdır, amma bizi tutub «voyenni polevoy suda» verərsən! Qərəz, məzəli işdir.


 

* * *

Amma bundan məzəli iş olmaz ki, görürsən birdən bir millət xaini durub özünü millətə xahan hesab edir, bəzi vaxt, hələ desən, cəmi aləmi-islam tərəfindən də qazılıq edir. Məsələn, cəmi ağıllı adamlara məlumdur ki, Osmanlı hökuməti türk millətinin və aləmi-islamın evini xarabə qoyub, külünü göyə sovurubdur və hər kəs bunlara tə-rəfdar olsa, o da bütün türk millətinə və aləmi-islama xaindir və hər kəs bu xainə tərəfdar olsa, o da xaindir. İndi onu deyirəm ki, məzəli burasıdır ki, bu gün məsələn, bir canıyanan durub məsələn, Osmanlı hökumətinin pisliyindən danışsa, yazıq millətin dərdinə ağladıqda, görürsək ki, haman o xaini-millətlər yerbəyerdən baş qalxızıb, Os-manlı hökumətini tərif və müdafiəə edirlər və öz aləmlərində guya millətə və aləmi-islama yaxşılıq edirlər. Halbuki həqiqətdə bayquş kimi ulayırlar və bu viranə qo-yulmuş yeri bir də təzədən viran etmək istəyirlər.


 

* * *

Bizim bayquşlar bizim yerləri viran etmək istədiyi kimi, rus bayquşları da dumanı dağıdıb, Rusiyanı viran etmək istəyirlər. Bizim xain millətlər Osmanlı hökumətini tərifləyən kimi, rus xain millətləri də Rusiya hökumətini tərif edirlər. Belə ki, Rusiyadan gələn adamlar xəbər verirlər ki, baş vəzir Stolıpin gündüz axşamədək teleqram almaqdan lap tənkə gəlibdir. Bu teleqramları göndərən xainlər və bayquşlar yazıq vəziri tutubdurlar ki, bu saat dumanı qovub dağıdasan. İndi vəzir də qalıb belə, bilmir nə qayırsın, qovsun-qovmasın. Bir dəli şeytan deyir ki, qov! O biri ağıllı şeytan da deyir ki, qovma! Stolıpin özü də çox bikef olub hərdənbir Füzulinin bu şerini oxuyur:

 

Ah, kim, bir dəm fələk rəyimcə dövran etmədi!
Yerli-dibli uçurub bu dumu viran etmədi!

   


Dünən «Proqress» qəzetinin 46-cı nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uçitellərə kağız göndərib deyir ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiıiz. Bu belə.

İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı... O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yə'ni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilmir və dərsi də «lal qaydası» ilə versin. Bu da belə.

İndi gələk «lal qaydasına.»

«Lal qaydası» bax bu cürdür:

Uçitel daxil olur otağa və istəyir ki, dərs desin, özü də gərək müsəlmanca bir söz danışmasın, baxır Levitskinin kitabına, görür yazılıbdır ki: «ß rıdayu», yə'ni mən hönkürüb ağlayıram. Uçitel istəyir bu sölzəri uşaqlara qandırsın, özü də gərək müsəlmanca bir söz danışmasın. Ona görə uçitel cibindən bir dəsmal çıxardıb başlayır ağlamağa və uşaqlardan rusca soruşdu: «İşto ya delayu?»

Uşaqlar qalır məəttəl və bilmirlər ki, uçitel nə soruşur, ona nə olubdur, ölən kimdir, uçitel yenə ağlayır və yenə uşaqlardan soruşur ki, « İşto ya delayu?» Özü də gərək müsəlmanca bir söz danışmasın. Uşaqlar yenə qalırlar belə, bilmirlər ki, uçitelin kimi ölübdür, təqsir kimdədir? Uçitel də bu tərəfdən qısnayıbdır ki: « İşto ˙ delayu?» Yə'ni mən nə qayırıram, özü də gərək müsəlmanca bir söz deməsin. Axırda uşağın biri barmağını qalxızır, uçitel sevinir və rusça deyir ki, «Nuka işto ya delayu?» Uşaq durur ayağa və müsəlmanca deyir ki, Mirzə, qarnım ağrıyır, qoy çıxım çölə! Uçitelin bərk acığı tutur, özü də gərək müsəlmanca bir söz danışmasın, tüpürür yerə və o başa-bu başa gəzinir, uşaqlara rusça deyir ki, « ß rıdayu!», yə'ni mən hönkürürəm. Uşaqlar da deyir ki, « Ya rıdayu ». Amma, uçitel buna razı olmur, çünki uşaqlar gərək desinlər ki, «Tı rıdaeş?», yə'ni sən hönkürürsən. Uşaqlar da bunu bilmirlər və uçitel də gərək müsəlmanca bir söz danışmasın, vaxt keçir, uçitel çığırır, uşaqlar qanmır, dərs qalır... Axırda uçitel deyir: «Tı rıdaeş», yə'ni sən ağlayırsan, uşaqlar da bunu deyir, uçitelin bir az keyfi açılır, dəsmalı gözünə bir də tazadan tutub hönkürür və rusca soruşur ki, mən nə qayırıram? Uşaqlar da deyir mən nə qayırıram? Uçitel yenə qalır belə, uşaqlar da qalırlar belə.

Uçitel deyir ki, «sən ağlayırsan» uşaqlar da deyir kl, sən ağlayırsan, uçitel soruşur ki, mən nə qayırıram? Uşaqlar da deyirlər ki, mən nə qayırıram? Uçitel deyir ki, sən hönkürursən, uşaqlar da deyir ki, sən hönkürürsən! Uçitel çox bikef olur, özü də gərək müsəlmanca bir söz deməsin. Bu vaxt şkol zəngi çalınır, uşaqlar durub otaqdan elə qaçırlar ki, guya bunları tutub tələyə salmışdın və sonra evlərinə gedib, analarına deyirlər ki, bu gün şkolda aqlaşma vardı. Anaları soruşur ki, bir zad yox idi ki? Deyirlər yox, deyir bir də olsa bizə də xəbər verin, gedək biz də ağlayaq, savabdır. Onlar da deyirlər ki, yaxşı.

İidi, haman «lal qaydası» bax budur ki, nümunəsini göstərdim. Ancaq cənab Levitskiyə deməlidir ki, balam, hər gah kitabını satmaq istəyirsən, get bir özgə bazar tap, yoxsa bizim uşaqlar indi elə bicləşiblər ki, hərgah bir də onlar görsələr ki, uçitel gəlib ağlayır, gedib analarını çağırıb sənin kitabının üstündə ağlaşma qurarlar.

 


1.Həm çar Rusiyası, həm də Soltan Türkiyəsi Hökumətlərinin hiyləgərliyini, ölkəni viranə etdiklərini ifşa edən bu felyeton «İrşad» qəzetinin 1907-ci il 13 aprel tarixli 68-ci nemrəsinin 4-cü səhifəsində «Filankəs təxəllüsü ilə dərc olunmuşdur.
2. Dərs metodikası Üzeyir Hacıbəyovu bir müəllim kimi həmişə düşündürürdü. O, hətta dərsliklər də düzəldirdi. Rus dilini azərbaycanlı uşaqlara öyrətmək məsələsinə həsr edilmiş bu yazı «lal qaydası» metodikasının tədbirini tövsiyə edən kitabçaları pisləyir. Yazı «İrşad» qəzetinin 1907-ci il 16 aprel 70-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur. Burada ixtisar və cüzi redaktə edilmişdir.


 
   © Musigi Dunyasi, 2005