Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


«İrşad»ın 62-ci nömrəsində Əhməd bəy2 cənabları yer məsələsi haqqında yazmış olduğu məqaləsində, bunu yetirir ki, əgər kadet və sağ partiyaların yer haqqında olan məramnamələri dumada qəbul olunub ümumi dövlət qanunu halını kəsb etsə, ola bilər ki, hökumət bu qanundan istifadə edib, Qafqaz yerlilərinin ərazisini rus mühacirlərinə versin; doğrudan da burası şayani-əndişə bir nöktədir və orası dəxi şayani-məsərrət bir haldır ki, müsəlman fraksiyası işin bu cəhətinə nəzər yetirib bunu kadetlərə ixtar edibdirlər və kadetlər məramnaməsinə görə yerin ümumi dövlətin olması əvəzində, əhalinin öz zəxirəsi olmaq qaydasını lüzumunca göstəribdirlər.

Doğrudan da, içəri rusiyalıların hökumət binagüzarlığı ilə Qafqaza köçürülüb, əhalinin yerlərini əllərindən almaları o qədər böyük bir ədalətsizlikdir ki, buna diqqət yetirib fəsxinə çalışmamaq olmaz. Bu işdə, yəni rusları daxili Rusiyadan köçürüb Qafqazda sakin etdirməkdə hökumətin fikri bir o qədər kolonizasiya təşkili deyil, nə qədər ki Qafqazın yerli əhalilərini sıxmaq və bununla ya rusluğa və yaxud tərki-vətən qəsdinə məcbur etməkdir. Tərəfi hökumətdən ittixaz olunmuş bu politika ibtidasından indiyə qədər yüz minlərcə Qafqaz yerlilərinin tələf olmasına və ya tərki-vətən edib dərbədər düşməsinə bais olubdur.

Biz böyük bir ümid bağlamışıq ki, Rusiyada məşrutiyyət əsasları möhkəm ediləndən sonra hökumətin bu nifrətli politikasına bir xitam çəkilib Qafqaz nəməli öz yerlərində asudəçə dolanmağa başlar.

Lakin bu yer məsələsi araya düşdükdən bəridir ki, Qafqaz yerlərinin rus mühacirlərinə verilmək qorxusu bəzi zəvatı əndişə və təlaşə sövq edir. Biz dəxi bu əndişəyə şərikik; fəqət digər tərəfdən bizə bir ümmidi-təsəlli verir ki, madam ki, Rusiya dövləti, bütün padşahlıq, monastır, mülkədar və sairə yerləri əhali istifadəsinə vagüzar edəcək dərəcə məşrutiyyət halını kəsb edərsə, o surətdə rusifikasiya, cəbr və təzyiq politkası dəxi fəsx və məhv olunub gedər.

Doğrudan da bunu mülahizə edəlim ki, içəri rusiyalıları Qafqaza köçürməkdə hökumət bu səbəb göstərir ki, Rusiyada kafi dərəçədə yer yoxdur. Bu da doğrudur. Yerlərin lap yaxşıları və hələ demək olur ki, çox hissəsi padşahlıq, kabinə, monastır, mülkədar malı olduğu halda, əlbəttə, yazıq kəndli üçün bir şey qalmaz.

Amma vaxti ki, bu yerlər azad olunub, büsbütün əhaliyə verilərsə, dəxi Rusiyada kəndli üçün yer yoxdur deməyə hökumətin haqqı olmaz və olmadığı halda içəri Rusiya kəndlilərini dəxi Qafqaza köçürtməyə heç bir səbəb araya bilməz.

Lakin bu ümid ilə bərabər, biz yenə xof və təlaşda olub, bu «pereselenyie» məsələsinə böyük diqqət yetirib, azad olunan surətdə həll edilməsini canü dildən arzu edirik və kəmali-məmnuniyyətlə bunu eşidirik ki, Qars məbusu Atabekyansın yazdığına görə kadetlər duma sədrinə bir kağız verib soruşurlar ki, Qafqaz canişini Qafqaza dair bəzi mühüm məsələləri və əzoncümlə həman bu «pereseleniyanın» qət edilmək məsələsini dumaya yazıb bəyan edəcəkdirmi? Müsəlman vəkili Xanxoyski çənablarının nitqindən və erməni vəkili Atabekyansın bu yazdığından məlum olur ki, Qafqaz vəkilləri bu məsələyə lazım olan diqqəti yetiribdirlər.
   


Rus hökuməti əmr eləyib bərk-bərk tapşırıbdır ki, içəri Rusiyada sakin olan müsəlman molla və axundları yerlərində dinməz oturub heç bir partiya-martiyaya qoşulmasınlar. Bu çürə əmri rus hökuməti öz çinovniklərinə də veribdir, deməli rus hökumətinin nəzərində başı çalmalı bir molla ilə başında «şlafka»sı olan çinovnikin heç bir təfavütü olmadığına görə də rus hökumətinin borcudur ki, öz çinovniklərinə verdiyi ixtiyarlardan çinovnik hesab elədiyi mollaya da versin, amma di gəl işə bax ki, özgə çürədür də! Məsələn, bu gün içəri Rusiyadan birisi mənə kağız yazıb deyir ki:

«........mollalarımızdan birini bazarda tutub dedim ki:

Bircə de görüm sən nəçisən? Dedi: Əlhəmdülillah axundam! Dedim: Xub, indi ki, sən axundsan—bəs hanı sənin vəzin? Bəs hanı sənin islama xidmətin? Bəs hanı sənin millətə ruhani köməyin? Bəs hanı sənin fəqir-füqərayə iyanətin? Bəs hanı sənin xalqa əsərin? Bəs hanı sənin ittihad və ittifaq barəsində odlu-odlu sözlərin? Bəs hanı sənin maarifə göstərdiyin yol? Bəs hanı sənin islam dilşikəstələrinə mənəvi təskinliyin? Bəs hanı sənin məsləkin? Bəs hanı sənin?... Burada sözümü kəsib dedi: Bir dur! Dedim: Nədir? Dedi: Sözün doğrusu, mən axund deyiləm, çinovnikəm. Binəva, elə bildi ki, bu sözlərlə canını qurtardı. Dedim: Xub, indi ki, sən çinovniksən, bəs hanı sənin ixtiyaratın? Bəs hanı sənin haqqın? Bəs hanı sənin nişanın? Bəs hanı sənin çinin? Bəs hanı sənin xəzinə maaşın? Bəs hanı sənin pensiyan? Bəs hanı sənin imtiyazatın? Bəs niyə səni saldat aparırlar? Bəs hanı sənin... Burada sözümü kəsib dedi: Bir dur. Dedim: Nədir? Çinovnik-axund istədi bir söz desin, amma sözün əvəzinə başladı udqunmağa; udqundu, udqundu, udqundu, udqundu axırı mən ötüb getdim. O, elə udquna-udquna qaldı».

Bu kağızı oxuyandan sonra mən bir çox dərin fikrə getdim və sonra başımı aşağı salıb öz işimə getdim.

 

* * *

Amma heyf ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlu çıxıb işinə getməyir və onun əvəzinə başlayır «cəmi islam tərəfindən» kağız yazıb, «cəmi islam tərəfindən» də qol qoyur.

Oxuçulardan təvəqqə eləyirəm ki, zəhmət olmazsa, «İrşad»ın 65-ci nömrəsini zəhmət olmasa, bir də ələ alıb və zəhmət olmasa «felyeton» qismində Şamaxı deputatı Nəcəf Yəhya oğlunun yazdığı sözləri bir də oxusunlar və zəhmət olmasa o sözlərin bu yerlərinə diqqət yetirsinlər ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlu deyir:

«Fovqdə məzkur məqalə məxsusunda səhvinizi etiraf edib, cəmi islam tərəfindən əfv olunacağınızı istəsəniz məqaləni eyni ilə hərf-bəhərf qəzetəyə dərc edərsiniz».

Və təvəqqe eləyirəm ki, bu sözləri oxuduqdan sonra zəhmət olmasa, Yəhya oğlu Nəcəfdən soruşsunlar ki, o söylədiyi «cəmi islam» kimdən ibarətdir. Əgər cavab versə ki, «cəmi islam» onun özü Yəhya oğlu Nəcəfdən və bir də onun havadarlarından ibarətdir, onda onunla heç bir işləri olmasın, çünki o surətdə «fəziləti-axund məlum şöd» olur. Yox, işdir, birdən curət edib desə ki: «Cəmi islam» elə cəmi aləmi-islamdan ibarətdir, o surətdə zəhmət olmasa, onun qulağına yetirsinlər ki, fərəğat oturub bəzi, yəni biz aləmi-islam üzvlərinin ələ dolamasın və aləmi-islamı özünə qalxan qayırıb, haqq sözlərin oxunun qabağına verməsin və zəhmət olmasa, bunu da o kişiyə yetirsinlər ki, Şamaxıya deputat olmaq ilə aləmi-islama deputat olmağın arasında zəminü asiman təfavüt var. Bunu bilsin və bilib də təklifini başa düşsün.

 

* * *

Amma mən heç başa düşə bilmirəm ki, bu «Molla Nəsrəddinin» o şəkil çəkənləri bu adamların şəklin neçə çəkir ki, lap özlərinə oxşadır. Əqlim kəsir ki, bu «vergi»-dir, yoxsa- «vergi» olmasa adamın ağzı nədir ki, o cürə şəkil çəksin. Dünən mən günortadan axşama kimi oturub, istəyirdim ki, bir şəkil çəkim; məsələn, istəyirdim bu cürə bir şəkil çəkim ki, məsələn, fərz eləyək ki, bu gün söz gəlişi bir neçə müsəlman bir yerə yığılıb bir məçlis açırlar və o məçlis üçün bir nizamnamə qayırıb öz dəst-xətlərilə yazırlar ki, bəli, əgər bu məclisin üzvü öz üzvlük haqqını verməyib vaxtını keçirsə, üzvlükdən məhrum olar və ondan sonra istəyirdim çəkim ki, məsələn, bu məclisin həmin o üzvləri öz üzvlük haqlarını verməyib, elə bir uçdan vaxtı keçirirlər və sədri-məclis də istəyir ki, bunları bir yerə yığıb, nizamnaməni bunlara oxusun, amma mümkün olmayır, çünki üzvlər yığılmır; və axırda bunu da istəyirdim çəkim ki, məsələn, sədri-məclis baxır görür ki, məclisin sandığında bir qara köpük yox və məclisin işi də xarabdır, ona görə gətirib kağız yazıb hər üzvdən üzvlük haqqını tələb edir və lap axırda bunu da çəkəcək idim ki, həmin üzvlər sədrin bu kağızından bərk inciyib yığılırlar onun başına və hər tərəfdən məzəmmət eləyib deyirlər ki: Əşi, ayıb deyilmi? Bu nədir bizim üstümüzə «mənsil» qoyursan, oğru deyilik, quldur deyilik, bir-iki manat verəcəyik, nə təfavütü var—o da bizimdir, bu da bizimdir; sandıqda olmasın, bizim cibimizdə olsun, nə təfavütü var? Sədri-məclis deyir ki: Ala, balam, bu nizamnaməni yazan siz özünüz olubsunuz dayna, ta nəyə acığınız tutur; onlar da cavab verirlər ki, qoy oturaq sən allah, rəhmətlik oğlu, elə bir o qalmışdı ki, gəlib boğazımıza çökəsən. Qərəz, bu cürə bir şəkil çəkmək istəyirdim, amma ha çalışdım, vuruşdum, gördüm heç zad çıxmayır...

Necə ki, elə müsəlman məclislərinin özlərindən də heç zad çıxmayır.


1.Çar hökuməti kolonizasiya məqsədi ilə Rusiya əhalisinin bir hissəsini orta Rusiyadan Qafqaza güclü köçürtmək siyasətini aparırdı. Müəllif bu mühüm məsələyə öz münasibətini açıqdan-açığa bildirir və padşahlıq, monastır, mülkədarların əlində olan yerlərin onlardan alıb kəndlilərə vermək məsələsini inadla irəli sürür. «Köçürtmək məsələsi» sərlövhəli məqalə «İrşad» qəzetinin 1907-ci il 10 aprel tarixli 65-ci nömrəsinin 3-cü səhifəsində «Ü» imzası ilə dərc olunmuşdur.
2.Əhməd bəy Ağayev — Azərbaycan xalqına xain çıxmış, burjua əqidəli ictimai xadim, 1905—1908-ci illərdə «İrşad», 1908—1909cu illərdə isə «Tərəqqi» qəzetlərinin redaktoru idi.
3. Günün cari məslələrinə həsr edilmiş bu felyeton «İrşad» qəzetinin 1907-ci il 12 aprel tarixli 67-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc: olunmuşdur. Burası maraqlıdır ki, sonuncu məsələnin—könüllü cəmiyyət qurub onun nizamnaməsinə riayət etməyənlərin pozğun işləri—mövzusu «Molla Nəsrəddin» curnalından götürülmüşdür. Bu Uzeyir Hacıbəyovun jurnalı müntəzəm oxduğunu, onun istiqamətilə hərəkət etdiyini və onunla həmrəy olduğunu bir daha sübut edir.



 
   © Musigi Dunyasi, 2005