Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 



İndiyə qədər iki böyük dövlətin əlində heysiyyət və mənfəət qazanılması üçün mənbəyi-rəqabət olan İran, indi dəxi üçüncü bir rəqibin təməh oxuna nişanə olacaqdır.

Bu rəqib, Avropa arasında «Sultan Həmid dostu və aləmi-islam hamisi» adilə, amma durbin və əql sahibi olan islam övladı nəzərində «Osmanlı evyıxanı» və «aləmi-islam düşməni» ismilə məşhur olan Almaniya, yaxud Germaniya dövlətidir.

İki əvvəlinci rəqiblərdən ibarət olan Rusiya və ingilis istibdad giriftarı olan İrandan istifadə edirdilərsə də, bu üçüncü rəqib—Almaniya məşrutiyyət və vəkaləti-milliyyəyə nail olmuş İrandan nəfbərdar olmaq istəyir.

İki əvvəlincilərin təməhi nə qədər hədsiz olsa idi də bir o qədər təsəllibəxş idi. Çünki getdikcə xalqın göz açıb oyanmasına səbəb olardı və çox ola bilsin ki, oldu da; amma bu üçüncü rəqibin zühuru hələ ki, heç bir təsəlli verməyir.

Almaniya, ingilis qəzetələrinin yazdığına görə, İran ticarət bazarlarında şayani-əhəmiyyət bir mövqe işğal etmək üçün qəti təşəbbüsatda bulunmağa başlamışdır.

Belə ki, Almaniya «Orient bank»ı2 Tehranda və Təbrizdə özünə şöbələr açmaq üçün İrana xüsusi bir nümayəndə göndəribdir. Alman bankının burada məqsədi ondan ibarətdir ki, İran hökumətindən (Osmanlıdan aldığı kimi) müxtəlif imtiyaz (konsessiya)lar alıb, İran «Bank-milli»silə müahidələr bağlasın və hamısından ümdə budur ki, iki dəmiryol inşası üçün imtiyaz alsın ki, bunlardan biri Osmanlı sərhəddinə və digəri isə Xəlici-farsda olan alman (port) bəndərinə çəkilsin. Bu axırıncı mövqe Bağ-dad dəmir yolunun dəxi intihasıdır.

«Slovo» qəzetəsinin3 yazdığına görə, alman qəzetələri açdıqca izhar edirlər ki, almanın bu təşəbbüsatı-tüccariyyəsinin ümdə səbəbi ingilis politikasına qarşı müxalifət göstərməkdən ibarətdir. Əgər ingilis nüfuzu artıq olub və alman bankı İran «Bakı milli»silə mətin bir etilaf düzəldə bilməsə, o surətdə Tehranda xüsusi və müstəqil bir şöbə açıb öz nüfuzunu İranda ümdə tiçarət mövqelərində intişara başlayacaqdır.

Bununla bərabər, səy olunaçaqdır ki, İranda, alman ticarət paraxodstva (seyrisəfain)sı dəxi getdikcə artsın. Bunun üçün alman paraxodları yük filan daşımaqda ingilis paraxodlarına nisbətən az qiymət alacaqdır.

Alman qəzetələrinin söylədiyinə görə, alman «Orient bankı» bərk ümiddədir ki, hökumət dəxi o xüsusda ona lazımı köməklər edib böyük bir tərəfdar olacaqdır. Çünki alman hökumətinin İrana dair nəzəri budur ki, «İran iranlılardan ötrüdür». Yəni alman hökuməti Rusiya ilə ingilisin İranda politika işlətməsinə razı olmayıb bu arzulardadır ki, onlara orada bir badalaq vura bilsin, ona görə öz bankına kömək edəcəkdir ki, ingilis və rus nüfuzlarını İranda azaltsın.

Bizim əqidəmizcə «İran iranlılardan ötrüdür» deməkdə Almaniya hökumətinin məqsədi İranın hər bir cəhətcə tamamiyyətini gözləmək deyil, bəlkə, bu tərazın əsasi rus və ingilislərə qarşı həsəd və paxıllıqdır. Hər halda, rus və ingilis məhafili-tüccariyyələri Almaniyanın bu təşəbbüsünə görə böyük əndişələrə düşübdürlər; Almaniya isə onlara təsəlli verir, yəni ruslara deyir ki: Artıq əndişə etməyin, mənim bu politikam büsbütün, ingilis nüfuzuna qarşı ittixaz olunubdur; ingilisləri isə bununla arxayın etmək istəyir ki, bəli, qorxmayın mən sizin İranda olan nüfuz və mənafeyinizə toxunmaram, ancaq öz ticarətimin tərəqqisinə çalışıram.

Lakin nə rus və nə ingilis məhafili-tüccariyyəsi təsəlliyab olmaq istəməyirlər. Çünki şübhəsizdir ki, alman politikası onların hər ikisinin İranda olan nüfuz və mə-nafelərini xələldar edəcəkdir.

İran məçlisi-məbusanı Almaniyanın bu politikasına böyük bir əhəmiyyət nəzərilə baxıb, ehtiyatda bulunmalıdır və bunu dəxi unutmamalıdır ki, ingilisin alman dövləti başına min cürə kələklər açmasına səbəb həmin bu Almaniya və sultanın Almaniyaya hüsni-təvəccöhi oldu. Söz yoxdur ki, ingilis və demək olar ki, Rusiya dövləti bu yeni rəqib qabağında geri çəkilib, (pəs) deyəcək qədər ürəksiz deyildirlər; ona binaən bu üçünün arasında şiddətli bir rəqabət törəyəcəyi şübhəsizdir. Burada, mənim zənnimcə, İranın, yəni İran məclisinin təklifi, bu rəqiblərin heç birinə nə hüsni-təvəccöh, nə ədəmi-iltifat göstərməyib rəqabətlərindən bacarıb, vardıqca nəfbərdar olmaqdır, vəssalam!

   


 

Üçüncü dəllək4

Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəgər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma «adikalon-madekalon» bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk «ətir» iyi gələr ki, ona «quyruq ya-ğı» deyirlər.

Eləsi var ki, məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəçür içi su ilə dolu «adekolon» şişələri olar, güzgüsü də adamı «xortdan»a oxşadır.

Eləsi də var ki, (yox, qoyun bunu ayrı cürə deyim): Əzizim oxucu, əqlində bir adam fərz elə, qoy bu adamın bir ayağında qaloş olsun, bir ayağında başmaq, əynində çuxası olmasın, onun əvəzində tək bircə arxalıq olsun ki, onun parçasını və rəngini tanımaq üçün gərək əlinə bir pıçaq alıb dörd gün çirkini qazıyasan. Belində bir qayış olsun və qayışın ucu da böyürdən sallansın, çiynində bir məhrəba asılsın və o məhrəba da gərək qab dəsmalına oxşasın. Belindəki qayışa ülgüç formunda iti bir pıçaq sancılsın və o pıçaq ilə də qarpız kəsildiyi məlum olsun; onda bu adam olar həmin mən dediyim dəllək.

Bu dəlləklərin dükanı olmaz, bunlar günlərini elə bazarda keçirərlər və özləri də həmişə kəndli-məndliləri qırxarlar, onda çox fənd eləyirlər; məsələn, görürsən ki, bir kəndli yayın isti günü bazara meyvə gətirib satıblar və özü də aşbazdan iki şiş lüləkabab alıb günorta üstü bir sərin yerə çəkilib dürməkləyir və öz-özünə də fikr elə-yir ki, görəsən baqqal onu allatmadı ki, evdə arvad nə tapşırmışdı və sairə. Bu vaxt kəndli hiss elər ki, başı gicişir, əlini atar ki, qaşısın—bir adam deyir ki: «Yavaş, tərpənmə, ülgüc başını kəsər». Kəndçi dik ayaq üstə sıçrar və görər ki nə? Həmin bayaq yazdığım dəllək onun başını bir xeylaq qırxıbdır və özü də məzəmmət eləyir ki, əşi, uşaq-nəvalıq deyilsən ki, düz otura bilməzsən. Otur, tərpəndin, ülgüc də bir az başını cızdı... Sonra bilməyirəm bunların sövdası necə olar, ancaq onu bilirəm ki, kəndli evinə qayıdan zaman başını iki dəsmal ilə bağlamış qayıdar.

Bu söhbəti salmaqdan məqsədim o idi ki, bunu deyim ki, görəsən bu Yevropa hökumətləri ki, belə gəlib müsəlman hökumətlərinin dinməzcə başlarını qırxırlar ki, heç kəs də onlara bir söz deməyir. Qarabağın hansı dəlləklərinə oxşayırlar? Mənim əqlim kəsir ki, bizim bu bazar dəlləklərinə çox oxşayırlar. Nə üçün?

Ondan ötrü ki, məsələn, indi, götürək bu gün İranı, hamınıza məlumdur ki, indiyə kimi İranın başını iki nəfər «dəllək» qırxmaqdadır ki, onlardan birisi ingilis:, o birisin də ki (qoy yavaş deyim eşitməsin!) özünüz tanıyırsınız.

İndi də demirsinizmi ki, bu yandan üçüncü «dəllək» çıxıbdır. Budur ki, neçə ildən bəridir ki, Osmanlının başını qırxan və çox vaxt da «bilməyib» qulağını kəsən. Germaniyadır. Deyir indi də İranın başını mən də qırxacağam! O birilərə deyir: Ay balam, axı neçə ildir ki, elə hazır bu kişinin başını podrata götürməmisiniz ha, mən də qırxacağam!

Qərəz, mən onu deyirəm ki, İran görsün başına bir təhər çəkə bilərmi, yoxsa, bir də görərsən ki, dördüncü «dəllək» çıxdı; onda bir gün olar ki, İranı da Fas5sultanının gününə salıb «kiliz» qoyarlar.


1. Yaxın Şərqdə, xüsusilə İranda, çar Rusiyası, Almaniya və İngiltərə hökumətləri arasındakı ziddiyyəti işıqlandıran «Üçüncü rəqib» sərlövhəli məqalə «İrşad» qəzetinin 1907-ci il 5 aprel tarixli 61-ci nömrəsində «Üzeyir» imzası ilə dərc olunmuşdur.
2. «Oriyent bank»—yəni «Şərqi bank»—Yaxın Şərqdə Almaniya imperializminin «maliyə dayağı».
3. «Slovo» gündəlik qəzet idi, 1903—1909-cu illərdə Peterburqda nəşr olunurdu.
4. «Üçüncü dəllək» sərlövhəli felyeton «İrşad» qəzetinin 1907-ci il 5 aprel tarixli 61-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə çap edilmişdir. Felyeton «Üçüncu rəqib» adlı yazının davamıdır və İranın üç dövlət (Rusiya, İngiltərə və Almaniya) arasında istismar edilməsi məsələsinə həsr edilmişdir.
5. Fas—indiki Mərakeşdir; İspaniya—Mərakeş münaqişəsinə işarədir.



 

 
   © Musigi Dunyasi, 2005