Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


Bəli qaranlıqlaşır. Rusiyanın bu yaxın gələcəyi müşahidə ediləcək dərəcə qaranlıqlaşır və onunla belə həqiqi bir nuraniyyətə çıxmaq ümidi yavaş-yavaş azalır. Yağa möhtac olan çırağ, adi su ilə nurəfşan olmayan kimi, Rusiya məmləkəti dəxi bu ikinci duma2 vasitəsilə nuri-hüzur və asayış kəsb edəməyir. ?

Qabaqda böyük bir hərc-mərc zülməti pişəzvəqt hiss olunmaqdadır. ?

Demək olar ki, «Russkie vedomosti» qəzetəsinin3 müdiri olan məşhur ədib Yullusun4 bu günlərdə vüqu bulan qətli gələcək zülmətxanəyə düxul üçün bir qapı mənziləsində olacaqdır. ?

Vaqiən, nümayəndələri və pişrovləri Dövlət dumasının sağ tərəf üzvlərindən Korşivan5 və Pruşkeviç155 olan «əsil rus adamlarının» Rusiyada sakin sair millətlər ilə bərabər, rus hökumətinin ziddinə gedən rus camaatına bilümum və yəhudi tayfasına qarşı bilxüsus, göstərməkdə olduqları hiddət və nifrət indi ən açıq və ələni bir surətdə izhar olunmaqdadır. Föhş və söyüş hesab olunduğuna görə, mətbuat səhifələrinə keçməsi nalayiq olan «jid»— yəni cuhud kəlməsi əsil rus qəzetələrinin səhifələrində dolu olub, hər yerdə açıq və nifrətlə yad olunur. ?

«Əsil rus» pişrovlərinin əvam və cahil və bununla belə, özgə malına son mərtəbə həris olan peyrovləri yəhudilər xüsusunda olan bu həqarətamiz məzəmmət və töhmətləri eşidir, onlara qarşı nifrətlərini daha artırır və onları tələf etmək fikri-divanələrini bir tez zamanda felə gətirməyə hirslərini daha bir qat yuxarı qalxızırlar. ?

Yəhudi nəslindən olan Yullus kimi millət mücahidlərinin qətli, onları çüzi qədər də məhçub etməyib, bəlkə qəlblərində olan yırtıcılıq hissini daha artıq oyadır. ?

Həmən «əsil rus»lar partiyasının mürəvvii-əfkarı olan «Russkoe znamya»6 qəzetəsinin yuxarısında bu günlərdə səbt edilmiş olan qara xaç nişanı və müdirinin bu-na dair verdikləri kinayəli cavablar, hər kəsi bu zənnə vadar edir ki, bu nişan qırğın və qətal əlamətidir. ?

Hökumət isə, görünür özünə söz veribdir ki, var qüvvətilə dumaya müqavimət edib, onu ya özünə, öz əməllərinə alət etsin, ya ki, işi o yerə çatdırsın ki, qovub, dağıtmağa bir bəhanə yeri qalsın... ?

Lakin biz əvvəldə də demişik ki, hökumət dumanı qovmaqda heç bir şey ummaz, ancaq bilaxərə vüqu bulacaq bir hadiseyi-əzimənin yovmi-vüquini təxir və təviqə salar. ?

Qoy indi Rusiyanın əhvalı qaranlıqlaşsın. Axırda böyük bir işığa münqəlib olacağı şübhəsizdir.

 
   

 

ORDAN BURDAN 7

 

Çoxluq8

Birisi yazıb, bizdən sual eyləyir və deyir ki: hamıya məlumdur ki, Bakı camaatı, məsələn, bu gün qoç döyüşdürməkdə, məsələn, bu gün xoruz vuruşdurmaqda, məsələn, bu gün dəvə üləşdirməkdə hamıdan mahir olub, bu cürə gün keçirməkdən ləzzətli bir şey bilmirəm.

Aya, indi nə olubdur ki, Bakı camaatı hökumət ilə dumanın döyülməyinə heç bir məhəlgüzar olmayıb, vəkil də göndərməyirlər.

Bu suala biz bu çürə cavab veririk: Əfəndim, çox da yaxşı eləyirlər və əllərinin içindən gəlir. Çünki özünüzə məlumdur ki, keçən il dumanın müsəlman üzvləri az idi və ona görə də, heç bir firqəyə-mirqəyə bölünməyib dinməzcə oturmuşdular. Amma bu il dumada müsəlman üzvləri özlərini çox görüb bir-birindən ürkübdürlər və ürkdüklərinə görə də ayrılıb iki firqə olubdular.

Bundan belə məlum olur ki, əgər Bakıdan dumaya üzv getsə idi, lap çox olub, lap ürkərdilər və lap ürkdüklərinə görə də, olsun ki, üç-dörd firqəyə bölünüb nahaq yerə aralığı pozardılar.

Məxfi qalmasın ki, burada çoxluq barəsində yadıma bir məsəl düşdü. Amma heyf ki, onu qəzetədə yazmaq bir az eyibdir.

   


S i ç a n — Atakişi əmi, taxılın cücərmədi?

Çigirtgə — Atakişi əmi, taxılın gögərmədi?

D o l u — Atakişi əmi, taxılın sünbüllənmədi?

Örmiçək Hacımuradxan—Atakişi əmi, taxılını döyməyirsən?

Bəy — Atakişi əmitaxılın çuvala yığılmadı?

Strajnik — Atakişi əmi, xurçunlarım hazırdır, taxıl necə oldu?

Atakişi əminin uşaqları—Dədə, bəs təzə taxıldan ha vaxt çörək bişirəcəyik?

Atakişi əminin qarnı — Qurr!.. A kişi, açından öldüm!

Atakişi əmi (acıqlı) — Qarnım! Barı sən, sənsə dinmə, yoxsa, quran mənə qənim olsun ki, soxaram xəncəri, tökərəm bağırsaqlarını çölə indi ya!!

Yazıq Atakişi əmi — Bir məsəl var, deyərlər ki: «On iki qurda bir boz eşşək nə eləsin?».

 

Kənd məktəbində

 

- 2 -

M ü ə l l i m (şagirdə)—Atan var?

Ş a g i r d — Var.

Muəllim — Anan var?

Ş a g i r d — Var!

Müəllim — Neçə qardaşsınız?

Ş a gi r d — Üç!

Müəllim — Neçə bacın var?

Ş a g i r d — Beş.

Müəllim — İndi, hesab elə gör sizin kilfətdə neçə adam var?

Şagird (bir qədər fikirdən sonra)—Mirzə, on bir adam var.

Müəllim — Neçin on bir olsun? Bu ki, on eylər?

Ş a g i r d (utana-utana)—Mirzə, axı dədəmin iki arvadı var....


1. «Qaranlıqlaşır» sərlövhəli məqalə «İrşad» qəzetinin 1907-ci il 25 mart tarixli 52-ci nömrəsinin 2-ci səhifəsində «Üzeyir» imzası ilə çap olunmuşdur. Məqalənin inadla deyilmiş son cümləsi—«Qoy indi Rusiyanın əhvalı qaranlıqlaşsın. Axırda böyük bir işığa münçəlib olacağı şübhəsizdir»—müəllifin inqilab olacağına möhkəm inandığını göstərir.
2.İkinci Dövlət duması 1907-ci il fevralın 20-dən həmin il iyulun 2-nədək işini davam etdirmiş, sonradan çar hökuməti tərəfindən qovulmuşdur.
3. «Russkiye vedomosti» qəzeti 1863—1918--ci illərdə Moskvada nəşr olunurdu. Qəzet liberal-mülkədar və burjuaziya ünsürlərinin siyasi və iqtisadi görüşlərini əks etdirirdi, 1905-ci ildən sağ kadetlərin orqanı olmuşdur.
4.Yullus—«Russkiye vedomosti» qəzetinin redaktoru; onun xainanə qətli ilə əlaqədar olaraq Rusiyada yəhudilərə qarşı, biyabırçı qırğın və vəhşi «tədbirlər» tətbiq olunmuşdur.
5. Korşivan P. A. (1860—1909)—çar Rusiyasında ən sağ firqəyə mənsub olub, Bessarabiya quberniyasının Kişinyov şəhərindən ikinci Dövlət dumasına deputat seçilmişdir. «Bessarabiya» adlı qaragüruhçu qəzetinin naşiri, «Druq» adlı qəzetin isə redaktoru; Kişinyovda yəhudi qırğınının təşkilatçılarından biri idi.
6. Pruşkeviç Vladimir Mitrofanoviç (1870—1920)—«böyük mülkədar, qəddar mürtəce, qaragüruhçu; Bessarabiya quberniyasından II, III, və IV Dövlət dumalarına secilmiş deputat; 1905—1907-ci illərdə Rusiyada qaragüruhçu təşkilatların yaradıcılarından biri idi. Qriqoriy Rasputinin qətlində bilavasitə iştirak etmişdi. Sovet İttifaqına qarşı xarici hərbi intervensiya zamanı daxili əksinqilabın ən fəal təşkilatçılarından biri idi.
7. «Russkoye znamya»—1905—1916-cı illərdə Peterburqda nəşr olunan gündəlik qəzet, qaragüruhçu «Soyuz russkoqo naroda» partiyasının orqanı idi.
8. «Çoxluq» sərlövhəli yazı, «Qafqazda müsəlman kəndlisinin halı» və «Kənd məktəbində» sərlövhəli səhnəciklər «İrşad» qəzetinin 1907-ci il 28 mart tarixli 54-cü nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir. Səhnəciklər müəllifin yaradıcılıq məharətinin gündən günə inkişaf etdiyini, dramaturgiyada sadə üsullar axtarıb tapdığını aydın sübut edir.

 

 
   © Musigi Dunyasi, 2005