Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Müsəlmanlarda bir məsəl var, deyirlər ki: «Ağac bar gətirdikcə başını aşağı dutar». Amma, bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların «ağacları» bar gətirdikcə başlarını yuxarı dutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı duturlar ki, qapaz vurana «rahət» olsun.

 

 

* * *

Yenə müsəlmanlarda bir məsəl var ki: «Yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər», amma bainhəmə müsəlmanlarda bir qayda da vardır, yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.

 

 

* * *

Yenə müsəlmanlarda bir məsəl var ki: «Əl əli yuyar, əl də üzü», amma bainhəmə müsəlmanlarda bir qayda vardır. Əl əli sındırar, əl üzün, gözün tökər.

 

 

* * *

Yenə müsəlmanlarda bir məsəl var ki: «Əyri otur düz danış», amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, həmişə düz və diz üstə oturub, əyri-müyri sözlər danışırlar.

 

 

* * *

Yenə müsəlmanlarda bir məsəl var ki... Müsəlmanlarda məsəl çoxdur, amma, nə eləmək, əməl azdır və bir yerdə ki, məsəl çox ola və əməl az ola, o yerin işi.... sözün doğrusu çox uzundur.

 

 

 

Suallar və suallara da cavablar3



S.—Dünyada hamıdan çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir?

C.—Rusiyanın baş vəziri Stolıpin və onun yoldaşlarıdır. Çünki bunların bütün əlləşib-vuruşduqları odur ki, millət onların işinə qarışmayıb, azadə dolanıb, bil-diklərini eləməyə xələl yetirməsinlər.

 

 

* * *


S.—Dünyada hamıdan az dərd çəkən adamlar kimdir?

C.—Zəngəzur acları, çünki onların hər biri bir millətin qeydinə qalıb, bir dərd çəkirlər. Amma, məsəlaən, Bakı milyonerləri milyon manatın qeydinə qalıb, milyon dərd çəkirlər.

 

 

* * *

S.—Dünyada İran məmləkətlərinin ən yavuq xeyirxahları kimdir?

C.—İran xanları və hakimləri. Çünki bunlar çox yaxşı bilirdilər ki, İran həmişəki halında qaldığı vaxt kafir əcnəbilər gəlib onların vətənini istila edəcəkdirlər, ona görə, bunlar da səy eləyirdilər ki, vətəni kafir əlinə verməkdənsə, eylə hazır özləricə soyub, dağıdıb kafirləri «damaq» qoysunlar.

 

 

* * *

S.—Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu eləyən kim idi?

C.—Pobedonossev38 adında bir urus idi, amma nə fayda ki, kişi, çanınıza sağlıq, bir neçə gün bundan irəli sağ-salamat durduğu yerdə vəfat elədi... Çünki bu kişi elə bilirdi ki, dünyada hamıdan yaxşı adam urusdur. Ona görə sair tayfaları də urus edib, «yaxşı adam» olmaqlarına çalışırdı.


 

* * *

S. —Dünyada Rus hökumətinin lap bərk dostu kimdir?

C.—Dövlət dumasının «sol» firqələri, çunki bunlar əvvəldən indiyə kimi hökumət əhlinə deyirlər ki; Ay balam ta, siz yorulubsınız, az iş görün, çıxın, gəlin oturun bir yerdə, qoyun qalan işləri də biz özümüz görərik.

 

 

* * *

S. —Nə vaxt adam öz evində qonaq kimi olur?

C. —Evini qaradavoylar «obısk» eləyəndə!

 


1.Azərbaycan xalqının mənəvi zənginliyini bildirən, lakin işdə təsadüf edilən əməlsizliklərə heyfslənən bu felyeton «İrşad»ın 1907-ci il 14 mart tarixli 44-cü nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir, felyetonda verilən məsələlərin hamısı Azərbaycan xalqı arasında geniş yayılmışdır.
2. Tənqidi şəkildə yazılmış «Suallar və suallara da cavablar» sərlövhəli felyeton «İrşad»ın 1907-ci il 15 mart tarixli 45-ci nömrəsinin 3—4-cü səhifələrində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir. Felyeton cüzi ixtisarla verilir.
3. Pobedonostsev Konstantin Petroviç (1827—1907) çar Rusiyasının dövlət xadimi, qəddar irticaçı, qaragüruhçu, çarizmin fanatik tərəfdarı idi. 1880—1905-ci illərdə Sinodun (provoslav ruhanilərinin ali orqanıdır) oberprokuror vəzifəsində çalışmışdır.

 

 

 

 
   © Musigi Dunyasi, 2005