Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Belə rəvayət eləyirlər ki, stolıpinlər və sair ministirlər birinci dumanı dağıtdıqlarına görə çox böyük peşiman olub, əllərini dizlərinə çırpırlar və hərdən deyirlər: vay, fələk, evin yıxılsın, bu nə pis iş idi ki, bizim başımıza gətirdin! Fələk də deyir ki, balam, mən nə qayırım, əvvəlinci dumanı dağıdan da siz oldunuz, ikinci du-manı yığan da. Ministirlər də başlarını aşağı salıb, qəm və kədər ilə deyirlər: axı, biz nə bilirdik ki, ikinci duma belə yaman olacaq. Fələk də cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz...Da fələyin o biri sözlərini hələ eşitmək mümkün deyil; çünki burada «hürriyyəti-mətbuat»ın axır-uxurudur.

 

* * *

Axır-uxur dedim, yadıma dünyanın axırı düşdü.

Bəli, İtaliya münəccimlərinin deməyinə görə 5—6 gündən sonra qiyamət bərpa olacaqdır. Ancaq bu xəbər doğru da olsa, heç bundan qorxmaq lazım deyil. Çünki bizim ölümdən qormağımız o səbəbdəndir ki, biz hamımız xudpəsənd və paxıl adamlarıq. Deyirik: heç rəvadırmı ki, mən ölüm, amma Məmmədcəfər yaşasın.

Amma qiyamət bərpa olsa, ta Məmmədcəfər də diri qalmaz və biz hamımız yoldaşlıq ilə ölərik. O ki, qaldı bizim iş-gücümüzə, nə var: onları o dünyada da görmək olar. Çünki bizim işlərimizə baxılsa, bizdən ötrü o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Ələlxüsus hökumət üçün o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Odur ki, indi işlərini heç əldən buraxmayıb, yenə asdırmaqda, kəsdirməkdə, aramaqda, axtarmaqdadır.

Məsələn, srağa gün Bakı hökumətinin könlünə adam axtarmaq həvəsi düşmüşdü. Bilmirdi ki, hara getsin və kimi axtarsın.

Fikir elədi, elədi, axırda alnına vurub dedi: Hə, bildim! Və yola düşüb getdi və gəlib «İslamiyyə» mehmanxanasına yetişdi və xalqı axtarmağa başladı və mən də orada idim, məni də axtardı və xalqa çox əziyyət verdi və axtarmamış yer qoymadı və xalqın yorğandöşəyini eşələyib, az qaldı ki, balışların və mütəkkələrin bağırsaqlarını çıxarsın və heç nə tapmadı. Ona görə bərk acığı tutdu və istədi ki, mehmanxananın çəngəl-bıçaqlarını aparsın. Amma çəngəl-bıçaq ilə xörək yeyildiyinə görə və xörək yeməkdə də xilafi-hökuməti bir şey olmadığına görə əliboş getməkdən savayı bir əlac tapmadılar.

İndi bilmirəm, Bakıda «İslamiyyə» mehmanxanasını axtarmaqda hökumətin fikri nə imiş, yoxsa belə güman eləyir ki, «İslamiyyə» panislamizm sözündən çıxıbdır.  

   

Bəşəriyyətin tarixinə, tarixi-tərəqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür.

Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kəmalə malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə münazzəm və qəvi bir şəklə girdi.

Ən əvvəl, hökumətin ixtiyaratı bir o qədər geniş olmayıb, millətin hər bir xüsusda və hər bir surətdə işə iştirak etməsilə məhdud idi. O vaxtlar hökumətə, özgə nəzərilə dəxi baxılırdı. Hökumət dəxi öz vəzifəsini özgə çürə anlayırdı. Millət hökuməti öz arasında vaqe olan mübarizat və mücadilati-daxiliyyəni rəf edə bilən bir hökm və xarici düşmənlərin hücumunu dəf etməyə borclu olan bir gözətçidir. Ümuri-idarəyə qalırsa bu babdə də hökumət millətə, nəinki millət hökumətə köməkçi idi.

Lakin sonralarda müruri-zaman ilə hökumətin əvvəlki şəkli təğyir tapıb, millət getdikcə hökümətə hər bir işlərdə hazır olmağa məcbur oldu. Hökumət də millət üstündə hökmfərma olmağa başlayıb, bir zaman yetişdi ki, milləti özünə qul və nökər edib, özü də hakimi-mütləq olsun və getdikcə, iş o yerə çatdı ki, hökumət öz əvvəlki hakimlik və gözətçi və pasbanlıq vəzifəsini tamam yaddan çıxardıb, öz millətini təzyiqə başladı. Və bundan naşi olaraq, millətin öz işində cürbəcür siniflər, silklər və ayrılıqlar törənib, hamısı hökumət əlində müztər qaldılar. Orta əsrdə hökumət mütləqiyyəti və milləti übudiyyəti son dərəcələrədək varib, hər bir yerdə hökm sürmək və hökmə tabe olmaq qanuni bərpa oldu. Tərəqqi və təkamüldən layiqincə bərpa olan millətlər indi haman qanuna tabe olub yaşamaqdadırlar.

Əgər ülum və fünunca tərəqqi olmasaydı, allah elə bilir ki, millətlərin hökümət əlində halı necə ola bilərdi? Lakin milləti hökumət mütləqiyətindən xilas edən tərəqqi və təkamül oldu. Bunların bərəkəti sayəsində millət ağıl və kamal qazanıb, məişətin gözəl yollarını tanıdı və tanıyıb da ən əvvəl özünü hökumət çənkalından qurtarmağa səy etdi.

Tərəqqi və təkamülün parlaq bir dövrünə çatmış olan Yevropa millətləri hökumət ilə millət mübarizəsindən ibarət olan «inqilab»ın ibtidasını qoydular və mübarizələrdə qanlar töküb və çanlar fəda etməklə, mütləqiyyətə qalib oldular. Və hökumətin ixtiyaratını məhdud edib, ümuri-idareyi məmləkətdə onu özlərinə köməkçi etmədilərsə də fəqət özləri ona köməkçi, həm də nazir oldular.

Əlan bizim bu Rusiyada vaqe olan inqilab dəxi rus milləti və rus hökuməti arasında iki min ildən bəri davam edən münasibatın üçüncü və axırıncı dövrüdür ki, burada millətin qalib olacağı şübhəsizdir.

 


1.İki məsələyə, o cümlədən Üzeyir Hacıbəyovun yaşadığı «İsmayiliyyə» mehmanxanasında polis tərəfindən axtarış aparılmasına həsr edilmiş bu felyeton «İrşad» qəzetinin 1907--ci il 8 mart tarixli 41--ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə çap edilmişdir. Felyeton ixtisar edilmişdir.
2.Millətin, yəni zəhmətkeş xalqın mütləqiyyətlə mübarizədə qalib gələcəyinə həsr olunmuş «Hökumət və millət» sərlövhəli məqalə «İrşad» qəzetinin 1907-ci il 14 mart tarixli 44-cü nömrəsinin 2--ci səhifəsində «Üzeyir» imzası ilə dərc edilmişdir.

 

 

 

 
   © Musigi Dunyasi, 2005