Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Dunənki məqaləmizdə əxtar surətində ərz olundu ki, biz öz milliyətimizi baqi saxlamaq, istiqbalımızı təmin etmək uçun var qüvvəmizi elm maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərkəsinə girməklə özumüzu mədəniyyətlilərin hər bir növ təcavuzatından musəvvən saxlaya bilək.

Hal-hazırda bizim maarif işimiz ümumiyyətlə fəna bir haldadır. Realni, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi başqalara nisbətən çox azdır. Halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsuzluğudur. Şəhər-lərimizdə bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə bunlarda da baxusus kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəblərinin, baxusus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur, desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda verməyir. O curə məktəbləri kamal etmiş uşaqlar əksər halda realni, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmayırlar. Və bir də bu məktəblər heç bir yol ilə əhalini rəqbətləndirə bilməyirlər. Biləkis çox vaxt muxtəlif səbəblərə görə əhali o məktəbələrdən ikrah olunur. O ki, qaldı milli məktəblərimizə. Əvvəla, onların ədədləri çox azdır. Və saniyən bu məktəblər dəxi iqtizaati-zəmanəyə müvafiq bir halda deyildirlər. Kəndlərdəki milli məktəblə-rimizin vəzifəsi əvvəla, ana dilini uşaqlara mumkün qədər mükəmməl surətdə öyrətməklə bərabər, rus dilini dəxi ona təlim etdirməkdir. Bundan məqsod: əvvola, rus dili bilməməklik kəndistan əhalimiz üçun böyük bir müsibətdir. Dil bilməməklik ucundan binəva kəndli rəhmsiz və mürüvvətsiz dilmançların hədəfi-təməi olub varından-yoxundan keçir. Bundan başqa, həmin vicdansız dilmanclar, mirzələr pul gücülə tərəfirlik edib yalandan tərcümə etməklə günahsız kəndlinin hayasız tənbih və cəzalarına səbəb olurlar. Onlardan başqa, kəndli yenə dil bilməmək ucundan başqa zillətlərə də düçar olur ki, onların tovzihi başqa bir məqaləyə möhtacdır. Və saniyən milli məktəbi ikmal etmiş kənd balaları şəhərdə realni və gimnaziyalara girmək istədikdə yolları açıq olsun. Bu barədə keçənlərdə də yazmışdıq və bizə etiraz edənlər olmuş idi. Lakin onlar nədənsə ana dili məsələsilə rus dilini bir-birinə qatışdırıb araya özgə mətləblər salmışdılar. Lakin biz öz əqidəmizdə baqi qalıb hər cürə məktəblərimizdə rus dili tədrisini millətimiz üçün mənfəətli və əks təqdirdə zərər bilirik.

Bundan başqa, milli məktəblərimiz kənd uşaqlarına kəndçiyə lazım olan sənət və peşələri mümkün qədər gözəlçə öyrətməlidir.

Çox heyflər olsun ki, o cürə milli məktəblərimizin heç birində ziraət və fəlahətə dair heç bir şey öyrədilməyir. Rus dili, ana dilimizi basar deyənlər, əgər doğrudan da ana dilinin tərəqqi və tərvici tərəfdarlarıdırlarsa işin burasına diqqət yetirməlidirlər ki, bizim ana dilimiz o vaxt tərvic tapar ki, haman dildə müxtəlif ülum və fünun isə onun çöl işinə xidmət edən elm və fənnlərdir. Əgər milli məktəblərimizdə həmin elm və fənndən öz ana dilimizdə şagirdlərə kafi qədər məlumat verilsə, heç bir rus və ya qeyri bir dil ana dilimizi basa bilməz.

Bu gün milli kənd məktəblərimizin proqrammasına diqqət yetirilsə məlum olar ki, əgər həman məktəblər o halda davam edəcək olursalar genə az-çox mənfəət verəcəkdirlər. Kəndli üçün oxumaq və yazmaq, yəni savaddan və bir də dövlət dilini bilib, bəzi lazımlı qəvaninə aşina olduqdan sonra öz peşəsini dürüst bilmək lazımdır. O səbəbə görə kəndli məktəblərində bağçavanlıq, bostançılıq, arı saxlamaq, barama becərmək, dülgərlik, əkin əkmək sənətlərini tədris etməlidir.

Bu sənətlərdən bol və gözəl mənfəət almaq üçün tazə üsul-qaydalar kitablarda yazılıb, mövcuddur və bu yolda günü-gündən tazə ixtiraatlar eşidilməkdədir. Nədəndir ki. məsələn, Gəncə ətrafında olan nemsə koloniyalarının kəndliləri hamısı varlı və dövlətli və bizim bir çox şəhərlərimizdən təmiz və abadlıq bir kəndə malik olub küçə və qapılarını elektrik ilə tənvir edirlər... Amma bizim kəndlərimiz xaraba yerlərə dönüb viranələrində it ulayır? Çünkü həman nemslər, bizim kənd mollaları tərəfindən qarın və cib mülahizəsilə təlin və təkfir edilən ülum və fünuni-cədidəni öz milli məktəblərində oxudub kəndçilik sənətini tazə məhsuldar və asan üsul ilə bilirlər va işlərində tətbiq edib bol-bol məhsul alırlar. Bizim milli məktəblərimiz isə «mrakobesiya» proqramını ittixaz edib tənviri-əfkarə xidmət etməyirlər. Bir çox kəndlilər öz uşaqlarını məktəbə qoymayırlar ki, uşaq çöl işi üçün lazımdır. Bir surətdə ki, məktəb həman çöl işini uşağa gözəlcə öyrədə və atası uşağın elmindən mənfəət kötürə, o ata övladının oxumamağına razı olarmı? Elm və maarifin fəzilətini kənd əhlinə nəsihət ilə qandırmaq çətindir, ona göz ilə göstərmək lazımdır. Kəndli bir o qədər zəhmət və məşəqqətlə becərdiyi baramanın, taxılın, arının, bağ və bostanın məktəbdə öyrənilən tazə üsul sayəsində iki-üç qat artıq məhsul verdiyini gözü ilə gördükdə məktəbi özü üçün bir mənbəi-nəcat bilməzmi və «elmi-cədidə haramdır» sözünə baxarmı?

Qərəz biz gərək məktəblərimizi oylə halda saxlayaq ki, camaat məktəbin nəfini görüb anlayıb, övladını can və dil ilə oxutsun.

Və bir də milli məktəblərimizdə təlim və tədrisə məşğul olan müəllimlər məsələsi də təlimi-maarif işində ən böyük məsələlərin biridir. Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Bir adam onun öhdəsindən gələ bilməz və hər bir adamı müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız—bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə onu nə tövr tərbiyə etsən o cürə də adam çıxar. Tərbiyə işində çüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar. Zatən bizim oxumuşlarımızın da bu gün hamını məyus edən bəzi pis-pis əməllərinə də səbəb onların uşaqlıqda fəna yolda tərbiyə olunmalarıdır.


1. Azərbaycan məktəblərində təhsil və təlim məsələlərinə həsr edilmiş yazıların davamı olan (bax: «Tərəqqi» 1909-cu il 141, 170-ci nömrələrində və i. a.) «Xəbərdarlıq» sərlövhəli məqalə «Tərəqqi» qəzetinin 1909-cu il 14 avqust tarixli 182-ci nömrəsinin 2-ci səhifəsində «Üzeyir» imzası ilə dərc olunmuşdur.

 

 

 
   © Musigi Dunyasi, 2005