Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Başa düşmədi 1

 

Kecənlərdə idarəmizə Yevropadan bir nəfər adam uçub gəlmişdi. Söhbət arasında dedi ki, bizim Yevropada böyük bir həyəcan və qorxu vardır.

Dedim: — Səbəbi nədir?

Dedi: — Səbəbi odur ki, Yevropaya çox həyəcanlı xəbərlər gəlir ki, müsəlmanlar böyük bir sürətlə tərəqqi edirlər...

Dedim: — Təəccübdür, bizim tərəqqimiz sizi qorxudurmu?

Dedi: — Bilirsiniz, insaniyyət nöqtəyi-nəzərincə çox şad eyləyir. Biz sevinirik ki, bizim növimiz yavaş-yavaş zillətdən qurtarır. Amıa o biri tərəfdən, bilirsiniz, bu həyyam bir əsri — mübarizəyi-həyatiyyə əsridir. Yəni dirilik üçün dava eləmək əsridir. Onun üçün biz istəməzdik ki, dirilik üçün dava edənlər bizim kimi elm qüvvətilə güclü olsunlar. Məsələn, bu gün elm və mədəniyyət qüvvətilə yaraqlanmış olan İspaniya, Fas ərəblərlə dirilik üçün dava eyləyir. Onun üçün İspaniyanın firənglərə çox bərk açığı tutubdur. Deyir ki, axı sən nə üçün bu vəhşilərə mədəniyyət ucunu göstərib tüfənk atmaq öyrətdin ki, onlar da bizə tüfəng atırlar. Bütün aləm də bunu boynuna alır kk, əkor Fas ərəbləri Yevropa mədəniyyətini- öyrənsələr İspaniyanı beş-on gün içində darbadağın edib, əvvəlcə də mədəniyyət gücü ilə İspaniyanı öz mülkü etdiyi kimi, bu səfər də oyləcə edər. (Çünkü o zaman ki, Yevropa mədəniyyətdən məhrum idi ərəblər ən şəşəəli bir mədəniyyətə malik idilər, yəni bütün elm və fənnlər aralarında getdikcə tərəqqi edirdi!.. İspaniyanı ərəblər alıb islam dövlətinin bir vilayəti etmişdilər!... Amma sonradan... əşi, allah mollalara insaf versin).

Mən yevropalıya dedim ki, əzizim, bizi bağışlayın, sizin qorxunuz bizim tərəqqimizə mane ola bilməz. İstər sizin qorxudan urəyiniz getsin biz genə tərəqqimizi əldən buraxmayacayıq.

Dedi: — Bircə onu de görüm indiyə qədər çoxmu tərəqqi eyləyibsiniz?

Dedim: — Çox eləmişik!

Dedi: — Olmazmı, öz tərəqqinizdən mənə nümunə göstərəsiniz?

Dedim: — Olar, çıxaq bayıra!

Bayıra çıxdıq, yevropalıya dedim tamaşa elə.

Dedi: — Baxıram.

— Gördünmü?

— Nəyi?

— Tərəqqini?

— Hanı? Heç bir şey görmədim!

— Bəs görmədinmi ki, buradan bir nəfər saqqalı müsəlman keçdi ki, ayağına çəkmə geymişdi. Onun ayağına çəkmə geyməyi çox böyük tərəqqidir.

Dedi: — Anlamıram nə deyirsən.

Dedim: — Belə beş-altı il bundan irəli hər kəs ayağına başmaqdan başqa özgə bir şey geysə idi, ona salam vermək əvəzində allah saxlasın demək lazım gəlirdi. Amma tərəqqimiz bu gün o dərəcəyə çatıbdır ki, çəkmənin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq. Dedi: — Heç başa duşmurəm nə deyirsən?

Bir az ora-bura göz gəzdirdim: Bax, bax, müsəlman arvadları faytona minibdirlər!

Dedi: — Nə olsun?

Dedim — Paho! Bir neçə il bundan irəli nəinki arvad, hətta kişi cürət edib faytona minsəydi həmandəm faytonun çərxləri bir tuqi-lənət olub onun boynuna keçərdi! Dedi: — Sözün doğrusu, heç qanmıram nə deyirsən?

Dedim: — Bir ora bax, iki nəfər müsəlman bir-birinin yanından keçdi və heç bir şey olmadı.

Dedi: — Nə olsun?

Dedim: — Pa! Bir iki ay bundan irəli onlar bir-birinin yanından keçsə idilər, həmandəm atışıb bir-birini öldürmüşdülər. halbuki indi, heç bir zad olmadı. Bundan artıq nə tərəqqi?

Dedi: — O sizin tərəqqi deyildir, Martınovun qorxusu-dur! Sən bircə mənə de görüm realnidə, kimnaziyada, universitetlərdə oxuyan uşaqlarınız çoxdurmu?

Dedim: — Vallah onlar çox olardı, hərkah bir məsələ ümum müsəlmanların qabağını kəsməsə idi.

Dedi: — Nə məsələdir? (Əyilib qulağıma dedi.) Hökumət qoymayır?

Dedim: — Xeyr, onun bir sözü yoxdur, bu məsələ başqa məsələdir.

Dedi: — Bir de görək nə məsələdir?

Dedim: — Şalvar məsələsidir?

— Necə şalvar?

— Adam geyən şalvar!

Dedi: — Canım, sən müəmma ilə danışırsan, açıq da görüm nə demək istəyirsən! Dedim: — Qoçaq, bundan açıq söz olmaz, işkola girən uşaqlar dar şalvar geyirlər və dar şalvar da bizlərdə çox pis şeydir. İndi həmin məsələ bizim qabağımızı kəsdiyinə gerə işkolaya uşaq qoymağa cürət eləmirik.

Bu sözlərdən sonra əcnəbi əvvəlcə çox güldü, amma sonra bir qədər fikirə gedib birdən başladı uşaq kimi ağlamağa və ağlaya-ağlaya bu sözləri dedi:

—Biz elm sayəsində havada quş kimi uçuruq, amma bunlar hələ şalvar məsələsinə məşquldurlar... (dedi və uçub getdi.)..

 


1.Köhnəliyə qarşı yönəlmiş, tərəqqiyə çağıran «Başa düşmədi» sərlövhəli felyeton «Tərəqqi» qəzetinin 1909-cu il 14 avqust tarixli 182-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.


 

 
   © Musigi Dunyasi, 2005