Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Müxtəlif qəzetələrimiz

Əgər əhalimizdən hər sinifin özünə məxsus bir qəzetəsi olsa idi, onda onların hərəsinin məzmunu bu yolda olardı ki, ərz olunur:

 

Ruhanilər qəzetəsi


Teleqraf — Tehran — Ağayi-əcəlli-əkrəm, balacah, ...da ati təyidatühüm, bugünki günlərin şərəfli-şərəfli günlərindən bir günüdür və o günün şərafəti barəsində əazimi şüərayi islamdan çox kimsələr gözəl qəsidələr inşad buyurubdurlar. Balai-mənbərə süud buyurub müsəlmanlığın əvvəliminci əlamətlərindən olan saqqala nə vədə həna yaxmaq və nə miqdarda rənk sürtmək keyfiyyətini tamam hüzzarə fəsih və bəliğ bir zəban ilə təbliğ buyurdular və tamam hazıruni feyziyab etdilər.

Məqalə — O vaxtdan ki allahtala insanı yaratdı, insan cəmi məxluqatın əfzəli oldu, məsələn, əgər sizin içinizdən birisini götürüb at, eşşək, qoyun, xoruz və sair bu kimi heyvanlar ilə bərabər tutsaq, yə ni tərazuyi-mənəvi ilə çəksək və adamı tərazu daşı məqamində qoyub cəmi heyvanatı da o biri gözə sığışdıra bilsək, onda görərik ki, həmin insan onların hamısından ağır gəldi.

Yəni ağır gəldi, nəinki bu mənada ki, insanın cismi dəmirdən yaranıb ağır çəkir; xeyr, bəlkə əqli, zəkavət, bəlaqət, fəsahət, həmaqət, kəmalət cəhətincə insan sair məx-luqatdan artıqdır və o səbəbdəndir ki, dünya yaranandan bəridir ki, o vaxtdan 70 min il keçib və bundan sonra da 77 min il keçəcəkdir. Heç yerdə və heç bir vilayətdə görün-məyib ki, bir at və ya bir eşşək insanı yəhərləyib onun üstünə minsin. Bəlkə hər yerdə və hər zamanda insan at ilə eşşəyin üstünə minibdir. Bəs belə olan surətdə, o kəsləri ki, deyirlər insana elm lazımdır, nə üçün bu boş sözlərlə insanı zəlalətə salırlar? Halbuki insan oxusun-oxumasın çümlə məxluqatın əfzəlidir və qeyri əzin əlavə, əgər bütün insanlar elm dalısına düşüb biz həqirlər kimi elm yolunda 30—40 il sərf etsələr, aya o surətdə kim bizim üçün hammallıq eylər. Kim bizim üçün başmaq tikər, kim bizim üçün xörək hazır edər? Heç kim! Çünki hamı deyir ki, mən mollayam, axundam və hamı molla və axund olan surətdə mən ağa, sən ağa bəs inəkləri kim sağa—məsəli—məşhuri üz verib dünya bərbad olar.

 

İntellegentlər qəzetəsi


Teleqraf— Peterburq—İntellegentlər klubunda klub çlenlərinin birisi ikicə saatın prodoljeniyasında iyirmi üç min səkkiz yüz doxsan dörd manat pul vıqrat eyləyib, gecə poyözdilə Amerikaya otpravitsə oldu. O pulu proiqrat eləyən əvvəlcə istəyib zastrelitsə olsun, amma sonra istəməyibdir.

İstatya — Ay bizim bu müsəlmanlar qanmazdırlar ha! Çesnislovo, adam ruslar yanında az qalır ki, utandığından yerə girsin. Birdən sluçay olur ki, bir rus kavaleri və ya bir rus damasilə qulyaniyaya çıxırsan, bir də görürsən ki, qabağına bir adam çıxdı: başı qırxıq, saqqal qırmızı, əl hənalı, ayağındakı başmaqlarının da taqqıltısı bir verstdən eşidilir. Gəlib sənin yanından keçdiyi bəs deyil, hələ arsızlığına salıb onların yanında sənə bir salam da verir. Az qalır ki, dişin bağırsağını kəssin. Bununla belə də bəzi liberallar çıxıb deyirlər ki, bizə şkol lazımdır. Daha onu başa düşə bilmirlər ki, bu müsəlmanlar bir bədbəxt tayfadır ki, allah həmişə bunları başı qapazlı yaradıbdır, çünki ona da laiqdirlər. Əşi... Nə deyim, vallah! Allah insaf versin Əhməd bəy Ağayevə ki, Peterburqda belə gedib gəzməklə, adam görməklə, qəzetə yazmaqla qoymadı ki, bu qanmaz tayfanı hökumət «vıselit» eləsin «k çortu»!. Nahaq yerə başımıza ovaldırlar!...

 

Əsnaf qəzetəsi

Teleqram — İsfahan—Burada bir seyid zühur edib, bir ocaq açıb və bir ziyarətkah qayırıb, arvad-uşaq hamısı baş açıq, ayaq yalın onun hüzuruna gedib nəzr verirlər. İki nəfər məlun bu qurban olduğuma şəkk gətirdikləri üçün, birinin gözü kor oldu, o biri də ayaq üstə qurudu.

Məqalə — Din əldən getdi, müsəlmanlıq məhv oldu, islam puça çıxdı, iman süst oldu. Cavanlarımız üzlərini qırxdırdı!

Himmət yox, həmiyyət yox, namus getdi, qeyrət qalmadı. Papaq bizə haram olsun. Xalq bizi aldatdı. İttifaq yox ittihad yox, heç utanmırıq, heç qızarmırıq, din əldən getdi, müsəlmanlıq məhv oldu. Həmiyyət yox, namus getdi, qeyrət qalmadı, iman süst oldu.

Papaq bizə haram olsun. Qaradavoy gəldi qaç.

 

Cavanlar qəzetəsi

Teleqram — Paric — Burda tazə bir zad... Camaat yox, cəmiyyət yox, əçimiyyət yox, yox əşi, «obşestvo» əmələ gəlibdir. Onun zadı... belə nişanı yox, zad... hə, məqsədi yaxşı-yaxşı işlər görməkdir! Amma biz bədbəxt müsəlmanlar daha nə deyim!

Qabaq bizim müqəddəs vəzifəmiz odur ki, camaat içində yaxşı-yaxşı işlər görək və razı olmayaq ki, bizim camaat pis-pis işlərə məşğul olsun. Biz molodej, yox... biz cavanlar gərək çoxlu-çoxlu yığılaq, orada söhbət eləyib, camaatımızın dərdinə yaxşı-yaxşı dərman hazırlayaq. Biz gərək bu yolda çoxlu-çoxlu iş görək və razı olmayaq ki, hamı irəlidə olsun, amma bizim bədbəxt camaatımız dalda qalsın...

Bu saat bizim camaat bir quyunun içindədir, o quyu ki, onun adına rus dilində «nevejestvenni», amma bizim dilimizdə xəcalət quyusu deyirlər. İndi bizim borcumuz o quyunu darmadağın eləməkdir və... və...

İdarədən: — Və boş-boş sözlər danışmaqdır.


   

 

Konkaya3 minib gəzənlərin hamısına məlumdur ki, konkanın içində yuxarı tərəfdə rusca belə bir xəbərdarlıq yazılıbdır: «Ostereqaytes karmanşikov», yəni çibgirlərdən özünüzü gözləyin!

Konkalarda və sair yerlərdə yazılan belə xəbərdarlıqlar, hərçənd bir qədər Rusiya ölkəmiz üçün kəsri-şən olub, çibgirlər yığıncağı olduğunu bildirir, amma hər halda o cürə xəbərdarlıqlar, adamları ehtiyatla dolanmağa məcbur edib, cibinin sağ və səlim qalmasına səbəb olur.

Ona binaən çox yaxşı olardı ki, müsəlmanlar olan yerlərdə də, ya konkalarda, ya küçələrdə, ya evlər qapısında beləcə bir xəbərdarlıq yazıla idi:

Fitnəçilərdən özünüzü gözləyin!

Çünki hər yerdə ki, bir neçə dana da olsun müsəlman oldu, orada bir fitnəçi olacaqdır.

Fitnəçilik bir azardır ki, bəzi tərbiyəsiz tərs düşmüş adamlara mübtəla olub onları dinc qoymaz. Neçə ki, yaz istisində milçəklər, gənələr atın üstünə daraşıb, şıllaqlamağa və oynaqlamağa məçbur edir, həmçinin fitnə naxoşluğu da haman fövəlz- zikr adamlara giriftar olub, həmişə qıdıqladar, dinc qoymaz.

Amma heç bir yerdə fitnə özünə bir o qədər yaxşıca məkan tapmaz. Məgərinki, müsəlmanlar arasında. Bunun da səbəbi aşikardır.

Bir çox müsəlmanların, yəni haman fitnəyə uyanların əqilləri başlarında olmayıb, bəlkə gözlərində və daha çox qulaqlarındadır. Çünki haman başın bir o qədər də bacarığı yoxdur ki, deyilən sözün fitnə olub olmadığını anlaya bilsin. Onun üçün eşitdiyini məcburən qəbul eləyir.

Əcnəbi məmləkətlərində fitnəçilərin sözlərinə qulaq asıb, sonra qaradavoy, filan çağırıb, düz «sarı evlərə», yəni dəlixanalara göndərirlər ki, orada müalicə olunsun.

Bugünkü Osmanlıda fitnəçiləri pruşkeviçlərin yanına qulluqçu tutub, «şəriət istəyənlər» cərgəsində boğazından asarlar. Rusiyada o cürə fitnəçiləri qoyarlar.

İranda haman fitnəçilərə «şiri-xurşud» əta edərlər Bizim yerlərdə isə o cürə fitnəçiləri həmişə baş yerdə oturdub, iki qat baş əyərlər və əldən gələn hörməti elərlər; onun sözlərinə qulaq asarlar. Camaat arasına fitnə dağılar. Xalq bir-birindən üz-göz olar. Amma fitnəçi hörmətdə qalar.

 


1. Azərbaycan dilinin saflığını təbliğ edən «Müxtəlif qəzetlərimiz» sərlövhəli yazı «Tərəqqi» qəzetinin 1909-cu il 26 iyun tarixli 141-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə çap edilmişdir, Burada cüzi ixtisarla verilir.
2. Fitnəçiliyə nifrət oyadan bu məqalə «Tərəqqi» qəzetinin 1909-cu il 2 iyul tarixli 146-cı nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
3. Konka — keçmişdə bir çox şəhərlərdə (o cümlədən Bakıda) qəbul edilmiş şəhər nəqliyyatı idi; vaqona qoşulmuş atlar onu dəmiryol (rels) üzrə çəkib aparırdılar. Konkanı tramvay əvəz etdi.  


 

 
   © Musigi Dunyasi, 2005