|
Yaradıcılığı
|
Hərgah millətlərin tərəqqisini, yəni
qabağa getməsini əvvəlcə bilən bir
ölçü olsa idi və o ölçü ilə
biz müsəlman millətinin qabağa getməsi
ölçülsə idi, onda məlum olardı ki,
biz bir addım qabağa, iki addım dala, dörd
addım qabağa, üç addım dala, iki addım
dala beş addım qabağa eyləyə-eyləyə
qabağa gedirik. Bir gəlmə, bir tazə yerimək
öyrənən uşağa oxşayırıq
ki, bir addım atıb sonra yıxılır, durub
bir addım daha atır, amma ayaqları bir-birinə
dolaşıb yenə yıxılır, yenə
durur, addım atır, bədəni ağırlıq
edib yıxılır, durur və i. a.
Uşağın bu cürə yıxıla-dura
getməsinə səbəb nədir?
Məlumdur ki, onu yeridən əzaların çismani
qüvvətsizliyidir.
Yaxşı, bəs bizim bu cürə: bir dala, bir
qabağa addım atıb yıxıla-dura «qabağa
getməyimizin» səbəbi nədir?
Onun
da səbəbi bizi qabağa aparan əzaların,
yəni iş başında duranlarımızın
qüvvətsizliyidir. Amma bizim əzalarımızın
qüvvətsizliyi cismani qüvvətsizlik deyildir.
Yəni əzalarımız çolaq, şil və
şikəst deyildirlər. Onların qüvvətsizliyi
mənəvi qüvvətsizlikdir!
Mənəvidə qüvvətsizlik budur:
Səmimiyyət — yəni cani-dildən işə
girişməklik yox, fəaliyyət — yəni oyaq
və .ciddi cəhd ilə iş görmək yox,
hamısından bədtər mətanəti qəlb,
yəni cürət, ürəklilik yox, şövq
yox, arzu yox...
Vallah mən bilmirəm ki, bu əzalarımız
öz xüsusi işlərindən nə törədirlər.
Amma onu bilirəm ki, millət işinə qalanda,
bunlar mənəvi qüvvətsizdirlər ki, rusca
buna bes-xarakternost deyirlər. Türkcəsinin dürüstlüyünü
bilmirəm burada da bizim əzalarımızı
balaca uşaqlara oxşatmaq olar.
Görürsən ki, bir balaca uşaq anasının
qucağından yerə düşüb bir qədər
gedir, birdən qabağında bir pişik görüb,
töz qayıdıb qaçır anasının
qucağına, sonra düşüb bir də gedir.
Bu səfər də bir ayrı şeydən, məsələn,
öz kölgəsindən qorxub yenə qaçır
anasının qucağına.
Bizim əzalarımız da öhdələrinə
götürdükləri bir işi o qədər
aparırlar ki, nə qədər bu iş öz
başına gedə bilər; amma elə ki, işin
qabağına bir balaca əngəl çıxır
və burada işi aparmaq üçün əngəli
itələmək lazım gəlir, o halda əzalarımızın
əli, ayağı boşalıb, işdən əl
götürməyi məsləhət bilirlər.
İş dəxi «ördək, balıq və xərçəng»in
çəkdikləri araba kimi hamanca yerində qalır.
Bu bir!
İkinciyə qalan yerdə, bizim bir dərdimiz də
budur ki, bəzi adamlarımız elə bir işin
dalınca gedirlər ki, o işin nədən ibarət
olduğunu özləri də bilmirlər və
binaən əleyh gördükləri işdən
də heç bir səmərə hasil olmur. «Ördək,
balıq və xərçəng» hekayətini yazan
rus ədibi Krılov bir ayrı hekayəsinin başında
bu sözləri yazır:
«Əgər başmaqçı durub bulka çörəyi
bişirə və bulkaçı da başlayıb
başmaq tikə, — bu cürə işdən əziyyətdən
başqa heç zad çıxmaz».
Bizim «bulka çörəyi» bişirmək istəyən
«başmaqçılarımızın» və «başmaq»
tikmək istəyən «bulkaçılarımızın»
əsil məqsədinə baxsan, doğrudan da «bulka»
bişirmək və «başmaq» tikmək deyil. Bəs
nədir?
Bəli!.... Yuxarıda zikr elədiyim Krılov cənabları
belə bir hekayə yazıbdır:
Günlərin bir günü ayı, meymun, keçi
və bir də eşşək bir musiqi məçlisi
düzəltmək istəyiblər. Biri əlinə
tar, biri saz, biri zurna və biri dəf alıb başlayıblar
çalmağa. Amma görüblər ki, səs-küydən
başqa heç zad çıxmayır və çaldıqları
havacat heç kəsin sümüyünə düşmür.
Deyiblər ki, yəqin pis oturmuşuq, gəlin yerimizi
dəyişək. Durub yerlərini dəyişiblər,
çifayda, çaldıqlarından yenə heç
bir zad çıxmayıbdır. Görüblər
ki, bir bülbül uçur, haman dəm durub bülbülə
yalvarıbdırlar ki, ay bülbül, sən allah,
bir bizi başa sal görək nə tövr oturaq
ki, bizim çaldığımızdan bir şey
çıxsın.
Bülbül də gülüb deyibdir ki, canım,
siz musiqişünas deyilsiniz. Binaən əleyh nə
tövr otursanız, lap mil dursanız çalığınızdan
heç zad çıxmaz məqsədi iş görmək
olmayıb, özlərini göstərməkdir.
Ona görə də iş bilən bülbülü
gördükdə hoy-hoy salıb, daş atırlar
ki, bülbül qaçsın.
İş bilən «bülbül»ümüzdə
də o cürət, o ürək yoxdur ki, bunların
hərəsinin başına bir qapaz salıb deyə:
durun belə! O yazıq camaatı «damaq» eləməyin!
Odur ki, deyiblər: «bulbulümüzdə həvəs
yox, qarğamızda səs».
|
«MÜƏLLİMLƏRƏ
75 MANAT PUL BOLDUR». |
|
«MÜƏLLİMLƏR
ÖZ İŞLƏRİNİ QOYUB ÖZGƏ
İŞLƏRLƏ MƏŞĞUL OLURLAR»
|
M ü ə l l i m (klasa daxil olarkən).
...(15 manat dükançı Cəfərə)...
Oturun! (11 manat yarım da çörəkçi
Vəliyə) ...Duanı oxuyun görüm! 3(Bu
elədi 26 manat yarım)... Çox yaxşı
(18 manat ev yəsi... Keçən səfər
3 manat da borclu qalmışdım... Bu elədi)...
Kim dərsini deyər?... (Bu elədi). Oxu
görüm. (21 manat, o da 43 manat yarım)...
Həsən düz otur, biclik eləmə! (Qəssaba
gərək verəm 12 manat beş şahı)...
Otur yerə, indi sən oxu.
Ş a g i r d — Bir gün Həsən atasına dedi
ki, ata, mənə də çeşmək al, mən
də sənin kimi kitab oxuyum.
M ü ə l l i m (Öz-özünə)
— Budur, bizim Mecid neçə vaxtdan bəri yalvarır
ki, ata mənə bir çəkmə al, yazıq
lap ayaq yalındır... Amma hanı pul?!
Şagird — Atası gedib oğluna bir əlifba kitabçası
aldı.
Müəllim — (Görünür ki, kişinin
pulu var imiş). Yaxşı, otur. Sən oxu!
(Suçuya 3 manat 87 qəpik verilməlilir neftciyə
4 manat 20 qəpik).
Ş a g i r d — Dedi ki, ata, mənə bir çeşmək
al.
M ü ə l l i m (Şagirdə) — Yox, çəkmə
al.
Ş a g i r d — Mirzə, xeyr, çeşmək al.
Müəllim — Hə, hə çeşmək al.
Oxu... (bu səfər də mənə 25 manat
çatmır, onu nə tövr eyləyim)...
Şükür, dinç otur, qulağını
çəgərəm! (...manat). Açın
kitabalrı. (Yəni 25 manat çatmayacaqdır...
heç kəs də borç vermir). Qulaq asın,
tazə dərs verirəm. (Nə qayırım ev
kirayəsi olmasa idi, yenə bir tövr əl-əl
baş-başa çıxmaq olardı). Düz oturun,
yaxşı qulaq asın! Bu saat hesaba məşğul
olacayıq! (Cibimizdə olmayan pulu əqlimizdə
hesabla-maq genə təsəllidir).
Sizə bir hesab məsələsini deyəcəyəm:
Bir kişi (ki kişi şəhərimizin atasıdır)
ildə... yaxşı qulaq verin! İldə... Həsən,
düz otur, qələmi qoy yerə, hələ
qulaq as! Hə... ildə... dürüst-dürüst
qulaq verin, amma qorxmayın!... ildə 20 min manat nəğd
pul alır!!
Şagirdlərin bəziləri—Vaqsey!!!
Bəziləri — Vay dədə vay!!!
Bəziləri — Pah atanın evinəcən!
Müəllim — Bəs ildə...
Şagirdlər — Mirzə, daha demə, qorxuruq!
Müəllim — Yox, qorxmayın, heç bir xətası
yoxdur. Ancaq onu bilin ki, ildə 20000 manat nəqd pul
alır!!
Bütün klas — Vaqsey!!!
Bir şagird — Mirzə, bəs onu nə tövr sayır?
Müəllim (anı gülümsənir).
— Hey, yüz o qədərini saya bilər! Yaxşı,
bir də bir ayrı kişi var ki, (məsələn,
mən yazıq ildə doqquzca yüz manat pul alır...
hələ onu da nə tövr alır...). Bu az pul
alan kişinin hər ay 25 manat borcu olur.
Şagirdlər — Yazıq!
Müəllim — Əlbəttə, yazıq!
Ş a g i r d — Mirzə, o çox pul alan kişi öz
pulundan bir az ona versə nə olar?
Müəllim — Ay balam, nə olacaq, çox yaxşı
iş olar, amma elə dərd burasıdır ki,
məsələyə yaxşı qulaq asın,
ayrı söz danışmayın!
Ş a g i r d — Mirzə, bəs məsələdə
nə sual olunur?
Müəllim — Hə, indi sual olunur ki, həmin o
20000 manat pul alan, öz aldığı puldan 6-ca
min manat kəsib versə, neçə yüz nəfər
900 manat alan kişini borcdan xilas edə bilər?
Bir şagird — Mirzə, əvvəlcə de görək,
bu az pul alan kişi ki, bir ayda 25 manat borca düşür,
ildə nə qədər borc eləyir?
Müəllim — Baragəllah! Bəs onu nə tövr
bilək?
Şagird — Bir ayda 25 manat borc, bir ildə yəni
12 ayda eylər: on dəfə 25—250; iki dəfə
də 25—50. 250. O da 50, eylər 300 manat.
Müəllim — Çox yaxşı, sonra?
Ş a g i r d — İndi görək, 6000-in içində
nə qədər 300 var. 6000-ni üç yüzə
böləndə eylər... eylər 20.
Müəllim — Bəs nə məlum oldu?
Ş a g i r d — Məlum oldu ki, əgər o 20000
manat pul alan, öz pulundan...
Müəllim — İnsafa gəlib...
Ş a g i r d — İnsafa gəlib, öz pulundan...
Müəllim — Yox, sən insafa gəlib demə,
onu mən deyirəm.
Şagird — Elə durduğu yerdə öz pulundan
6000 manat kəsib versə, o halda 20 nəfər 900
manat alan...
Müəllim — Və borca düşən...
Şagird — Və borca düşən adamları,
borcdan xilas eylərlər
Müəllim — Və o adamlar da borcdan xilas olandan
sonra öz işlərini yaxşımı görərlər.
Şagirdlər — Bəli!
Müəllim — Əlbəttə, yoxsa yazıq borc
fikrinə düşsün, yoxsa öz fikrinə
düşsün.
Bir şagird — Mirzə, axı o çox pul alan adam
öz pulundan 6000 kəssə, onda bunun pulu azalar!...
14-cə min
Müəllim (onun üzünə bir qədər
baxıb) — Sənin atan dumda qlasnı3
deyil ki?
Ş a g i r d — Bəli, bəzi vaxt duma gedir.
Müəllim — Deyirəm axı... doğrudur. Pul
bir qədər azalar, amma iş yaxşı yola
gedər. Məsələ həll olundu. Amma... (hər
halda bu ay da 25 manat borc gəlir, vallah bilmirəm
nə tövr eyləyim).
İ d a r ə d ə n — Yazıq müəllim.
1. Bakı şəhər məktəblərinin
müəllimləri az maaş alırdılar (ayda
75 man.) Onlar daima ehtiyac içərisində idilər.
Bakı şəhər dumasında isə maaşların
artırılması məsələsi ilbəil
müzakirə olunurdu və nəticəsiz qalırdı.
Müəllimlərin ağır vəziyyətinə
həsr edilmiş «Boşboğazlar» sərlövhəli
səhnəcik «Tərəqqi» qəzetinin 1909-cu
il 12 aprel tarixli 76-cı nömrəsinin 3-cü
səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc olunmuşdur.
2. Köhnə zamanda bütün məktəblərdə
hər gün dərslər başlanmamışdan
əvvəl şakirdlər sinifdə birlikdə
dua oxuyardılar.
3. Duma — burada Bakı şəhər idarəsidir.
Qlasnıy — şəhər dumasına seçilmiş
şəxs. Bu seçkilərdə ancaq varlılar
iştirak edə bilərdilər.
|
|
|