Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Üsuli-tərcümə 1

 

M ü ə l l i m (şagirdə) — Qulaq as görüm, rusca dərs deyirəm: kniqa—kitab; lejit—uzanıbdır; na—üstundə; stole—stolun; nişçi—dilənçi; brodit—ora-bura dolanır; pod—altında; oknami—pəncərələrin; i—və; prosit—təvəqqe eyləyir; milostınyu—dilənçi payı.

Ptiçka—quşcığaz; sidit—oturubdur; na—üstündə; dereve—ağacın; sobaka—it; layet—hürur; na—üstünə; nişeqo--dilənçinin.

Ded—baba; edet—bir şeyə minib gedir; v—içinə; qorod—şəhərin.

Ha, de oxu görüm.

Ş a g i r d — Kniqa—kitab; lejit... mirzə qoy yadıma salım, lejit—durubdur...

Müəllim — Yox, əgər dursa idi, onda gərək bu cürə dik dura idi.

Ş a g i r d — Lejit, mirzə, yatıbdır... yox, yıxılıbdır... yox, belə zad eləyibdir. Mirzə, yəni kitabı istolun üstünə qoyubdur.

Müəllim —Yox, bilmədin. Lejit, yəni uzanıbdır.

Ş a g i r d — Mirzə, yəni uzunmu olubdur?

Müəllim — Adə yox, uzanıbdır. Sən yatanda uzanmırsan? Kitab da o cürə uzanıbdır.

Ş a g i r d — Mirzə, kitab da uzanarmı?

Müəllim — Ta çox fizulluq eyləmə! Sənə deyirlər uzanıbdır — deyinən ki, bəli uzanıbdır. Dalını oxu.

Ş a g i r d — Nişi—dilənçi; brodit—hərlənir...

Müəllim — Yox, ora-bura dolanır.

Ş a g i r d — Brodit — ora-bura dolanır. Pod... pod. Mirzə, pod... dibində.

Müəllim — Yox, altında!

Ş a g i r d — Altında, oknami—pəncərələrin. Mirzə, pəncərənin altında ora-bura dolanmaq olarmı?

Müəllim — Rusca olar, oxu!

Şagird— İ—və; prosit—dilənir...

Müəllim — Yox, təvəqqe eyləyir.

Şagird— Mirzə, təvqqe eyləyir nədir?

Müəllim — Təvəqqe eyləyir, yəni... zad eyləyir: yalvara-yalvara istəyir.

Ş a g i r d — Prosit—yalvara-yalvara istəyir, milostınyu—dilənçi payı.

Müəllim — Dalını oxu.

Ş a g i r d — Ptiçka—quşcuğaz, sidit, qoy deyim: sidit— qonubdur.

Müəllim — Yox, oturubdur

Ş a g i r d — Mirzə...

. Müəllim — Səsini kəs, hər nə deyirlər ona qulaq as.

(Şagird ürəyində: görəsən quş diz üstə oturubdur, yoxsa bardaşqurma).

Ş a g i r d — Sidit—oturubdur,. na—üstündə, dereve— ağacın; sobaka—it; layet—hürür, na—üstünə,, nişeqo— dilənçinin (ürəyində: görünür ki, dilənçinin üstü çox çındır imiş). Ded—baba; yedet-yedet... yedet... Mirzə, yedet — içinə?

Müəllim— Yox, bir şeyə minib gedir.

Ş a g i r d — Mirzə, bir şey nədir?

Müəllim — Necə bir şey nədir? Məsələn, araba.

Ş a g i r d — Yedet — bir şey arabasına minib gedir.

Müəllim — Yox, adə, bir şey araba deyil, at da ola bilər, eşşək də ola bilər, maşın da ola bilər...

Ş a g ir d l ər — Yedet—ata, ya eşşəyə, ya maşına.

Müəllim — Ya qatıra, ya dəvəyə.

Ş a g i r d — Ya qatıra, ya dəvəyə.

Müəllim — Ya öküzə, ya itə və hətta adama.

Ş a g i rd — Ya öküzə, ya itə və hətta adama. Mirzə, məsələn, uşaq anasının qucağına minib gedir, yəni uşaq yedet.

Müəllim — Səfeh söz danışma!

Ş a g i r d — Minib gedir. V—Mirzə, v nədir?

Müəllim — V—içinə.

Şagird — V—içinə, qorod—şəhərin.

Müəllim — Bir də başdan oxu.

Ş a g i r d — Mirzə, vallah yoruldum.

Ş a g i r d (evə gedə-gedə yolda hava ilə oxuyur): V— içinə, na—üstünə.

   

 

S u a l — Heç elə şey ola bilərmi ki, bir şeyin adı ola amma özü yerli dibli olmaya?

C a v a b — Bəli, olar! Məsələn, Bakı ilə Gəncənin «cəmiyyəti xeyriyyələri»nin adları var, amma özlərindən heç bir əsər yoxdur.

S u a l — Həsənqulu, nə qayırırsan?

C a v a b — Dəstəmaz alıram!

S u a l — Nədən ötrü?

C a v a b — Dünən əllərimlə bir müsəlmanın başını kəsmişdim, indi Ağdaş vaizi Molla Səməd əfəndinin sözlərinə əməl edib, dəstəmaz alıram ki, əllərimin günahı rəf olsun!

 

* * *



Bir əcnəbi (kamal təəccüblə) — Bu ölən kimdir ki, bu dəbdəbə, bu təntənə, bu cahi cəlal ilə cənazəsini təşi edibsiniz və belə atəşin nitqlər söyləyirsiniz?

Müsəlman — Bu elən, müsəlman millətinə ən böyük qulluqlar göstərmiş və millət yolunda hər bir şeyi qurban etmiş bir şəxsdir!

Ə c n ə b i — Bəs nədən vəfat edib?

Müsəlman — Deyirlər ki, acından...

 

* * *



S u a l — Nədən ötrü müsəlmanlar bir bu qədər cəmiyyətlər düzəldirlər?

C a v a b — Ondan ötrü ki, axırda «cəmiyyətin» adamları bir-birilə savaşsınlar.

S u a l — Yaxşı, məgər ayrı yerdə «cəmiyyətsiz» savaşmaq olmazmı?

C a v a b — Olar, ancaq «cəmiyyət» içində savaşanların hər biri «həqq, həqqaniyyət» və «millət» adına savaşıb, öz şəxsi düşmənçiliyini pərdələməyə yol tapırlar.

 

* * *



Sual — O kimdir ki, yazıq camaatın alın tərilə, əl zəhmətilə hüsulə gəlmiş bütün rizq və ruzisini öz altına qoyub, nərildəyə-nərildəyə, guruldaya-guruldaya, xurduxaş eyləyir və özu də heç doydum deməyir, camaat da gendən durub tamaşa edir və yaxın durmağa qorxur? İndi deyirsiniz ki, Məhəmmədəli şah və ya İran xanları! Xeyr!.. dəyirman daşı...

 

* * *



S u a l — Hacı Səfər, nə üçün bidamaqsan?

C a v a b — Balam, üstümə kağız gəldi ki, gərək 3 gündən sonra 5 min manat pul verəm.

S u a l — Paho, görünür ki, anarxistlər3 yazıblar!

Cavab — Xeyr, kağız bankdan gəlibdir.

 

* * *



Şamaxı yolundakı müsəlman gecə kurslarının4 müəllimlərindən birisi mənə rast gəldi, gördüm binəvanın əhvalı çox pəjmürdədir.

Soruşdum ki, nə olubdur?

Dedi: Başım da ağrayır, belim də!

Dedim: Bəs səbəb nədir?

Dedi: Başımın ağramağına səbəb odur ki, başımda olan biliyi çıxardıb gecə kursalrının mütəəllimlərinə verdim. Belimin də ağrımağının səbəbi odur ki, oradaca paltonumu da çıxardıb, vallah mən heç kəsə vermədim, amma hər kəssə, görünür ki, başımdakı biliklə bərabər əynimdəki paltonu da istəyirmiş. Ona görə də hər ikisini də aparıbdır.

Dedim: zərər yoxdur, biz müəllimlər nəşr-maarif yolunda elm və biliyimizdən başqa, hərdən bir paltomuzu sərf etməliyik.

 


1. Rus dilindən tərcümə məqaləsinə həsr edilmiş və bir növ Üsuli-təbii haqqında məqalələrinin davamı olan (b a x: «Tərəqqi» qəzetinin 1908-ci il 6, 8, 19 mart və 1 aprel tarixli nömrələrinə) «Üsuli-tərcümə» sərlövhəli yazı «Tərəqqi» qəzetinin 1909-cu il 13 mart tarixli 53-cü nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur.
2. Bu felyeton «Tərəqqi» qəzetinin 1909-cu il 24 mart tarixli 61-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
3. Anarxizm — elmi sosializm və proletar diktaturasına zidd olan reaksion, xırda burjuaziya siyasi cərəyanıdır, marksizmin qəddar düşməni olan anarxistlər «in-qilabi» cəfəngiyatla pərdələnərək fəhlə sinfinin vahidliyinə və kapitalizmə qarşı mübarizəsinə məmanət göstərirlər.
4. Bu kurslar bir zaman Həbib bəy Mahmudbəyovun müdir olduğu və Şamaxı yolundakı (indiki «Qızıl Əsgər» küçəsində) binada yerləşmiş (Oktyabr rayonu 18 və sonralar 240 nömrəli) məktəbdə təşkil olunmuşdur.

 

 
   © Musigi Dunyasi, 2005