Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Və yenə mən Bibiheybət məktəbində ləzgi uşaqlarına türk dilini üsuli-təbii ilə tədris edib, uşaqların bir sənədə türkcə danışdıqlarını görüb şad olmuşam və yenə həmlk məktəbdə türk uşaqlarına iki il tərcümə üsulilə rus dərsi verib şagirdlərimin bu iki il ərzində iki gəlmə rus sözünü bir-biriiə yaraşdırıb deyə bilmədiklərini görüb məyus və mükəddər olmuşam. Deyəcəksiniz ki, ehtimal mən pis dərs vermişəm!

Bilmirəm! hər halda mən çox çalışmışam və ana dilinin də rus dilinin tərcüməsi təsirilə xarab edilməməsinə artıq səy etmişəm.

Yuxarıdakı mətləbə qayıdaq! Siz iddia edirsiniz ki, üsuli-təbii ilə tədris olunan sözlərin mənasını uşaqlar yaxşı anlamazlarmış.

Halbuki üsuli-təbiiyəyə ətraflıca bələd olan müəllimə boylə sözlər yaraşmaz. Əfəndim, bilmirsinizmi ki, üsuli-təbii ilə tədris olunan əcnəbi sözlər uşaqların zehnində daha bərk yer tutur, nəinki tərcümə edilmiş gəlmələr. Çünki üsuli-təbii ilə öyrədilən gəlmələrin mənasını uşaqlar özləri tapıb həmin sözlərin nə ifadə etdiyini və ana dillərində nəyin müqabil olduğunu şagirdlər özləri kəşf edirlər. Və burası da sizə məlum olmalıdır ki, bir şey kəşf edilən surətdə daha yaxşı yadda qalar. O səbəbdəndir ki, əfəndim, didaktika tələb edir ki, bir qaydanı (məsələn, hesabdan, sərf-nəhvdən və hər nədən olursa-olsun) — uşaqlara tədris edən zaman əvvəlcə qaydanı uşaqlara deməməlidir. Ancaq dərsi elə bir yola salmalıdır ki, şagirdlər özləri həmin qaydanı kəşf etsinlər. Çünki o surətdə qaydanın əzbərlənməsi şagirdlər üçün asand olar. Zira özləri kəşf etmişlər və saniyən bu kəşf etmək yolunda şagirdlərin əqli, dərrakəsi, zehni tərbiyə tapıb, getdikcə kəsb qüvvət edər (didaktikada və ümum pedaqogiyada «analiz», «sintöz», «deduksiya» və «induksiya» bəhslərinə təkrar müraciət etməniz tövsiyə deyil, rica olunur).

Məsələ aydındır, məsələn, ya siju çümləsinin mənasını müəllim desəmi uşağın yadında bərk qalar, yoxsa uşaq özü onun mənasını kəşf etsə?!

Və bir də əfəndim, siz mənə bir irad tutubsunuz ki, bu iradı əvvəllərdə student Mir Hidayət cənabları tutmuşdu, lakin Mir Hidayət cənablarının oylə bir iradə haqqı vardı çünki o kişi pedaqoq olmadığını özü təsdiq edir. Lakin sizin oylə bir iradə haqqınız yoxdur.

Əfəndim mən bu qədər yazdığım məqalələrimdə nə tərcümə üsulilə, nə də üsuli-təbii ilə verilən dərslərin nümunəsini yazmadım və yazmağı da lazım bilmədim. Çünki əvvəla, mənim muradım yalnız müəllim arkadaşlar ilə söhbətdir. Müəllim yoldaşlarım isə hər iki üsulu ehtimal bilirlər və zatən bilməyə də məcburdurlar və saniyən qəzetə sütununda «konspekt»lər çap edə bilmirəm. Mən ancaq tərcümə üsulunda uşağın passiv rolda və üsuli-təbiidə həmin uşağın aktiv rolda olduğunu göstərməyə çalışmışam.

Binaən əleyh (loşad bejit) sözlərinin üsuli-təbii ilə tədrisini göstərdikdə, mənim muradım şagirdlərin nə tövr çiddi surətdə dərsdə iştirakını və sözün mənasını kəşf etdiklərini göstərmək idi. Binaən əleyh (toje), (eto), (çelovek), (sobaka) və i. a. sözlərinin tədrisini göstərməyə heç ehtiyac yox idi. Siz buyurursunuz ki... «lakin bunların mənalarını Üzeyir onlara nasıl öyrədib, yazmayıbdır?»

Xub, mən sizdən sual edirəm: əgər mən onların da tədrisini yazsaydım, o halda siz məndən (ya), (iqrayu), (çitayu), (spit), (spal) xülasə bütün rus kəlmələrinin nasıl tədris edilməsi lazım olduğunu məndən sual etməyə haqqınız olmazdımı? Əlbəttə olardı! Lakin mənim həmin sirrlərin qəzetə vasitəsilə tədrisini göstərməyə iqtidarım olarmı?

Fərz edəlim olar, fəqət bircə siz mənə deyin görüm: bu sözlərin, yəni bilkülliyə bütün sözlərin üsuli-təbii ilə nasıl tədris edilməsi lazım gəldiyini məndən neçin sorursunuz? Görünür ki; ya siz özünüz bilmirsiniz, yaxud məni imtahana çəkmək istəyirsiniz. Bu iki şeydən xali deyildir.

Əgər məni imtahana çəkmək istəyirsinizsə, o halda deməli siz üsuli-təbiini qəbul edibsiniz, ancaq iş ondadır ki, görək Üzeyir də bu üsulu bilirmi. Lakin bu deyil, çünki siz üsuli-təbii tərəfdarı deyilsiniz. Onda görünür ki, sizin üsuli-təbiidən bilkülliyə xəbəriz yoxdur. Çünki fovqüzzikr sözlərin üsuli-təbii ilə nə tövr tədris edilməsi lazım gəldiyini bilmirsiniz ki, məndən soruşursunuz!

Bəs, bir halda ki, sizin üsuli-təbiidən xəbəriniz yoxdur, bəs nə əsas və nə insaf ilə meydana çıxıb üsuli-təbii bizlərdə yaramaz deyirsiniz?! Yəni ətraflıca bilmədiyiniz bir şeyi nə tövr tənqid edə bilərsiniz? Gələk üsuli-tərcüməyə.

Əfəndim, üsuli-tərcümə ilə dərs vermək üçün hər iki dili mükəmməl surətdə bilmək lazımdır. Dilin birini yaxşı bilib o birini pis bilərsənsə, dərslərindən heç zad çıxmaz və ancaq bilmədiyin dili xarab edərsən. Keçən səfər mən bu barədə müfəssəl yazmışdım. Əbəs yerə siz diqqət yetirməyibsiniz.

Biz müəllimlər isə öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi daha da xarab edirik. Hələ yaxşı ki, siz ilə mən bir qədər savadlıyıq, amma yüzlərcə müəllim var ki, türk dili cəhətincə sırf bisavaddırlar; bədbəxtlik burasındadır ki, öz türk dilimizi öyrənmək həvəsi də biz müəllimlərdə yoxdur. Sizin həmin bu məqaləniz, əfəndim, (mən yazan məqalələr kimi) türkcən yazılmayıbdır, ruscadan tərcümə edilibdir, yəni siz (və mən) əvvəlçə rusca fikir edib sonra həmin fikrimizdəki rus sözlərinin tərcüməsini bura yazıbsınız; o səbəbdəndir ki, məqalənizin bir çox yerləri türk dilinin, hətta avamlarımız arasında istemal olunan dilin də ruhuna biganə olduğunu hətta mən də anlayıram. Məsələn, yazırsınız:

«Unutmamalı ki yoldaşımız... şu rusca hekayəni o şagirdlərə qəlim edir, hansılar ki, hekayənin heç bir sözünün mənasını bilmir...»

Bu cümlə rusça yazılıbdır, ancaq rus sözlərinin əvəzinə onların türkcə tərcüməsi qoyulubdur Bax rusçasını yazım, bir-birinə tutuşduraq:

«Ne nujno zabıvat, çto tovariş... etu skazku po russki prepodaet tem uçenikam, kotorıe ne znayut znaçenie ni odnoqo slova...»

Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları1 dəfələrlə qəti surətdə elan etmişlər ki, türk dilində «hansı ki», «hansılar ki» sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulilə dərs verən müəllimlər, rusun «kotorıy» gəlməsini tərçümə etmək üçün özlərindən çıxardıblar; onun istemalı lüzumsuz bir ağırlıqdır.

Haman mətləbi bu cürə demək olardı: diqqət yetirməli; Uzeyir cənabları şagirdlərə rusca bir hekayə təlim edir ki, şagirdlər o hekayədəki sözlərdən heç birinin mənasını bilmirlər.

Digər bir yerdə yazırsınız: «Mən bu əqidədəyəm ki, əgər bu halətin birindən çıxmaq tərcümə üsuli ilə asanlıq olar. Diqqət yetirməli: «bu halətin birindən çıxmaq» — yəni «vıyti iz etoqo polojeniya». Bəli, yoldaşım, müəllim Əli, sizin və mənim məqalələrimiz tərcümə üsulilə verdiyimiz dərslərin nümunələridir ki, rusça «kotorıi» sözü düşəndə «hansı ki» və «vıyti iz etoqo polojeniya» kimi sözləri də «o halətdən çıxmaq kimi» ümumi türk dilinə və bizim avamların dilinə də müqayir sözlərlə tərcümə edib dilimizi puç və xarab edirik.

Canım! həqiqəti inkar etmək nəyə lazım? İndiki müəllimlərin tərcümə üsulilə dərs verməsi bir tərəfdən dilimizi xarab edir, digər tərəfdən uşağa ruscanı öyrətmir. Oylə isə, hər iki dili öz özlüyündə ayrıca olaraq üsuli-təbii ilə öyrətmək yaxşı deyilmi? Vallah, bizim bugünkü dilsizliyimizə, ədəbiyyatsızlığımıza bir tərəfdən fars və digər tərəfdən də rus dillərinin tərçümə vasitəsilə aramızda tədris edilmələri səbəb olubdu.

Və bir də, əfəndim, mənim məqaləmi tənqid edərək, bir yerində mötərzə içində olaraq deyirsiniz ki: «Bu sözlərdən özgə bir iy gəlir», Sizdən təvəqqim budur ki, bir də mənim məqaləmi iynəməyəsiniz, əfəndim!

 




1. Müəllim Əli — güman etmək olar ki, o zaman öz müəllim yoldaşları arasında hörmət qazanmış Əli bəy Qasımzadədir.



 

 
   © Musigi Dunyasi, 2005