Keçənlərdə mənim məktəblərimizdə
rus dili təlimi haqqında yazmış olduğum
məqaləyə 2
cavab və yaxud bir haşiyə olaraq möhtərəm
müəllim Rəşid bəy Əfəndizadə3
cənabları tərəfindən yazılmış
bir məqalə gördüm. Rəşid bəy
əfəndi məqaləsini «mübadiləyi-əfkardan
bariqəyi-həqiqət törəyir» sözlərilə
başlayıb, əvvəlcə bir balaca müqəddəmə
yazırlar və o müqəddəmədə əzcümlə
belə deyirlər: «Mətləbimiz o mə-qalənin
(yəni mən yazdığımın) ziddinə
çıxmaq əsla deyildir», yəni Rəşid
bəy əfəndi oxucuları xəbərdar edir
ki, onun məqsədi mənim ilə mübahisə
və mücadiləyə qalxmaq deyildir. Ehtimal bu
səbəbdəndir ki, Rəşid bəy əfəndi
məşhur təbir olan «Müsadiməyi əfkardan»
də hətta «müsadimə» sözünü
bu yolda çox şiddətli bir təbir bilib, onun
əvəzinə «mübadilə» yazıbdırlar
və hərçənd «mübadilədən» «bariqə»
törəmədiyini və «bariqə»nin ancaq «müsadimədən»
törədiyini nəzərə alıbdırlarsa
da, amma yenə də məni incitməmək üçün
məntiqi qurbanedəcək dərəcədə
fədakarlıqla bulunubdurlar. Mən də Rəşid
bəy əfəndinin bu fədakarlığına
qarşı təşəkkürlər edirəm.
Ancaq burasını dəxi əlavə edirəm
ki, boylə bir əhəmiyyətli məsələdə
Rəşid bəy əfəndi həqiqəti mənə
qandırmaq üçün başımı yarsa
da incimərəm.
Burada mən dəxi bir müqəddəmə söyləyəcəyəm.
1—2 gün bundan əvvəl müəllim rəfiqlərimdən
birisi yanıma gəlib mənə dedi:
«Canım,
keçən səfər sən nə yazmışdın
ki, Rəşid bəy ona boylə cavab verir?» Mən
dedim ki, əvvəla Rəşid bəy mənə
cavab yazmayıbdır; o mənim məqaləmdən
haşiyə çıxır və saniyən, keçən
səfər mən yazmışdım ki, «məktəblərimizdə
rus dilini üsuli-təbii ilə tədris etmək
lazımdır». Rəfiqim sordu: «Sən yazmışdınmı
ki, tazə dil tutan uşaqları mıza rus dili
öyrətmək lazımdır?».
M ə n — Əstəğfürullah, allaha şükür,
hələ ki məndə bir cünunluq nişanəsi
yoxdur.
Rəfiqim — Bəs, nə üçün Rəşid
bəy cənabları sənə və yaxud haşiyə
olmaq üzrə yazır ki, tazə dil tutan uşaqlara
üsuli-təbii ilə dil öyrətmək olmaz?!
Mən — Mən də təəccüb edirəm.
Rəfiqim — Sən yazmışdın ki, bütün
elmləri rus dilində oxumaq lazımdır?
M ə n— Əstəğfürullah! Canım, sən
məni kimə hesab edirsən, mənim haqqımda
bu suzən yararmı?
Rəfiqim — Canım, nə üçün Rəşid
bəy əfəndi sənə cavab və ya haşiyə
olaraq yazır ki, sair elmləri biz öz ana dilimizdə
oxumalıyıq?
Bəli, mən rəfiqimin bu sözlərindən
kəmal-yəs və kədərlə anladım
ki, Rəşid bəy əfəndinin məni incitməyəcək
bir tərzdə yazılmış olan haşiyəsini
oxuyan kəslər, mənim haqqımda bir çox
suzənlərdə bulunacaqdırlar. Qərəz...
indi keçək Rəşid bəyin haşiyəsinə.
Rəşid bəy əfəndi ən əvvəlcə
üstü örtülü olaraq yazır ki, məktəblərimizdə
rus dilini heç oxutmaq lazım deyildir. Sonra deyir ki,
yox, rus dilini oxutmaq lazımdır. Ancaq elmləri
öz dilimizdə oxutmalıyıq. Ondan sonra deyir
ki, hər halda tazə dil tutan uşaqlara rus dili
öyrətmək yaramaz.
Bunların arasında da üsuli-təbiini pisləyib,
güya üsuli-təbii ilə dərs demək
üçün ağzına yumurta salan bir müəllimin
dərsini tərif edib deyir ki, belə dərsdən
fayda olmaz.
İndi keçək Rəşid bəy əfəndinin
əvvəl dediyi sözlərə ki, məktəblərimizdə
rus dili oxutmaq lazım deyilmiş.
Rəşid bəyin fikrincə üç şöbəli
ibtidai məktəblərdə əvvəl il yazı
və qiraət öyrətmək, ikinci il şagirdlərin
təhzib əxlaqına çalışmaq və
üçüncü ildə nəfili bilik, məsələn:
hesab, bağ və ziraət işi və sairə
öyrətmək lazımdır.
Əvvəla bu başqa bir məsələdir və
bu barədə mən bir söz yazmamışam
və saniyən Rəşid bəyin bu sözlərilə
mən razı deyiləm.
Rəşid bəy əfəndi tərif edən
üç şöbəli məktəb məncə,
bir qəpiyə dəyməz. O cürə məktəbdən
uşaq heç bir şey əxz edə bilməz.
Məncə, ibtidai məktəblərimizin cümləsi
iki sinifli və 5 şöbəli olmalıdır
ki, oranı ikmal edən uşaq savad və bilik sahibi
ola bilsin və bir də bu məktəblərdə
rus dilini məcburən oxutmalıdır. Oxutmalıdır
ki, uşaq məktəbi qurtardıqdan sonra ikmali-təhsil
üçün realnı, qimnaziya kimi böyük
məktəblərə girib, istəsə oradan
da darülfünunlara gedə bilsin.
İbtidai məktəblərdə rus dili lazım
deyil demək, biməna bir təəssübdür
ki, onun zərrə qədər mənfəəti
olmayıb bol-bol zərəri var. Binəva uşağı
yalnız bir ibtidai məktəbdə oxumağa məhkum
edib də ikmali-təhsil yolunu tutmağın nə
mənası var və bir də camaatımızın
bir bu qədər zillət və həqarətlərə
düçar olduğu əksəriyən dil bilməmək
ucundan deyilmi?!
Sonra Rəşid bəy cənabları yazırlar
ki, rusi oxutmaq lazımdır, lakin elmləri öz
dilimizdə oxutmalıdır. Rəşid bəy
əfəndidən sual edirəm, hökumət müstəbiddilərindən
başqa, kim deyir ki, ibtidai məktəblərdə
elmləri rus dilində oxutmalıdır? Nə üçün
Rəşid bəy əfəndi bunu yazıb da,
mənim haqqımda xalqı suzəndə bulundurur.
O sözləri mənə və ya «Tərəqqi»
oxucularına deyil, popeçitelə, maarif vəzirinə,
rus hökumətinə söyləmək lazımdır.
Əcəba bizim də çalışdığımız
ibtidai məktəblərdə elmləri ana dilin-də
oxutmaq deyilmi? Ondan sonra Rəşid bəy elmlərin
də rus dilində oxunmasına razı olmuş
kimi( halbuki mən ona heç bir vaxt razı ola bilmərəm)
deyir ki, tazə dil tutmuş uşağa rus dili öyrətmək
yaramaz. Bu mətləbin işə heç bir dəxili
yoxdur, çünki hətta hökumət dəxi
buna razı olubdur ki, ibtidai məktəblərdə
əvvəlki sənə təlimi ana dilində
olsun! Boylə sözlərin məni şübhəli
göstərməkdən başqa özgə bir
mənası ola bilməz.
İndi keçək Rəşid bəy əfəndinin
üsuli-təbii haqqında olan fikrinə:
Guya, üsuli-təbii ilə tədris edən və
bunun üçün klasda «yumurtlamağa» məcbur
olan bir müəllimin dərsini tərif edib də
Rəşid bəy əfəndi sorur: budurmi üsuli-təbii?
Cavab verirəm ki, xeyr, müəllimin klasda yumurtalamağı
banlamağı, hürməyi və sairə bu günə
klounluğu üsuli-təbii tədrisi deyildir. Əgər
Rəşid bəy əfəndi üsuli-təbiini
bundan ibarət bilirsə, o halda doğru deyir ki,
bundan uşaqlar bir şey qanmaz. Amma üsuli-təbii
bundan ibarət deyildir. Üsuli-təbii ilə dərs
vermək üçün müəllimin «tənasüx»
edib toyuq, meymun və sair bir heyvan şəklinə
girməsi lazım deyildir.
Mən üsuli-təbiinin istemalı lüzumu haqqında
əvvəlki məqalələrimi yazdıqda müəllim
arkadaşların üsuli-təbiinin nədən
ibarət olduğunu bilirlər zənnində yazmışdım
və o zənnimdə də baqi qalıram və
Rəşid bəy əfəndinin isə üsuli-təbiini
başqa bir qaydada bilməsinə təəccüb
və təəssüf edirəm. Bununla belə
üsuli-təbiini başdan ayağa qədər
tamamilə burada tərif etmək məcburiyyətindən
özümü azad bilirəm, çünki əvvələn,
bunu qəzetə vasitəsilə qandırmaq mümkün
deyil və saniyən mən əvvəlki ixtarımı
ki, üsuli- təbii ilə dərs vermək yaxşıdır,
üsuli-təbii qaydasını bilən müəllimlər
üçün yazmışdım və haman üsulun
bu bir neçə ildən bəri nə səbəbə
gözdən düşmüş olduğunu da ixtidarım
qədər bildirmişdim.
Və bir də Rəşid bəy əfəndi
deyirlər ki, üsuli-təbii ilə dərs verən
müəllim yumurtanı ağzına alıb qırt-qırt
elədi, sonra yerə salıb rusca dedi ki, toyuq yumurtladı...
Nə deyim, görünür ki, ya müəllimin
ağzı xariquladə bir ağız imiş, yainki
yumurta çox balaca imiş və illa adi yumurta adi
adamın ağzına o qədər sərbəst
girməz ki, hələ bir sonra da qırt-qırt
eləmək mümkün olsun. Hər halda bəlkə
Rəşid bəy əfəndi elə bir müəllim
görübdür. Fəqət nahaq yerə Rəşid
bəy cənabları üsuli-təbiini bundan ibarət
bilirlər.
1. Məktəb, təlim, tədris, tərcümə
maariflənmənin yeni yollarla inkişaf etməsi
və bu kimi mübahisəli məsələlər
o zaman Azərbaycan ictimaiyyətini olduqca maraqlandırırdı
və ona görə onun diqqət mərkəzində
olmuşdu. Burada verilmiş məqalələr Üzeyir
Hacıbəyovun bu mübahisələrdə fəal
iştirak etdiyini bir daha sübut edir. Onun «Yeni üsuli-təbii
haqqında bir neçə söz» sərlövhəli
məqalələri «Tərəqqi» qəzetinin 1909-cu
il 6 mart tarixli 50-ci, 8 mart tarixli 51-ci, 19 mart tarixli
58-ci nömrələrinin 2—3-cü səhifələrində
və 1 aprel tarixli 67-ci nömrəsinin 3—4-cü
səhifələrində «Üzeyir» imzası ilə
çap edilmişdir. Sonuncu məqalə cüzi ixtisar
edilmişdir.
2. Burada söhbət «Əli aşı və Vəli
aşı» sərlövhəli və «Tərəqqi»
qəzetinin 1908-ci il 18 noyabr tarixli 105-ci nömrəsinin
3-cü səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc olunmuş məqalədən gedir.
3. Rəşid bəy Əfəndizadə (1863—1942)—
Görkəmli maarifpərvər xadim, müəllim
və yazıçı, XX əsrin ilk 16 ili ərzində
Qori seminariyasında işləmiş və bir çoxlarının,
o cümlədən Üzeyir Hacıbəyovun müəllimi
olmuşdur.
|
|
|