|
Bir
dәlinin dәftәrindәn 1 |
Bir məsəl var deyirlər ki, ikiayaqlıya etibar
yoxdur.
Doğrudan da belədir, dünyada hər nə iki
ayaqlı məxluq var, onların heç birinə
etibar eləmək mümkün deyil.
Götürək, məsələn, toyuğu. İki
ayaqlı məxluqdur. Nə qədər dən ver,
nə qədər yem ver, yenə də səni görəndə
qaçacaqdır. O ki, qaldı adama — ki, iki ayaqlı
məxluqdur — daha burada heç danışmaq lazım
deyil.
Amma bu işin səbəbi var.
Məsələn,
evdən çıxırsan bayıra və görürsən
ki, bir dənə toyuq ayağının birini qalxızıb
təkcə durubdur, ya özü də bərk fikrə
gedibdir. İstəyirsən ki, yanına gedib bir
qədər dən verəsən. Görürsən
ki, o saat qaçdı. Deməli, toyuqla sənin aranda
etibar yoxdur. Çünki sən də iki ayaqlı,
o da.
İndi görək bunun səbəbi nədir?
Toyuq çox yaxşı bilir ki, sən toyuq yeyənsən
və madam ki, səni görür həmişə
qorxur. Odur ki, bir sürü toyuğa da çağırıb
dən tökəndə görürsən ki, yazıq
toyuqların bir gözü dəndə və bir
gözü də səndədir.
İndi gələk adamlara!
Deyirlər ki, qədim zamanlarda adamlar bir-birlərinə
çox yaxşı etibar eləmişlər və
hətta bir zaman var imiş ki, bir səlavata çörək
də almaq olarmış, başmaq da və pa-paq
da.
Mən bilmirəm ki, bu əhvalat doğrudurmu, yoxsa
yalan. Ancaq onu bilirəm ki, bu gün o cürə
şeylər ola bilməz. Çünki bu gün
«səlavat» əvəzinə pul lazımdır.
Pulu qazanmaq da səlavat çəkmək kimi asan
deyildir. İndi bu gün əgər bir adam o biri
adama etibar eləyirsə, pulun cəhətinə
eləyir və illa pulu olmasa, itmiş pasport kimi
etibardan saqitdir.
Pul insanlar arasında rəsmiyyət törədir.
Məsələn, Həsənqulu ilə Cəfərəli
bir-birilə danışırlar, Həsənqulu
deyir ki, bu gün başım bərk ağrıyır,
onda Cəfərəli cavab verir ki, bir qədər
fenastin al, yainki yatarkən başuva dəsmal çal,
ya həna qoy. Amma elə ki, Həsənqulu Cəfərəliyə
bir manat zərər vurur, o halda Cəfərəli
elə vurur ki, Hə-sənqulunun başı nəinki
ağrıyır, bəlkə yarılır və
qan axır. İndi mənə deyəçəklər
ki, sənin sözlərində məntiq yoxdur...
Məntiq nədir?
Məntiq danışmaq elmidir. Danışan kəs
gərək elə danışsın ki, sözünün
dalı qabağı bir-birinə düz gəlsin.
Məsələn, deməsin ki, bu gün hava çox
gözəldir, çünki dünən bərk
açmışdım.
İstərsiniz məntiq barəsində bir qədər
söyləyim. Burda misal lazımdır. Məsələn,
şişə qırılar, əlimdəki şişədir.
Bəs əlimdəki şişə də qırılar.
Bir özgə məsəl: İnsanlar öləcəkdirlər.
Sən insansan, bəs sən də öləcəksən.
Yainki — insan iki ayaqlıdır. Və iki ayaqlıya
da etibar yoxdur. Toyuq dəxi iki ayaqlıdır, bəs
onda, toyuğa da etibar yoxdur.
Onda birisi gəlib deyir: Toyuğun iki ayağı
vardır və özünə də etibar yoxdur.
Sənin də iki ayağın var və sənə
də etibar yoxdur. Bəs onda sən toyuqsan.
Yox, bu söz xilafi məntiqdir, buna «sufizm» deyərlər.
Elə haman o «sufizm»dir ki, Tehran hökumətini bu
günə saldı və həmi ağlamalı
və həmi gülməli bir komediya qayırdı.
İran hökuməti deyir ki, sair hökumətlər
məşrutə verdilər, çünki camaat elə
istəyirdi.
Amma İran camaatı elə istəmir və ona
görə mən də məşrutə vermirəm.
Burada məntiq olarmı? Hərgah «İran camaatı
elə istəmir» sözü qələt olmasaydı.
Amma çünki o söz qələtdir, ona görə
bu mətləbdə, İran hökuməti qanacaqdan
kənar olan kimi, məntiqdən də kənardır.
Mən burada çox sözlər danışardım,
amma danışmıram.
Zəban dər dəhan ey xerəndmənd çist?
……………………nist 2.
Qafqaz maarif popiçiteli 4
yerli camaat məktəblərindən ötrü
tazə proqram göndərib və bu proqrama görə
həman məktəblərdə ana dili həftədə
6 dərs, rus dili də həftədə 12 dərs
olacaqdır.
Popiçitel cənablarının bunu belə etməkdən
mənzuru budur.
«Yerli ibtidai məktəblərin məqsədi yerlilərin
mənəvi və aqli tərəqqilərinə
kömək etmək və habelə onların zindəganlığını
yaxşılatmaq üçün yol açmaqdır,
o biri tərəfdən də onların arasında
rus dilini yaymaq və ümumi vətənpərəstlik
yolunda rus milləti ilə yaxınlaşdırmaqdır».
Çox gözəl, indi görək aya, ibtidai məktəbdə
ana dilinin altı və rus dilinin 12 dərs olmağı
ilə popiçitel cənablarının bu qəşəng
sözləri «çin» olarmı? Görürsən
ki, bir çox adamlar, 15—20 il rusca oxuyurlar, sonra əllərinə
qələm alıb rusca bir şey yazırlar və
bir rus qəzetəsi idarəsinə göndərib
təvəqqe edirlər ki, çap olunsun. Qəzetə
müdiri məqaləni oxuyub, cırır və
deyir ki, çox bisavad yazılıbdır.
Bəs məlum olur ki, rus dili çox çətindir
və onu bir millət arasında «yaymaq» üçün
və o adamları rusca savadlı eləmək üçün
əqəllən 8—9 klaslı məktəblər
açmaq lazımdır.
Halbuki ibtidai məktəblərdə 3—4 il oxunur
və uşaq nə qədər səyli olsa da 3—4
ilin ərzində o qədər rusça bilir ki,
axırda bir gün bir rus ilə danışsa, onun
da başına mənim başıma gələn
iş gələr. Mən ibtidai məktəbdə
4 il oxuyub, hər il «naqrad» ilə klasdan klasa adlayırdım
və o məktəbdə ki, «hürriyyət» zamanından
irəli idi, gündə bir saat öz dilimizdə
və qalan saatları da rus dilində oxuyurduq. Məktəbi
qurtardım, bir gün atam məni götürüb
dedi ki, gedək bir rus ilə danışacağam,
mənə dilmanclıq elə. Getdik. Atam dedi, mən
tərcümə elədim. Rusca bildiyim sözləri
müzayiqə eləmədim. Rus qulaq asdı, asdı,
axırda dedi ki, «neçeqo ne ponyal», yəni heç
zad anlamadım. Bir-birimizə baxa-baxa qaldıq. Axırda
atam bir erməni çağırdı, gəlib bizə
dilmançlıq elədi. Evə qayıdarkən
atam mənə deyirdi: heyif sənə xərclədiyim
pullar!
O ki, qaldı ana dilinin azalmasına və 6 dərs
olmasına, onda da yenə gündə uşaq bir
saat dərs oxumaqla axırda ancaq öz adını
və bir də atasının adını yazmaq
bilər və bir gün olar ki, onun başına
mənim başıma gələn iş gələr.
Məktəbi qurtardıqdan sonra bir gün qonşumuz
mənə müsəlmanca bir kağız yazdırdı
və göndərdi. 15 gündən sonra qonşumuz
mənə bir kağız verdi ki, oxuyum. Mən
kağıza bir qədər baxıb, bunu oxudum ki,
əvvəla səlamət olasınız və
saniyən bu tərəfin əhvalını... burada
dayandım və gözümü kağıza zillədim
və gördüm ki, dalını oxuya bilmirəm.
Ha səy elədim, ancaq tək bir «yaxşı»
sözünü oxuya bildim. Sonra bir dükançı
haman kağızı oxuyub, bilmişdilər ki,
kağız yazan şikayət edib deyir ki, yazdığınız
kağızı oxuya bilmədim. Kağız yazanda
da bir savadlı adama yazdırın ki, yaxşı
oxumaq olsun.
Bu əhvalatdan sonra atam az qalmışdı ki, məni
başmaqçı yanına şagird qoysun, amma mən
qaçdım.
Bu proqramı popiçitel cənablarına təlqin
edən maarif nəzarətini inandırıram ki,
camaat məktəbində rus dilinin artması və
ana dilinin azalması ilə yerli əhali mənən
və əqlən tərəqqi edib zindəganlıqlarının
yaxşılaşması üçün yol tapmazlar
və «ruslar» ilə də yaxınlaşıb «ümumi
vətənpərəst» olmazlar, bəlkə, Əli
aşından da Vəli aşından da olub, axırda
avara və bədbəxt olarlar.
Həqiqət hali nəzərə almayıb, qəşəng-qəşəng
sözlər demək çox asandır.
1. Məşrutə verməkdən boyun qaçıran
İran hökumətinin timsalında etibarsızlığı,
məntiqsizliyi pisləyən «Bir dəlinin dəftərindən»
sərlövhəli felyeton «Tərəqqi» qəzetinin
1908-ci il 13 noyabr tarixli 101-ci nömrəsinin 3-cü
səhifəsində «Yazan Filankəs» təxəllüsü
ilə dərc edilmişdir.
2. Zəban dər dəhan ey xerənmənd çist?
.........nist.—farscadır,
Sədidəndir. Tərcüməsi: Ağızdakı
dilin nə olduğunu, ay ağıllı, bilirsənmi?
(müəllifin Sədidən götürdüyü
şerin və burada vermədiyi ikinci misrasının
mənası belədir: Hünər sahibinin əlində
xəzinə qapısının açarıdır).
3.Ciddi bir məsələyə — Azərbaycan məktəblərində
ana və rus dillərini öyrənmə məsələsinə
həsr edilmiş «Əli aşı və Vəli
aşı» sərlövhəli məqalə «Tərəqqi»
qəzetinin 1908-ci il 18 noyabr tarixli 105-ci nömrəsinin
3-cü səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc edilmişdir.
4. O zaman Zaqafqaziyada Qafqaz canişininin idarəsi
yanında maarif işlərinə nəzarət
yetirən popeçitel idi (yəni nəzarətçi).