Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Sokrat təriqilə siyasi söhbət 1

B — Əşi, bilmirəm bu məşrutə nə idi ki, bu yazıq İranı bu günə saldı! İndi bu nə ömürdür ki, o yazıqlar sürürlər!?

C — Lap doğru buyurursunuz, İranın bu günki haləti çox yamandır!

B — Və bunun hamısına da səbəb haman məşrutədir, bilirsinizmi?

C — Necə ki, bilmirəm, doğrudan da səbəbi məşrutədir.

B — Bax, əgər məşrutə olmasa idi, Mələgəlmütəgəllimeyn, Cahangir xan kimi adamlar da ölməzdi!

C — Doğrudur, Təbrizdə də bir bu qədər adamlar qırılmazdı!

B — Bəli, çox heyiflər olunsun ki, məşrutə araya düşüb işi bu günə pərişan etdi.

C — Səhih buyurursunuz, bir bu qədər zülmə məşrutə səbəb oldu.

B — Odur ki, deyirəm, qoy iranlılar bu məşrutə əhvalatını bilmərrə büküb palasın altına qoysunlar.

C — Yəni lap aradan götürsünlər.

B — Bəli, bəli!

C — Çox səhih, çox səhih.

B — Məncə, bilirsiniz, İran üçün məşrutə lazım deyildir, «müqənnənə» lazımdır. C — Bağışlayın, müqənnənə sözünü mən başa düşmürəm.

B — Müqənnənə, qanun sözündən çıxıb. Dövləti müqənnənə, yəni qanuni olan dövlət. Ancaq o qanunlar gərək yazılmış olsun.

C — Aha! Başa düşdüm! Sağ olun! Ancaq bu sözü mən birinci dəfədir ki, eşidirəm, görünür ki, tazə sözdür.

B — Bəli, bəli! Bu sözü biz özümüz İranda çıxartdıq, və çox adam da bizim bu sözümüzü haqlayır. Məsələn, şapşal və s.

C — Mən özüm də sizin bu sözünüzü haqlayıram, məhz doğru buyurursunuz.

Sizin bu sözlərinizə mən iki əllərimlə, hətta, mümkün olsa iki ayaqlarım ilə də qol qoyub sizlə bərabər deyərəm ki, İran üçün yazılmış qanunlar lazımdır.

B — Sağ olun, mən çox məsrur oldum ki, siz də mənim fikrimə şərik oldunuz.

C — Heç şübhə etməyin ki, mən həmişə yaxşı fikirlərə şərikəm.

B — Sağ olun.

C — Siz də sağ olun və allah sizdən razı olsun.

B — Əgər İran dövləti müqənnənə olub və bütün işlər o qanun ilə getsəydi, əhvalı çox yaxşı olardı.

C — Əlbəttə, əlbəttə, heç şübhə yoxdur! Əlbəttə, əlbəttə ançaq söz yoxdur ki, o qanunlar gərək camaatın məişətinə, diriliyinə müvafiq olsun! Yəni iranlıların ehtiyac-larını rəf eləyə bilsin, elədirmi?

B — Bəli, düzdür, doğru buyurursuz, o qanunlar gərək rəfi hacət edə bilsin.

C — Amma bir az o qanunları tapıb qayırmaq çətindir. Onun üçün gərək bütün İran əhlinin hər bir ehtiyacatını biləsən! Doğrudurmu?

B — Bəli, əlbəttə, bütün ehtiyacatı bilmək lazımdır.

C — Görəsən İran vəzirləri camaatın hər bir ehtiyacatını bilirlərmi? Onu siz yaxşı bilərsiniz.

B — Yox, ağlım kəsmir ki, bilsinlər... Doğrusunu axtarsan heç bilmirlər...

C — Bəs onu kim yaxşı bilir!

B — Nə deyim, vallah!

C — Mən belə güman edirəm ki, camaatın içində bir çox adamlar tapılar ki, onlar camaat ehtiyacatını vəzirlərdən yaxşı bilirlər. Siz nə fikir edirsiniz?

B — Doğrudur, söz yoxdur ki, belədir. Çünki vəzir ehtiyac görməmiş bir adamdır.

C — Onda nə yaxşı olardı ki, o adamlar yığılıb qanun qayırmaqda hökumətə, yəni şaha, vəzirlərə kömək edəydilər, elədirmi?

B — Doğrudur, çox yaxşı olardı. Çünki onların qayırdıqları qanunlar camaat ehtiyacatına müvafiq olardı.

C — Yaxşı olardı ki, camaat o adamları seçib, göndərəydi şahın yanına və onlar da gəlib orada yığılıb haman siz dediyiniz qanunları qayıra idilər və İran qanunlu bir dövlət olaydı. Buna nə deyirsiniz?

B — Nə deyəcəyəm, çox gözəl olardı, çox yaxşı olardı.

C — Bəs filan-filan şüdə, nə üçün deyirsiniz ki, İran üçün məşrutə lazım deyildir.

B — Boy! Məyər elə olsa məşrutə olar?

C — Bəs, məşrutə nədir? Məşrutə budur ki, var.

B — Mən ölüm!?

C — Sən öl, özüm ölüm ki!

B — Balam, onda bağışla, biz elə bilirdik ki, məşrutə, yəni camaatın hökumət ilə davası və şuluqluq.

C— Xeyr, məşrutə — yəni camaat başbilənlərinin yığılıb camaatın ehtiyacatına müvafiq qanun qayırmağı, vəssəlam.

B — Balam, allah səndən razı olsun, amma çox «biclik» ilə məni başa saldın.

C — Bəli, politika işində bir qədər «biclik» lazımdır, bunu da yadında saxla.

   



Biz nə tövr iş görürük?

Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.

O şey nədir?

O şey nərdivandır! — Necə yəni nərdivan? Nərdivan nədir?

Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar.

Bu belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə iş görürük.

Amma bunun səbəbi var. Səbəbi də budur.

Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydu-lar, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yegəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar.

Qərəz, gözümüzü ovçalayıb dedik ki, nə var? Biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə.

Axırı nə oldu?

Axırı belə oldu:

Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin tazadan başlayaq, ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə dəvə, qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq, ondan balaca nədir?

— Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar) deyirik ki, eşşək boyda iş görmək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini görürük yox! Keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq, siçan üstünə.

Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi...

Biz belə iş görürük.

 


1.«Sokrat təriqilə siyasi söhbət» «Tərəqqi» qəzetinin 1908-ci il 7 noyabr tarixli 95-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir. Antik filosofu Sokratın adı yalnız məqalənin başlığında çəkilir. Halbuki, «söhbət» öz quruluşu ilə antik dövrün «məntiqi deyişmələrini» xatırladır. Belə bir üsul-dan istifadə edərək, müəllif oxucunu asanlıqla İranda məşrutə olduğuna inandırır.
2. Acizliyi, paxıllığı, nadanlığı pisləyən bu felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 10 noyabr tarixli 98-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.

 

 
   © Musigi Dunyasi, 2005