Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Bir qәdәr qәzetәçilik dәrsi 1

Müəllim — Qəzetəyə hər cür şey yazmaq olarmı?

Şa g i r d lə r — Xeyr, olmaz.

Müəllim — Necə olmaz? Bəs qəzetənin başında «Hürriyyət» yazılıbdır?

Şagirdlər — Doğrudur, hürriyyət yazılıbdır, amma «hürriyyət ondan ötrü yazılmayıbdır ki, hər kəsin ağlına nə gəlsə götürüb qəzetəyə vurdursun.

Müəllim — Çünki o halda qəzetə nə olar?

Şagirdlər — O halda qəzetə zibil səbəti olar.

Müəllim — Çox yaxşı, bəs o surətdə kim kimdən inciməlidir, qəzetənin müdirimi yazı yazıb da yazdığı çap olunmayandan, yoxsa yazı yazıb da yazdığı çap olunmayan qəzetənin müdirindən?

Şagirdlər — Qəzetənin müdiri yazı yazıb da yazdığı çap olunmayandan inciməlidir.

Müəllim — Nə üçün?

Şagirdlər — Çünki yazı yazıb da yazdığı çap olunmayan müdirin qəzetəsini zibil səbətinə döndərmək istəyirmiş.

(Bəzi yazı yazıb da yazdıqları çap olunmayan şəxslərdən təvəqqe olunur ki, bu sözlərdən hələ töz inçiməyib, dərsin dalına qulaq assınlar).

Müəllim — Bəs qəzetəyə nə tövr məqalə yazmalıdır ki, çap olunsun?

Şagirdlər — Əvvəla qəzetənin məsləkinə müvafiq olsun.

Müəllim — Məsələn nə tövr?

Şagirdlər — Məsələn, qəzetənin məsləki budur ki, tərəqqiyə mane olan şeylər rəf edilsin. Ona görə, əgər birisi durub yaza ki, dəmir yolu şeytan əməlidir və gödək paltar geymək haramdır, o surətdə onun məqaləsi çap olunmayıb, zibil səbətinə düşər.

Müəllim — Və saniyən?

Şagirdlər — Və saniyən mətbuat qanunlarına müğayir olmasın.

Müəllim — Nə tövr?

Şagirdlər — Mirzə, onu müdir özü canının qorxusundan yaxşı bilir.

M ü ə l l i m —Və salisən?

Şagirdlə r—Və salisən, qərəzi şəxsi ilə yazılmasın.

Müəllim —Nə tövr?

Şagirdlər — Məsələn, Əli-Vəli ilə qumar oynaya, Vəli də Əlinin pulunu uda. O surətdə Əli götürüb qəzetəyə belə bir şey yaza: «Ay, cəhalət bizi basdı, qəflət yuxusu axırımıza çıxdı. Biz nə vaxtadək öz hüququmuzu anlamayıb, onun, bunun əlində müztər qalacayıq? Bir insaf edin, özgə millətlərin cavanları elm və ədəb dalına düşüb millətə xidmət etmək yolunda can qurban edirlər. Amma bizim cavanlarımız, əz on cümlə, məsələn, cənab Vəli bəy, gündüz axşama kimi klublarda leylaclıq edib, qumar oynayır və xalqın pulunu udur. Möhtərəm müdir, təvəqqe edirəm ki, adımı yazmayıb, imzamı «Canı yanan» qoyasınız.

Bu cürə kağızların da yeri zibil səbətidir.

Müəllim — Xub. Və rabəən?

Şagirdlər — Və rabəən, şəxsi işlər yazılmasın.

Müəllim — Nə tövr?

Şagirdlər — Məsələn, biri belə yaza: Müdiri möhtərəm, çox təvəqqe edirəm ki, mənim bu kağızımı çap edəsən. İsrağa gün mən çəkmə almaqlıq qəsdilə Məşədi Filanın dükanına getdim. Məşədi Filan məndən 12 manat nəqd pul alıb, bir cüt çəkmə verdi. Çəkməni geyib bir gün gəzəndən sonra gördüm çox dardır və ayağımı bərk sıxır. Əhvalatı Məşədi Filana nəql elədim. Dedi mən nə qayırım, dedim çəkməni geri al və ayrısını ver. Dedi olmaz, xarablamısan! Nə qədər elədim olmadı. İndi bu əhvalatı cəmi müsəlman qardaşlarıma bildirib sual edirəm ki, aya rəvadırmı ki, həmi pulum getsin, həm də çəkmə ayağımı çolaq eləsin!

Bu da səbət malıdır.

Müəllim — Xub və xamisən?

Şagirdlər — Və xamisən biməna şeylər yazılmasın.

Müəllim — Nə tövr?

Şagirdlər — Məsələn, bu gün tək və tənha əyləşib öz-özümə fikir edirdim. Müsəlman millətinin xar və zəlil olmağı barəsində. Hansı ki, ayrı millətlər hamısı qabağa gedir, amma biz bədbəxtlər geriyə qalıb, hansı ki, gərək biz hamı millətlərdən qabaqda olub, yüzlərcə məktəblərimiz olub, uşaqlarımız dərs oxuya idi. Hansı ki, indi küçələrdə «əlməndə» oynayırlar. Müdir möhtərəm, təvəqqe olunur ki, çox töz qəzetənizdə çap eləyib, adımı da «Nalan» qoyasınız.

Müəllim — Müdiri möhtərəm, bu məqaləni tözmi çap edər?

Şagirdlər — Deyir, müdiri möhtərəm, bu məqaləni cırıq-cırıq eləyib öz-özünə deyər: bunun əvəzinə bir əhvalat yazıla idi, yenə bir şey olardı.

Müəllim — Və sadisən?

Şagirdlər — Və sadisən, fitnə və fəsad qovzayan olmasın.

Müəllim — Nə tövr?

Şagirdlər — Daha onu burada yazmaq lazım deyil. Çünki məqalə yazan özü bilir ki, fitnə qəsdi ilə yazıbdır.

Müəllim — Çox gözəl, dərsinizi yaxşı bilirsiniz. Əgər müsəlman yazıçıları da bu dərsləri əzbərləsəydilər, nə olardı?

Şagirdlər — Özlərinin və müdirin vaxtını zaye etməzdilər. 7 qəpiklik markanı, iki qəpiklik mürəkkəbi və bir qəpiklik qələmi kor qoymazdılar və zibil səbətini ağzınadək doldurub xidmətçinin də əziyyətinə səbəb olmazdılar.

İ d a r ə d ə n: — Ay olaydı ha!

   

 

 

Yarım günlük sәyaһәtim 2

....qərəz mindik vaqona. Burada məndən savayı iki nəfər gəncəli ilə iki nəfər də bakılı və bir nəfər şamaxılı var idi. Başladıq söhbət eləməyə. Allah bunlardan razı olsun, çünki bunların söhbətindən bir çox bilmədiyim şeyləri qandım və öyrəndim. Məsələn, gəncəli dedi ki:

— Keçən dəfə bizim bir qohumumuza sudda üç il «xəsiyyət» kəsmişdilər...

Gəncəli qardaşın bu «xəsiyyət» sözünü mən başa düşmədim və güman elədim ki, bu söz tək bir Gəncə şivəsinə məxsus bir sözdür ki, onu bakılı qardaş da bilməyəcəkdir. Amma gördüm xeyr, bakılı qardaş onu çox yaxşıça başa düşüb dedi ki: — Haman mən dediyim adama da iki il «xəsiyyət» kəsiblər.

Yanımda bir şamaxılı qardaş var idi, qəsdən bundan soruşdum ki, «xəsiyyət» nə sözdür? O başladı mənə qandırmağa. Onda bildim ki, «xəsiyyət» ümumi və rəsmi bir sözdür ki, onu bakılı da, gəncəli də, şamaxılı da və şübhəsizdir ki, qarabağlı da, şəkili də, qubalı da, qərəz bütün Qafqazın müxtəlif yerli müsəlmanlarının çoxu (müsəlmanla-rın da çoxu kimdən ibarət olduğu məlumdur) bilirlər.

Mən də bildim və bilməyənlərə də ərz eləyim. Məsələn, bir müsəlman karastısını və ya yarağını götürüb gedir o biri müsəlmanı öldürür.

Sonra iş belə düşür ki, bu müsəlman (yəni öldürən müsəlman, ölən yox) hökumət əlinə keçir. Sonra hökumət bunu suda verir. Sud da bu müsəlmanı göndərir Sibirə və yola salmaqdan qabaq deyir ki, sənə üç il «xəsiyyət» kəsmişəm. Onda müsəlman qardaş anlayır ki, gedib Sibirdə üç il oturub, lakin əlini ağdan qaraya vurmayacaqdır, ancaq gözləyəcəkdir ki, «xəsiyyəti», yəni xasiyyəti dəyişsin. Yəni adam öldürmək kimi heyvan xasiyyətini dəyişib, onun əvəzində adam öldürməmək kimi insan xasiyyəti olsun (İndi Sibirdə müsəlman qardaşın heyvan xasiyyəti dəyişirmi, dəyişmirmi? — o ayrı məsələdir).

Müsəlman qardaşların o biri söhbətlərindən də bunu başa düşdüm ki, Bakıda adam öldürmək bir qədər tənəzzülə düşübsə də amma, bərəkət versin, Gəncədə çox tərəqqidədir. Bundan başqa, Gəncədə də, Bakıda da adam öldürmək şikara çıxmaq kimi bir şeydir. Ancaq Bakıda adamı quş atan kimi atırlar, Gəncədə isə heyvan öldürən kimi öldürürlər.

Vaqonda bizdən başqa bir iki nəfər kəndli müsəlman qardaşlar dəxi var idilər. Bunların ikinci klasda3 getmələri mənim diqqətimi cəlb etdi. Soruşdum ki, nə tövr olub ki, siz bura düşübsüz? Dedilər: başına dönüm, allah bayisin evini yıxsın! Və sonra bu əhvalatı nəql elədilər, Bilet almaqdan qabaq bir nəfər kanduktor paltarında adam bizi tovladı ki, gəlin mənə bir iki manat verin, sizi biletsiz aparım. Biz də güman elədik ki, bəli, habelə olsa, bir-iki manat irəli düşərik, bu da bizdən bir manat beh aldı. Sonradan-sonraya bir allah bəndəsi bizi başa saldı ki, haman «konduktor» bicin birisi imiş və bizi axmaq müsəlman deyə ələ salıbdır. Töz yüyürdük ki, bilet alaq. Amma baxdıq gördük ki, üçüncü klasın bileti qurtarıb, naələc qalıb ikinci klasın biletini aldıq. Sonra getdik ki, şeyimizi baqaja verək, bizə dedilər ki, olmaz, dedik nə üçün? Dedilər ki, «zakon ni bazvalayit». Gördük vaxt keçir, qaldıq baxa-baxa. Sonra o, «zakonni bazvalayit» deyən adamların birisi bizə göz elədi. Biz haman dəm bu işarəni başa düşüb, əlimizi cibimizə saldıq və yarım manat pul düzəltdik. Ondan sonra gördük ki, bu səfər «zakon bazvalayit».

Xülasə, gəldim çıxdım getdiyim yerə, amma burada gör düyümü sonra deyəcəyəm.

 


1. «Bir qədər qəzetçilik dərqi» sərlövhəli felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 23 oktyabr tarixli 83-cü nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
2. O zamankı məişətin acınacaqlı hadisələrini ifşa edib pisləyən «Yarım günlük söhbətim» sərlövhəli felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 26 oktyabr tarixli 85-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
3.Çarizm zamanı dəmir yollarında sərnişin vaqonları üç kateqoriyaya (klassa) bölünürdü: birinci kateqoriyaya aid vaqonlar abad və sərnişinlər üçün çox rahat olduğundan biletlər də çox bahalı idi; ikinci kateqoriyaya aid vaqonlarda o qədər rahatlıq olmadığından bunların bileti bir qədər ucuz idi; üçüncü kateqoriyaya aid vaqonlar isə ümumi idi, burada yerlər müəyyən edilmirdi, bu vaqonların biletləri o birilərinə nisbətən çox ucuz idi.  



 
   © Musigi Dunyasi, 2005