Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, allah kərimdir, işimiz bu gün sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, «millət irəli gedibdir», ha eşidirsən ki, filan yerdə filənkəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittihad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, — yenə axırda baxıb görürsən ki;

Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd — əbcəd!.

   

 

 

 

 

Bayram 2

Bu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.

Məscidlərin ağzı qapanmağı bir tərəfdən şayani təəssüfdür. Amma çünki məscidlərin ağzı qapandıqda bəzi adamların da ağzı qapanır, ona görə digər tərəfdən şayani məsərrətdir.

İndi mənə deyəcəklər ki, əşi sizdən ötrü məscidin ağzı qapalı olsun, ya açıq olsun. Hamısı birdir, siz ki, məscidə gəlmirsiniz.

Onda mən də deyərəm: Doğrudur, məscidə gəlmirik, amma gəlməməyimizə səbəb var.

Mənə nə düşübdür ki, məscidə gedim və qulağım da belə-belə sözlər eşitsin:

— Hər kəs rəməzanda qəzet oxusa vələdüznadır.

Əgər birisi gedib bir özgəsinin evində söyüş söysə, şübhə yoxdur ki, ev sahibinin acığı tutub deyəcəkdir ki, mənim evim söyüşxana deyil.

Halbuki, allahın evində müqəddəs minbərdən, rəməzan günündə bu cür nalayıq sözlər eşidirsən...

Yox, sözün doğrusu, iş belə olan halda məscidin ağzı qapalı yaxşıdır!

Bəli, orucluq çıxdı. Aya, camaatımız allahtaalanın bu böyük nemətindən bəhrəmənd oldularmı?

Bəli, oldular. Əqəllən məscidlərdə bir iyirmi dəfə ictimai-müslümin vaqe olub, hərçənd müsəlmanların indiki ovzai-pərişanından danışılmadı, bu gün hər müsəlma-nın borcu nə olduğu məlum edilmədi, qara camaatın ağlının, daireyi məlumatını artıran söhbətlər edilmədi. Qan tökənlərə rozə təsir edəcək sözlər söylənmədi — amma hər halda — bərəkət olsun — bir çox faydalı və lazımi sözlər danışıldı ki, onun millətimizə artıq nəfi vardır.

Məsələn, camaat bildi ki, nə üçün arvadlar heyz görürlər, belə məlum olub ki, bunun səbəbi «Həvva»nın behiştdə buğda ağacına əl uzatmağı imiş, çünki o vaxt ağacdan qan gəlibmiş; bundan başqa yenə məlum oldu ki, imamlarımızdan biri bir kafir öldürübdür ki, gündə bir dəvə yeyərmiş. Amma hamısından nəfili dəvə məsələsidir. İndiyə qədər heç bir alim bilmirdi ki, nə üçün dəvənin alati-tənasüli daladır, görünür ki, bunun baisi Cəbrayıl əleyhüssəlam imiş. Çünki bir dəfə İbrahim peyğəmbər bir bütpərəsti dəvənin üstündə dəvə ilə bir yerdən götürüb çiyninə alıbdır, bu əsnada dəvəyə bovl etmək lazım gəlibdir. Cəbrayıl əleyhüssəlam bunu görüb, İbrahim peyğəmbərin üstü bulanmasın deyə, qanadı ilə geri vurubdur. Bunlardan başqa camaat bunu bilibdir ki, qəzetə oxuyanların hamısı vələdüznadır.

Bunlar hamısı keçəndən sonra millətimiz minlərcə belə bayramlara nail olsun, amma onunla bərabər allah bizə rəhm eləsin. Çünki biz daha çürüyürük...

   

 

 

 

Tazә xәbәr 3

Eşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat tə-favüt eləyir, zərafət deyil! O ki, qaldı dərs yaxşımı olacaq, pismi onun şəhər idarəsinə dəxli yoxdur.

Məlum olduğu üzrə müsəlmanlar içində ən əvvəl danos yazanlar bəylər oldular. Sonra bu adət kənd yüzbaşılarına keçdi, sonra hacılarımız və qara və qırmızı və ağ saqqallarımız dəxi bu işi çox bəyənib adətkərdə oldular.

Əhvalat bu üzrə ikən müəllimlərimiz gördülər ki, adə, rusca bilən bunlar, zakona bələd olan bunlar, amma danos yazan özgələr!...

Yox, belə olmaz deyib, müəllimlərimiz dəxi bir-birlərindən danos yazmağa şüru edibdirlər. Ümmidvar olmalıdır ki, bu «gözəl» adət əhalimizin sair sinifləri arasında da intişar tapıb, bir qədərdən sonra bütün Rusiya müsəlmanlarının hamısı danos yazan olaçaqlar.

Gəncə müxbirimiz yazır: İrandan buraya bir adam gəlibdir, həm molladır, həm seyiddir, həm kərbəlayi, həm də məşədi. Məzkur «müqəddəs» şəxs Gəncəyə varid olan kimi, əhalinin orucluq günü qəzetə oxumaq kimi böyük məsiyətlərə mürtəkib olduğunu görüb çox açığı tutdu və moizə əsnasında şeytan barəsində camaata bir məlumat veribdir ki, eyni budur:

Dünyada iki cür şeytan vardır. Onların biri dəli və o biri də ağıllıdır.

Zəmani ki, dəli şeytan insanın qəlbinə girir, insan haman dəm dəli olur və zəmani ki, ağıllı şeytan insanın qəlbinə daxil olur, insan haman dəm....

Cənabi «müqəddəs» istəyir desin ki, ağıllı olur, amma onun əvəzində camaata üç dana səlavat çövürdüb, özü də fikrə gedibdir və sonradan sonraya deyibdir: dünyada nəki maşın, piraxot var hamısını icad edən ağıllı şeytandır, qəzetə yazanlar dəxi haman ağıllı şeytan cümləsindəndir. Ona görə onlara yaxın durmaqdan ictinab etməlidir.

İdarədən: Piraxot məsələsindən məlum olur ki, axund Arazdan keçib gələnlərdəndir.



1. Xalqının tərəqqisi uğrunda mübarizə ilə yaşayan müəllifin kiçik, lakin dərin mənalı bu yazısı «Tərəqqi» qəzetin 1908-ci il 12 oktyabr tarixli 74-cü nömrəsinin 4-cü səhifəsiidə «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
2. Avamlığı və nadanlığı pisləyən «Bayram» sərlövhəli yazı «Tərəqqi» qəzetinin 1908-ci il 14 oktyabr tarixli 76-cı nömrəsinin 4-cü səhifəsində «Filankəs» imzası ilə dərc edilmişdir.
3.«Tazə xəbər» sərlövhəli felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 20 oktyabr tarixli 80-cı nömrəsinin 3-cü səhifəsində «Filankəs» imzası ilə dərc edilmişdir.  


 
   © Musigi Dunyasi, 2005