Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

 

Hesab məsələləri1

 

(Zadaçalar)

1

Bakı quberniyasında 6 min müsəlman öldürülübdür və hər bir müsəlmanın öldürülməsinə əqəllən 200 manat pul sərf olunubdur, Sual olunur ki, bunların hamısına neçə dana «Tərəqqi»yə müştəri yazdırmaq olardı?

 

2


Cəmi dünyada 100 minə qədər qəzetə verilir, 6 milyon Qafqaz müsəlmanlarının da bir dana qəzetəsi var. Əgər (xudanəgərdə) çəmi dünya Qafqaz kimi olsaydı, qəzetələrin sanı nə qədər azalardı? (cəmi dünyada bir milyard yarım nüfuz var).

 

3


İran məclisi il yarım davam etdi, bu müddət ərzində İran şahı 30 dəfə qurana and içib sındırdı. Əgər İran məclisi beş il davam etsəydi, Məmmədəli şah neçə dəfə qurana and içib sındırardı?

 

4


Bir dana Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı, Bütün İranı qırdırmaq üçün neçə dana Lyaxov lazımdır? (İranda 10 milyon adam var).

 

5


Hər bir müsəlman şagirdi, sutkada 4 saat tərbiyə alıb 8 saat da yuxu yatır, qalan saatları tərbiyəsiz qalır. 35 yaşında bir müsəlman şagirdi neçə il tərbiyəsiz qalmış slur?

 

6



Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur, Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olur?

 

7


Bir müsəlman birisinin 150 manatlıq paltarını oğurlayıb bir neçə manata satdı. Paltar sahibi oğrunu görüb dedi: Satdığın paltardan aldığın pulu məndən istəseydin, məni bir də 142 manat üç abbası zərərə salmazdın. Müsəlman qardaş paltarı neçəyə satmışmış?

   



Bundan bir neçə gün qabaq yetişən teleqram ki, — Səttarxan Eynüddövlə tərəfindən mühasirə edilibdir — bizi və cəmi hürriyyətpərvərləri böyük bir əndişəyə salmışdır.

Hər kəs: Aya görəsən nə olacaq? — deyə kəmali iztirab ilə teleqram gözləyirdi. Lakin minlərcə şükürlər olsun ki, bu gün qəzetəmizdə dərc olunmuş Təbriz teleqramı əndişəmizi bir dərəcəyə qədər təskin etdi.

Bəli, Eynüddövlə bir o qədər hədə-qorxu gəlmədən sonra şəhəri topa tutubdur. Və üç gün top atəşi davam edibdir. Lakin «Dövlətin gözünün» bu bombardmanı heç bir nəticə verməyibdir. İndi aşkardır ki, Eynüddevlənin (ayıb olmasın) qoşunundan ibarət nə imiş, hətta rus teleqraf agentəsi kəmali bədbini ilə deyir ki, Eynüddövlənin qoşunu vəhşi və qeyri-müntəzəm dəstələrdən əmələ gəlib, heç bir şeyə lazım deyil.

Bir məsəl var deyərlər ki, «eşşəyə minmək bir ayıb, düşmək iki ayıb». İştə Eynüddövlənin bu hücum və bombardmanı» haman eşşəyə minib düşməkdən ibarət oldu.

Bəli, amal və əfkar aliyə sahibləri əsnayi-mübarizədə böyük bir qüvvəti-mənəviyyəyə malik olurlar ki, o qüvvəti mənəviyyə onların cismani qüvvəsini ikiqat artıracaq dərəcə əhəmiyyətli və mənidardır.

Bu gün Səttarxan ilə tərəfdarlarının halı buna şahiddir.

Qoy indi Eynüddövlənin quldurları get-gedə artsın: heç bak yoxdur! Onlar yalnız quldurluqdan başqa bir şey bacarmazlar. Bu gunə müharibələr onların işi deyildir.

Lakin burada bizi məyus edən o xəbərdir ki, Təbrizdə çörək yoxdur və ətraf əknafdan Təbrizə heç bir şey buraxmırlar.

İştə bunun üçün bir tədbir və çarə bulmaq lazımdır

   

 

F ü z u l i: — Ah kim bir dəm fələk rəyimcə dövran etmədi!

Ş a h: — hər kəski göndərdim Təbrizi viran etmədi.

Füzuli: — Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.

Ş a h: — Zülmü tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.

Hafiz: — Del mirəvəd zedəstəm, sahebdelan xodara!

Tiflis moqufat müdiri: — Dərda ke, raze penhan (ki, moqufat pulunun başına daş salmışam) xahəd şöd aşkaram4.

 

Müxtəlif xəbərlər



Qəzetə müxbirlərindən birisi Eynüddövlədən soruşubdur ki, bəs nə üçün bir bu qədər zamandır ki, Təbrizə hücum etmirsən. Eynüddövlə cavab veribdir ki, marıtdıyıb-marıtdıyıb birdən soxulacağam.

Bu saat Almaniyada sülh konfransı vaqe olmaqdadır.

Yəni oraya yığılan adamlar istəyirlər ki, bir iş qayırsınlar ki, daha bir də dava olmasın! Görək... ancaq qorxuram ki, bu sülh konfransının axırı Bakının «Hidayət» məclisi kimi ola.

   

 

 

 

«Bezobed»5

On-on iki il bundan irəli bizlər işkolada oxuyan zaman olardı ki, birdən-birə günah edək. Ya dərsimizi bilməzdik, ya yoldaşımızın qulağına kağız soxardıq, ya uçitelin ağzını yamsılardıq, ya dalaşardıq, ya yalandan azarlayıb şkolaya getməzdik — qərəz bu cürə günah bizdən baş verəndə uçitel bizi tənbeh etmək üçün «bözobed» qoyardı, yəni, qoymazdı ki, evə gedib nahar edək və bizi şkolada bağlayıb çıxıb gedərdi.

Onda biz, uçiteldən acığımızı çıxmaq üçün əlimizə təbaşiri alıb qara stolların üstündə pis-pis sözlər yazardıq və ya pəncərəni vurub sındırardıq...

Zəmani ki, Osmanlı dövləti istibdad altında hıqqıldayırdı, Bolqariya hökuməti özünü elə aparırdı ki, guya Osmanlıya qatıq satmışdı. Bir çox xarici məsələlərdə Osmanlıya tabe olduğunu yadından bilmərrə çıxardıb, xudsər və müstəqil bir hökumət kimi dolanırdı. İstibdad qorxusundan da heç kəs buna bir söz deməzdi.

Amma bugünki Osmanlı dövləti istibdad yügünü belindən atmış Bolqariyaya öz məqamını göstərmək istədi. Bugün üçün bolqar vəkilini nahara çağırmayıb «bözobed» qoydu. Vəkil küsdü və çıxıb İstambuldan getdi. Bolqar hökuməti də Osmanlıdan açıq çıxmaq üçün Şərq dəmir yolunuk bir parçasını qucaqladı ki, bəli, bura mənimdir...

Elə ki, uçitel səhər gəlib əhvalatdan xəbərdar olardı, bizi yanına çağırıb, qulaqlarımızdan yapışardı və o qədər qalxızardı ki, ayaqlarımız yerdən üzülüb asılı qalardıq və sonra buraxılıb gedib bir güncdə ağlayardıq...

Və halonki, bolqar burasını mülahizə eləmir ki, bu saat Osmanlı millətinin elə zamanıdır ki, keçmişin əvəzini çıxmaq üçün allahdan bir adam axtarır...

 

Bazar söhbəti



— Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm!

— Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir.

— Əşi bir bura bax, sonra tikərsən, sənə bir yaxşı əhvalat deyəcəyəm.

— Sən de, mən qulaq asıram!

— Bura bax, rəhmətlik Əliqulu bəyin dayısı Kərbəlayı Hüseynəli bəyi tanıyırdın?

— Yox, neçə Əliqulu bəyin?

— Əşi nə deyirsən? Dostun Mirzə Cəfərin aşnası Əliqulu bəyi tanımırsan?

— Hə, keçəl Əliqulu bəyi tanıyırdım.

— Onun dayısı Kərbəlayi Hüseynəli bəyi tanıyırdın?

— Tanıyırdım, necə?

— Axı Kərbəlayi Hüseynəli bəyin bir nökəri var idi. Adına Yırtıq Səfi deyərdilər, bir arvadı da var idi neçə ildi ki, doğmurdu, sonra gedib Qarabasan kəndindən bir qız aldı, özü də deyirlər ki, bəy qızıdır, ondan da Yırtıq Səfinin bir oğlu oldu ha!

— Hə, necə?

— Ta nə hə, haman o oğlan indicə bir rus qızı ilə gəlib bizim dükanın qabağından keçdi.

— Əşi nə deyirsən?

Sən öl, and olsun allaha, özüm ölüm ki.



1. Acınacaq hərəkətlərə istehza ilə yanaşan müəllifin «hesab məsələləri» sərlövhəli yazısı «Tərəqqi» qəzetinin 1908-ci il 16 sentyabr tarixli 53-cü nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir. Məqalə burada bir qədər ixtisarla verilir. Felyetonda göstərilmiş rəqəmlər (məsələn, «Cəmi dünyada bir milyard yarım nüfuz var», «İranda 10 milyon adam var», yaxud «Bakıda 70 min müsəlman var» və s.) o dövrün statistikasına görə verilmişdir. Birinci hesab məsələsində Bakı quberniyasında pulla adam öldürmək hadisələri ifşa olunub pislənir.
2. «Təskinlik» sərlövhəli bu yazı «Tərəqqi» qəzetinin 1908-ci il 18 sentyabr tarixli 455-ci nömrəsinin 2-ci səhifəsində «Ü» imzasilə dərc edilmişdir.
3.Bir sıra məsələlərə həsr edilmiş bu yazı «Tərəqqi» qəzetinin 1908-ci il 18 sentyabr tarixli 55-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur. Burada ixtisarla verilir.
4. Del mirəvəd zedəstəm, sahebdelan xodara, Dərda ke, raze penhan xahəd şod aşkara—farsçadır, tərcüməsi: Ürəyim əldən gedir, ey ürəyi olanlar, allaha baxın. Dərd ondadır ki, gizli sirlər aşkar olaçaqdır.
5. Bir-biri ilə əlaqəsi olmayan bu iki yazı «Tərəqqi» qəzetinin 1908-ci il 21 sentyabr tarixli 57-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir. «Bözobed» felyetonu sultan Türkiyəsinin çənkəsindən, Osmanlı dövlətinin istibdadından yaxasını qurtarmış Bolqarıstanın Türkiyə ilə münasibətlərini işıqlandırır, «Bazar söhbəti» isə lüzumsuz, şəxssiz söhbətləri pisləyir.



 

 
   © Musigi Dunyasi, 2005