Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Allah heç kəsə göstərməsin!

Elə ki, birisinin əcəli tamam olur, həkim filan əl çəkir, əcəli tamam olan başlayır ölməyə. Sən də bikef oturub tamaşa edirsən.

Bundan başqa əlindən bir şey gəlmir.

Vaysınırsan, heyiflənirsən, darıxırsan, ağlayırsan, lakin, bunlardan başqa əlindən bir şey gəlmir.

Ölənin gözləri dolanır, bir şey gəzir, güya bir nicat axtarır, kömək gözləyir... Sən o nəzəri görürsən, onu anlayırsan. Lakin gücsüzsən, tamaşa eləməkdən başqa əlindən bir şey gəlməz.

Gözünün qabağında yekə adam ölür, ondan sonra sən də başına vurub ağlayırsan ki, bu nə üçün öldü.

Bir neçə gün bundan irəli az qalmışdı ki, haman əhvalat bizim də başımıza gəlsin.

Ancaq bizdə ölən, adam deyildi — qəzetəmizdi. Biz inanmışdıq ki, «Tərəqqi»nin əcəli yetib öləcəkdir. Ona binaən tamaşa eləyirdik. Bazarda, küçədə, dost aşna bizi görüb soruşurdu ki, bəs nə vaxt baş sağlığı verməyə gələk?

Təsəlli verənlər də olurdu.

Amma biz təsəlliyab ola bilmirdik.

Bəzi vaxt hamımız da bir yerə cəm olub, başımızı aşağı salırdıq və fikrə gedirdik. Sonra bir-birimizin üzünə baxırdıq, naümidlik nişanəsindən başqa bir şey görmürdük və deyirdik:

— Heyf!

Sonra müdirimiz deyirdi: — Bizim çəmi müsibətlərimizə başlıca səbəb odur ki, camaatımızda: idarə yoxdur. Müsəhihimiz bu sözə razı olub, əlavə edirdi ki, müsəlman camaatını bir də təshih etmək lazımdır. Mütərcimimiz deyirdi ki, bəli, ancaq hamısından yaxşı o olardı ki, camaatımızı götürüb bir özgə millətə tərcümə edəydik.

Mürəttiblər də deyirdilər ki, bunlardan başqa bir də müsəlman camaatını tərtibə salmaq lazımdır. Maşinist and içirdi ki, müsəlman camaatını heç bir şey ilə düzəltmək olmaz, məgərinki, bir maşın ola ki, bəlkə onunla bunları düzəldib, yola salmaq ola. Storoj əlavə edirdi: bu şərtlə ki, zir-zibil aradan süpürülə.

Sonra hamımız birdən deyirdik: İndi dərd burasıdır ki, bunların da hamısını qəzetə ilə əmələ gətirmək mümkündür. Halbuki, qəzetəmiz də haləti nəzidədir-deyib, fikrə gedirdik sonra durub deyirdik ki, görək ayın dördündə nə olacaqdır?

Ayın dördü gəldi. Biz yas saxlamağa hazırlaşırdıq ki, birdən müdirimiz gəlib dedi: — Muştuluğumu verin! Bir təbibi haziq gəlib deyir ki, mən qəzetəni sağaldaram. Söz yoxdur ki, biz çox sevindik və bildik ki, qəzetəmizin əcəli tamam dəyilmiş.

   

 

ORDAN-BURDAN


 

Xolera və rəmazanəl-mubarək2



Məşhur məsəldir ki, deyərlər öz gözündə tiri görməyib, özgə gözündə qıl seçir. Əvvəllərdə Peterburq xalqı eşidirdilər ki, bəli İranda xolera naxoşluğu əmələ gəlibdir, əhali milçək kimi qırılır və başladılar söylənməyə ki, İran vəhşi bir yerdir, əhalisi cahil, təmizlik bilməzlər.

Yalandan təharət, izaleyi-nəcasət, dəstəmaz və qüsuldan dəm vurub heç bilməzlər ki, təmiz nədir, murdar nədir.

Hifzi səhiyyədən də xəbərləri yoxdur.

Amma bu gün məlum oldu ki, Peterburq xalqının özü də hifzi səhhədən bixəbər imiş və təmizlik ilə murdarlığa da artıq məhəl qoyan yoxmuş...

Ancaq iranlı qardaşlar belə güman eləməsinlər ki, mən İran şəhərlərini Peterburqdan təmiz hesab edirəm, xeyr, onda gərək «Molla Nəsrəddin»in müxbiri Mozalan bəyin sözlərinə3 və «Səyahətnameyi İbrahim bəy»4 kitabına mənim qailliyim olmaya. Və bunu da deyim ki, əgər allah eləməmiş, Peterburq xolerası İrana sirayət etsə, onda Məmmədəli şah məclisi dağıdan kimi, xolera da bütün İranı dağıdar.

Xolera bir elə şeydir ki, onun qabağını qoçubazlıqla və top-tufənglə kəsmək olmaz. Krop topu, pulemyot, bomba, cəhənnəm maşını, beşaltılan, mauzer, brauninq, naqan, ismitvesson, buldok, əfsərski, amerikanski — bunlar heç biri xolera basillərinə kar edə bilməz.

Çünki elə bir iş mümkün olsaydı, əvvəl gərək Bakının taxtabitilərini, Qarabağın birələrini və Salyanın milçəklərini güllələyə idilər.

Xolera basillərinin qabağına bircə «karastı» ilə çıxmaq olar ki, onun adına təmizlik deyərlər. Amma di gəl ki, o biri karastılar bizdə nə qədər çox olsa da bu biri «karastı» bizlərdə çox azdır...

Bir tərəfdən də orucluq gəlir. Tərs kimi bizlərdə də orucluğun mənası budur ki, yəni gündüz ac qal, amma geca o qədər ye ki, lap «pəndam» ol. Halbuki orucluğun mənası bu deyil. Təmizlik «karastı»sının bir şərti də ehtiyatla yeməkdir. Amma mən bilirəm ki, ishal zamanı bu cürə söhbət olacaqdır: əşi xolera nədir, iş əcəlnəndir, qorxma vur içəri!.

Doğrudur, qorxmayıb içəri vuracaqlar, lakin sonra.... içəri vurulanları çölə çıxarmaq lazım gələcək və qurunun oduna yaş da yanacaqdır... Bəs nə tövr etməlidir? Cavab--xolera basili yeməməlidir, özgə bir çarə yoxdur
.

   

 

 

İrana dair5

— Gəlbəlayi Səfi, allah kisəni boş eləməsin, əlini cibinə sal beş on şahı da sən ver, Təbriz əhlinə göndərək.

— Yaxşı, Təbriz əhlinə nə olub məyər?

— Budur, iki aydır dava eləyirlər, adamları qırılır, arvad-uşaqları ac qalır...

— Kimnən dava eləyirlər?

— Şah qoşunu ilə!

Çox qələt eləyib, başlarını daşa döyürlər. Bir köpük də vermərəm. Məgər padcah ilə dava eləmək olar?

— Əşi, belə cəmi oxumuşların kökünə lənət! Bütün bu davanı salan onlar oldular. Yaxşıca əmin-amanlıqda dolanırdıq. — Haram elədilər! Əgər mən uşağımı məktəbə və ya uçkullaya qoysam kafirəm.

— Adə, səni allah yaradıbdır ki, bax bu tayı daluva alıb şəhərin bu başından götürüb, şəhərin o biri başına qoyasan, nəinki durub hökumət ilə dava edəsən!

— Deyirlər ki, müsəlmanlar fanatikdirlər! Bəli, biz də indiyə qədər bunu təsdiq edirdik, çünki özümüz gözümüz ilə görürdük ki, məsələn, bir molladan əmr çıxır ki, bəli, qəzetə oxumaq haramdır, ya «Molla Nəsrəddin»i ələ alan kafirdir, haman dəm Şirvan ağsaqqalları, Qarabağ qarasaqqalları, Ordubad qırmızısaqqalları — qərəz, hamısı bu əmrə müvafiq — qol qoyurdular ki. bəli filan şey haramdır və filan şey də küfrdür, çünki ruhanidən belə əmr çıxıb.

Biz də bunları görüb deyirdik ki, fanatikdirlər.

Amma indi baxıb görürəm ki, əhvalat belə deyilmiş və arada dinpərəstlik, filan yoxumuş, çünki prixod mollası deyil, şəhər mollası deyil, qazı deyil, şeyxülislam deyil, yaxında olan müçtəhidlər deyil, bəlkə Nəcəfül Əşrəf müctəhidləri ki, onlardan böyük ruhani yoxdur — fitva verdilər ki, istibdada qulluq edənlər və istibdad tərəfdarı olanlar kafirdilər! Məşrutiyyətə kömək etmək hər bir müsəlmana vacibdir! Amma di gəl ki, bu fitva nə qırmızı saqqala əsər elədi, nə yaşılsaqqala. Bəlkə bu qulaqdan girib, o biri qulaqdan çıxdı.

Bəs fanatiklik neçə oldu?

Hə... görünür ki, iş bu cürədir. Qəzetəni haram bilib oxumamaq asandır, amma məşrutiyyətə kömək eləmək çətindir, çünki burada bir qədər candan və maldan keçmək lazımdır. Bəs belə olan surətdə biz də belə deyərik ki:

Müsəlmanlar dinpərəstdirlər, amma arada qarın ilə cib əhvalatı da vardır.

Doğrudan da belədir.

Bu adamlar ki, deyirlər, filan axundun fərmayişinə görə urusu baş qoymaq haramdır — onların çoxusu dəlləkdir. Və o adamlar ki, deyirlər: filan mollanın əmrinə görə çəkmə geymək haramdır, onların bir çoxusu başmaqçıdır. Və o adamlar ki, deyirlər: filan üləmanın hökmünə görə urusu papaq qoymaq xilafi şəridir — onların da çoxusu papaqçıdır.

Və o adamlar ki, deyirlər: filan şəxsin rəvayətinə görə gödək paltar geymək küfrdür, onların da hamısı bəzzazdır! Qərəz din məsələsi indi olub cib məsələsi.

O şey ki, cibə nəfidir — həlaldır, o şey ki, zərərdir— haramdır. Vəssəlam!

 


1. «Allah heç kəsə göstərməsin» sözlərilə başlanan bu felyeton «Tərəqqi» qəzetinin 1908-si il 7 sentyabr tarixli 46-cı nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir. Qəzetin ağır vəziyyətdə olduğuna istimaiyyətin diqqətini cəlb etməyə çalışan müəllif: «İdarə yoxdur», «Tərcümə edeydik», «Tərtibə salmaq lazımdır», «Zir-zibil aradan süpürülə» sözlərini cinasla işlədir və ağır vəziyyətin səbəblərini aydınlaşdırır.
2. «Xolera və rəmazanəl mübarək» sərlövhəli felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 10 sentyabr tarixli 48-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
3. «Mozalan bəy» bu təxəllüslə «Molla Nəsrəddin» jurnalıida bir çox müəllif (Mirzə Çəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Salman Mümtaz, Məşədi Qurbanəli Şərifov) iştirak edirdi.
4. «Səyahətnameyi İbrahim bəy» kitabının müəllifi Hacı Zeynalabdin Mərağayidir.
5. «İrana dair» sərlövhəli yazı «Tərəqqi» qəzetin 1908-ci il 14 sentyabr tarixli 51-ci nömrəsinin 3—4-cü səhifələrində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.  


 
   © Musigi Dunyasi, 2005