Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Qalmaqal 1

 

Әvvәlinci mәclis

Turkiyə (sair dövlətlərə) — Bircə siz mənim işimə qatışmayın, qoyun mən öz əlimlə öz başım olum, işlərimi də düzəldim! Yəni Siz Makidoniyanın rahatlığını istə-mirsinizmi? Sizin işiniz yoxdur, mən onu rahat edərəm.

İngiltərə — Kişi doğru deyir, gəlin belə, qoyun işini görsün.

F r a n s a — Mən ki, qatışmayaçağam.

Rusiya —m m m.... mən də!

Avstriya —İndi ki, belə oldu — mənə nə düşübdür?

Bolqariya — Doğrudan çıxıb gedirsiniz? Bəs, Sizin hünəriniz elə buradək imiş, ay bişuurlar!

Avstriya — Neyləmək əzizi mən, kişiyə güc ilə demək olmaz ki, yıxıl üstünə minim. O lap ağ olar ki, (qulağına pıçıldayır) amma sən... başqa məsələsən, sənin bu saat əlinə bir fürsətdir düşübdür ki, hərgah şüurun olsa...

İngiltərə — Onun qulağına nə pıçıldayırsan?

Avstriya — Heç, deyirəm ki, elə otur, elə dur ki, heç kəs səndən inciməsin!.

T ü r k i y ə— Çox razıyam həzərat! Təvəqqe edirəm ki, sabah gəlib çörəyinizi bizdə yeyəsiniz.

Bolqariya — Saat neçədə?

T ü r k i y ə — Sən ilə dəyiləm!

Bolqariya — (ağlamsınır) — Məni çağırmırsan?

Türkiyə —Yox, sənin bunlara dəxlin yoxdur.

Bolqariya (ağlayır) — Görünür ki, sən məni adam hesab eləmirsən.

Rusiya və Avstriya (Türkiyəyə) — Gəl onu da çağır, xətrinə dəymə.

Türkiyə — Xeyir, ola bilməz, bura xətir yeri deyil, heç görün o sizə taydırmı?

Bolqariya (gözlərini silir və yavaşça deyir)—Gör ,sənin başına nə oyun gətirəcəyəm?

 

Dövlətlər gəzirlər

 

İkinci məclis


F r a n s a — Məncə bu gün durub Türkiyə ilə pislik başlamağın heç bir mənfəəti yoxdur. Bu gün bu kişi bizim heç birimiz ilə düşmən olmaq fikrində dəyil, mən bunu yəqin bilirəm.

A v s t r i y a — Yaxşı, məgər mən deyirəm ki, Türkiyə ilə dava başlayaq?

R u s i y a — Doğrudur, demirsən, amma...

Avstriya — Nə amma?

İngiltərə — Amma bu gün danışırlar ki, Bosna hersoku özünə götürmək istəyirsən.

Avstriya — Kim? Mən? Əşi, ağlınız olsun, siz allah Bosna hersoku mən nə edəcəyəm? Mənim yerimmi azdır, adamımmı yoxdur...

Almaniya — Fransanın da yeri çoxdur və adamları da vardır, amma bununla belə Fası da udmaq istəyir.

F r a n s a — Əşi, allah mənə lənət eləsin, hərgah elə fikrim varsa.

İspaniya (Almaniyaya) — Sən nahaq yerə Türkiyəyə töhmət eləmə.

A l m a n i y a — Bəs nə üçün Molla Hafizi təsdiq eləmirsiniz?

F r a n s a — Kim deyir eləmirəm? Eliyirəm. Ancaq mənim dediyim odur ki, elə olsun ki, sonra bunun içindən bir pislik çıxmasın ki, hamınız peşiman olasınız.

(Bu əsnadə Bolqariya gendən görünüb qaçır və qaça-qaça çığırır).

Bolqariya — Vallah verməyəçəyəm! Ölsəm də verməyəcəyəm.

Dövlətlər (təəccüblə) — Bu nə işdir?

Avstriya — Adə nə olub?

T ü r k i y ə (Bolqarın dalınca yüyürür) — Sənə deyirəm ki, qoy yerə!... Qoy yerə, yoxsa daldan tolamaz da gəldi (yüyürür)

Dövlətlər (onların dalınca yüyürür) — Nə olub? Nə olub? Nə oğurlayıbdır?

T ü r k i y ə (dayanır və dövlətlərə deyir) — Görürsünüz bu bici?

Dövlətlər — Axı nə olub? O nə götürüb qaçır?

T ü r k i y ə — Belə dəmir yolu.

Dövlətlər (iztirab ilə) — Hansı dəmir yolu?

T ü r k i y ə — Şərq dəmir yolunu!

Dövlətlər — Əşi nə deyirsən? Ada yüyürün qoymayaq, orada bizim də payımız var, bu axmaq nə qayırdığıdır (yüyürürlər). Bolqariya dalına baxıb lap bərk qaçır, dövlətlər yüyürüb onu tuturlar.

Avstriya — Yavaş, hələ vurmayın.

İngiltərə — Bura ver oğurladığını bu saat.

R u s i y a (Türkiyəyə) — Sən bir az səbrini bas, biz görək bunun sözü nədir!

T ü r k i y ə — Özünüz bilin, orada Sizin payınız da var.

Bolqariya (zınqıldayır) — Əşi vermirəm, vermirəm!...

R u s i y a — Qoçaq, sən nə üçün belə nahaq iş görürsən?

İngiltərə— Dinməz-söyləməz xalqın malını ver özünə.

Bolqariya — Əşi, vermirəm, vermirəm!

F r a n s a — Axı necə yəni vermirsən?

Avstriya — Bala, axı bu yol Türkiyənin deyil. Burada bizim də payımız vardır.

Bolqariya — Əşi, vermirəm, vermirəm.

T ü r k i y ə (qolunu çırmalayıb) — Yaxşı vermə!

Avstriya — Bəlkə onun əvəzində bir şey istəyirsən?

İngiltərə (o birilərinə) — Sən bunun bicliyinə bax.

F r a n s a — Adə bir qarın çörəkdən ötrü xalqı xataya salma, ver özünə!

Bolqariya — Əşi, vermirəm, vermirəm! — deyib ağlayır.

Dövlətlər bir-birinin üzünə baxıb dururlar.

 

Üçüncü məclis sonra vaqe olacaqdı


   

 

 

 

Qanlılıq2

Danabaş kəndi — Teleqraf akentəsinə buradan çəkilən teleqrafa görə Kərbəlayi Hümmətəli ilə qonşusu Qoçbala kişinin arasında soyuqluq vaqe olubdur. Qoçbalanın arvadı Məşədi Gülsüm xalanın sözlərinə görə bu soyuqluğun ümdə səbəbi çil toyuqdur.

Danabaş kəndi — Kərbəlayi Hümmətəli ilə Qoçbala kişinin arasında vaqe olan soyuqluğun səbəbi bütün təfsilatı ilə məlum olubdur. Əcnəbi qəzetələrin yazdığına görə Qoçbala kişinin günaşırı yumurtlayan çil toyuğu dünən gündüz saat üçdə çəpərdən aşıb Kərbəlayi Hümmətəligilin həyətinə giribdir. Kərbəlayi Hümmətəlinin balaca oğlu Həsənin keçən il Daşdibi kəndindən çolpa halında gətirmiş olduğu qızıl xoruz çəpərdən aşan çil toyuğu görüb üstünə hücum etdikdə məzkur toyuq geri qaçmağa yol tapmayıb, özünü Kərbəlayi Hümmətəligilin otağına təpibdir. Kərbəlayi Hümmətəlinin cəhrə əyirməyə məşğul olan arvadı — kiş-kiş eləyib ayağa durduqda binəva toyuq çığıra-çığıra qapıdan çölə yügürür. Tərs kimi Kərbəlayi Hümmətəlinin özü bu halda qapıdan içəri daxil olur. Özünü itirmiş toyuq təkrar içəri təpilib taxçaya minir və orada olan çini boşqabı salıb sındırır. Şayiələrə görə Kərbəlayi Hümmətəli bu boşqabı öz əlilə şəhərdən 25 qəpik pula alıbmış.

Danabaş kəndi — Kərbəlayi Hümmətəlinin oğlu Həsən sınmış boşqabın əvəzini çıxmaq üçün Qoçbalakişigilin «Alabaş» adlı itinin vurub qıçını sındırıbdır. Nağıl edirlər ki, Qoçbalakişi bu iti bir oğlana dəyişməz imiş.

Danabaş — Qoçbala kişi özü müharibədə iştirak edib, təcavüzə başladı. Balaca Həsən ilə anası bunun hücumuna davam edə bilməyib, sürətlə geri çəkildilər. Qoçbalakişi hücuma davam edirdi. Onun fikri-düşməni qəti muharibəyə məcbur etməkdir.

Danabaş — Bu gün səhər vaxtı Kərbəlayi Hümmətəlinin böyük oğlu Muxtar Kalafa kəndindən gəlib, haman dəm, müharibəyə girişdi. Son dərəcə şiddətli bir müharibə oldu. Hər iki tərəf bütün qüvvətini meydana çəkmişdi. Tamam üç saat davam edən ağaç davasından sonra hər iki tərəf xəncələ əl uzatdılar və Muxtar yaralandı. Lakin müharibə davam edirdi.

Danabaş — Saat üç tamamda, Qoçbalakişi əlində xənçər Muxtarın üstünə sürətli bir hücum qurduğu əsnada Muxtar güllə ilə vurub Qoçbalakişini öldürdü. Ona görə o tərəf basıldı. Şayiələrə görə polis müdaxiləsi gözlənir.

Danabaş — Muxtar qaçıbdır, gözləndiyi üzrə polis müdaxilə edib, Kərbəlayi hümmətəli tutuldu. Qoçbalakişinin qanını almaq vəzifəsi qardaşı Həsənqulunun boynuna düşür.

Danabaş — Bu gün alınan teleqraf xəbər verir ki, dünən gecə saat 9-da Muxtar çəpərlərin dibində güllə ilə öldürülübdür. Həsənqulu kənddən qaçdığına görə zənn edirlər ki, Muxtarı öldürən odur.

Muxtarın qanını almaq vəzifəsi Muxtarın əmisi oğlu Səfiyarın boynunadır.

Danabaş — Kərbəlayi Hümmətəli ilə Qoçbalakişinin arasında müharibəyə səbəb olan çil toyuğu dünən gecə saat 2-də çaqqal aparıb yeyibdir.

Bu xəbər bütün kənd əhlini təşvişə salıbdır. Toyuqların əminamanlığı tərəfindən böyük nigarançılıq vardır. Qərar qoyulub ki, gecələr itləri zəncirdən buraxıb açıq saxlasınlar.

 


1. «Qalmaqal» sərlövhəli səhnəcik «Tərəqqi» qəzetinin 1908-ci il 23 sentyabr tarixli 58-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir. Səhnəcik Türkiyənin şiddətli xarici və daxili böhran keçirdiyi bir zamanda yazılmışdır. Ölkə iqtisadi cəhətdən olduqca zəifləmişdi, əhalidən zorla yığılan vergi dövlət xərclərini ödəmirdi. Türkiyənin gündən-günə pisləşən daxili vəziyyətindən istifadə edən Avropa imperialist hökumətləri onu parçalamağa, istədikləri imtiyazları əldə etməyə çalışaraq bir-biri ilə çəkişirdilər. Avstriya Makedoniyanı, Serbiyanı, Qaradağı və Bosna hərsəki, Rusiya Bolqarıstanı və Yunanıstanı, Almaniya Yaxın Şərqdə dəmir yolu (Berlin—Bağdad) əllərinə keçirməyə çalışırdı. İngiltərə isə Yaxın Şərqdə — Ərəbistanda, İranın cənubunda, Hindistanda öz mövqeyini var qüvvəsi ilə qoruyurdu. Yaranmış vəziyyəti müəllif kiçik bir səhnəcikdə olduqca aydın göstərə bilmişdir.
2.Cəhaləti, nadanlığı, köhnə və çürümüş məişəti Danabaş kəndinin misalında göstərməklə müəllif Cəlil Məmmədquluzadə ilə həmrəy olduğunu bildirir. «Qanlılıq» sərlövhəli yazı «Tərəqqi» qəzetinin 1908-ci il 26 sentyabr tarixli 62-ci nömrəsinin 3—4-cü səhifələrində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.  

 

 

 
   © Musigi Dunyasi, 2005