Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Yuxuda

 

Komediya

 

Әvvәlinci mәclis

Şahın sarayında bir qapının altında vaqe olur.

Şüca Nizam — Mən deyirəm ki, şahın yanına bir-bir gedək.

Müctəhid Mirzə Həsən — Nə üçün? hamımız bir yerdə girsək nə olar? Şüca Nizam — O a yaxşı olar, ancaq...

Mir Haşım — Mən də o fikirdəyəm ki, bir-bir girsək yaxşı olar!

Müqtədiriddövl ə—Mən də buna razıyam.

Rəhim xan — Yoxsa bir-bir girib məndən şaha şeytanlıq eləmək istəyirsiniz?

Şüca Nizam — Əşi, ayıb deyilmi belə sözlər danışırsan?

Rəhim xan — Yox, şahzada! Mən sözü açıq danışaram, demə ki, bu bir çöl tərəkəməsidir, qanmır, amma mən sözü açıq danışaram: şahın özünə də açıq söyləyəcəyəm! Mən, mən... biclik bilmərəm.

Şüca Nizam (acıqlı) — Xan! Sən padşahı söyürsən!

Rəhim xan — Mən padşahı söymürəm! Mənim ürəyim...

Şüca Nizam (lap acıqlı) — Xeyr, sən padşahı söyürsən. Sən mənə xanəzadə, şahzadəyə bic deyirsən və halonki, mənim atam da, anam da məlumdur.

Rəhim xan — Mənim sənin atan ilə və anan ilə işim yoxdur... və təvəqqe edirəm ki, hirsini basıb top kimi açılmayasan, mənim xasiyyətim bir qədər tünddür!

Şüca Nizam (hədə ilə) — Yaxşı... Çox yaxşı...

Müctəhid Mirzə Həsən — Əşi, bəsdir, ayıb deyilmi, uşaq deyilsiz ha!

Mir Haşım — Bura Təbriz deyil ha! Bura padşah qapısıdır.

Rəhim xan — Bilirəm, sizin hamınızın fikri nədir! Amma şahı aldada bilməzsiniz!

Müqtədiriddövlə — Xan, ümidvaram ki, sən mənə yaxşı bələdsən!

Mirzə Həsən — Allahın kalamına and olsun, heç qanmıram ki, bu nə söhbətdir.

Rəhim xan — Sizin hamınıza yaxşı bələdəm.

Mir Haşım (cibindən tənbəki çıxardıb çubuq hazırlayır) — Xan, çubuq dartırsan. Rəhim xan (etinasız) — Yox, başım ağrıyır.

Müqtədiriddövlə — Məndə bir qədər baş ağrısı davası var, istəyirsən?

Rəhim xan —Yox, o davalar mənə kar eləməz.

Mirzə Həsən — İstəyirsən baş ağrısı duası yazım...

Rəhim xan — Yox, ağa zəhmət çəkmə! Mənim bütün əhvalım pərişandır.

Şüca Nizam — Xan, mən sənin xatirinə dəydim, təvəqqe edirəm ki, bu adamların içində məni bağışlayasan, özün bilirsən ki, Təbrizin əldən getməyi nə təhər əsər eləyib. Bir qədər dilim acı olub, bağışla xan! (yanına gedir, əl verir).

Rəhim xan (bu işdən xoşlanıb) — Allah bağışlasın, mənim də dediyim odur ki, mən sizin hamınızdan qocayam, özümün də sənətim gündüz axşamadək cənki-cidal idi. Bir dava olurdu ki, mən basırdım, bir dava olurdu ki, mən basılırdım. İndi Təbriz davasında mən basıldım. Nə zərəri var, sabah Şiraz davası olar mən basaram. Dediyim budur, elə şaha da belə deyəcəyəm, mənim təqsirim yoxdur. Mənim sənətim belədir.

H a m ı s ı — Əlbəttə, əlbəttə, bizim heç birimizin təqsiri yoxdur, ancaq iş burdadır ki, o tərəf güclü oldu. Ona görə... iş də belə oldu!...

İkinci məclis

Şah otağında

Ş a h — Sonra nə oldu?

Şüca Nizam — Fəda olum sənə! Sonra mən Rəhim xana dedim ki, indi ki sən dava eləmək istəmirsən, onda; sən Təbrizdən çıx get, ancaq qoşunu ver mənə dava edim. Buna da razı olmadı. O tərəf isə getdikcə hücumunu artırıb bizi dara saldı! Yenə Rəhim xana yalvardım ki, allaha baxsın, səni arada görsün, bizə kömək eləsin. Qulaq asmadı, axırda bir də eşitdik ki, Rəhim xan öz qoşunu ilə Təbrizdən çıxıb qaçıbdır.

Ş a h — Yaxşı get o biri otağa. Mirhaşım gəlsin.

(Şüca Nizam çıxır, Mir haşım girib səçdə edir).

Ş a h — Söylə görək əhvalat nə tor oldu.

M i r H a ş ı m (durur) — Bi əbi əntə və ümmi! Ayağınızın torpağına fəda olum şah, bizim evimizi yıxan Şüca Nizam ilə müçtəhid Mirzə Həsən oldu...

Ş a h — Haa!... Yaxşı get, müctəhid gəlsin!

(Mir Haşım çıxır, Mirzə Həsən ərəbcə sözlər oxuya-oxuya daxil olub səcdə edir).

Ş a h — Söylə görüm əhvalat nə tor oldu?

Müctəhid Mirzə Həsən — Fəda olum sənə, dünyada hər şeyin bir başı olar və bir də ayağı. Məsələn, sən bizim başımızsan biz də sənin ayağın...

Ş a h — Mətləbi söylə görək iş nə tor oldu?

Mirzə Həsən — Sənə fəda olum, hərgah Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə olmasaydı Təbriz əldən getməzdi.

Ş a h — Yaxşı get. Müqtədiriddevlə gəlsin!

Müqtədiriddövlə — Xaki payinə qulamın canı qurban, Şüca Nizam, Müctəhid Mirzə Həsən, Mir Haşım— Təbrizi fənaya verdilər. (Gedir).

Şah - Rəhim xan gəlsin. (Rəhim xan gəlir). Çağırın Şüca Nizami, Mir Haşımı, Mirzə Həsəni, Müqtədiriddövləni (hamısı daxil olurlar).

Ş a h (Şüca Nizama) — Bəs sən deyirsən ki, Təbrizin batmağına Rəhim xan səbəb oldu?

Şüca Nizam (Rəhim xana baxıb) — Bəli, şah sağ olsun!

Rəhim xan (açığından dişini qıçayır) — Sən namərdsən!

Şah - Xamuş! Müctəhid sən də deyirsən ki, təqsirkar Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə idi?

Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə — Şah sağ olsun, təqsir bu əmmaməli müctəhidin özündə idi.

Şah- Mir Haşım, sən də deyirdin ki, təqsirkar Şüca Nizam ilə müctəhiddir.

Mir Haşım — Şah sağ olsun Şüca Nizamı da dedim? Gərək ki, onu...

Ş a h — Müqtədiriddövlə, sən də seylədin ki, Şüca Nizam, Mirzə Həsən, Mir Haşım təqsirkar idilər.

Müqtədiriddövlə — Şah sağ olsun, bəli!

Mir Haşım — Müqtədiriddövlə, məni də təqsirkar bilirsən?

Müqtədiriddövlə — Bəs sən məni nə üçün deyirsən?

Mir Haşım — Mən səni deməmişəm...

Müctəhid — Yaxşı, cənab Müqtədiriddövlə və Mir Haşım sizin sözünüzdən bu çıxır ki...

Şüca Nizam — Cənab müctəhid, heç utanmadın ki, sən məni böhtan altında... Rəhim xan — Görək Şüca Nizam, qalsın səninlə.., Müqtədiriddövlə — Ayıb olsun sənə Mirzə Həsən, mən səni bir adam...

Ş a h (bərkdən) — Lyaxov! (Lyaxov daxil olur).

Şah — Bu adamları aparıb top ağzına qoyarsan. Ən əvvəl müctəhidi toplarsan.

Mirzə Həsən — Vay, dədəm vay, ah, şah başına dönüm, sənə qurban olum, mənə yazığın gəlsin! Mənə yazığın gəlsin, sənə qurban olum, vay...

— Ağa, ağa, ağa.

Mirzə Həsən — Haa!.....

— Nə pis sayaqlayırsan!

Mirzə Həsən — Paho!.... Bari pərvərdigara, şükür alsun sənə, yaxşı ki, yuxu imiş!

— Nə olub?

Mirzə Həsən — Balam yuxümda gördüm ki, Təbrizi Səttarxana verib, Tehrana qaçmışıq, şah da bizi top ağzına qoydurub.

Ağa, elə axırda da o çürə olaçaqdır. Bizi ya Səttarxan topa qoyacaqdır, ya ki şah Bu ikisindən xali dəyilik. Nahaq yerə özümüzü əngələ saldıq!...



1.İki pərdəli bu satirik səhnəcik «Tərəqqi» qəzetinin 1908-ci il 13 avqust 29 nömrəsinin 3—4-cü səhifələrində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
Komediyada iştirak edənlər:
Şüca Nizam — Qoşun başçısı.
Mirzə Həsən— ( inqilabı hərəkata qarşi təbliğat aparın, irtica qüvvəlləri müdafiə edən reaksion
Mirzə Haşım— ruhanilərdirlər).
Lyaxov — Çar Rusiyasının kazak silahlı qüvvələrdəm ibarət qoşun dəstəsinin komandiri idi.


 

 
   © Musigi Dunyasi, 2005