Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Yazı yazanın yazı yazmaqdan qabaq fikri.

— Nə yazım? İrandan yazım? Yoxsa Osmanlıdan? Yoxsa Rusiyadan yazım, yox qoy öz əhvalımızdan yazım. Yaxşı öz əhvalımızdan nə yazım? Cəhalət...

Ah! Daha bu söz zəhləmizi tökdü! Bəs nə... bu qarandaşı çıxardan nə ağıllı adammış... Qarandaş! Bu sözün əsli qarandaş deyil, qara daşdır, deməli, türk sözüdür, bəs onda gərək qarandaşı iycad edən də türk olsun!... O kim imiş?... Osmanlıda qanuni əsasi — qoy bu barədə yazım. İran ilə Osmanlını tutuşdurum... Amma biz də qəribə adamlarıq ha! Bildir sultana söyürdük, İran şahını tərif edirdik. İndi İran şahını söyürük, sultanı tərif eləyirik. İndi bunu bir əvam adama söyləsəm deyər ki, Siz mütəqəllib adamsınız... Mütəqəllib. Yəqin bu söz qəlp sözündən çıxıb. Qəlp pul, qəlp adam.

Adəm Əleyhissəlam... Məsələn, 200 ildən sonra bizdən heç bir nişanə də qalmayacaq... Amma təəccübdür, vallah! Keçən gün Qız qalasına baxırdım... Neçə illərdir ki, durur və neçə-neçə şeylər görür, deməli, tarixin dilsiz şahididir. Amma məni yandıran burasıdır: canım, axı bu qalanı, bu hasarı bir adam tikibdir, onun üstündə əlləşibdir, bax haman bu daşları öz əli ilə götürüb, gətirib buraya qoyubdur. Yaxşı, bəs indi o adam hanı?... Hanı o adam? Vallah, lap acığım tutub. Bu barını tikən, bu daşları düzən o canlı, başlı, ağıllı, hissli adam yox olub gedib, amma onun qayırdığı bu cansız, ruhsuz, hissisiz şey indiyə qədər qalıb, hələ bundan sonra da nə qədər qalacaqdır!... Hə, indi mən nə yazım? Ah, bu əhvalat məni xarab elədi: yaşa, ömür elə, əziyyət gör, cəfa çək, utan, inci, qorx, ağla, ağla balam, ağla, sonra da öl! Yox ol, dön torpağ ol! İndi ki, belədir, indiki axırda mən ölüb heç olacağam, indi ki, mənim bu əziyyətlərim, çəkdiyim cəfalar hamısı əbəs olacaqdır, onda!... adam çox fikirləşsə anarxist olar, vallah İran padşahlarını pisləyirik ki, deyirmişlər:

«Pəs əz mən hərce bada-bad!»2

Vallah, doğru deyirmişlər. Çox da deyək ki, məsələn, Nəsrəddin şahdan sonra İran bütün dünyanın hakimi olub, iranlılar da lap qızıldan paltar geyinmişlər! Bundan Nəsrəddin şaha nə? Hərgah öləndən sonra bunu hiss eləyə bilsəydi, yenə sözümüz olmazdı — axı hiss eləmir!... Əşi, bu sonranın fikridir, hələ qoy görək indi nə yazaq!

Çox gözəl, sultan qanuni əsasi verdi... Adam indi İstambula gedə, yox, əvvəl Tehrana gedə, ondan sonra İstambula gedə! Gərək 4 gün yol gedəsən. Əvvəl Batuma... kim deyirdi ki, Məşədi Rüstəm Batumdadır? Gərək ki, mən dünən onu bazarda gördüm, boynunda başlıq vardı... İranda adamların boynuna zəncir salırlar... Dəmir şişləri qızdırıb bədəninə soxurlar! Bah, bah, biz bu sözləri eşidirik, amma heç halımıza təfavüt eləmir. Məsələn, dünən yazılmışdı ki, İranda «Ruh-ül qüds»3 müdirini ölüm cəzasına məhkum edibdirlər, sonra da yazılmışdı: «Onu boğacaqlar»... gör ha, o adamı boğacaqlar. Biz hamımız bunu oxuduq, sonra qəzetəni yerə qoyub işimizə getdik. Dəxi bir fikir eləmədik ki, axı neçə yəni «onu boğacaqlar»?

Adamı boğmaq çox pis şeydir... Necə olar ki, adamı boğsunlar!... Məsələn, kəndiri boğazına salıb dartacaqlar, onun nəfəsi tınçıxaçaqdır... ürəyi qısılacaqdır, istəyəcəkdir ki, çıxsın getsin evlərinə... arxayınça otursun... bu çəlladlar nədir? Onlar da bizim kimi adam deyillərmi? Nə üçün adamı boğurlar?... Şah buyurur!... Şahı boğsunlar, yəni bir azca boğsunlar, onda o görər ki, bu cürə şeylər pis zaddır, daha bir də adamı boğdurmaz.... Allahın altında insanın bədəni elə yaranmış olaydı ki, onu nə boğmaq, nə güllə ilə deşmək, nə xəncərlə parçalamaq, nə qayalardan atıb əzdirmək, nə suda qərq etmək, qərəz, bir şey ilə öldürmək mümkün olmamayaydı.... Ah, çox fikir adamı dəli divanə elər. Amma bir tərəfə baxsan dəli olmaq da bəd deyil... Yox, bu gün mən heç zad yaza bilmədim, qalsın sonraya!...

   

 

 

 

Hilal ilә Şiri-Xurşid.

Ş i r i-Xu r ş i d (Hilalə) — Bəs sən batmışdın, nə üçün birdən çıxdın?

H i l a l — Bəs sən çıxmışdın,. nə üçün birdən batdın?

Şiri-Xurşid — Bizim adamların çoxu adam deyillər. Bəlkə adam sifətində olan bayquş, yapalaq və bu cürə şəbpərə quşlarıdır, necə ki indi İranın viran olmağı da buna böyük dəlildir. Mənim şəfəqlərim bu bayquşların gözlərinə ox kimi batırdı, ona görə onlar mənim çıxmağıma tab gətirə bilmədilər və məni batırdılar.

H i l a l — Mən də 30 ildir ki, qara bulud altında gizli qalmışdım. Qara bulud getdikcə qaralıb qalınlaşıb hər yeri zülmətə döndərmişdi.

Nagah birdən ildırım şaxıyıb bulud dəhşətlə guruldadı və yağış ətri əvəzində havadan qan qoxusu gəlməyə başladı. Bildilər ki, bərk bir qan yağışı yağıb, hər yeri qan seli basacaqdır. Ona görə töz buludları dağıdıb, məni çıxartdılar.

Şiri-Xurşid —Daha bir də batmazsanmı?

Hilal — Sənin bir də çıxmayacağını bildiyim kimi, özümün də bir də batmayaçağımı aşkar bilirəm.

İran şahı istəyir ki, tazədən tac qoysun, çünki əvvəlki «ko» olmayıbdır. Ona məsləhət görürlər ki, ikinci dəfə tac qoyduqda adını dəyişib, «Mamedali» qoysun. Çünki daha bu biyabırçılıqdan sonra «Məmmədəli» adı ona yaraşmır... Daha doğrusu, onun üzü bu ada yaraşmır.

   

 

Məşrutə — (osmanlıca) şərt sözündən çıxıb. Yəni şərt qoysunlar ki, hər kəs xəzinədən nə oğurlayıbsa dinməz-söyləməz gətirsin qoysun yerinə.

Məşrutə — (iranca) şərit sözündən çıxır. Yəni adamları tutub bir-bir şəritdən assınlar.

Məşrutə — (rusca) yəni şurum-burum.

Osmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin.. Lakin ba-inhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.

Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə «qanun»ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.

Binaəleyh vəzirlər proqramı bildirir ki, müvəqqəti qanunlar tərtib olunacaqdır. Söz yoxdur ki, sonra vəzirlər heyəti müvəqqəti qanunsazlıq vəzifəsini məclisə həvalə edib özü isə doğrudan doğru olan içraat vəzifələrinə mübaşir olacaqlar.

Müstəbid dövlətlərdə olduğu üzrə Osmanlıda dəxi vergi və alacaq işlərinin böyük nizamsızlıq və ədalətsizlik ilə icra olunduğu məlum idi. Köhnə üsul üzrə icra olunan vergi işlərindən dövlət xəzinəsi bir o qədər qazanmırdı, nə qədər ki, məmurlar qazanırdılar, binəva əhali isə, vergi ağırlığı altında əzilib, quvvətdən düşürdü. İştə vəzirlər proqramı vergi üsulinin islahini vəd edib də ədalət ilə yığılaçağını və bütün məmləkətdə maliyyatın tərəqqisinə qeyrət ediləcəyini bildirir.

Artıq şayani təqdir və təhsin burasıdır ki, xəstəlik mikrobları kimi əhalinin canına daraşmış bir çox müftəxor məmurlar əzl edilib və lazım olan məmurların maaşı və məvacibi müntəzəm surətdə verilib də bu surətlə idareyi-mülkiyyə islah olunacaqdır.

Hər bir əmrdə iqtisadə riayət olunacağını və idareyi-əskəriyyədə dəxi israfdan çəkiniləcəyini işarə edib də vəzirlər proqramı orasına diqqət yetirir ki, dövlətin qoşun və flotunun tənzim və təqviyyəsi üçün lazım olan səy və qeyrət müzayiqə edilməyəcəkdir. Osmanlı düvəli-müəzzəmədən sayılır. O surətdə düvəli-müəzzəmənin hər biri malik olduğu bəri və bəhri qüvvət Osmanlıda da olmalıdır. Bu gün menşikovların və çörçillərin:6 Almaniyaya hörmət lazımdır — deyə bağırmaları Almaniyanın son dərəcə müntəzəm quru və su qüvvəsinə malik olmağı sayəsindən irəli gəldiyini Osmanlı vəzirlər heyəti bilir. Proqramda işarə olunan vətənpərvərlik hissi də vəzirlər heyətinin ağzından çıxan sözlər olduğuna alqışlar edib də, bizlərdə «hazır ol cəngə əgər istərsən sülh və səlah» və Avropada «müsəlləh sülh» adlanan, iqtizayi-zəmanəyə görə söylənən sözləri xatirimizə gətiririk.

Nəşr və tözii maarif içində vəzirlər heyəti xidmətlərdə bulunacağını proqramda göstərir. Osmanlı məmləkətində hər dürlü məktəblərin istibdad zəmanında dəxi kafi dərəcədə olduğunu iqrar edənlər var idi. Lakin o məktəblərdə də istibdad hökm fərma olduğuna görə həqiqi maarifə xidmət görünmürdü. İndi isə haman məktəblərin Avropa üsulu üzrə təchiz və tənzim ediləcəyi qətiyyən ümid olunur.

Proqram deyir ki, sair dövlətlər ilə Osmanlı dövləti münasibəti sülhükaranadə olmağa səy edib də öz şən və heysiyyətini əbqayə çalışacaqdır.

Osmanlıda osmanlıların özləri məhrum olan bəzi hüquqa əcnəbi təbələrinin malik olduğu məlum idi.

Proqramda işarə olur ki, dövlətlərin razılığı ilə bu müstəsna hüquqlar ləğv ediləcəkdir. Ən axırda proqramda deyilir ki, məmləkətin idarəsi hər bir halda qanuni əsasini intiza edən islahat hər yerdə icra olunacaqdır.

Sultan həzrətlərinin amal və arzusu layiq surətdə təqdir və arai ümumiyyə tərəfindən təqviyyə olunacağını vəzirlər ümid edir. Bizə məlum olduğu üzrə sultan həzrətlərinin amal və arzusu — öz dili ilə bir cəm qəfir və bütün diplomatiya korpusu hüzurunda deyildiyi kimi — təbəsinin səadət və rəfahətidir.

 


1.İran irticaçılarının vəhşiliyini ifşa edən bu yazı «Tərəqqi» qəzetinin 1908-ci il 25 iyul tarixli 16-cı nömrəsinin 3-cü səhifəsində «Filankəs» imzası ilə dərc edilmişdir. Məqaləni «Yazı yazanın yazı yazmaqdan qabaq fikri» cümləsi ilə başlayıb, «Yazı yazanın yazı yazmaqdan qabaq fikrini duyan «Filankəs» cümləsi ilə qurtarması Üzeyir Hacıbəyovun mühərrirlik fəaliyyətində yeni və maraqlı ədəbi priyomudur.
2. Pəs əz hərce bada-bad—farscadır, yəni: Məndən sonra nə olursa olsun.
3. «Ruh-ül qüds»—Tehranda nəşr olunan qəzet idi.
4.İranın daxili vəziyyətini işıqlandıran bu yazı «Tərəqqi» qəzetinin 1908-ci il 6 avqust 24-cü nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
5. «Vəzirlərin proqramı» sərlövhəli siyasi məqalə «Tərəqqi» qəzetinin 1908-ci il 7 avqust tarixli 25-ci nömrəsinin 1-ci səhifəsində «Ü» imzası ilə dərc edilmişdir.
6.Çörçil Uiston (1874—1965) — İngiltərənin məşhur dövlət xadimi, 1908-ci ildən müxtəlif nazirliklərin başçısı, 1940—1945 və 1951—1955-ci illərdə isə baş nazir olmuşdur.  


 

 
   © Musigi Dunyasi, 2005