Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Nə qədər ki, gənc Üzeyir zəngin təcrübə qazanmamışdı, onun gülüşü pərdəsiz, açıq, müstəqim idi. Məsələn, «Cavanşir uyezdinin pristavı Şəfibəy Fətəlibəyova açıq məktub»da olduğu kimi.

Bir qədər gesdi, irtica hər yana qara pərdə çəkdi, ölkədə dözülməz şərait yarandı, mətbuat azadlığı yoxa çıxarıldı. «Ay bəri bax!» havasını zümzümə edən aciz müəllimlərin üstünə 100 atlı kazak çağırdılar ki, müəllimlər «Marselyoza» oxuyurlar...». Üzeyir «Molla Nəsrəddin»ə baxdı, ağsaqqal müasirlərinə qulaq asdı və gördü ki, vəziyyət başqa cürdür. Çomağın o biri başını çevirdi; başa düşdü ki, nümayişkaranə açıqlıq onun sözünü ürəyində qoya bilər? Ona görə o da böyük müasirləri Mirzə Cəlil və Sabir kimi yazılarına ideya bükə-bükə, hər kəlmə və işarədə mətləb anlada-anlada, «qızım, sənə deyirəm, gəlinim eşitsin» qaydasında, eyham və kinayələrlə, məsxərə yolu ilə gülməyə başladı.

Gülmək də var, gülmək də. Ü. Hacıbəyov şit gulüşü sevmirdi. Onun gülüşü mə'nalı idi, öldürücü idi. O, ürəkdən, ucadan gülürdü, həyatın eybəcərliklərindən qəzəblə yazırdı. Ədibin satira kotanı alaq otlarını üzdən yolmur, torpağı dərindən şumlayırdı.

Bu gülüş düşündürən gülüş idi. O, 1906-cı ildə qiyabi tanışı M. S. Ordubadiyə yazmışdı: «...yalnız güldürməyə diqqət vermə, düşündürməyə də çalış».1

Ü. Hacıbəyov həlim yumor ilə güldüyü Məşədi Vəliyə məsləhət görüb deyirdi: «Elə ki,...yazılanları oxudun, get evinə, öz bozbaşuvu yeyəndən sonra bir az fikir elə...».

L. Feyerbax «Dinin mahiyyəti haqqında mülahizələr» əsərində yazmışdır: «Duzlu, baməzə yazmaq adəti ondan ibarətdir ki, yazıçı oxucunun da ağıllı olduğuna inanır, bilir ki, ürəyində onların hamısını deməsə də, oxucu özü mətləbi başa düşəcək»..

Ü. Hacıbəyovun güluşü mahiyyətcə demokratik gülüş idi. Bu, ümumiyyətlə, muasirlərinin zehni fəaliyyətinə, müstəqil düşünmək, yaxşını yamandan seçmək qabiliyyətinə inam Ü. Hacıbəyovun təkcə pedaqoji mə'rifətindən yox, həm də ondan irəli gəlirdi ki, o, zəhmətkeş xalqın cəmiyyətdə gülunc hala düşmüş hakimlərdən mə'nən üstün olduğunu, yüksəkdə durduğunu görə bilirdi; eyni zamanda bu fəziləti xalqın özünə anlatmaq istəyirdi.

Bu iste'dadlı sənətkarın gülüşü islahedici olmaqdan çox ifşaedici idi. Şən və qəzəbli gülüş vasitələri: kinayə, eyham və işarələr hücum edəndə kəsərli silaha çevrilir, müdafiə olunanda e'tibarlı qalxan rolunu oynayırdı.

A. İ. Gertsen XIX əsr rus ədəbiyyatını inkişafının bir mərhələsində müxalifətçi adlandıraraq yazmışdı ki, bu ədəbiyyat «... müxtəlif dillərdə danışırdı: nəğmələr qoşarkən dağıdırdı, gülərkən cəmiyyətin əsaslarını qazıyırdı».

Ü. Hacıbəyov da öz dövrunün müxalifətçi yazıçılarından idi. Nəğmələr qoşarkən dağıdan, gülə-gülə çəmiyyətin əsaslarını qazıyan Ü. Hacıbəyov belə gülməyi kimdən öyrənmişdi?

Hər şeydən əvvəl xalq satirasından. O, uşaq və yeniyetmə olanda Azərbaycan nağıllarından, lətifələrindən, bayatı və mahnılarından, atalar sözləri və məsəllərindən bəhrələnmişdi. Şuşada Bəylik eşiyində, Qapandibi qələbəliyində, Bazar başından Meydanadək cərgələnən baqqal, əllaf, sərraf, papaqçı, çəkməçi, dərzi dukanlarının qabağında toplaşan sadə el müdriklərindən çox şey öyrənmişdi. Bunagörədir ki, böyük sənətkarın yaradıcılıq hünərinin başqa bir cəhətini açıb göstərən bədii publisistikası «... öz siyasi kəsəri, satirik təsvir üsulları və vasitələri, məzəli dili, xalq yumoru ünsürləri ilə adamı heyran edir»..2

Azərbaycan klassik yazılı ədəbiyyatından.

XX əsrdə qüdrətli ədəbi məktəb səviyyəsinə qalxmış Azərbaycan satirası və bu məktəbin görkəmli nümayəndəsi Ü. Hacıbəyov, heç şübhəsiz, klassik. yazılı ədəbiyyatımızdan mə'nəvi qida almışdır.

Nəhayət, İ. A. Krılovdan, N. V. Qoqoldan, M. Y. Saltıkov-Şedrindən və satirik rus mətbuatından. Bizim ədibin bütun yaradıcılığı rus klassik yazılı ədəbiyyatından və satirik mətbuatından ustalıqla öyrənmənin parlaq nümunəsi sayıla bilər.

Ü. Hacıbəyovun gülüşü mollanəsrəddinçilərin, xüsusilə onların ağsaqqalı C. Məmmədquluzadənin gülüşünə yaxındır, amma o deyil! Doğrudur, Ü. Hacıbəyov özünün həm ideya-siyasi görüşləri, həm də sənətkarlığı ilə «Molla Nəsrəddin» ədəbi məktəbinə bağlıdır; bununla belə onun gülmək qabiliyyəti özünə məxsusdur—Üzeyir gülüşüdür.

«Gülüş həmişə millidir və bu xüsusiyyəti ilə təkrar olunmazdır». Ü. Hacıbəyovun gülüşü də belə gülüşdür. Onun milli xarakteri müəyyən tarixi dövrlə şərtlənən predmetdən başlanır, sənətkarın məsləkindən, ələ qələm alanda qarşıya qoyduğu məqsəddən, tənqid obyektinə münasibətindən irəli gəlir, rəngarəng gülüşdoğurma vasitələrilə tamamlanır.

Geniş xalq kütlələrinin canlı danışıq dili Ü. Hacıbəyov yaradıcılığının başlıca qida mənbəyi, əsas üslub xətti olmuşdur.

Ü. Hacıbəyov ürəyindəkiləri həm savadlı, həm də savadsız oxucularına anlatmaq, onları fəal həyata səsləmək məqsədilə hikmətli xalq kəlamlarından («arı yeyib, namusu belinə bağlayıb», «bu hesab, bu kitab», «boş damarını tapmışam», «sarılıq azarına düşüb», «öz əlim-öz başım» və s.) və frazeoloji ifadələrdən («əli gətirmək», «qara basmaq», «əl-ayağa düşmək», «damaq qoymaq», «dilotu yemək», «yorğan içi sökmək», «quyruq bulamaq», «kələyə düşmək», «bayıra basmaq», «ağlı kəsmək», «siçan yolu vermək», «başmaq cütləmək», «papaq fırlatmaq», «şişə çəkmək» və s.) geniş istifadə edirdi.

XX əsr Azərbaycan satirikləri xalq dilini bol-bol işlətdikləri kimi, özləri də yeni, hikmətli. sözlər, aforizm səciyyəli ifadələr yaradırdılar. Bu mə'nalı idiomların, frazeoloji vahidlərin geniş yayılması «xalq yaradıcılığı nümunələrinin kütləviləşməsi üsulu və modeli ilə gedir».3, mətbuatdan, səhnədən eşidilib dildən-dilə düşür, ağızdan-ağıza gəzib yayılırdı. Xalq dilini zənkinləşdirən, getdikcə «müəllifsizləşən» bu cür dil törəmələri «XX əsr satiriklərimizin hədiyyə—yadigarlarıdır»..4

Ü. Hacıbəyovun publisistikasında, komediyalarında tez-tez təsadüf olunan «düzələr», «yazılarımı iyləmə», «Qarabağa motal pendiri almağa gedib», «qurban olasan ayağımın altında yatan hambala», «heç hənanın yeridir?», «sən dul, mən dul, gəl mənə bənd ol», «pulun var—gələrəm» və s. bu kimi gülüş doğuran, xalqın məişətinə daxil olmuş kəlamlar Üzeyir hazır-cavablığının yadigarıdır.


1. Bax: “Bəstəkarın xatirəsi”, səh. 16.
2.Əziz Mirəhmədov. Yazıçı və zaman gülür. Bax: Yazıçılar, talelər, əsərlər. B., 1978, səh. 97
3.T. Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, “Maarif” nəşriyyatı, 1972, səh. 18.
4. Yenə orada.  

 

 

 
   © Musigi Dunyasi, 2005