Üzeyir Hacıbəyov çoxşaxəli
istedada malik nadir sənətkardır. O, böyük
bəstəkar, pedaqoq, yazıçı, jurnalistdir.
Doğrudur, sənətin bu rəngarəng sahələrinin
hamısında eyni səviyyədə parlamamışdır;
lakin hər birində özünəməxsus yol
tutmuş, XX əsr dövri mətbuatımızda
da bir yazıçı, jurnalist kimi layiqli mövqe
qazanmışdır.
«Həyat» qəzetinin mütərcimi (1905-ci il),
«İrşad», «Tərəqqi», «Həqiqət» (1906—1910)
və «Yeni iqbal» (1915—1916) qəzetlərinin əməkdaşı,
sonuncuların bir müddət redaktoru olan Ü.
Hacıbəyov yüzlərlə məqalə,
hekayə, felyeton, satirik miniatür yazıb; «Molla
Nəsrəddin» jurnalında və rus dilində
nəşr olunan dövri mətbuatda da ara:sıra
çıxış edibdir. Buna görədir ki,
Ü. Hacıbəyovun ədəbi irsinin mühüm
hissəsini publisistika təşkil edir. Onun əsərlərini
mütaliə edən oxucu müəllifin duzlu-məzəli
hekayə, pamflet və felyetonlarında, satirik miniatürlərində
vətəndaş bir yazıçının, müqəddəs
bir məslək sahibinin həmişə xalq səadəti
üçün döyünən ürəyinin
hərarətini duyur iste'dadlı qələm sahibinin
söhbətlərinin ləzzətindən doymaq
bilmir.
XX əsrin əvvəllərində Azərbaycan
mədəniyyətinin, ictimai fikrinin inkişafında
yeni mərhələ başlanır. Ü. Hacıbəyov
da bu dövrün «təzə adamı»1idi. Üzeyir
qələmi birinçi rus inqilabının alovlarından
yaranmışdı və bu qələmi ilə
də o, «tufanlara kömək edirdi».2
Ü. Hacıbəyov publisistikasını səciyyələndirən
əsas cəhət ideyalılıqdır. «Sənətkar
və alim üçün, publisist və felyetonçu
üçün, kim olur olsun, hamı üçün
bir qanun var: ideya hər şeydən vacibdir! Kim bu
qanunu unudarsa, xalqa xidmət etmək qabiliyyətini
dərhal itirər».
Ü. Hacıbəyov sənət aləmində
prinsipsizliyi qətiyyətlə pisləyirdi. O, yazıçı,
jurnalist və musiqi xadimi olmaqdan daha artıq bir vətəndaşdır,
sənətin hansı sahəsinə əl atırsa
atsın, işə hər şeydən əvvəl,
bir vətəndaş kimi girişir, özü-özündən
hesabat tələb edir: nəyin xatirinə yaradırsan,
nə məqsədlə yazırsan? Üzeyir sənətinin
bünövrə daşı, fəaliyyətinin
əzəli, əbədi qayəsi olan bu məqsəd—doğma
xalqına xidmətdən, onun azadlığı
uğrunda mübarizədən ibarətdir. Bakının
neft mə'dənlərindən qopan azadlıq şüarları
dalğa-dalğa ölkəyə yayılanda, «Marselyoza»,
«Beynəlmiləl» kimi inqilabi mahnıların sədaları
Abşeronu bürüyəndə Ü. Hacıbəyov
da hamının eşitdiyi aydın səslə
deyirdi: «Batsın istibdad, yaşasın hürriyyət!»
Təbiətcə narahat adam olan Ü. Hacıbəyov
peşə xüsusiyyətlərinə görə
də həmişə hərəkətdə olan,
hər saat təzə-təzə məlumat üçün
axtarışlar tələb edən mühərrirliyə
başlamışdı. Təbiətindəki narahatlıq
ilə jurnalistika sənətindən irəli gələn
operativlik bir-birinə qarışdığı
üçün o, «umman kimi təlatümə gəlmişdi».3
Bu xususiyyət özünü iki cəhətdən
göstərirdi: həm bədxahlarından birinin
dediyi kimi, o, «bir budağa çıxıb, çox
budağı silkələyirdi»,4
həm də «İrşad», «Tərəqqi», «Həqiqət»
qəzetlərində, demək olar ki, hər gün
yazırdı. Qəzetin bir nömrəsində
həm ciddi məqalə, həm də felyeton, ya
bir neçə satirik miniatür ilə çıxış
edirdi. Üzeyir Hacıbəyov ictimai həyatda daim
təzə hadisə axtarır və hər şeydən
əvvəl, həmin yeniliyin təşəkkül
tapma prosesinə qızğın maraq göstərirdi.
Digər tərəfdən, fövqəl'adə
ağıl, dərin bilik və hünər sahibi
olan gənc curnalistin hər sözü tonlarla külçə
içərisindən seçilmiş zərrələrə
bənzəyirdi. O öz felyeton və məqalələri
üçün ustalıqla söz axtarır və
onların ən münasibini tapırdı.
«Mənə yazılan xəbərlərə görə,
aclar toxların əhvalından xəbərdar olub,
öz aralarında bir milyondan artıq lə'nət
və söyüş ianəsi yığıb
göndəriblər ki, toxlar içində müstəhəqq
olanlara paylansın».
Bircə miniatürdür: həcmə bax, tutuma
bax!: Adi «Gündəlik» qeydlərinə oxşayan
bu mə'nalı kəlam Ü. Hacıbəyovun
bədii təfəkkürü, dünyagörüşü
haqqında da kifayət qədər mə'lumat verir.
Onu yaxından tanıyanlar «bu adamda yumora, hazırcavablığa,
xoş söhbətin tükənməzliyinə
heyrət edərdilər».5
1900-cu ildə tələbə dostu Ə. Terequlovun
«dəl-ləkliyinə» şer qoşduğu6
günlərdən ömrünün sonuna qədər
baməzə söhbət, hazırcavablıq Ü.
Hacıbəyovun yaraşığı idi.
Gülüş onun yaradıcılığının
ən mühüm xüsusiyyətlərindəndir.
Ədibin «O olmasın, bu olsun». «Arşın mal alan»
komediyalarının, felyeton, pamflet, satirik hekayə
və miniatürlərinin mayası şən gülüşlə
yoğrulmuşdur. Ü. Hacıbəyov böyük
gülüş ustası idi.
O, nə zaman gülürdü?
XX əsrin əvvəllərində birinci rus inqilabının
qüvvətli təsirilə ağır yuxudan oyanıb
hərəkətə gələn xalqların milli
azadlıq hərəkatını qanlı irtica
dalğalarında boğmaq istəyən, kütləvi
qırğın vasitələri ilə Rusiyanın
rahatlığına əncam axtaran çar hökuməti
özünü gülünc hala qoymuşdu. Zamanın
gözüaçıq ziyalıları tərəqqipərvər
adamları «öz keçmişindən gülə-gülə
ayrılmağa» (K. Marks) çalışırdılar.
Ü. Hacıbəyov da bu zaman gülürdü.
O, kimə və nəyə gülürdü?
Çar hökumətinin öz qarımış
vücudunu saxlamaq qəsdilə «əl-ayaq çalan»
dəbdən düşmüş uğursuz idarə
üsuluna, qardaş xalqlar arasında qırğın
törədən şeytani əməllərinə,
oyuncaq Dövlət Dumasına, mə'mur libası
geyib zorakılıq edənlərə, ikiüzlü
din dəllallarına, simasız cızmaqaraçılara,
XX əsrə uymayan köhnə adətənənələrə—bir
sözlə, ictimai inkişafa mane olan, iqtisadi, mədəni
tərəqqiyə əngəl törədən
nə varsa, kim varsa, hamısına gülürdü.
Ü. Hacıbəyov «Molla Nəsrəddin» kimi «çox
sirləri» açır, pərdələri qovzayır,
yaraları nəştərləyirdi.
O, necə gülürdü?
1. M.S. Ordubadi. Böyük sənətkar
barəsindəki xatıratım. Bax: Bəstəkarın
xatirəsi (məqalələr, xatirələr),
Bakı, 1976, cəh. 17.
2. M.İbrahimov. Tufanlara kömək
edən bir qələm… Ədəbi qeydlər (məqalələr),
Bakı, 1970, cəh. 212.
3. S.Vurğun. Əsərləri.
6 cilddə, 5 c. B., 1972, səh. 357.
4.“Həyət”,
25 iyun 1906, ¹ 137.
5.R.Rza.
Sadə və böyük insan. “Ədəbiyyət
və incəsənət” qəzeti, 18 sentyabr 1968,
¹ 39.
6. Bax: Bəstəkarın xatirəsi (məqalələr
və xatirələr), B.. 1976, səh. 93-101