Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 Ü. Hacıbəyovun zəngin yumoristik söz yaradıcılığı xəzinəsində vaxtı ilə dövri mətbuat səhifələrində «Ordan-burdan» ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur.

Satirik hekayə, satirik oçerk, felyeton, pamflet və başqa publisistik janrlar arasında mövcud olan sədləri nəzəri cəhətdən müəyyənləşdirməyi qarşıya məqsəd qoymasaq da, deyə bilərik ki, Ü. Hacıbəyovun «Ordan-burdan»larını ucdantutma felyeton adlandırmaq olmaz. Nəinki təkcə Ü. Hacıbəyovun bədii-publisistik əsərləri, habelə müxtəlif müəlliflərin «Molla Nəsrəddin» jurnalında dərc olunmuş yazıları arasında da dəqiq sədd qoymaq, hansıların satirik hekayə, satirik oçerk və ya felyeton olduğunu dürüst göstərmək çətindir. Bununla belə tam inamla deyərik ki, Ü. Hacıbəyovun «Bazar söhbəti», «Məzhəkə», «Təhsil» kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; «Rəfiqimdən məktub», «Üçüncü dəllək», «Məclisimizin duzu» «O, heç!», «Tərəqqi və gerilik», «Ha fikir edirəm başa düşmürəm!» kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur.1

Felyeton—həm publisist, həm də bədii «səlahiyyəti» olan əsərdir. O bu səlahiyyətin hər ikisini eyni dərəcədə ifa etməli, onların arasında ciddi müvazinət gözləməlidir. Bədii və publisist tarazlığı saxlamaq e'tibarilə Ü. Hacıbəyovun felyetonları da, pamflet, qaravəlli və parodiyaları da dəyərli sənət əsərləridir.

Müəllifin monoloji nitqi, təhkiyəçi obrazı, açıq tendensiyası Ü. Hacıbəyovun felyetonlarının səciyyəvi cəhətidir. Həyat materialı ilə satirik formanın sintezindən yaranan bədii keyfiyyət bu əsərlərin mahiyyətini təşkil edir.

Ü. Hacıbəyovun felyetonları, satirik hekayə, pamflet, qaravəlli və miniaturləri şəkilcə çox rəngarəngdir. Açıq məktub, hesab məsələləri, nağıl, e'lan, səhnəcik, çoğrafi mə'lumat, lüğət, dialoq, monoloq, intibahnamə, xəbər, sual-cavab və s. şəkillərdə ya-zılmış bu əsərlərdə ədib məharət göstərib, hər janrın saciyyəsindən irəli gələrək, yazılarını müxtəlif priyomlarla başlayır. Məsələn: nağılvari lətifə, oxucuya müraciət, atalar sözü və zərb-məsəllər, izah-şərhlər və sairə ilə.

«Ordan-burdan»ların bir çoxu öz əlamət və keyfiyyətlərinə görə pamflet hesab edilə bilər. Məsələn, «Molla Nəsrəddin» əsəri («İrşad», 12 iyul. 1907, ¹ 109) pamfletin ən gözəl nümunəsidir. Açıq tendensiya, kəskin satira, şəksiz bədii keyfiyyət ilə bərabər publisist üslubun nisbi üstünlüyü, müqəddiməsiz başlanğıc Ü. Hacıbəyovun pamfletlərini felyetonlarından fərqləndirməyə imkan verir. Pamfletlərin bədii keyfiyyətləri sırasında müqayisə üsulu xüsusilə diqqəti cəlb edir. Paralellər bir tərəfdən pamfletin mənimsənilməsini asanlaşdırırsa, digər tərəfdən publisist və bədii üslubun nisbətini tarazlayır; kinayə, işarə və eyhamlar isə həmin əsərlərə bir şirinlik gətirir, onların kəsərini artırır.

Tənqid hədəfinin seçilməsi, açılan atəşin sərrastlığı, dilin şirinliyi, üslubun dadı-duzu ilə bu pamfletlər içərisində «Dayaq» mühüm yer tutur; hadisələrə gizli saxlanılmayan münasibət, ictimai eyblərə nümayişkaranə e'tiraz bu əsər üçün səciyyə-vidir. Əsrimizin əvvəllərində yazılmış «Dayaq» pamfleti Ü. Hacıbəyovun yaradıcılığındakı mubarizliyə, əqidə sahəsində müəllifin heç kəslə kompromisə girmədiyinə yaxşı nümunə sayıla bilər. Müəllif Bakı şəhər Dumasının fərsiz deputatla-rını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz «qlasnıları» barsız ağaclara bənzədir.

Mə'lumdur ki, bədii pamflet müxtəlif şəkillərdə yazılır; o bə'zən «birpərdəli komediya şəklində də ola bilər». Ü. Hacıbəyovun «Pruşkeviç və Hacı Xudu» pamfleti məhz bu qəbildəndir. Onun «Kələkbazlar», «Qalmaqal» satiraları da bu şəkildə yazılıb, həm də qaravəlliyə yaxındır.

Ü. Hacıbəyov sənətinin xəlqiliyini bariz nümayiş etdirən qaravəlliçilik həm kəmiyyət və keyfiyyətinə, həm də idraki-tərbiyəvi əhəmiyyətinə görə ədibin bədii publisistikasında xüsusi yer tutur. «Bir intelligentin xəyalı», «Müalicə», «Qafqazda müsəlman kəndlisinin halı», «Moizə», «Stolıpinin xəyalı», «Müsəlman kəndlisinin siyasi söhbəti», «Hilal və Şiri-Xurşid», «Kimdən nə soruşdular», «Ramazan ayında ibadət» qaravəlli səpkisində yazılmışdır. Meydan tamaşalarının mühüm ünsürlərini özlərində cəmləşdirən bu qaravəllilərdə mətləb bir və ya bir neçə adamın iştirakı ilə şərh olunur.

Bir aktyorun iştirak etdiyi qaravəllidə meydangir aparıcı və ya aşıq kimi nağıl söyləyir, yeri düşəndə bayatı da çağırır («İrana dair aşıq nağılı»); ya da xalq arasında geniş yayılmış məsəldə deyildiyi kimi, «Ağılı kimdən öyrəndin—ağılsızdan» qaydasın-da camaata müəyyən sualla mürac'iət edib, tamaşaçkları da oyuna qoşur. İki və daha artıq «aktyorun iştirak etdiyi qaravəlli («Müalicə», «Moizə», «Müsəlman kəndlisinin siyasi söhbəti» və s.) dialoq şəklində olur və buraya bə'zən sual-cavablar da daxil etmək mümkündür. Həmin suallar elə qoyulur ki, həm camaat (ya tək-tək, ya da xorla) onlara çavab verməkdə işirak edə bilir, həm də meydangir aktyorun hazırcavablığı gülüş bolluğu yaradır. Sualın tapmaca səciyyəsi, tamaşaçıların hadisələrin iştirakçısına çevrilməsi, gülüşün doğurduğu şuxluq qaravəllinin emosionallığını artırdığı kimi, tənqid hədəfinə nifrəti də şiddətləndirir.

Məsələn, «Stolıpinin xəyalı» qaravəllisi yazılış formasına görə dramatik monoloqu xatırladır. Tənqid obyekti kimi seçilmiş tip (Stolıpin) öz-özünə danışır. Elə bil ki, Bakıda Quba meydanında, ya Şuşada Bazar başında, Gəncədə Məscid qabağında «İrşad»ın oxucuları bir yerə toplaşıb, dövrə vurublar. Stolıpin (onun rolunu ifa edən məsxərəçi) meydanın tən ortasında dayanıb, «fısqırıq qoparan» İkinci Dumanı qovmaq, yeni seçkini «ay batandan sonraya» saxlamaq təzə quracağı məclisə «Əl mənim, ətək sənin»—deyən keşiş, molla və sairi vəkil seçmək beləliklə də, Dövlət Dumasını irtica alətinə çevirmək üçün xəyalından keçənləri söyləyir və bunları danışdıqca, xalqı özünə güldürür.

İrticanın başlanmasına üç gün qalmış Ü. Hacıbəyovun meydan tamaşası formasına müraciət edib, Stolıpinin özünü məsxərəyə qoyması ədibin təkcə yüksək sənətkarlığını deyil eyni zamanda böyük hünərini də nümayiş etdirir.

Ü. Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn «Dövlət Duması», «Ata və oğul», «Moizə» və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar.

Bu sahədəki müşahidələr belə bir nəticəyə gəlməyə haqq verir deyək ki: Qaravəllidən səhnə miniatürlərinə (birpərdəli komediya), oradan da musiqili komediyalara («Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan»)—Ü. Hacıbəyov dramaturgiyasının inkişaf yolu belədir!

Üzeyir Hacıbəyovun publisistik irsi ədibin «Əsərləri»nin 3-cü və 4-cü cildlərində (Bakı, 1968) toplanmışdır, hazırkı kitab «Əsərlərin» əvvəlki nəşrindən tərtib edilmiş və zəruri hallarda mətnlərdə ilk mənbələr əsasında düzəliş və dəqiqləşdirmələr aparılmışdır.

Kitaba Ü. Hacıbəyovun «İrşad», «Tərəqqi», «İqbal», «Yeni iqbal» qəzetlərində (1906—1916) «Ordan-burdan» ümumi başlığı altında dərç olunmuş və «Həqiqət» qəzetindən (1910) götürülmüş 2—3 əsər nəzərə alınmazsa, təkcə «Filankəs» imzası ilə verilmiş seçmə felyeton, pamflet, satirik hekayə və miniatürləri daxildir. Əsərlər dərc olunma tarixlərinə görə, xronoloji ardıcıllıqla düzülübdür və onların çoxu oxuculara ilk dəfə təqdim olunur.

«Ordan-burdan» ümumi başlığı olan yerdə müəllif, bir qayda olaraq, felyetonlara ad qoymurdu buradakı başlıqlar əsərlərin bir qisminin məzmunu ilə bağlı olan şərti adlardır. Müəllifin dilinə, üslub xüsusiyyətlərinə toxunulmamış, ancaq zəruri ehtiyac olan yerdə ara-sıra cüzi ixtisarlar aparılmışdır.

XX əsrin əvvəllərində nəşr edilən bir sıra qəzetlər, baş vermiş tarixi hadisələr, o dövrdə yaşamış şəxsiyyətlər haqqında C. Məmmədquluzadə, M. Ə. Sabir, S. M. Əfəndiyev, M. Hadi, A. Səhhət, A. Şaiqin «Əsərləri»ndə kifayət qədər mə'lumat olduğundan bu kitabı əlavə qeydlərlə yükləməyi lazım bilmədik.

MİRABBAS ASLANOV.

1. XX əsrin əvvəllərində Azərbaycan dövri mətbuatında “Felyeton” qəzet səhifəsinin aşağısında “padval” adlanan hissədə yerləşdirilən məqaləyə, ya da həcmcə iri olan elmi, ədəbi-tənqidi və tarixi məqalələrə, siyasi, həftəlik icmala deyirdilər. (Məsələn “Şərqi -rus” qəzetində Ö.F. Nemanzadanin “Xytbə və cümənamazı” adlı məqaləsi, N. Narimanovun “Həyat” və “İrşad”da çıxan “Həftə faydaları” və s.). O zaman “Felyeton” rubrikası altında bəzən hekayələr də dərc edirdilər.

 

 

 
   © Musigi Dunyasi, 2005