Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


Bir az da öz işimizdən, Daha doğrusu, öz içimizdən danışaq... Adam qəzetəni əlinə alıb açanda «müharibə»dən başqa bir şey görmür.

Hərçəndi bu halda, lap qızıq bir şey varsa, o da yenə elə «müharibə» xəbərləri, amma yenə də öz işimizi və öz içimizi yaddan çıxartmayaq.

Götürək məsələn bizim boşboğazlarımızı və buradan bir haşiyə çıxaq.

Bu halda Avropa adamlarının hansı biri ilə danışıq eləsən və hansı məsələyə əl vursan, baxıb görərsən ki, bu adamın hər bir məsələdə bir müəyyən nəzəri vardır. Amma bizlərdə elə deyil.

Məsələn, Kərbəlayi Əliquluya deyirsən ki: Kərbəlayi Əliqulu, qatıq ağdır, Kərbəlayi Əliqulu deyir ki, doğrudur ağdır. Bir də görürsən ki, boşboğazlarımızdan biri çıxdı və dedi: Xeyr, qatıq qaradır və onun ağlığı da məhz qaralığındandır. Kərbəlayi Əliqulu razı olub deyir ki, doğrudur, qatıq qaradır. Sonra bir ayrı boşboğaz çıxıb Kərbəlayi Əliqlunu inandırır ki, qatıq qırmızıdır. Kərbəlayi Əliqulu inanır... deyirlər sarıdır, — inanır,... yaşıldır, — inanır. Qərəz, Kərbəlayi Əliqulu olur bir yaş çubuq, hara əyirsən ora əyilir.

Bu nədən belə olur? Nə üçün Kərbəlayi Əliqulu ora-bura əyilir.

Bu ondan ötrü olur ki, Kərbəlayi Əliqulunun qatığın ağlığı barəsində nəzəri müəyyən, etiqadı dürüst və imanı kamil dəyil. Kərbəlayi Əliqulu qatığın rəngindən bixəbərdir, odur ki, hər kəs hər nə deyir ona qulaq asır və axırdan axıra yenə bilmir ki, qatıq nə rəngdədir.

Əlbəttə, Kərbəlayi Əliquludzdann murad-ümum camaatımıdır və qatıqdan da murad camaat işlərimizdir.

Bəli, insanın gərək nəinki bir din və ayin, bəlkə hər bir barədə dürüst bir etiqadı olsun. Amma bəşərtiha və bəşirutiha! Etiqadı yaxşısına olsun, pis şey olmasın. Məsələn, deməsin ki, mənim etiqadıma görə oxuyub yazmaq haramdır və ya zərərdir. Əksinə, etiqad etsin ki, elm və mərifət ən vacib şeylərin böyüyüdür və hərgah boşboğazın birisi desə ki, oxuyub yazmaq pis şeydir — cavab versin ki, xeyr, boş danışırsan.

Boşboğaz kimdir?

Boşboğaz — camaat işlərinə zərər vuran, bir para biməni vücudlardır ki, özlərinin əllərindən heç bir şey gəlmir, bişurdurlar, bivecdirlər və bununla belə həsud-durlar, xain və xasirdirlər.

Sənətləri nədir?

Onu pisləmək, bunu pisləmək, bacarıqlı adamları söymək, iş görənlərə zərər yetirmək, fitnə salmaq. Camaətimizin, yəni yaxşı ilə pis barəsində dürüst etiqadı olan camaatımızın borcu odur ki, haman müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarına vursun, yol verməsin, qudurtmasın və bu yol ilə onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun... Amma bunun üçün yaxşıya və yamana etiqad lazımdır ki, boşboğazların fikri haman dəm aşkar olsun...

Məzəli-məzəli işlərimiz olur.

Kasıbı və fəğiri görəndə yazığımız gəlir, deyirik ki, ah, bu nə üçun belə fəğirdir. Dövlətlini və nahaq yol ilə bir pul qazananı görəndə acığımız tutur. Deyirik ki, bu «cibişdan» üçün çalışır.

Bu, biməzə olan «cibişdan» sözü boşboğazlarımızın ağzından düşməyən bir sözdür ki, yerli-yersiz işlətməkdədirlər.

Deyirlər ki:

«Filənkəs «cibişdan» üçün çalışır!»

Onda bunlara demək gərək ki, bəs sən nə üçün çalışırsan? Hərgah sən pul qazanmaq üçün çalışmırsansa, bəs nə yeyib, nə içirsən? Hamımız bilirik ki, bu əyyamda pulsuz adam acından ölər. Heç kəs ona ömrü olalı müftə yerə çörək verməz.

İndi ki sən pul qazananları pisləyirsən, görünür ki, sən özün pul qazanmırsan. İndi ki sən pul qazanmırsan, görunür ki, sən acından ölürsən.

İndi ki sən pul qazanmırsan və acından ölmürsən, görünür ki, sənin ata-babadan qalma pulun var. Ata-babanın zəhməti ilə qazanılmış pulu biduni zəhmət yeyib, içib hələ pul qazananlara da, atan, baban da içində, söyüş söyürsən.

Yalandan deyirlər ki:

«Cib» üçün çalışmaq lazım deyil. «Millət» üçün çalışmaq lazımdır. Bir adam ki, heç öz-özünü dolandıra bilməyə o adam millətə qulluq edə bilərmi?

Bir adam ki, 5—6 nəfər külfətini saxlaya bilməyə, o adam bir böyük millətin qeydinə qala bilərmi?

Deyirlər ki:

«Cibişdan» üçün çalışma, millət üçün çalış!»

Bu boş və axmaq sözdür

İnsan gərək həm özü üçün və həm də ümum milləti üçün çalışsın.

Əgər sən, əhli-əyalını ac qoyub, başqa işlərə məşğul olsan, o halda sən millətə düşmənsən. Çünki sənin ac qalan əhli-əyalın da millət üzvləridir.

Amma oxucular elə bilməsinlər ki, doğrudan da boşboğazlar öz mənfəətlərini qoyub, tək millət üçün qulluq edirllər və sairlərini bu işə çağırırlar.

Xeyr a! O qədər də bilmə!

Boşboğazlar öz ciblərini bərk-bərk tutub, özgənin cibinin hesabını çəkirlər ki, bu nə qədər pul qazanır və onun nə qədər prosenti eləyir.

Özü hər məqamda və hər anda xalqı haq-nahaq soyur, alladır, tovluyur, amma xalqın halal pulundan «millətə» pay istəyir.

Bu günə axmaq adamlar millət düşmənidirlər. Onların zərərdən başqa heç bir xeyri ola bilməz.

Millətimizin onlara bir sözü ola bilər:

Məra bə xeyri to ümmid nist, şərr mərəsan3.




1. Xainliyi, fitnəliyi, boşboğazlığı və s. pis hərəkətləri pisləyən bu felyeton «Yeni iqbal» qəzetinin 1915-ci il 7 sentyabr tarixli 111-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
2. Həmin məsələyə (bax: «Yeni iqbal» qəzeti ą 111) həsr edilmiş bu yazı «Yeni iqbal» qəzetinin 1915-ci il 8 sentyabr tarixli 112-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
3. «Məra bə xeyri to ümmid nist, şərr mərəsəan— farscadır, tərcüməsi: Xeyrinə ümidim yoxdur, ancaq şərr yetirmə mənə.



 
   © Musigi Dunyasi, 2005