Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


Keçən sənələrdə yenə də heç olmasa bir para müəllimlərimiz qəzetlərdə nafe məqalələr yazmaqla oxuyanlara bir növü mənfəət yetirirdilər. Lakin bir neçə zamandan bəridir ki, müəllimlərimizdən heç bir səs və səmir yoxdur. Guya müəllimlərimiz ümumi işlərə daha müdaxilə etmək istəmirlər. Guya bunların mətbuat səhifələrində müzakirə olunacaq heç bir ehtiyacları, mühüm məsələləri yoxdur. Və guya oxucularımızın bunların məqalələrinə heç bir möhtaclığı dəxi yoxdur, halbuki həqiqətdə belə deyildir. Müəllimlər əhalimizin savadlıları və əhalimizə savad öyrədən olduqlarından onlar mətbuata daha artıq əhəmiyyət verməlidirlər. Əhalimizin övladı, mütəəllimlərimizin bilavasitə ağızdan söylədiyi sözlərə möhtac olduqları kimi övladların ataları da müəllimlərin onlara dair söyləyəcək olduğu sözlərə möhtacdır. Bu sözləri də ancaq mətbuat vasitəsi ilə söyləmək mümkündür. Bir çox məsələlər vardır ki, təlim və tədrisə dair bir müəllim bilən şeyi çox vaxt o biri müəllimlər bilmirlər. Bir çox məsələlər vardır ki, o barədə müəllimlərin fikri lazımdır. Ümum müəllimləri bir yerə yığmaq və orada təlim və tədris xüsusunda danışmaq, fikir verib fikir almaq nə qədər mühüm bir işdir, Amma müəllimlər ictimai bu halda həmişə mümkün deyildir. halbuki belə bir ictimaə möhtac olmayıb da mətbuat vasitəsilə mübadileyi-əfkar etmək mümkündür. Bu isə zənn edirəm ki, çətin bir iş deyildir. Təlim və tərbiyə məsə-lələrindən başqa min cürə ümumi məsələlər vardır ki, onların həlli yolunu da bir çox müəllimlərimiz gözəlcə bilirlər.

Ona görə də bu yolda dəxi qələmləri ilə çox kömək edərlər.

Kənd müəllimlərimizin isə bu yolda vəzifələri daha artıqdır. Məlumdur ki, kəndlərimizin qismi əzəmi cəhalət guşəsinin timsalıdır. Bu qaranlıq yerdə bir işıq varsa, o da kənd müəllimidir, hər bir kəndin hər bir cürə «ehtiyacı kənd müəlliminə gözəlcə aydındır. Belə olan surətdə bu barədə dinib-danışmamağın nə mənası vardır. Necə ola bilər ki, yanında olan adamların çəkdiyi əziyyətləri, ehtiyacları görə-görə və bilə-bilə bu barədə sikut xtiyar edəsən və danışmayasan. Halbuki, səni danışmamağa məcbur edən heç bir şey yoxdur.

Yenə də Rusiya müsəlmanları içində içəri Rusiyanın müsəlman müəllimləri bu barədə mətbuat vasitəsi ilə həm özlərinə və həm də əhaliyə bir çox mənfəətlər yetirirlər.

0 tərəflərin qəzetlərini açdıqda içində bir-iki nafe məyyqaləyə təsadüf olunur ki, müəllifləri müəllimlərdir. Amma bizim Qafqaz müəllimləri bu qədər ehtiyacatın vücudulə mətbuata əhəmiyyət vermirlər. Bir kəlmə, öz mühitlərinə laqeydanə bir nəzərlə baxırlar. Bu isə arzu olunan işlərdən deyildir.

 

* * *


Keçən gün bu ünvan altında yazdığımız məqalədə istedad və qabiliyyət büruz edən adamlarımıza vüsət və meydan verilməsi lüzumunu ərz etdik. Bu səfər dəxi o məsələ barəsində bir neçə söz əlavə edək.

Zatən illər və əsrlərdən bəri cürbəcür işlərdə və əhvallarda peyda olan və biləxərə bu XX əsrdə dərəceyi-təkmilə çatmağa üz qoymuş olan tərəqqiyə səbəb kimlər olubdur? Şübhəsizdir ki, dahilər, yəni qabiliyyət və istedadi-xariqiladə sahibləri. Əcaba, bu qədər tərəqqiyə çatmış elm və fənnlər, ərəstunların, nyutonların, arşmedlərin, uluq-bəylərin, farabilərin və bunlardan sonra gələn dahilərin istedad və qabiliyyəti-xudadadisi sayəsində deyilmi? Hankı elmə, hankı fənnə, hankı sənətə əl aparsan, görərsən ki, tərəqqiləri yolunda bir dövrə və dahilərə borcludurlar.

Belə olduğu surətdə hər bir dahinin istedad və qabiliyyət sahibinin hankı işdə, hankı halda olur-olsun ümuminsaniyyətə və baxusus öz millətlərinə böyük mənfəəti vardır. Ona görə bu cür adamlara qiymət qoymamaq olurmu? Bu gün mütərəqqi və mütəməddin Yevropa ilə adamların mənfəətini və binaəlyeh qədrini çox gözəlcə bildiyinə görə həmişə onlara yol verir. Qabağını arıtdıyır, onun ibrazi-məharətinə mane olacaq hər bir əngəlləri rəf və dəfə çalışır. Çünki onun vicudundan mənfəət görülür. Hal-hazırda ki, havada uçmaq üçün mahir və qabil adamlar cürbəcür alətlər icad edirlər. Hər kəs bu işlərə ən böyük məharət göstərsə, bütün Yevropa ona sitaiş edər. İstər o adam hambal olsun istər padişah.

Nədəndir ki, məsələn, İranda da elə hava kəmisi icad edəcək dərəcədə qabiliyyət və istedad sahibləri yoxdur?

-Xeyr, var! Lakin onların meydana çıxmağa vüsətləri yoxdur.. Onların qabiliyyət və qüvvətləri hələ pünhan haldadır. Necə ki, bu gün İranın üst tərəfi fəğir və pulsuz olduğu halda, alt tərəfi cürbəcür mədəniyyat xəzinəsi ilə doludur. Həmçinin zahirdə bevec görünən adamların batində istedad və qabiliyyət xəzinələri vardır. Həmçinin bizdə. Elə zənn edilməsin ki, bizlərdən ancaq qaçaq və quldur çıxa bilər, xeyr! Zatən qaçaq və quldurluğun özü də xüsusi bir istedad və qabiliyyətə möhtacdır. O səbəbə görədir ki, bi-zim aramızda qaçaq və quldurluğa vüsət verildiyinə görə məşhur qaçaq və quldurlarımız da çox olubdur. Hələ tək Bakı şəhərinin özündə qoçuluq məharətinə böyük bir meydan verildiyinə görə şəhərdə cürbəcür məşhur qoçular əməl» gəlmişdir. Çünki əvvəldən qoçuluğa qabiliyyət və istedadı olan adamlar, qabaqlarında böyük bir meydan görüb və heç bir mümanət görməyib, öz istedadlarını ibraz ilə məharət göstərdilər. Lakin bizə bu cürəmi istedadlar lazımdır? Halbuki bundan bizim özümüzə və ümuminsaniyyətə zərərdən başqa mənfəət yoxdur. Xeyr. Bizə mənfəətli istedadlar lazımdır. İstedad, yəni meyvə! Lakin bizə zəhəralud meyvələr lazım deyildir ki, canımızı tələf etsin. Şirin və dadlıları lazımdır ki, bədənimizə mənfəət yetirsin... Mən öz içimizdən bir çox savadsız və elmsiz adamlara təsadüf etmişəm ki, bir də görürsən özündən cürbəcür şeylər icad edir. Yaxud ən ali və filosofanə məsələlər həllinə məşğul olur. Yaxud iti və müəssir bir dil ilə danışmaq qabiliyyəti var. Mən bu cür adamları gördükdə, həm onların özlərinə və həm də öz millətimizə və hələ ümuminsaniyyətə də yazığım və heyifim gəlir. Deyirəm ki, indi bax bu bədbaxtları vaxtında oxutsaydılar və onları öz qabiliyyətləri iqtizasınca təlim etseydilər, bunlardan. məşhur adamlar çıxıb həm özlərinə və həm millətə və həm də ola bilsin ki, bütün insaniyyətə böyük xidmətlər göstərərdilər... hələ onlar kənarda dursun, oxumuşlarımız içində də cürbəcür elm, fənn və sənətdə bir çox müstəid və qabil adamlarımız vardır. Amma nə etməli ki, onlar üçün şərait, məişət o qədər namusaid və o qədər müşküldür ki, asudə nəfəs almağa belə imkanları yoxdur. Məktəblərimizdə oxuyan şagirdlərə baxıram, onların içində elələrini görürəm ki, istedad və qabiliyyəti xariqüladələri özlərində, işlərində, danışıqlarında aşikardır. Və fikr edirəm, əcaba bunlara vüsət veriləcəkdirmi ki, öz istedadları iqtizasınca təlim görüb axırda işlərindəki məharətlə millətə mənfəətlər yetirsinlər. Yoxsa, ağır şərait içində hər bir qabiliyyətləri məhv və nabud olacaqdır.

 

* * *


Bəli, istər oxumuşlarımız, istər oxumamışlarımız, istər oxumaqda olanlarımız arasında istedad və qabiliyyəti-xariqüladə sahibləri heç yox dəyildir və gələcəkdə də olacaqdır. Bu cürə adamların da millət üçün və hətta ümumi insaniyyət üçün, mənfəətli olduğunu söylədik. Ançaq bunlardan istifadə etmək lazımdır. Biz məqaləmizin hamısında bu növ adamları meyvəli ağaclara və ətirli güllərə bənzətmişik. Və demişik ki, bir bağın bir kuşeyi behiş tasa olmasına səbəb, içindəki meyvəli ağaclar ilə ətirli güllərdir. Həmçinin bir millətin hər bir barədə tərəqqi və təməddününə səbəb də onun dahiləri, yəni istedad və qabiliyyəti-xarüqiladə sahibləridir. İndi fərz edəlim ki, sən bir bağ salmaq istəyirsən, onun üçün əvvəlcə münbit bir yer hazırlayırsan, yəni o qədər qüvvətli torpaq tekürsən, hər bir əkdiyin bitki yaxşı bitsin. Sonra başlayırsan meyvəli ağaclar əkməyə və güllər toxumu səpməyə, meşədə olan «cır» ağaclardan gətirib bağında əkirsən, sonra onu calayırsan (peyvənd eyləyirsən). Yaxud gətirdiyin «cins» ağacın yerini o qədər rahlıyırsan ki, meşədə qalıb da xarab olmağa üz qoyan cins ağac sənin bağında təravətlənib gözəl meyvələr yetirir: əkdiklərini vaxtında suluyursan, vaxtında torpaqlıyırsan, vaxtında alağın alırsan, qışda soyuqdan gözləyirsən, qurd-quşunu tələf eliyirsən. Qərəz hər nə lazımdır, onu eliyirsən — əvəzində də gözəl, dadlı meyvələr və geniş ətirli güllər görüb ağzın da dadlanır. Ruhun ləzzət aparır. Bağın içinə girdikdə güya dərdi-qəmdən azad olursan.

Həmçinin sən dərd və qəmdən azad olursan, nə vaxt?

Qafqaz şəhərlərinin müsəlman hissəsini gördükdə, yoxsa xaricilər hissəsini? Əlbəttə, xaricilər hissəsini.

Yaxud:

Ərdəbil, Həmədan şəhərlərini gördükdə, yoxsa Paris, Berlin şəhərlərini?

Əlbəttə, Paris və Berlin kimi şəhərləri.

Nə səbəbə? Nə üçün?

— O səbəbə ki, o hissələr və o şəhərlər bu hissələr və bu şəhərlərdən gözəldir. Təmizdir, ruhəfzadır, adamları salamatdır, əlil, miskin yoxdur...

— Bunun səbəbi nədir?

— Əlbəttə tərəqqi və təməddündür.

— Tərəqqi və təməddünün səbəbi isə — istedad və qabiliyyət sahibləridir ki, o barədə qabaqda çox danışmışıq.

Bəs aşikardır ki, bağın gözəlliyini arzu edən adam cins ağaclar axtardığı kimi, millətin tərəqqi və təməddününü arzu edən adam da müstəid və qabil adamlar axtarmalıdır. Cins ağac tapan bağban o ağacın başına dolanan kimi, yəni onu hər bir zərərdən gözləyib, hər bir ləvazımatını hazır edən kimi, bu da haman müstəid və qabil adamın başına dolanmalıdır.

Amma... İş bu məqamə gəldikdə bir çox adamlar xorluyurlar və deyirlər: mənə nə düşbdür ki, məsələn Məmmədcəfərin başına dolanam? Əcaba, bəs bağbana nə düşübdür ki, alma ağacının başına dolanır? Əgər bunun məqsədiağac başına dolanmaqdırsa, bəs nə üçün qaraağacın başına dolanmır? Görünür ki, bunun məqsədi ləzzətli almalar görməkdir ki, alma ağacının başına dolanır. Və madam ki, Məmmədçəfər bir elmdə, bir fənnidə və ya bir sənətdə qabil və müstəiddir və sən də özünü millət tərəqqisini arzu edənlər cümləsinə verirsən, o halda, əlbəttə, sənin də borcun Məmmədçəfərin başına dolanmaqdır ki, bu Məmmədcəfər, öz istedadı və qabiliyyətini düz yolunda işlətməyə məqduru olsun ki, içindən millətə mənfəət çıxsın...

İndi sən deyəcəksən ki, nə üçün Məmmədcəfər özü millət; əfradı olduğu halda, öz-özünə millətə mənfəət yetirmir. Mən başına dolanmasam olmazmı?

Xeyr, olmaz! Alma ağacının vaxtında altında həmişə münbit torpağı, üstündə şəfəqli günü, vaxtında suyu və başqa ləvazımatı olmasa, alma verməz. Versə də «cır» alma olar. Həmçinin Məmmədçəfərin də məişət ehtiyacatını rəf edəcək ləvazımatı hazır olmasa, o, öz qabiliyyət və istedadını lazım olan surətdə işlədə bilməz. O, ancaq bütün var qüvvəsini məişət mübarizəsinə sərf edər və axırda hər bir istedad və qabiliyyətini də bu yolda məhv və nabud edər. Məsələn, Məmmədcəfərdə böyük bir ədiblik istedadı var imiş, lakin onu vaxtında oxudan, onun bu istedadını nəşvü-nüma edən olmayıbdır. Odur ki, indi Məmmədcəfər də acından ölməmək üçün hamballıq edir, yaxud çörəkçidir, yaxud Məmmədcəfər oxuyubdur və qabiliyyətini ibraz edir, xalq da o qabiliyyətdən mənfəətbərdar olur, lakin əvəzində Məmmədcəfərə bir şey verilmir ki məişət keçirə bilsin. Ona görə Məmmədcəfər də millət üçün mənfəət gətirən qabiliyyətindən əl çəkməyə məcbur olub, özü üçün mənfəət verən başqa bir sənət dalınca gedir və yaxud burada qabiliyyətinin sui-istifadə olduğunu körüb, başqa bir məmləkətə getməyə məcbur olur. Necə ki, məşhur təbib Meçnikov2 Rusiyada buna heç bir etina olunmadığını görüb, indi bu saat əcnəbi bir məmləkətdə ibrazi məharət etməkdədir. Və xalq da qədrini bilir. Ruslar isə indi başa düşüblər ki, o kişi mənfəətli adammış. Yaxud keçənlərdə qəzetəmizdə tərcümeyi-halını dərc etdiyi-miz məşhur müstəşəriq Vamberi3 öz məmləkətində buna heç bir qədir qoyan və etina edən olmadığını görüb, İngiltərəyə getməyə və orada ibrazi-məharət etməyə başladı. Ağıllı ingilislər bunun nə qədər mənfəətli bir adam olduğunu o saat duyub onun məişətini təmin etdilər ki, mənfəətindən də layiqli surətdə istifadə etsinlər. Vətəndaş-ları isə öz hərəkətlərindən peşiman olub sonra Vamberiya əldən gələn hörmət və ehtiramı müzayiqə etmədilər. Bu cürə misallar millətlər tarixində nə qədər desən çoxdur. Polyak milləti öz istedad və qabiliyyət sahiblərinə əldən gələn qədər ehtiram və kömək edirlər və adamların sayəsindədir ki, bu gün polyaklar ruslardan mütərəqqi və mütəməddin olub da bu qədər təzyiq və pərişanlıq altında qalmaqla belə öz milliyyətlərini gözəlcə mühafizə edib, bir gün müstəqil bir millət olacaqlarından ümidlərini kəsmirlər....

 

Ata (təkcə) — Kordur yurdum! Kor, kor! O günə daş düşeydi ki, mən evləndim; o günə ildırım düşeydi ki, mən belə nəslə rast gəldim! Kaş heç əvvəldən məni evləndirməyeydilər.

A r v a d (daxil olur) — A kişi, yenə nə var öz-özünə söylənirsən?

Ata — Kəs səsini, kəs; o günü olmıyaydı ki, sən mənə düçar olub mənim üçün bala doğmadın, bir bəla doğdun!

A r v a d — Axı, yenə bir de görüm nə olubdur, balam sənə nə eliyibdir?

Ata — Nə olacaq? Laməssəb oğlun məni soymaq istəyir!

A r v a d — Nə üçün, məgər quldurdur?

Ata — Quldurdan da pisdir! Bayaq evdə namaz qıldığım yerdə adam göndərib ki, filan yerdə yığılıb qəraətxana açırıq, tez on manat pul versin, acığımdan namazı da alayarımçıq qılıb, indiyə qədər acığımı soyuda bilmirəm... Vay, kor olan yurdum.

Arvad — Belə təxsir sənin özündədir! Kim sənə dedi ki, oğlunu dərsə qoy? Mən min dəfə sənə dedim ki, kişi uşağımı xarab eləmə, məktəbdə min cür biçlik öyrənər, sən qulaq asmadın!

A t a — Əşi, allah sənin qardaşına lənət eləsin ki, mən boyda yekə kişini yoldan çıxartdı, zor ilə gədəni aparıb məktəbə qoydu, yoxsa mən olam uşaq oxudam ki, axırda da belə laməssəb ola? Hərgah oxutmaq istəsəydim, İrana göndərərdim ki, gedib tələbə olub gəlsin. Mən heç yerli-dibli oxutmaq istəmirdim. Hər nə başıma bəla gəlirsə, səndən və sənin qohumlarından gəlir. Allah sizin nəslinizi üzsün.

A r v a d — Yaxşı, pul verdin, yoxsa yox?

Ata — Lənət şeytana də! Ay heyvan nəslindən əmələ gəlmiş, mən xəzinəçiyəm?

O ğ u l (daxil olur) — Yaxşı, pul vermədiyin bəs deyil, bir də göndərdiyim adamı söyürsən, o da gəlib xalqın içində mənə deyir ki, atan məni söydü, qovdu. Mən də xalqdan xicalət oluram.

Ar v a d — Doğru deyir, pul vermədin-vermədin, daha niyə söyürsən?

Ata — Arvad, arvad! Ey məluni-xəsərət dünya! İndicə sən mən tərəfə dəyildin? İndi oğlunu görüb o tərəfə dönürsən, ay bimürvət? Sən o dünyada məşhərdə nə cavab verəcəksən?

O ğ u l — Cavab verəcəkdir ki, ərim məni söyürdü!

A t a — Oğul, sən hər nə desən de, daha mənim dinimə, məzhəbimə sataşma.

O ğ u l — Mən din-məzhəbə sataşmıram. Ancaq onu deyirəm ki, hərgah sən o dünyada anamdan şikayət etsən, o da səndən edəcəkdir!

Ata — Deməli, sənin sözündən bu çıxır ki, heç o dünya yerli-dibli yoxdur? Bilirəm, bilirəm nə deyirsən, eşşək deyiləm, anlayıram.

A r v a d — Oğul, başına dönüm, sən o cürə şeylərə sataşma, dilim ğurusun, gözün tutular.

O ğ u l — Ay ana, məgər mən burda dinə bir pis söz dedim, deyirəm ki, hərgah o dünyada...

Ata — Görürsən, arvad? «Hərgah o dünyada» yəni əgər o dünya varsa, demək istiyir! Əstəfrullah rəbbi və tobəileyh. Bari pərvərdigarə sən mənim günahımdan keç! Mən yazığam, bu çürə nacins ucundan məni cəhənnəm oduna yandırma.

O ğ u l-— Ey on manat, sənsən bu kişini belə danışdıran.

A t a — Əstəfrulla rəbbi və tobəileyh. Arvad pambıq gətir qulaqlarıma tıxıyım və bu cürə küfür sözləri eşitməyim. Bu laməssəb deyir ki, məni danışdıran puldur, yəni pul nəuzibillah allahdır. Ay camaat, bu cürə küfri mən heç yerdə eşitməmişdim, bu müşrükdür, pulu allaha şərik bilir.

Ravi rəvayət eliyir ki, bir dəfə bir kəs Musa peyğəmbərin hüzuruna gəlib dedi ki, ey Musa!... Yox, mən bu kafirnən bir evdə ola bilmərəm, çıx, çıx mənim evimdən!

O ğ u l — Ay ata, mən nə vaxt o cürə küfür söz dedim. Nə üçün yalan deyirsən?

Ata — Vay, ilahi! Bu atasına deyir ki, yalan deyirsən! Bu görünür ki, bütün kafirlərin bidinidir. Hərkah mən yalan deyirəmsə, bil ki, molla da yalan deyir, molla yalan deyirsə, bil ki, müctehid yalan deyir. Müctehid yalan deyirsə, bil ki, imam yalan deyir. İmam yalan desə, bil ki, peytəmbər yalan deyir. Peyqəmbər yalan desə bil ki, allah yalan deyir. Çəkil, çəkil mənim bu müqəddəs evimdən, ey kafir! Bu saat, bu saat evimizdə olan bütün qablar, boşqablar, istəkanlar, samavar, qazan, kəfkir, aşsüzən, hamısı sənə lənətxandır. Onlar hamısı qiyamət günü hüzurə çıxıb sənin cəzanı istəyəcəklər. Çəkil, kafir, çəkil! Murdarlama, bu pak olan yeri, çəkil, çəkil (yıxılır səcdəyə).

O ğ u l — Bu kişi dəli olubdur.

Arvad — Qoy gedim bir dua yazdırım.




1. Millətpərəstlik nədir və nə cür işlərdə özünü göstərir? Bu məsələ gənc Üzeyir Hacçıbəyovu daima düşündürürdü. Onun fikrincə millətin xeyirxahı olmaq—millətin tərəqqisi uğrunda var qüvvə ilə çalışmaq deməkdir. Bu yolda bilikli, qabiliyyətli şəxslərə kömək etmək lazımdır. Müəllif özünün bu fikrini və arzusunu bir-birinin ardınca «Həqiqət» qəzetinin 1910-cu il 14 aprel tarixli 82, 16 aprel tarixli 84 və 18 aprel tarixli 85-ci nömrələrinin 1—2-ci səhifələrində «Öz halımızdan» başlığı altında «Üzeyir» imzası ilə dərc etdiyi məqalələrdə aydın bəyan etmişdir.
2. Meçnikov İliya İliç (1845—1916) məşhur rus bioloqu, Peterburq Elmlər Akademiyasının fəxri üzvü (1902), mütərəqqi ictimai xadim idi.
3. Vamberi Q. — məşhur macar şərqşünası (XIX əsr) çar Rusiyasını gəzərkən, xüsusilə Orta Asiya xalqlarının yaşayışı ilə maraqlanmışdır. Bu barədə əsərləri vardır.
4. «Ata və oğul» sərlövhəli səhnəcik «Həqiqət» qəzetinin 1910-cu il 21 aprel tarixli 88-ci nömrəsinin 2-ci səhifəsində «...kəs» təxəllüsü ilə dərc edilmişdir. Müəllif ata və oğul timsalında o zaman üçün aktual məsələ olan ailə məişətində yeniliklə köhnəliyin mübarizəsini qələmə almışdır.



 
   © Musigi Dunyasi, 2005