Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


«Molla Nəsrəddin» jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında «Ümumvladiqafqaz camaatı tə-rəfindən vəkil» sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.

O ki, qaldı məzkur məqalənin çap edilməsinə: əvvəla bunu bəyan edirik ki, bir neçə zaman bundan əvvəl İstambulda, yəni xəlifeyi-müslümin oturan və bir çox islam alimlərinin məsməi olan bir yerdə «kafir» ləfzi rəsmi surətdə ləğv edildi. Yəni orada belə qayda qoyuldu ki, bundan sonra heç bir kəs, istər müsəlmanı, istər qeyri-müsəlmanı «kafir» sözü ilə təhqir etməsinlər. Biz İstambulun belə bir məqul və mədəni tədbirini alqışlayırıq. Bundan aşkardır ki, heç bir kəsin, baxüsus millətə bir çox xidmət göstərməkdə olan «Molla Nəsrəddin»in küfr və mürtəd olduğunu qəzetimizdə elan edə bilmərik. Özünüz dürüst mülahizə buyurun. «Molla Nəsrəddin» müsəlmandır. Çünki müsəlman dəyiləm demir və madam ki, bir şəxs «mən müsəlman dəyiləm» demiyib, özü də müsəlmanlar, biz necə onu kafir, mürtəd edə bilərik?..

Peyğəmbərimiz dini mübinin islami yer üzünün bir çox nöqtələrinə yaydı. İslam əhlini artırdı, islamiyyətin çoxalması yolunda mücahidələrdə bulundu. Sizlər isə dini-islam əhlini artırmağa çalışmaq əvəzinə «küfr və irtidad» vasitəsi ilə azaltmağı təklif edirsiniz. Bu isə qəzetimizin məsləkinə müvafiq dəyildir. Siz iddia edirsiniz, ki, «Molla Nəsrəddin» günah edibdir. Belə dəyilmi? Çox əsəb. Əlbəttə, hər bir kəs, yəni biz də, siz də və «Molla Nəsrəddin» də söz ilə və ya əməl ilə günah iş edə bilərik. Həqiqi müqəddəsləri əbəs yerə təhqir etmək, səbb etmək, xalqın malını yemək, yalan və iftira söyləmək, adam öldürmək, fitnə salıaq, samaatı aldatmaq — bunlar hamısı sürbəsür günahlardır. Lakin hər günah üstə müsəlmanı kafir və mürtəd edərsək, o halda ruyi-zəmində bir cüt yarım müsəlman da qalmaz. Bu, ağıl və məntiq cəhətincə. İndi insaf və vicdan iqtizasına tabe olaraq danışaq.

«Molla Nəsrəddin» jurnalı indiyə qədər bir çox mənfəətli məqalələri ilə millətimizə çox xidmətlər göstəribdir. Çirkin və çürük adətlərimizin zahirdə gülünc və batində maneyi-tərəqqi və pişirəfti olduğunu ap-aşkar bizə bildirməklə bir çox qüsurlarımızı bir-bir göstərməklə gözümüzü açıbdır, pis adamlarımızı taqsırlandırıb, əfradi-millətə vurduqları zərərləri aşkar edibdir. Bu cürə mənfəətli bir jurnalı, yalnız bir məqalə üstündə təkfir, təlqin etmək, baykotlamaq insafdırmı, ağıl və vicdan buna yol verərmi?

Budur bizə ədəb dairəsində savab verənlərə bizim tərəfimizdən bəyanat.

Lakin bizim sualımıza çavab yazanların çoxu öz savablarını ədəbsiz bir surətdə yazıb bütün mətbuat ilə qərəzləri olduğunu bildirirlər. Bunun öz, bu şəxslərin «islam müdafiəçisi» olmadıqlarını aşkar bildirir. Bunların məqsədi islamı müdafiə etmək dəyil, bəlkə ümum müsəlman mətbuatına düşmənçilikdir. Hər halda ədəbsiz sözlərdən incimirik. Təhdidatlardan ürkmürük. Çünki məlumdur ki, qəzetçilik və qəzetçiyə o cürə şeylər bədihidir ki, əsər eləməz. Lakin «biz ərizə verib imperatordan təvəqqe edərik ki, bütün müsəlman qəzetlərini bağlasın» və bir də «müsəlman qəzetləri çıxandan bəridir ki, çox fəsadlar törənir». Budur, bu sözlərdir ki, bizi hamısından artıq məyus edir. Zərər yoxdur əfəndim, ərizəni hazırlayın, bəlkə «islamı müdafiə edəsiz!» O ki, qaldı qəzetlər çıxandan bəri fəsadlar törənməsinə — onda da haqqınız vardır. Doğurdan da qəzetlər çıxandan bəri sizin və sizin kimi «islam müdafiəçilərinin» xoşuna gəlməyən çox «fəsadlar» əmələ gəldi. Məsələn, Məmmədəli şah taxtından düşürüldü, Sultan Əbdülhəmid xilafət və səltənətdən qovuldu, Şeyx Fəzlullah, Mir Haşım asıldı, Rəhim xan dərbədər düşdü... Xülasə, qəzetələr çox «fəsad» çıxartdı. Elə isə bəri başdan ərizələri hazırlayın.

Xülasə, bu məktublar idarəmizin ən əziz malı olubdurlar. Biz onları həmişə saxlayacayıq ki, əvvəla, millət mühakimlərinə pişnəhad edək və saniyən gələcək övladımız o məktublar vasitəsi ilə bizim indiki halımızdan müxbir ola bilsinlər.
   

 

 

Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin ümumqafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.

İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi körür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.

Məşhur misyoner İlminski2 deyirdi ki, aləmi-islamın və əz-sümlə Rusiya müsəlmanlarının xabi-qəflətdən bidar ola bilməmələrinə səbəb əvam və cahil mollalardır. Onların vəz və nəsihəti müsəlmanlar üçün ən təsirli bir xabigərdir. Ona görə bu cürə cahil mollalar nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki bunların vüsudu ilə müsəlmanlar heç vaxt ayılmazlar.

İslamın düşməni olan bu misyonerin sözü doğru idi. Camaat avam, mollaların da əksəri cahil və ondan başqa qarın dərdi çəkənlər, bunlardan camaata, dinə, millətə zərərdən başqa nə mənfəət ola bilərdi? O idi ki, hər yerdə olan kimi bizim Qafqazda da islam camaatı getdikcə xar və zəlil olub əsnəbilərin aləti-məsxərəsi olmuşdu. Xalq bizi gördükdə həm zəhləsi gedərdi, həm acığı tutardı, həm də rəhmi və yazığı gələrdi. Bir zaman yalnız bir adı əcnəbilərdə xövf və hissi-ehtiram oyadan müsəlmanlar bu gün-lərədək başı qapazlı müsəlman olmuşdu. Hər yer üzünə bağlı, heç bir yerdə istirahəti yox, mal və mülk cəhətincə yoxsul, məişət və güzəranları müşkül, dünyadan bixəbər...

Yenə şükürlər olsun ki, Rusiyada vaqe olan təbəddülat bir paramıza təsir etdi. Bəzilərimizin gözünü açdı. Bir çoxumuz oyandıq və oyanıb da məclislər və qəzetlər vasitəsi ilə yatmış həmcinslərimizi oyatmağa başladıq. Hərçəndi qəzetlərin bu xidməti Vladiqafqaz «dinpərəst»lərinə3 xoş gəlmir. Çünki qəzetə vasitəsi ilə bir çox millət xainlərinin işi aşikara çıxdı. Məziyyətləri əyan oldu. Lakin ağlısəlim sahibləri «ləbbeyk» dedilər və bir takım hümmətlərə təşəbbüs etdilər ki, milləti oyatsınlar. Məktəblər açıldı. Məclislər təşkil edildi. Hər yerdə millət dördindən danışıldı. Qərəz yatmışlar tərpəşdi. Gözünü açanlar bir də baxıb gördülər ki, izmehlal və inqraz quyu-sunun lap qırağındadırlar. Əgər bir qədər səy edib özlərini o təhlükəli yerdən kənar etməsələr — quyunun dibi olmayan yerinə düşüb məhv olasaqlar. O idi ki, sahili-səlamətə sürünməyə meyl etdilər. Lakin binəva millətin belə bir meylinə qarşı mümaniətlər yuvarlanmağa başladı. Bu mümaniətlər isə cahil və avam mollaların əhali üzərində olan nüfuz və təsiri idi. Zatən bu cünbüş əsasında ümum mollalarımız üç qismə ayrıldılar. Bir qismi əhalinin belə rəzalətini görüb də bu halı öz namus və qey-rəti-milliyələrinə sığdıra bilmədilər. Onlar dəxi sair tərəqqipərvərlərimiz ilə bir yerdə işləməyə başlayıb, əhalini elm və ürfanə təşviq etməyə başladılar və bu yolda əldən gələni müzaiqə etmədilər. Digər qismi isə əhalinin belə oyanmasından özlərinin əvvəllərdən ruhaniliyə yaraşmayan bir çox fəna rəftarlarının üstü açılacaq qorxusun-dan əhalinin tərəqqi və təməddündən hürkütməyə əl atdılar. Əvvəllərdən də əhalinin qəflətinə və misyonerlərin arzusuna xidmət edən bu həriflər üsuli-cədid məktəblərini təqbih və tərəqqipərəstləri təkfir və hər bir asari-mədəniyyəti təlin etməyə qədəm qoydular. Lakin bunların bu günə hərəkatı artıq özlərindən başqa heç bir kəsə zərər vermir. Çünki sözləri təsirdən düşübdür.

Fəqət bizim bir də şeyx həzrətlərinin təbirilə əməleyi-mota mollalarımız dəxi varır ki, nə elmdən elmləri var, nə şəriətdən şəriət bilirlər. Halbuki «bu kəsalətü-bədən»ilədə camaata vəz və nəsihət (?) söyləyib, emali-dinilərinə mübaşir olurlar.

«Xoftəra xoftə key konəd bidar»4 — belə molla təqlidlərindən camaata nə bir xeyir ola bilər. İndi odur ki, şeyx həzrətlərinin böyük bir ruhani mədrəsə təsisiniyyətindən məqsud camaat üçün, prixod5üçün ümumi diniyə, ülumi dün-yəviyyəyə dara mollalar yetişdirməkdir ki, onlardan camaat bir xeyir və mənfəət gözləyə bilsin.

Şeyx həzrətləri tərəfindən layihəsi tərtib edibmiş mədrəsənin proqramı xüsusunda hələlik bir söz demək çox tezdir. Əvvəlcə məqsud bir layihənin felə və hüsulə gəlməsidir, yəni mədrəsə təsisidir. İştə belə bir mədrəsənin təsisi lüzumu və təsisi yolu xüsusunda fikir edib danışmalıdır. Lakin biz bu yolda əvvəl dəfə danışmağı şeyx həzrətlərinin bilavasitə müraciət etdiyi adamlara tərk edirik. Bu yolda qəzetəmizin sütunları onlara açıqdır.




1. «Şeyxülislam həzrətləri və maarif» sərlövhəli məqalə «həqiqət» qəzetinin 1910-cu il 31 mart tarixli 70-ci nömrəsinin 1-ci səhifəsində «Üzeyir» mizası ilə dərc edilmişdir. Məqalənin istiqaməti — müəllifin arzu etdiyi öz xalqının tərəqqisi, maariflənməsi, «xabi-xəlvətdən» oyanıb biliyə malik olmasıdır.
2.İlminski — o zaman Rusiyada provoslav dininin məşhur təbliğatçısı idi.
3. Vladiqafqaz (Şimali Qafqazdır; indiki Orconikidze şəhəridir) «dinpərəst»lərinə deməklə müəllif o zaman orada yaşayan və camaatı avamlıqda saxlamağa çalışan, öz qaraküh fikirlərini məktub vasitəsilə Bakı qəzetlərinə bildirən islam ruhanilərini (bax: «Həqiqət», ¹ 51 və 59) nəzərdə tutur.
4. Xoftəra xoftə key konəd bidar — farscadır; tərcüməsi: Yatmış yatmışı neçə oyada bilər.
5. Prixod (köhnəlmiş rus sözüdür) — keçmişdə bir məhəllə kilsə ətrafında yaşayıb, həmin kilsəyə ibadətə gedən dinpərəst əhaliyə deyilərdi.



 
   © Musigi Dunyasi, 2005