Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğurdan da böyük dərddir.

Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kitabları heç yoxdur desək, heç yalan ol maz. Çünki əgər ötədə-bəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım dəyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.

Dərs kitablarına gəlincə, onların da yoxluğu əşəddi surətdə hiss olunmaqdadır. O ki, qaldı camaat kitablarına, yəni camaatın qiraət edəcəyi və edib də o kitabdan bir mənfəət alacağı kitablar isə heç yoxdur və bu yoxluğun da nə qədər zərər və ziyanı olduğu barəsində aşağıda danışarıq.

Məqsədimiz də bunu ərz etməkdir ki, mosuq mənbədən xəbər aldığımıza görə şəhərimizdə mövcud olan «Nicat» maarif cəmiyyəti bu yolda öhdəsinə böyük və gözəl bir təşəbbüs götürüb, istər məktəb və mədrəsələr üçün, istər camaat qiraəti üçün mənfəətli kitablar nəşr etmək fikrindədir və bu fikrin qüvvədən felə çıxarılması üçün sürətlə çalışmaqdadır.

«Nicat» cəmiyyəti istəyir ki, onun nəşr edəcək olduğu kitabların məktəb və mədrəsələr üçün təyin edilən qismi (pedaqojiya), yəni üsuli-tərbiyə və «didaktika», yəni üsuli-tədris sənətlərinin iqtiza etdiyi tələblərə müsbət surətdə müvafiq və mütabiq olsun. Camaat üçün təyin edilən qiraət kitabları isə camaatın tərəqqisinə, yəni ağlın artmasına, daireyi-nəzərin geniş olmasına, hissiyyati-hüsnün nəşvü nümasına və müxtəlif elmlərdən böyük bilik və təcrübə qazanmalarına xidmət etsinlər. Bundan əlavə mövcud olan kitabların qələt və qeyri-müəyyən bir imla və inşasına rəqmən «Nicat»ın nəşr edəcəyi kitablar səhih və müəyyən imla və inşa ilə yazılır, ümumcamaatın anlayacağı və onunla belə ədəbi dildə olacaqdır.

Şübhəsizdir ki, belə gözəl kitablar nəşr etmək üçün «Nicat» cəmiyyəti pedaqoqlarımızın, yazıçılarımızın, alimlərimizin ən müqtədirlərini bu işə cəlb etməkdən başqa, «premya» dəxi təyin edəcəkdir, yəni hər kəs filan elmə dair, ya filan məzmunda əgər gözəl bir kitab yaza bilərsə, o zatə birincilik mükafatı verəcəyini elan ilə yazıçılar arasına həvəs və rəqabət salacaqdır ki, hər kəs öz kitabının qəbulə keçə biləcəyinə çalışsın və olduqca hər bir barədə yaxşı yazsın.

Bundan əlavə, belə kitabların qiyməti də çox ucuz olacaqdır.

«Nicat» cəmiyyətini belə bir gözəl təşəbbüsdən dulayi təbrik edib, müvəffəqiyyətini kəmali şövq və həvəs ilə arzu edirik. Doğrudan da əgər «Nicat» cəmiyyəti bu fikrini əmələ gətirə bilsə, ümum əhalimizin tərəqqisinə böyük-böyük xidmətlər göstərməklə öz yaxşı adını baqi qoyar.

Söz yoxdur ki, bu qədər böyük işi icra etmək üçün «Nicat» cəmiyyətinə pul lazımdır. Cəmiyyətin öz mədaxili isə bu işə kafi deyildir. Ona binaən eşitdiyimizə görə «Nicat» cəmiyyəti bu günlərdə böyük bir doklad — ərzihal hazırlayıb şəhər idarəsinin məkatib komissiyasına verəcəkdir ki, haman komissiya şəhər idarəsində «Nicat» üçün hər il müəyyən miqdar pul verilməsini istəsin.

İndi bu yolda «Nicata» kömək eləmək lazımdır, yoxsa lazım deyildir?

Əlbəttə, əlif əlbətdə lazımdır.

Əvvəla, məkatib komissiyasının doğrudan-doğru vəzifəsidir ki, bu yolda «Niçat»a var qüvvəsi ilə kömək etsin. Çünki «Nicat»ın çalışdığı — məkatib komissiyasının külli pullar töküb açdığı məktəblərin uşaqlarına kitab sarıdan kömək etməkdir, yəni təlim, tədris və qiraət üçün lazım olan kitabları hazırlamaqdır.

Bundan əlavə, duma əzalarının özləri də məkatib komissiyası vasitəsi ilə «Nicata» yardım göstərməyə borcludurlar, çünki şəhər idarəsinin borcu, əhalinin rəfahi-halı ilə dolanmasına çalışmaqdır. Belə rəfahi-hal ilə dolanmanın bir səbəb və vasitənin də camaatın elmli və bilikli olmasıdır ki, bunun üçün də lazım olan kitablar vacibdir. Biz əminik ki, duma əzalarından bila-təfriq millət, cins və sinif heç biri «Nicat»ın belə bir gözəl təşəbbüsünə qarşı danışmağı rəva körməz, bəlkə bu məsələnin şəhər idarəsində qəbul edilməsinə çalışarlar. Camaata hifzi-səhətdən, təbabətdən, təmizlikdən və cürbəcür mənfəətli elmlərdən mükəmməl bilik verən kitabların hər nəşrinə kömək etməməyə heç bir həqqi olmasın gərək.

İştə dumanın köməyini «Nicat»ın müvəffəqiyrtini arzu edib gözləyirik.

   

 


Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.

Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər — plaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

Bu heyət və məclislərin əzalarını kim seçir və ya kim təyin edir? Belə heyət əzalarından təyin olunanları çox azdır. Bunların çoxu seçilmiş adamlardır. Onları seçənlər də əhali özüdür.

Bu seçki haqqını — nerədə olursa-olsun — camaata heç kəs bağışlamadı. Bu haqqı camaat mübarizə edib və qan töküb aldı. Bundan aşkardır ki, seçki haqqının camaatın öz əlində olması əhali üçün böyük bir nemət ədd olunur. Amma minlərcə təəssüflər olsun ki, bizim camaat bu neməti-üzmanın qədrini bilmir. Və ya bilirsə də özünə məxsus ətalət və kəsaləti üzündən buna heç bir əhəmiyyət vermir.

Yevropada və sair mütəməddin yerlərdə calibi-diqqət olan hadisələrin ən əhəmiyyətlisi seçki işidir. Odur ki, bir dövlətdə parlaman — məclislərinə camaat tərəfindən vəkillər və məbusalar seçildiyi zaman da bu işə başqa dövlətlər dəxi böyük əhəmiyyət ilə baxıb, seçki nəticəsinə müntəzir olurlar. Mütəməddin məmləkətlərdə əhali məslək və əqidəcə müxtəlif firqə və partiyalara münqəsimdirlər. Lakin belə təksimdən məqsud—bizlərdə olan kimi—boş-boşuna partiyabazlıq dəyildir. Bəlkə əqli-səlim və qəlbi-səmim hökmüncə hər bir firqə bir məslək, bir yol ittixaz edir ki, məmləkət və ümum insaniyyət üçün onu silah bilir. Şübhəsizdir ki, bu firqələrin içində xoşagəlməyənlər də çoxdur. Məsələn, istibdadpərəstlər, ifrat dərəcədə millətpərəstlər və sairələri. Hər halda seçki işi gəldikdə bu firqələrin arasında böyük bir mübarizə qalxır. Bu mübarizə nədən ibarətdir? Bir-birinin başını yarmaqdan? Xeyr! Seçki işində bir-birlərimə faiq gəlməkdən! Odur ki, hər firqə əhalini təşviq etməklə, hər yerdə deyib-danışmaqda, öz vasiteyi-nəşri-əfkarları olan qəzetələr vasitəsi ilə yazıb qandırmaq ilə səy edirlər ki, təşkil olunacaq parlaman əzalarının çoxu öz firqələri vəkillərindən əmələ gəlsin, Bir firqəyə mənsub olan adam heç bir vaxt özgə firqənin adamından vəkil seçməz. Əgər bu yolda ona təzyiq edən, onu məcbur edən olsa, o, bu cəbr və zülmü bağıra-bağıra elan edib, öz firqəsini əzalarının kömək və yardımı ilə müqəssiri cəzaya uğradar... Bu keçən günlərdə inkilis parlamanına vəkil seçkisi işləri böyük bir gurultular ilə vaqe oldu. Hal-hazırda Almaniyada dövlətin parlamanına vəkil seçkisi qanunları əksər əhalinin məraminca olmayıb deyə Almaniyada əhali böyük nümayiş və demonstrasiyalar qurub qanunların təbdilini tələb edirlər. Bizim camaatın bir neçə məclislərə vəkil seçmək ixtiyarları vardır. O yerlərdən ən böyüyü dövlətimizin parlamanı olan Dövlət dumasıdır. Sair xırdaları isə şəhər dumalarıdır. Doğrudur, bu seçki barəsində camaatımızın payına düşən haqq da ixtiyar çox məhduddur. Lakin bu məhdudiyyət camaatımızın seçki işlərində ətalət və kəsalətlə davranmasına səbəbiyyət verməz. Biləks camaatın seçki işində haqq və ixtiyarı az və məhdud olsa, camaat daha da dördgözlü olmalıdır. Yəni səy etməlidir ki, vəkil seçdiyi adamlar layiqli olsunlar. Camaat ehtiyacatını bilən və hər bir işdən xəbərdar olan olsunlar. Başlarında ağıl, ürəklərində insaf, ağızlarında danışan dil olsun. Mövcud olan və camaatın seçki haqqını məhdud edən qanunlara görə, təəssüflər olsun ki, camaatımızın hamısı seçki işində iştirak edə bilməz. Yəni vəkil seçməyə hamının ixtiyarı yoxdur. Bu seçki haqqı camaatın bir qisminə məxsusdur. Bundan əlavə, camaatın seçki haqqı olan qismi də hər istədiyi adamı vəkil seçə bilməz. Bəlkə qanunun təyin etdiyi nizam və qaydalara müvafiq gələ bilən adamlardan vəkil seçə bilər. Belə olan surətdə nə etməlidir? Əlbəttə, seçkidən məhrum qalan camaat içində seçki işlərindən yaxşıca müxbir olan vəkil seçmək tərzini layiqincə bilən adamların borcudur ki, seçki ixtiyarı olanların qanmayanlarını qandırsın və başa salsınlar. Nətər adam seçmək və kimi seçmək lazım olduğunu bilməyənlərə bildirsinlər. Bunlar isə, qulaq assınlar və lazımi surətdə əməl etsinlər. Bundan başqa, əlbəttə, çox yaxşı olardı ki, ümumi seçki işləri həqiqi surətdə icra olunaydı. Çünki ələni surətdə, yəni aşkara vəkil seçmək işində çox vaxt güclü gücsüzü təzyiq edir, yəni özü niyyət etdiyi adamı seçməyə qoymur. Amma heyif ki, ümumseçki işləri xəfi olmayıb. Hər halda bu təqdirdə də seçkiçilərin borcu odur ki, heç bir cəbr və təzyiqə məhəllgüzar olmayıb layiq bildiyi adamı seçsin və illah axırda pəşimançılıq olar. Necə ki, bizlərdə olub. Seçilmiş vəkillərin vəzifələrini burada tedad etməyə hacat yoxdur. Çünki layiqi vəkil öz işini bizdən çox yaxşı bilir. Ancaq onlardan layiq olmayanlara tövsiyəmiz budur ki, bacarmadıqları işi boyunlarına götürməsinlər. Çünki sorakı məsuliyyətin altıidan çıxa bilməzlər. Özlərini vəkilliyə layiq bilənlərimizin də birinci borcu səy edib özlərini seçdirməkdir.

 




1 «Gözəl bir təşəbbüs» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1910-cu il 2 fevral tarixli 26-cı nömrəsinin 1—2-ci səhifələrində «Üzeyir» imzası ilə çap edilmişdir.
2. «Vəkil seçkisi» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1910-cu il 9 fevral tarixli 32-ci nömrəsinin 1—2-ci səhifələrində «Üzeyir» imzası ilə dərc edilmişdir. «Camaatımızın hamısının seçki işində iştirak edə bilməyəcəyini», «vəkil seçməyə hamının ixtiyarı olmadığını» görən Üzeyir Hacıbəyov «camaatı daha dördgözlü olmağa» çağırır, xalq hakimiyyəti ideyasını irəli sürür, lakin o, bunu demokratik respublika formasında təsəvvür edirdi.



 
   © Musigi Dunyasi, 2005