Ümumfirəngistan məmləkətində,
baxusus Firəngistan paytaxtı və mədəniyyət
mərkəzi olan Paris şəhərində böyük
yağıntılıq olub, çaylar daşıb,
şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə
yazılan xəbərlərdən bildilər. Şübhəsizdir
ki, hər yerdə belə bir fəlakət və
müsibət üz verdikdə onun ən böyük
zərbəsi əhalinin kasıb və fəğir
adam-larının və ailələrinin başına
düşür. Hamıdan çox zərərdidə
olan onlar olurlar. Parisdə də həmçinin əhalinin
zəhmətkeş sinfi bu müsibətdən böyük
zərbələr çəkib hal-hazırda yüz
minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar.
Bunlardan əhl və əyal sahibi olanların da
arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük
əsrət çəkməyə məhkumdurlar.
Lakin həm elmlə, həm növbənöv ixtiraat
və kəşfiyyat nafiəsi ilə və həm
də maddi qüvvəsi ilə bütün insaniyyətə
böyük-böyük xidmətlər göstərən
və fəlakətzədagən və müsibətə
giriftar olanlara kömək yetirən Paris şəhəri,
özünün bu müsibətində də kənar
yerdən kömək və imdad gözləmədən
əvvəl, özü öz müsibətzədaganlarının
köməyinə kəmali-gərmi ilə girişib,
olduqca bol-bol ianələr toplamaqdadır. İanə
verənlər isə böyük bir səxavət
və həmiyyət göstərib, canidil ilə
bəzli ianə edirlər.
İştə rus qəzetələrindən «N.
V.» qəzetinin2
Paris müxbiri firəng camaatının hümmət
və həmiyyətini bu növ ilə təsvir
edir:
«Mən olan evin yanında «Sanfransisk» kilsəsinin
keşişi müsbətzədakanə ianə
yığmaq üçün kilsəyə yığılanlardan
pul toplayırdı. On franklıq, beş franklıq
sikkələr və pullar yağış kimi keşişin
kisəsinə töklürdü. Bir çoxları
öz kisələrini açıb keşişin
kisəsinə boşaldırdılar. Keşiş
isə öz həmcinslərinin bu hümmətini
görüb şadlığından əbrineysan
kimi yaş tökürdü. Haman məhəllədə
olan «Karno» mədrəsəsinin şəyirdləri
bir gündə öz aralarında 5.600 frank pul yığdılar.
«Komediye qramçasye» teatrının məşhur
bazəndələrindən madam Skonveber fəğir
və fələkzədə uşaqları öz
mənzilinə yığıb, qarınlarını
doydurur. Professor Berje dəxi söyləyir ki, onun
tanışı olan bir dövlətli famil dəxi
müsibətzədaganların uşaqlarını
evlərinə yığıb çörək verirlər.
Dövlətli və zəngin adamların araba və
avtomobilləri üzərində «Səlibi-əhmər»
əlaməti vardır. Bunun mənası odur ki,
yəni mənim arabam və avtomobilimdə azarlıları
və zərərdidələri daşımağa
hər bir kəsin ixtiyarı vardır.
Doğurdan da bir avtomobil küçədə getdiyi
yerdə polis işarə edən kimi dayanır.
Avtomobil sahibi onun içindən çıxıb öz
malını poliseyeyə verir ki, lazım olan yerdə
zərərdidələr üçün işləsin.
Xülasə hədsiz surətdə ianə toplanmaqdadır.
Zəngin və dövlətli ailələr fəğir
uşaqları bir-birlərinin əlindən qapırlar
ki, aparıb qarnını doyursunlar. Səlibi-əhmərdə
iştirak edən damalar azuqə yüklərini
ora-bura daşıyır, möhtaclara paylayırlar.
Hətta kasıb çörəkçilər, baqqallar,
qəssablar — onlar da öz mallarından ianə çıxıb
«Səlibi-əhmər» üçün verirlər
ki, möhtacların ruzusu bol olsun. Məsəl vardır
ki, dostu bərkə düşəndə tanımaq
olar. Bizlərdə və ümum cəhalət basmış
yerlərdə belə bir müsibət üz verdikdə,
allah göstərməsin, heç kəsdən xəbər
olmur. Hər kəs öz başının qeydinə
qalıb, özünün sağ və səlamat
qaldığını qənimət bilir.. Dalda
qalanın lap canı çıxsın, heç vecinə
olmur.
«Allah dostu dosta möhtac eləməsin» məsələn
bizim aramızda əbəs yerə deyilməyibdir.
Çünki ehtiyac zamanında səndən üz
döndərən, əvvəlcə sənin öz
dostun olur. Asudəlik zamanında həmişə
sənin yanında quyruq bulayan adamı, ehtiyac zamanında
gendən qaçan görərsən. Lakin mütəməddin
məmləkətlərdə belə dəyildir.
Orada dost olsun, qeyrisi olsun, öz möhtac qardaşına
kömək edər. Odur ki, indi bu saat Firəngistanın
üzərinə əvvəlcə yağış
yağdı, indi də ianə yağmaqdadır.
Yağış selinin xarab etdiyi yerləri, ac və
evsiz qoyduğu evləri bu səfər ianə seli
düzəldib doydurub tikdirəcəkdir.
Bu məqaləni yazmaqdan bir məqsədimiz mədəniyyət
sahiblərinin hümmət və həmiyyətindən
bir cüzi nümunə göstərməkdir. İkinci
məqsədimiz isə budur:
Məlum olduğu üzrə bizim Qafqazın müsəlman
cavanlarından bir neçəsi hal-hazırda Paris
məkatibi—aliyəsində təhsili-ülum etməkdədirlər.
Bunlardan elələri vardır ki, ataları dövlətli
və zəngin olub, qurbətdə olan övladlarını
ac və möhtac qoymazlar. Amma o tələbələrin
hamısı elə xoşbəxt dəyildirlər.
Onların içində elələri vardır ki,
kənardan verilən cüzi bir ianə ilə bir
qarın ac, bir qarın tox, min cür məşəqqət
ilə güzəran edib dərs oxuyurlar.
Lakin burasını nəzərə almalıdır
ki, hal-hazırda Paris şəhəri bu müsibətdən
bəridir ki, çox bahalanıbdır. Rizq və
ruzunun qiyməti artıbdır. «N. V.» qəzetəsinin
müxbiri yazır ki, yeyilən şeylər, məsələn:
yağ, pənir, yumurta, kartof, çörək və
sairənin qiyməti üç və hətta dörd
dəfə artıbdır. Yeyilən şeylərdən
başqa, hər nə varsa onların da qiyməti
artıbdır. İş belə olan surətdə,
o binəva tələbələrimizin halını
təsəvvürə gətirmək mülahizə
etmək asandır. Onların ianiyə möhtac
olduqları aşkardır və bu ianə nə
qədər tez cəm olub onlara göndərilsə,
bir o qədər yaxşıdır. Razı olmayaq
ki, bizim tələbələr də zərərdidəgan
cərgəsinə girib Paris müsibət-zədaganlarının
ianələrinə şərik olsunlar. Dünyanın
hər yerindən parislilərə kömək və
ianə edilən bir zamanda biz də ora əhlinə
ianə göndərmək əvəzində daha
da öz yoxsul tələbələrimizi onlarıi
öz möhtacları cərgəsinə salsaq,
bizim üçün çox böyük eyib olar.
Ona görə bizə vacibdir ki, bu işə əhəmiyyət
verib şəhərlərimizdə mövcud olan
xeyriyyə və ya maarif cəmiyyətlərinin
idarələrinə ianə toplayaq ki, haman idarələr
o ianəni Parisə göndərib əsrətə
düşmüş tələbələrə
verdirsinlər. Haman cəmiyyətlərimizə
borcdur ki, bu lazımi təşəbbüsü
tezliklə ehdələrinə götürüb
tələbələrimizə imdad yetirsinlər.
Və bunu unutmasınlar ki, Firəngistan kimi yerdə
təhsili-ali görmüş tələbələr
gələcəkdə bizim millətimiz üçün
son dərəcə qənimət olacaqdırlar.
Elə adamlara əşəddi ehtiyacımız
olduğu aşkardır. İki-üç ildən
sonra bu tələbələr ikmali-təhsil edib
vətəni-əzizlərinə qayıdacaqlar və
qayıdıb da bir çox ictimalarımızı
raf və dəf edəcəklər.
Ümid vardır ki, şəhərlərimiz və
mövcud olan maarif və xeyriyyə cəmiyyətləri
özlərinin doğrudan doğruya vəzifələri
əddi olunan bu işə tezliklə mübaşir
olub, ianə toplayıb, Parisə göndərməklə
həm millətə və həm insaniyyətə
xidmət göstərirlər. Və tələbələrimizi
elə bir əsrətdən xilas etməklə onların
gələcəkdə millət yolunda can və
dildən işləmələrinə bu vəsilə
ilə bir zəmin hazırlarlar.
Üç pərdəli komediya. Yaxud «Revizor»u yamsılamaq.
Əvvəlinci məclisdəki əfrad əhli-məclis.
1) Hacıqəmiş — tacirdir.
2) C a h i l oğlu Qatil — işi məlum deyildir.
3) Şərməsar bəy — bəydir.
Pərdə qalxır:
Şərməsar bəy (əlində rus qəzetəsi)
— Həzarat,. sizi buraya çağırmaqda məqsədim
sizə bir pis xəbər verməkdir.
Hacıqəmiş (kənara) — Pis xəbər
verən, evin yıxılsın!
Cahil oğlu Qatil — Nə pis xəbərdir?
Şərməsar bəy — Göydə quyruqlu ulduz
görünübdür. Budur qəzetədə
yazıbdır. Haman bu ulduz, bir neçə aydan sonra
yerə duşüb, hər nə günahkar adam
var, hamısını quyruğu ilə yandıracaqdır.
Qatilvə Hacı (bir yerdə)—Bəh, bəh!...
Bunu bizə nə üçün deyirsən?
Şərməsar bəy — Bəs kimə deyim?
Hacı və Qatil — O adama söylə ki, günah
sahibidir, biz ki, əlhəmdollüllah müsəlmanıq.
Şərməsar bəy (özu də şad
olur) — Əlbəttə, mən özüm də
müsəlmanam və o ulduzun nə quyruğundan
və nə başından qorxuram. Ancaq bunu sizə
deməkdən məqsədim yenə də hər
halda xəbərdarlıqdır ki, bəli, o vaxt
ulduz yerə düşəndə vahimə etmiyəsiniz.
Hacıqəmiş — Ancaq mən bilmirəm ki, o
ulduzun, göydə durduğu halda yerdə nə
işi var?
Q a t i l — Necə? Yoxsa öz müsəlmanlığından
arxayın deyilsən?
H a c ı — Arxayın olmasaydım mən də sənin
kimi həccə getməzdim! Ulduzun yerə düşməsinin
o tərəfi xoşagələn deyil ki, yerdə
olan günahkarları yandırıb müştərilərimizi
azaldacaqdır...
Şərməsar bəy — Bax, Hacı sən deyirsən
ki, arxayın olmasaydım, həccə getməzdim.
Sənin bu sözün, bağışla, ancaq məni
bir qədər şəkkə salır. Çünki
mən, mən Şərməsar bəy öz müsəlmanlığımdan
arxayınam ki, həccə getmirəm!
Qatil — Əlbəttə! Mən özüm də
o cürəyəm! Mən öz müsəlmanlığımdan
arxayın olmasaydım, başlardım həccə
getməyə, ehsan verməyə, qurban kəsməyə.
H a c ı — Şərməsar bəy, məgər
sən öz müsəlmanlığından arxayınsan?
Şərməsar bəy — Arxayınam!
H a c ı — Bəs nə tövr arxayınsan ki,
əlinə qazut alıb oxuyursan, halbuki haman qazutu
çıxardan kafirlərdir və o kafirlərdir
ki, quyruqlu ulduz kəlib onları yandıraçaq-
dır
Q a t i l — Doğru deyir!
Şərməsar bəy — Ha, ha, ha, ha,... Bəs
Hacı, sən burdan Məskova gedəndə nə
üçün vaqona minirsən? Məgər bilmirsən
ki, vaqonu çıxardanlar da kafirlərdir?
Q a t i l — Bu da doğru deyir.
H a c ı — Mənim əlacım yoxdur. Əlacım
olsa vaqona minmərəm. Amma sən nəinki qazut
oxuyursan, hələ hətta çaxır da içirsən!
Qatil —Bu da yalan demir! Sən çaxır içirsən.
Şərməsar bəy — Doğrudur, mən çaxır
içirəm və günah eliyirəm. Amma bəzi
vaxt olur ki, ayıq da oluram. Bundan ilavə nə sənin
kimi hacı, dörd arşında arşınyarım
kəf gedib puluma haram qatmıram. Nə də sənin
kimi cəllad olub xalqın başını kəsmirəm.
H a c ı — Doğrudur, birdən olur ki, arşında
səhv düşür, çünki ölçüdə
adam karıxa bilər. Amma sən onu de ki, hər
cümə axşamı oruc tuturam və bir tələbə
gətirib qarnını doydururam, amma sən qumar
da oynuyursan.
Qatil — Doğrudur, mən az adam öldürməmişəm,
bunu da hər kəs bilir və polisiyaya da yəqindir,
amma sən orasını da de ki, ömrüm olanı
bir dəfə də üzümə ülgüc
dəyməyibdir. Həddi-büluğə yetəndən
bəri bir kərə də olsun ayaq üstə
bovl eləməmişəm! Amma sən çaxır
içirsən, qumar oynayırsan, üzünü
qırxdırırsan və üzdən iraq, saldat
kimi də-ayaq üstə divarın dibini gözləyirsən.
Hacı — hələ təharət almağından
da şəkkim vardır!
Şərməsar b ə y - Mən hər nə
eliyirəm öz nəfsimə eliyirəm. Amma siz
xalqın evini yıxırsınız. Mən ömrümdə
əlimdən tək bircə dənə xəta
çıxıbdır ki, bir gün keflənib butulkailə
Sərkis bəyin başını yarmışam
və ayılandan sonra da çox pəşiman olub
ondan «izvineniya» istəmişəm, Amma siz... Ux, allah
heç kafir bəndəsini də sizə rast eləməsin,
yamanca ev yıxansınız.
H a c ı — Bəs sən özün qumar oynayıb,
xalqın pulunu udub evini yıxmırsan?
Şərməsar bəy — O məni udmasın, mən
də onu udmayım.
Q a t i l — Əcəb! Onda o məni öldürmək
üçün gizlənməsin, mən də onu
öldürməyim!
H a c ı — Vallah, o adam ki, mən səhvən arşında
ona kəf gedirəm, ha... hərgah onu buraxsan, o saat
mənim dükanımı yarar. Mən bilirəm
bu camaatı.
Şərməsar bəy — Qərəz, adam gərək
insaflı olsun. Əgər mən günahkaramsa,
sən də günahkarsan, o da günahkardır.
0 biri də günahkardır... Dünyada günahsız
adam yoxdur.
H a c ı — Bəs günahı da savab yuyar! Odur
mən bir günah buraxıramsa da iki savab edirəm.
Çox vaxt üç rəkət axşam namazı
əvəzində mən qəstdən dörd rəkət
qılıram ki, biri də artıq olsun. İndi
o artıq rəkətin savabı bir köpükdən
hesab olunsa, gör onun pulu hara vurar?
Qatil — Əşi, vallah öldürdüklərim
adamların hamısının qanı mənim üçün
dəryaca günah olsa da, bir adam öldürmüşəm
ki, onun savabı hamısını yuyub aparar.
Məlun oğlu Qara Vəlini deyirəm ey, deyirdilər
istəyirmiş babı olsun.
Şərməsar bəy — Canım, günah eləmək
bir günah, günahı da danmaq iki günah. Hamısından
yaxşısı budur ki, şək-şübhədə
və qorxuda qalınca, duraq burdan gedək axundun
yanına, öz əhvalatımızı ona söyləyək
və hər nə lazımdır, ona verək, baxsın
görsün hərgah günahımız savabımızdan
çoxdursa, o halda bundan sonra başlıyaq ulduz yerə
düşənə qədər ibadətə məşğul
olaq. Elə ki, ulduz gəlib bizdən ötdü,
getdi, genə də öz işimizdə davam edərik.
Hacı və Qatil — Çox əcəb, artıq
danışmaq nə lazım, gedək axundun yanına.
(Çıxıb gedirlər)
P ə r d ə
İkinci məclis gələn səfər.
1. «Hümmət lazımdır»
sərlövhəli məqalə «Həqiqət»
qəzetinin 1910-cu il 31 yanvar tarixli 24-cü nömrəsinin
12-ci səhifələrində «Üzeyir» imzası
ilə çap edilmişdir.
2. «N. V.» — ixtisarla verilmiş «Novoye vremya» qəzeti
deməkdir (1868— 1917-ci illərdə Peterburqda nəşr
edilirdi).
3.Avamlığı, yalançılığı,
qatilliyi və bu kimi pis hərəkətləri
tənqid edən «Quyruqlu ulduz» sərlövhəli
bir pərdəli əsər «Həqiqət» qəzetinin
1910-cu il 1 fevral tarixli 25-ci nömrəsinin 2-ci
səhifəsində «...kəs» təxəllüsü
ilə dərc edilmişdir. Əsərin ikinci
məclisi qəzetin sonradakı nömrələrində
tapılmadığından güman etmək olar
ki, ikinci məclis müəllif tərəfindən
yazılmamışdır.