ƏZİZİM MÜSLÜM!
2 imtahan vermişəm, bir imtahanım qalır,
onu da ayın 24-də1 verməliyəm, müvəffəq
olmasam, sentyabrda verəcəyəm.
Hazırda yay istirahəti məsələsi ilə
məşğuluq: çox çətin məsələdir,
çünki hara getsəm, piano çalmağı
davam etdirməliyəm, buna görə də Peterburqda
qalmaq və işin müvəffəqiyyəti xatirinə
qohum-əqrəba ilə görüşməyi
bir il də tə'xirə salmaq, yaxud təkcə
Məleykəni göndərmək fikrindəyəm.
Bütün bunlar əlimdə nə qədər
pul olduğunu bildikdən sonra mə'lum olacaqdır,
ona görə də xahiş edirəm, nə qədər
pulum varsa göndər, əgər hələ Sarabskiyə
borcluyamsa, hələlik borcumu çıxma, qoy borclu
qalım, çünki pula böyük ehtiyacım
var. Bu pulu aldıqdan sonra ya bir yerdə gedəcəyik,
ya da burada qalacağıq; ona görə də səndən
çox xahiş edirəm ki, pulu tez göndərəsən,
ayın 26-da2 mənzil kirayəsinin vaxtı, 28-də3
isə təhsil vaxtı qurtarır.
Burada qalası olsam, deməli, hələlik görüşə
bilməyəcəyik, ona görə də səndən
xahiş edirəm ki, sentyabrdan e'tibarən nə
etmək fikrində olduğunu mənə bildirəsən,
biz bu il korluq çəkmədik, ona görə də
öz işimlə arxayın məşğul ola
bildim və konservatoriyaya daxil oldum; bütün bunlar
üçün hər şeydən əvvəl
sənə minnətdaram, mənə kömək
etmək üçün sən öz dincliyini pozdun,
yaxşılığından çıxa biləcəyəmmi—bunu
gələcək göstərər; yayı rahat
keçirməyini və yaxşı istirahət etməyini
səmimi qəlbdən arzu edirəm. Sonrakı işimizə
gəldikdə, bu, sənin həmin işə həvəsindən
asılıdır, səndən artıq bir şey
xahiş edə bilmərəm, çünki mənim
üçün həddindən çox iş görmüsən,
bundan sonra əgər istəsən davam etdir, əgər
təngə gəlmişsənsə, lazım deyil,
başqa bir yol fikirləşib taparıq. Ciddi musiqi
fəaliyyətinə isə mən konservatoriyanı
bitirdikdən sonra başlayarıq. Bunu da deyim ki,
mən hələlik, yə'ni 2 il yeni bir şey
yazmaq fikrində deyiləm, çünki məşğələlərin
ciddiliyi və konservatoriyanın tələbləri
bu cür işlərə mane olur, bundan əlavə,
konservatoriyanın qaydalarına görə konservatoriyanın
tələbəsi olmaq e'tibarilə mənim hələlik
bəstəkar kimi fəaliyyət göstərmək
ixtiyarım yoxdur (öz aramızda qalsın).
Səbirsizliklə cavab və pul gözləyirəm,
bunları aldıqdan sonra sənə yenə də
kağız yazacağam, bəlkə də gəldim,
görüşdük. Badyuşa və Camula salamımızı
yetir. Hamınıza və Hənəfuşa4 salam,
Hənəfuşa kağız yazacağam. Sənin
Üzeyrin 16 may 1914-cü il SPb R. 5. Yadımdan çıxdı,
səndən xahiş edəm ki, pulu teleqrafla göndərəsən,
pulumuz tamam qurtarıb. Məleykə mənə
axırıncı pulumuzu göstərdi.
Üzeyir.
1, 2, 3 May ayı nəzərdə tutulur.
4. Hənəfuş. — Məmməd Hənəfi
Terequlovun qısaldılmış adı.