ƏZİZİM MÜSLÜM!
Sənə kağız yazmamağımın səbəbi
başımın çox qarışıq olmasıdır;
demək olar səhərdən gecə yarıya
qədər işləyirəm: əvvəla, qarşıdakı
imtahana hazırlaşır, ikincisi, operetta yazıram,
bu operetta çox müvəffəqiyyətli olacaqdır,
inşaallah vaxtında sənə göndərərəm.
Zülfüqarın1 Şuşada verdiyi tamaşalara
gəldikdə, şübhəsiz ki, buna mənfi
münasibət bəsləyirəm; lakin iş burasındadır
ki, Sarabskinin2Şuşaya getmək və mənə
borclu olduqda məbləği çıxarmaq üçün
tamaşa göstərmək təklifi haqqında
Zülfüqar mənə yazmışdı, çünki
o, heç bir yerdən pul tapa bilməzdi; həqiqətdə
o pulu vaxtında almadım, məcbur olub teleqram vurduqdan
sonra 100 manat aldım; bundan sonra Sarabskiyə kağız
yazıb, mənə olan 400 manat borcundan heç olmazsa
200 manat göndərməsini xahiş etdim, lakin
heç bir cavab almadım; pula böyük ehtiyacım
olduğundan ciddi teleqram vurmalı oldum; bir neçə
gündən sonra 100 manat aldım; indi yenə pul
gözləyirəm. Lakin pul əvəzinə srağagün
Şuşadan Sarabskidən və onun kompaniyasından
belə bir teleqram aldım: —«içirik sənin sağlığına,
«Əsli və Kərəm» müvəffəqiyyət
qazanmışdır». Mən heç bir cavab vermədim,
bilmirəm necə olacaq, bir də doğrusu o qədər
məşğulam ki, kənar işlər barəsində
düşünməyə vaxtım olmur.
Hər halda xüsusilə Şuşadakı tamaşalar
bizi bir o qədər də narahat etməməlidir,
ona görə ki, ehtiyac adamları mümkün
olan hər vasitəyə əl atmağa məcbur
edir.
Hələlik xudahafiz; məndən Məleykəyə,
Badyuşa və Camula səmimi salam. Terequlovlar ailəsinə3
salam söylə.
7 avqust 1913-cü il SPb.
Sənin Üzeyrin
1. Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov
(1884—1950), Azərbaycan SSR əməkdar incəsənət
xadimi (1943) — bəstəkarın böyük qardaşı.
Burada söhbət 1913-cü ildə Şuşada
Azərbaycan operalarının tamaşasından
gedir.
2. H. Sarabski (Rzayev) (1879—1945), Azərbaycan SSR xalq
artisti (1932) — görkəmli aktyor, Azərbaycan musiqi
teatrının təşkilatçılarından
biri. H. Sarabski 30 ildən artıq bir müddət
ərzində muğam operalarında, eləcə
də musiqili komediyalarda baş rollarda çıxış
etmişdir. Onun ən gözəl yaratdığı
rol «Leyli və Məcnun» operasında Məcnun rolu
olmuşdur.
3. Burada bəstəkar o dövrdəki opera truppasının
aktyoru və xormeysteri Məmməd Hənəfi
Terequlovun (bəstəkarın üç qaynından
biridir) ailəsini nəzərdə tutur.