Ü.Hacıbəyov "Leyli və Məcnun"da opera
janrının və digər musiqi formalarının
inkişafı üçün möhkəm bünövrə
yaratmaqla bərabər, həmçinin Azərbaycan
milli harmoniyasının və polifoniyasının
təməlini qoydu. Ü.Hacıbəyovun "Leyli
və Məcnun" operasının əhəmiyyəti
Azərbaycan musiqi tarixində oynadığı
misilsiz rolu ilə məhdudlaşmır. Onun bir sıra
Şərq xalqlarının professional musiqi mədəniyyətinin
yaranmasında da mühüm rolu olmuşdur. Hələ
inqilabdan əvvəl Azərbaycan artistləri bu
operanı Zaqafqaziyada, Orta Asiyada və İranda göstərmişlər.
Hər yerdə bu əsl Şərq operası böyük
hərarətlə qarşılanmışdı.
Dünya musiqi sənətində nadir hadisə olan
"Muğam operaları", yalnız Ü.Hacıbəyovun
yaradıcılıq yolunda deyil, bütün Azərbaycan
musiqi sənətinin inkişafında böyük
rol oynamışdır.
Ü.Hacıbəyovun musiqili komediyalarını
Qərbi Avropa operasının musiqili səhnə
janrları, İtaliyada - opera - buff, Fransada-opera-komik,
Almaniyada-zinqşpil, Rusiyada - komik opera janrları
ilə müqayisə etmək olar. Lakin bu komediyaların
əhəmiyyətini Azərbaycan mədəniyyətinin
tarixində M.F.Axundovun komediyaları ilə, "Molla
Həsrəddin" jurnalının felyetonları ilə,
Ə.Əzimzadənin karikaturaları ilə, M.Ə.Sabirin
poeziyası ilə müqayisə etmək daha doğru
olar. Ü.Hacıbəyovun musiqili komediyaları
arasında ictimai əhəmiyyətinə və
yumor gücünə görə "O olmasın, bu
olsun" xüsusi yer tutur. Məhz bu komediya özünün
ümumi istiqamətinə görə "Molla Həsrəddin"
jurnalının platformasına, Ə.Əzimzadənin
"Köhnə Bakının tipləri" karikaturalarına
yaxın idi. Hacıbəyov komediyada Məşədi
İbadı və onun adamlarını müşayiət
edən yüngül rəqs və mahnı melodiyalarının
köməyi ilə parlaq komik effektlərə nail
olur. O, lirik mahnılar, ariozo ilə cavan sevgililəri
- Gülnaz və Sərvəri xarakterizə edir.
Ü.Hacıbəyov musiqili komediya janrında xalq
musiqisindən, demək olar ki, artıq sitat gətirmir,
lakin bu əsərlərin musiqisi folklor intonasiyaları,
üsulları ilə zəngindir. Bəstəkar
xalq musiqisinin ruhunu, özü də professional səviyyədə,
xüsusilə "Arşın mal alan"da yaradır.
Bəstəkarın texniki professionallığına
dəlalət edən musiqi nömrələri arasında
intonasiya əlaqəsi, leytmotivlər var. Komediyanın
bütün personajları, xüsusilə baş
qəhrəmanlar Əsgər və Gülçöhrə
fərdi musiqi xüsusiyyətlərinə malikdir.
Gülçöhrənin solo nömrələri
- onun ariyaları, elegiyası və naləsi-lirik
opera obrazlarına yaxındır. Ü.Hacıbəyovun
"O olmasın, bu olsun" və "Arşın mal alan"
musiqili komediyaları dünyanın bir çox dillərinə
tərcümə edilmiş və dəfələrlə
ekranlaşdırılmışdır. Xüsusilə,
"Arşın mal alan" 70-dən artıq dilə tərcümə
edilmiş, 1945-ci ildə çəkilmiş film daha
uğurlu olmuş, dünya ekranlarında göstərilmiş
və məşhurlaşmışdı.
1927-ci ildə Ü.Hacıbəyov M.Maqomayevlə
birlikdə "Azərbaycan xalq mahnıları" məcmuəsini
nəşr etdirir. 1931-ci ildə o, radio komitəsinin
nəzdində birinci notlu xalq çalğı alətləri
orkestri yaradır və özü bu orkestr üçün
iki fantaziya da bəstələyir. Birinci fantaziyada
o, "Çahargah" muğamının, ikincidə isə
"Şur" muğamının lad-intonasiya əsasını
işləyir. Hacıbəyovun simfonik musiqisinin
ilk nümunələri olan "Çahargah" və "Şur"
fantaziyaları, özünün üslubu, musiqinin
xasiyyətinə görə "Koroğlu" operasının
simfonik epizodlarını hazırlamışdır.
Ü.Hacıbəyovun skripka, violonçel və
fortepiano üçün 1931-ci ildə yazdığı
"Aşıqsayağı" triosu Azərbaycan musiqisində
ilk ansambl pyeslərindən biridir. Hacıbəyov
milli musiqi üçün yeni olan bu janrda aşıq
üslubunun bəstəkarlıq texnikasının
müxtəlif xüsusiyyətləri ilə vəhdətini
yaradır. "Aşıqsayağı"nın Motsartın
musiqisi kimi işıqlı musiqisi polifonik səslərlə
zərif, incə hörülməsinə baxmayaraq,
fakturanın aydınlığını, şəffaflığını
saxlayır. Aşıq musiqisi üçün xarakter
olan "Şur" ladının intonasiyaları gah major,
gah da minora boyanaraq, gözəl səslənmələr
yaradır. Ən'ənəvi "sonata alleqro"su forması
burada rondo və variasiyalılığın xüsusiyyətləri
ilə qəribə uyğunlaşır. 60-cı
illərdə Ü.Hacıbəyovun tələbəsi
Qara Qarayev bu əsərin kamera orkestri üçün
maraqlı transkripsiyasını yaratmışdır.
Ü.Hacıbəyov 1934-cü ildə Firdovsinin
1000 illiyinə həsr edilmiş kantatanı, 1938-ci
ildə M.F.Axundovun anadan olmasının 125 illiyi
ilə əlaqədar "Ölməz sənətkar"
kantatasını, 1942-ci ildə isə "Vətən
və cəbhə" kantatalarını yazır. Azərbaycanda
opera sənətinin əsasını qoymuş Üzeyir
Hacıbəyov bu janrın klassik nümunələrini
yaratmışdır. Onun şah əsəri "Koroğlu"
(1938) operası qəhrəmanı-epik operanın
parlaq nümunəsi kimi çoxmillətli əski
sovet opera sənətinin qiymətli nailiyyətlərindən
biridir. Əsl xalq ruhu ilə aşılanmış,
Azərbaycan melosunun bütün zənginliyi ilə
xüsusiyyətlənmiş "Koroğlu" operası
rus və Avropa qəhrəmani-epik operanın klassik
nümunələrinin ən'ənələrini
davam etdirmişdir. Bu möhtəşəm əsərin
bir çox xüsusiyyətləri, harmonik və polifonik
dili, onun alətləşdirilməsi, simfonik fraqmentləri
musiqimizin gələcək inkişafında əsas
rol oynamışdır.
Əgər "Leyli və Məcnun" operasının
qəhrəmanları tək-tənha və faciəvi
qiyamçılar idilərsə, "Koroğlu" operasının,
Hacıbəyovun özünün dediyi kimi, "əsas
iştirakçıları xalq və onun nümayəndələridir".
Bu cəhətdən, o, böyük rus bəstəkarları
Qlinkanın, Borodinin, Musorqskinin operalarına yaxındır.
Xalqın obrazının təcəssümünü
biz operanın birinci pərdəsindəki xorlarda,
III pərdədən Koroğlunun ariozosunda və
final apofeozunda görürük. Xalqın parlaq obrazını
Hacıbəyov məşhur "Çənlibel" xorunda
yaratmışdır. Bu xor həm də polifonik
üslubun yüksək nümunəsidir. Bu xor üçün
bəstəkar elə mövzu seçmişdir ki,
artıq o öz-özlüyündə milli səslənmə
ilə polifonik inkişaf üçün böyük
imkanlar yaradır. Mövzunun əsas dayaq səslərini
aşıq musiqisinə xas olan kvarta-kvinta səslənmələri
təşkil edir.
"Koroğlu"da Hacıbəyov klassik opera formalarına
riayət edərək bitmiş ariyalar, kütləvi
xor səhnələri, müxtəlif ansambllar, balet
nömrələri, reçitativlər yaradır.
"Koroğlu" operasının simfonik dili də çox
maraqlıdır. Hacıbəyov simfonik orkestrin tərkibinə
xalq alətlərini-tarı, balabanı, zurnanı
daxil edərək bütün partituranın səslənməsini
zənginləşdirir. Hacıbəyovun bu əlverişli
yeniliyi çox səmərəli və perspektivli
olmuşdur.
Azərbaycan musiqisinin inkişafında "Koroğlu"
operasının əhəmiyyəti çox böyükdür.
Bu, yalnız opera janrı ilə məhdudlaşmır,
həm də simfonik və balet janrlarını da
əhatə edir.
Nizami Gəncəvinin anadan olmasının 800 illiyi
ilə əlaqədar Hacıbəyov şairin sözlərinə
iki romans-qəzəl yazır - "Sənsiz" (1941) və
"Sevgili canan" (1943). Bu zərif lirik romans-qəzəllər
bu gün də qüvvətli tə'sir bağışlayırlar.
Hacıbəyov orta əsr ədəbi formasına
müraciət edərək bu qəzəllərində
melodik xəttin hərəkətini muğamın
inkişafı ilə uyğunlaşdırır.
Hər iki musiqi qəzəlində ümumi cəhətlər
çoxdur, görünür, Hacıbəyov bu ədəbi
janrı musiqidə məhz bu cür təsəvvür
edirmiş.
Ü.Hacıbəyovun son əsəri Firuzənin
(eyni adlı bitməmiş operasından) ariyası
oldu. Ü.Hacıbəyovun həyatına ümumən
nəzər salanda görürük ki, onun yaradıcılıq
yolu Azərbaycan musiqi mədəniyyətinin yaranma
və inkişaf tarixinin mühüm dövrünü
əks etdirir. Ona görə təsadüfi deyil
ki, Üzeyir Hacıbəyovun anadan olduğu günü
- 18 sentyabrı (1885) respublikanın ictimaiyyəti
Azərbaycan musiqisinin bayramı kimi qeyd edir.